“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Sədri Tahir Xudiyevin təşəbbüsü ilə bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) Birinci katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist Çingiz Abdullayevlə birgə “3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə əlaqədar tədbir təşkil edildi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Böyük zalında keçirilən tədbiri giriş sözü ilə Çingiz Abdullayev açaraq 30 noyabr 2021-ci il tarixində helikopter qəzasında həlak olmuş 14 nəfər hərbçilərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Bundan sonra Azərbaycan Respublikasının Himni səsləndirildi, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı İnternatın şagirdləri xüsusi jestlərlə Himni ifa etdilər, sonra isə yenə də jestlərlə öz ürək sözlərini bildirdilər.
Sonra Çingiz Abdullayev tək xəstə və əlilliyi olan insanlara deyil, cəmiyyətimizin bütün təbəqəsindən olan insanlara xüsusi qayğı və diqqətlə yanaşmalı olmalarından danışdı.
BƏC İB Sədri Tahir Xudiyev çıxış edərək söylədi ki, 3 Dekabr Beynəlxalq Əlillər Günü heç də bayram günü deyil. Məqsəd dövlət və digər təşkilatların, eləcə də cəmiyyətin diqqətini əlilliyi olan insanların problemlərinin həllinə yönəltməkdir. Onların ləyaqətlərinin qorunmasına, hüquqlarının müdafiəsinə, sosial rifahlarının yaxşılaşdırılmasına, həyata inteqrasiyasına nail olmaqdır.
Qarabağ qazısı, hərbi hissə komandiri Xudu Xudiyev əlilliyi olan insanların sosial problemlərinin həllində gördüyü işlərə görə BƏC İB-in kollektivinə təşəkkürünü bildirdi.
ƏƏSMN Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Leyla xanım İmanova Çingiz Abdullayevin əlilliyi olan insanlara göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
BƏC İB İdarə Heyəti üzvləri- Zərnişan Turan, 2-ci qrup əlil Xatirə Cabbarzadə və 1-ci qrup əlil Saleh Əzizli, eləcə də Gözdən Əlillər Kitabxanasının əməkdaşı, 1-ci qrup gözdən əlil Nazlı Əliyeva, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı İnternatın müəllimi Günel Kərimova əlilliyi olan insanların mövcud problemlərindən danışdılar və onların həll olunması üçün dövlət təşkilatlarının lazımi tədbir görmələri üçün fikirlərini bildirdilər.
Tədbirdə iştirak edən ƏN Penitensiar Xidmətinin əməkdaşı İlham Bədəlov, Birinci Qarabağ döyüşçüsü, AYB-nın üzvü Maşallah Məftun, şair, yazıçı, dramaturq, tərcüməçi, AYB-nın üzvü Seyran Səxavət, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, İdarə Heyəti üzvü Həsənağa Bayramov, BƏC İB-in Ağsaqqallar Şurasının üzvləri- Dilsuz İsmayılov və ADNSU-nun dossenti Cavid Əsgərov da çıxış etdilər.
Tədbir ərzində 1-ci qrup əlil, istedadlı gənc rəssam Ramil Əhmədovun nümayiş olunan yağlı boya ilə işlənmiş əsərləri hamını heyran etdi, Çingiz Abdullayev bu əsərlərin gözəlliyini xüsusi vurguladı.
Tədbirdə Ombudsman Aparatı, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və digər dövlət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də icmaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Sonda BƏC İB-in Sədri Tahir Xudiyev çıxış edərək bildirdi ki, gördüyümüz bütün işlər həm Allah qarşısında savabdır, həm də dövlətimizin sosial siyasətinə dəstəkdir.
https://www.facebook.com/groups/azyb.az