“Givinin Qarabağnaməsi” 44 səhifədə işıq üzü görüb
2020-ci ilin payızında baş vermiş, haqlı olaraq “Vətən müharibəsi” adlandırdığımız, möhtəşəm qələbəmizlə bitən İkinci Qarabağ savaşı Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən şanlı səhifəsini təşkil edir.
Əlbəttə, 44 günlük müharibə nəticəsində əldə olunmuş qələbənin əhəmiyyəti, Azərbaycan tarixində tutduğu yer, qələbəni şərtləndirən amillər həm tarixçilər, həm siyasətçilər, həm hərbi analitiklər tərəfindən qiymətləndirilməkdədir. Bundan belə məktəblərimizdə tarix dərsliklərinin üz qabığını məğrur duruşu ilə diqqəti çəkən igid döyüşçümüz topçu Vüsalın şəkli bəzəyəcək. Artıq Qarabağın şəhər, rayon və kəndlərinin işğal olunduqları tarixləri əks etdirən qara rənglə işarələnmiş təqvim səhifələri onların azad olunduqları günləri göstərən qırmızı rəqəmlərlə əvəzlənib. Şair və yazıçılarımız, rəssam və bəstəkarlarımız qələbəmizi, igid əsgər və zabitlərimizin qəhrəmanlığını tərənnüm edən, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin cənnətməkan ruhuna rəhmət duaları oxuyan əsərlər yaradırlar. Şübhəsiz ki, istedadlı şair-tərcüməçi, təcrübəli jurnalist Giya Paçxataşvilinin yenicə işıq üzü görmüş 44 səhifəlik “Givinin Qarabağnaməsi” şeirlər kitabı da bu əsərlər sırasında özünə layiqli yer tutacaqdır.
Aydın məsələdir ki, bu ərəfədə təqdim olunan vətənpərvərlik motivli əsərlər Qələbəmizin 1 illiyinə həsr olunsa da, “Givinin Qarabağnaməsi”ndə müəllifin həmçinin torpaqlarımızın işğal altında inlədiyi dövrdə, ta 1989-cu ildən başlayaraq qələmə aldığı bəzi şeirləri də yer almışdır. Səhifələrini naxış yerinə azadlıq nəğməsi oxuyan Xarı Bülbülün şəkli bəzəyən bu kiçik həcmli kitaba şəhid analarının ağrı-acıları da yerləşib, Xocalı körpələrinin ağıları da. 20 yanvar Bakı qırğınının dəhşəti də sığışıb, 31 mart soyqırımının vəhşəti də. Gürcü əsilli Azərbaycan vətəndaşı Givi Gürcüstanın da dərdini xatırlatmağı unutmayıb:
Bir ağ göyərçinəm –
Sxinvalidə haqqı alınmış,
Suxumidə qəfəsə alınmış
Şuşayam, Laçınam...
İnanıram ki, Giya Paçxataşvilinin qələbə ovqatlı (“Və... Nida”), fərəh dolu (“Sən əsgər atasısan”), “muştuluq istəyən” (“Havadan qələbə qoxusu gəlir”), “barmaq silkələdiyi” (“Paşinyan!”) şeirləri oxucular tərəfindən maraqla qarşılanacaq və şanlı qələbəmizin davam etməkdə olan eyforiyasını “kvadrata yüksəldəcəkdir”. Giviyə yaradıcılığında uğurlar, Sxinvali və Suxumiyə isə Şuşanın, Laçının aqibətini arzulayıram.
Pünhan Şükür
VƏTƏN DƏRDİ, ANA DƏRDİ, YAR DƏRDİ
Fəryadların içindədir zamana,
İnsanları kim götürər zamına?
Yaxşı günü döndəriblər yamana –
Vətən dərdi, Ana dərdi, yar dərdi.
***
Bəd xəbərdən kövrək qəlbim üzüldü,
Qonşu xalqlar bir-biriylə üz oldu,
Gəlib bir-bir ürəyimə düzüldü
Vətən dərdi, Ana dərdi, yar dərdi.
***
Kef eyləyir əliqanlı qatillər,
Saya gəlməz didərginlər...səfillər...
Ürəklərdən, görən, haçan çəkilər
Vətən dərdi, Ana dərdi, yar dərdi?
***
Görən nə vaxt əskiyimiz düzələr?
Əməlimiz, niyyətimiz düz gələr.
Givi deyir: Ürəklərdən üzülə
Vətən dərdi, Ana dərdi, yar dərdi.
BU BAHAR
Qayğı dumanları tutub hər yanı,
Quşlar lal olub da vermir səs-səsə.
Üşütmə tutubdur Azərbaycanı –
Bu bahar bənzəmir bahara nəysə.
***
Göydə sırğalanıb qız-gəlin ahı,
Siyasət savaşla girişib bəhsə.
Məzar tünlüyündən inlər torpağım –
Bu bahar bənzəmir bahara nəysə.
***
Oğullar qırılır, çəkilir ruzu,
Toy-məclis xoş gəlmir bu yaz heç kəsə.
Utana-utana gəldi Novruzum –
Bu bahar bənzəmir bahara nəysə.
***
Bahalıq, qovğalar şeytansayağı
Az qalır elimin səbrini kəsə...
Qərənfil üzgündür, lalələr fağır –
Bu bahar bənzəmir bahara nəysə.
***
Qələm qan ağlayır, vərəq saralır,
Şairin ilhamı gəlmir həvəsə.
Ümidim sonrakı bahara qalır –
Bu bahar bənzəmir bahara nəysə.
***
Qələbə - xalqımın sınmaz inamı...
Cəbhədən müjdəli bir xəbər gəlsə,
Üşütməz bu soyuq bahar adamı –
Bu bahar bənzəmir bahar nəysə.
***
Ey əsgər! Sevindir könül evimi!
Azadlıq! – möhtacam mən bu mərəzə,
Qoy gülsün bir kərə üzü Givinin...
Bu bahar bənzəsin hər gələn yaza.
HAVADAN QƏLƏBƏ QOXUSU GƏLİR
Qarabağ büsbütün hünər meydanı,
Tülkünü qovmaqda igid aslanım.
Yağıdan leş olmaq qorxusu gəlir –
Havadan qələbə qoxusu gəlir.
***
Atılan mərmilər od-alov saçır,
Düşmən mənliyini qoyaraq qaçır.
Onun gözlərindən çoxlu su gəlir –
Havadan qələbə qoxusu gəlir.
***
Torpağımız addım-addım alınır,
Ermənilər vəlvələyə salınır. . .
Yorğun savaşın da "yuxusu" gəlir –
Havadan qələbə qoxusu gəlir.
***
Xankəndi duymaqda doğma nəfəsi,
Sükutu pozmaqda Xanın gur səsi.
Təki tar, kamança oxusun, gəlir –
Havadan qələbə qoxusu gəlir.
***
Dünya şahid olur möhtəşəm ana,
Muştuluq verərək Azərbaycana...
Şair misrasının coşqusu gəlir –
Havadan qələbə qoxusu gəlir!