Yazıçı Gülxani Pənahın “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” adlı kitabı AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun yaradıcılığına həsr olunub.
Kitabın elmi redaktorları f.e.d., professor Asif Rüstəmli və f.e.d., professor Yeganə İsmayılova, redaktoru Dəyanət Osmanlıdır.
“Nizami Cəfərov eposunun Gülxani Pənah qolu” adlı Ön Sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Azərbaycan dilçilik elminin, ədəbiyyatşünaslıq elminin, türkologiya elminin inkişafına töhfələr verən, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, akademik Nizami Cəfərovun yüksək elmi-siyasi, iqtisadi, mədəni prosesləri özündə əks etdirən kitabları, məqalələri onun dövlətçilik, türkçülük, azərbaycançılıq ideyalarının inkişafında müstəsna rolunu sübut edir. Azərbaycana bağlı olan, xalqın təəssübkeşliyini daşıyan, türkçülük ideyaları ilə yaşayıb yaradan Nizami Cəfərov Azərbaycan ədəbi dilinin xəlqiləşdirilməsi və milliləşdirilməsi uğrunda çalışır. O, ömrünü elmimizin, dilimizin, ədəbiyyatımızın araşdırılmasına, təhlil və tədqiqinə həsr edib.
Gülxani Pənah “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” kitabında görkəmli ziyalı Nizami Cəfərovun dilçi alim, ədəbiyyatşünas, siyasi xadim, pedaqoq kimi həyat və fəaliyyətini araşdırır, onun yaradıcılıq yoluna işıq tutur.
Məlahət Qənbərova