Bu günlərdə Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa Mədəniyyət Mərkəzində Güləmail Muradın “Vətən uğrunda” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab 44 günlük Vətən müharibəsində şəhid olmuş ağstafalılara həsr olunmuşdur. Şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbiri Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev açdı. Ağstafa Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva, Ağstafa Rayonu Kitabxanalar sisteminin direktoru Sona Nağıyeva, kitabın redaktoru Arifə Arifqızı çıxış edərək Güləmail Muradın yaradıcılığından və kitabın məziyyətlərindən söz açdılar.
Şəhid ailələri adından Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin atası Nazim Yusifli söz alıb, kitab müəllifinə və tədbirin təşkilatçılarına təşəkkür etdi. Tədbirin sonunda şəhid ailələrinə kitab paylanıldı.
Həmin gün Ağstafa rayonunun Köçəsgər kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rahib Novruzovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirildi. Bu tədbirdə də Güləmail Murad çıxış edib, şeirlərini söylədi, kitablarını hədiyyə etdi.
Dekabrın 8-də Azərbaycan Yazıçılar Birliyində Güləmail Muradın 70 illik yubileyi qeyd edildi, bir il ərzində qələmə aldığı dörd kitabı – “Tovuz döyüşləri”, “Akula” ləqəbli kəşfiyyatçı”, “Vətən uğrunda” və “Zəfərnamə” təqdim olundu. Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid tədbir iştirakçılarını salamlayıb,Tovuz döyüşlərindən başlayaraq zəfərimizədək baş vermis hadisələri və şəhid olmuş əsgər və zabitlərimizin döyüş yolunu işıqlandıran kitablar barədə məlumat verdi. Tədbirin aparıcısı Sayman Aruz çıxış üçün ilk sözü şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanıma verdi. Səmayə xanım oğlu, onun döyüş yoldaşları barədə danışdı və şəhidlərin xatirəsinə ehtiramla yanaşan qələm sahiblərinə, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Polad Həşimovun və şəhid polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin hərbçi yoldaşları polkovnik Xəyyam Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, ehtiyatda olan kapitan, qazi Qalib Paşayev, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı Elbrus Rzayev, şəhid mayor Anar Novruzovun qardaşı_Sücəddin Novruzov Tovuz döyüşləri, onun bir qığılcım kimi alovlanaraq, Vətən Müharibəsinə yol açması və qalibiyyətimizin əsas səbəblərindən, Ali Baş Komandanımızın diplomatik və siyasi, həmçinin bir sərkərdəlik bacarığından bəhs etdilər. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev 30 illik müharibənin mərhələlərini işıqlandırdı, Azərbaycan Ordusunun qüdrətindən danışdı. Daha sonra Polad Həşimovun bacısı Kəmalə xanım qardaşı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Kitabların redaktoru, Azərbaycan Yazıçılar Birliyinin şöbə rəisi Arifə Əliyeva Güləmail Muradın son dövr yaradıcılığından məlumat verdi və Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin təbrikini çatdırıb , yubilyara
pul mükafatını təqdim etdi. Şairin qələm yoldaşları Narıngül, Aləmzar Sadıqqızı, Təranə Vahid, Şəfəq Sahibli, Taleh Mənsur və b. onu yubiley münasibətilə təbrik edib, yeni-yeni yaradıcılıq uğurları dilədilər. Güləmail Muradın nəvəsi Məryəm nənəsinin şeirlərini söylədi.
Tədbirin sonunda Çingiz Abdullayev Güləmail Murada Azərbaycan Yazıçılar Birliyinin fəxri fərmanını təqdim etdi. Yubilyar tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.