“Bir şeirin könlün alıb, heca-heca sevdim səni” – misralarının müəllifi Aysel Xanlarqızının “Darıxan şeirlər” kitabından söhbət açmaq istəyirəm. Kitabın bir şeirindəki “bir tabutluq çiyin, bir kəndirlik boyun, bir dözümlük can, bir qismətsiz yazı” kimi tapıntılar əksər şeirlərdə nəzərə çarpır:
Çiçəklər arıların dodaqlarında
bal daddıqca
yarpaqlar xəfif təbəssümlə qımışır burda,
hörümçəklər yuva arzusuyla
tər tökürlər torda...
Arılar və çiçəklər, hörümçək və tor sözün bütün mənalarında ədəbiyyatın hədəfinə tuş gəlib. Ayselin təqdimatında isə balın çiçəklərdən başlayan ömrünün arının dodaqlarından keçən həyat yolu yarpaqların xəfif təbəssümlə qımışmasına səbəb olub. Eləcə də hörümçək torunun yuva qurmaq arzusundan başlayaraq tər tökməyin bəhrəsi kimi hörgüsü şairanə təqdimatdır.
Qolları eşq döngəsi,
Ömürdür hər nəfəsi...
Gedişi mərmi səsi,
Həsrəti savaş adam.
Qolların eşq döngəsinə bənzədilməsi çarəsizliyin fərqli təqdimidir. Hərəsi bir tərəfimizdə yerləşən qollarımızı üfüqi istiqamətdə və ya başımız üzərinə qaldırsaq, hərəsi bir tərəfə baş götürüb gedər. Paralel tutsaq, həndəsənin aksiomları öz hökmünü verər: paralel düz xətlər kəsişməz. Həmin paralel qollarımızı kəsişdirib özümüzə tərəf əysək, özümüzü qucaqlamalı olarıq. Əgər bizi başqası qucaqlamırsa, qollarımız eşqin özümüzə sarılan eşq döngəsidir. Şeirdə isə söhbət ONUN qollarından gedir. Eləcə də, onun nəfəsindən, onun gedişindən, onun həsrətindən. O nəfəs ki, səninçün ömür deməkdir. O gediş ki, ancaq mərmi səsiylə müqayisə oluna bilər və düşdüyü, ya da dayandığı yerdə faciələr yaradar. O həsrət ki, onu duymaq özünü savaşda hiss etmək kimidir.
“Dünya Tovuz boydaydı bu gecə, /Bütün manşetlər boyu/ Güllələnirdi xəbərlər...” – misraları Tovuz döyüşlərinin qəhrəmanlarından olan general Polad Həşimovun xatirəsinə həsr olunmuş şeirdəndir. 30 il torpaqlarının 20 faizi işğal altında qalmış bir dövlətin yenidən başqa bir bölgəsinə düşmən göz dikərsə, o zaman o xalq üçün bu boyda dünya kiçilib bir rayon boyda olar. O millətə elə gələr ki, bütün dünya ilə mübarizə aparmaq, sadəcə, bir rayonu müdafiə etmək qədər mümkündür. Düşmənin üzü dönərsə, millətin də gözü dönər. Dünyanın hər yerində etiraz dalğaları baş qaldırar. Bütün manşetlərin xəbərlərini güllə səsinə məhkum edər.
"Sus, danışma" bağırır bütün atəşkəslərə,
Son damla qanınadək tarix yazır oğullar...
Qarabağa duatək səslənir güllə səsi,
Qələbə arzusuyla gerçək olur nağıllar
Hücum əmri şığıyır...
Bu bənddə Vətən müharibəsinin bütün gəlmişini-getmişini sezmək olur. Son damla qanınadək tarix yazan oğulların atəşkəs qərarlarını susdurmaq əmri verməsinə alqış duyulur. Xalqımızın müharibə dövründə atəşkəs müqavilələrinə olan etirazından tutmuş, güllə səsini duatək qəbul etməsi, qələbəyə inamı, nağılları gerçəkləşdirmək əzmi təqdir edilir.
Sən zindan aşiqisən, mən azadlıq yanğılı,
Qoşulmağa gücüm yox içimdəki haraya...
Rəngli-rəngli baxsaq da bu sevginin gözünə,
Kefin istəməyəndə deyəcəksən qaraya
Ayselin bu kitabında nümunə gətirdiyimiz bəndin formasına oxşar bir neçə eksperiment şeir var. Mənə elə gəlir ki, bu eksperimetlər uğurlu alınıb. Belə ki, hecada yazılmış hər dörd misranın sonuna ya bir söz, ya da bir söz birləşməsi əlavə edilib ki, bu da mənaca əvvəlki misralarla bağlanır. Həmin qanunauyğunluq digər şeirlərində də mükəmməllik yaradıb. “Darıxan şeirlər”in məxsusi cəhətlərindən biri xoşagəlimli qafiyələrin varlığıdır:
Gözümdən yuxu tökülən,
Gecəm yellənir beşikdə.
Həsrət evimin içində,
Sevinc buzlayır eşikdə...
Bəndində işlədilmiş beşikdə və eşikdə tam qafiyələri ilə yanaşı, “qarmağı sevən balığa", səndən qalan tək qalıq”, “şüa kimi sevməyə" "dua kimi sevmək” qafiyəsinin tapılması mətn daxilində çox yerinə düşür. “Günəşi alovlandırasan qoynunda//Öpüşləri boyunbağı edəsən boynunda...” – misraları isə yalnız qafiyələrinin gözəlliyi ilə deyil, mənasının özəlliyi ilə də fərqlənir.
Aysel Xanlarqızının bu kitabında “İnsan adlı oyuncağam”, “Dərviş ömrü”, “Qonaq görüşlər” və başqa bir neçə heca vəznində yazılmış şeirlərinin bütün misralarını poetik örtüyə qərq olmuş görürük. Bu cür şeirlər müəllifinin ani səhlənkarlığı olmasa, daha yaxşı olardı. Məsələn:
Həyat çılğın dalğaların gətirdiyi çöpləri
Yığsa da sahilim boyu,
Zamanı sevgiyə boğmağı sevdim...
misralarında ilk baxışdan hər şey qaydasındaır. Lakin SEVGİYƏ sözü Azərbaycan dilinin qrammatik qaydalarını pozub. Fikrimcə, bu söz ya “ilə” qoşması və ya -da, -də şəkilçisi ilə işlənməli idi. Sözün yönlük halda işlənməsi heç bir məna kəsb etmədiyi ilə yanaşı, həm də dil qüsuru yaradır. Heç sevgiyə qərq etmək anlamı da vermir. Bundan başqa “əgər gedərsəm, mənimçün darıxma” – şərt budaq cümləsində də “getmək” feilinə şəkilçilər düzgün ardıcıllıqla qoşulmayıb. Normaya əsasən, zaman şəkilçisindən sonra şəxs, sonra şərt şəkilçisi gəlməlidir və söz “gedərəmsə” olmalıdır. Nümunənin sərbəst şeirdən olduğunu nəzərə alaraq, heç bir poetik məcburiyyət qarşısında qalmadan dil qaydalarını pozmağa haqq qazandırmaq olmur. Ona görə ki, Aysel istəyəndə dil və ədəbiyyatın iş birliyindən öz xeyrinə yararlana bilir: “sevgim həsrətinə əsir qurtuldu”, “ayrılığın fəryadında səadətə kar olmuşam”, “xoşbəxtlik alın yazımda qəza enişi eyləyir”, “sürət həddini aşmış mənim şikəst həyatım” – misraları sözün ən gözəl halındadır. Eyni zamanda
“yarpaqtək yaşadı ruhum xəzəli”, göz dəyməsin təkliyimə, bir sıldırım qaya kimi...” təşbehi, “məni yoxluğuna alışdırma gəl, yolları götürrəm ayağın altdan...” mübaliğəsi müəllifinə əhsən dedizdirir.