Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “İsrail” sayının təqdimatı keçirilib. Bu barədə AYB-nin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə Milli Məclisin üzvləri, İsrailin Azərbaycandakı səfiri, Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, tanınmış ədəbiyyat adamları və ictimai xadimlər iştirak ediblər.
Birliyin katibi, şair Səlim Babullaoğlu tədbiri giriş sözüylə açaraq, yeni nəşr haqqında ətraflı məlumat verib. “İsrail” sayının əhəmiyyətini xüsusi qeyd edən S.Babullaoğlu nəşrin hazırlanması işinə verdiyi önəmli dəstək üçün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya minnətdarlığını bildirib. Yaradıcı kollektivin dəyərli bir iş ortaya qoyduğunu deyən AYB katibi bu sayın Azərbaycan-İsrail ədəbi əlaqələri yolunda mühüm addım olduğuna inandığını vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva İsrailin Azərbaycan üçün dost ölkə olduğunu, əlaqələrimizin uzun bir zaman içərisində inkişaf edərək indiki səviyyəyə yüksəldiyini məmnunluqla qeyd edib. O, İsrail tərəfindən Azərbaycanın haqq işinə güclü mənəvi dəstək verildiyini, xalqlarımız arasında bağlılığın daha da möhkəmləndiyini bildirərək, təqdim olunan nəşrin də bu cəhətdən xüsusi önəm daşıdığını dilə gətirib. Belə ədəbi-mədəni layihələrin münasibətlərdə çox səmərəli rol oynadığını bildirən Q.Paşayeva mədəniyyət müstəvisində Azərbaycan-İsrail təmaslarının bundan sonra da yüksələn xətt üzrə irəliləyəcəyinə inamını ifadə edib. Komitə sədri bu cür layihələri dəstəkləməkdən məmnun olduqlarını deyərək, dərginin redaksiya heyətinə “İsrail” sayı üçün təşəkkür edib və yeni uğurlar arzulayıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik, iki ildən artıq bir müddətdir, ölkəmizdə çalışdığını, ancaq Azərbaycan Yazıçılar Birliyini ilk dəfə ziyarət etdiyini önə çəkərək, mühüm bir ədəbi hadisə ilə əlaqədar keçirilən bu görüşdə iştirakdan sonsuz məmnunluq duyduğunu bildirib. Ədəbiyyatın qədim tarixə söykəndiyini vurğulayan Corc Dik, İsrailin əhali sayına nisbətdə dünyada ən çox kitab çap edilən üçüncü ölkə olduğunu vurğulayıb. Səfir deyib ki, İsrail ədəbiyyatı dünya ədəbiyyatına bir sıra görkəmli imzalar qazandırıb və təmsil etdiyi ölkə ədəbi yaradıcılığa müstəsna əhəmiyyət verilməsilə də seçilir. “Dünya ədəbiyyatı” dərgisinin bu sayının bütövlükdə İsrailə həsr edilməsini yüksək qiymətləndirən C.Dik deyib ki, azərbaycanlı oxucuların belə bir sanballı nəşr vasitəsilə son dərəcə dəyərli imzaları tanıması onu ürəkdən sevindirir.
AYB-nin Birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Azərbaycanla İsrailin dostluq münasibətlərinin böyük tarixi olduğunu qeyd edib, israilli yazarların yaradıcılığının dilimizə tərcümə edilməsinin gözəl təşəbbüs olduğunu bildirib. Ç.Abdullayev bu təşəbbüsün iki ölkə arasındakı əlaqələrin inkişafında müsbət rol oynayacağına, beləliklə ədəbi təmaslar sahəsində yeni uğurlar qazanılacağına ümid etdiyini bildirib.
AYB-nin sədr müavini Rəşad Məcid “Dünya ədəbiyyatı”nın İsraillə bağlı sayını ədəbi mühitimizdə əhəmiyyətli hadisə adlandırıb, dərgidə çap edilmiş əsərlər haqqında fikirlərini bölüşərək, onları yüksək qiymətləndirib. Yaradıcı heyətə yeni uğurlar diləyən R.Məcid bu işdə onlara dəstək verən hər kəsə minnətdarlığını ifadə edib.
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli “İsrail” sayının hazırlanması prosesindən söz açıb, nəşrdə 43 israilli müəllifin əsərlərinin yer aldığını, bunların Azərbaycanın tanınmış ədəbi imzalarının tərcüməsində oxuculara təqdim edildiyini diqqətə çatdırıb. S.Hüseynli dərginin bu sayının arzulanan dərəcədə səviyyəli və əhatəli alınmasında Milli Məclisin Komitə sədri Qənirə Paşayevanın və AYB katibi S.Babullaoğlunun xüsusi rolunu, bərabər çalışdığı həmkarlarının əməyini minnətdarlıqla qeyd edib.
Dərgidə ivrit dilindən tərcümələri çap olunmuş şərqşünas Ayna Əlixanova, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev də Azərbaycan və İsrail dostluğundan, ədəbi-mədəni əlaqələrimizdən söz açıb, təqdim olunan nəşrin bu baxımdan yüksək dəyər kəsb etdiyini bildiriblər.
Əslən dağ yəhudisi olan şair və rəssam Rami Meir tədbirə Moskvadan canlı bağlantı ilə qatılıb, dərgidə onun da əsərlərinə - şeirlərinə və rəsmlərinə yer verildiyi üçün təşəkkürünü ifadə edib. R.Meir, illərdən bəri uzaqda olsa da, Azərbaycana bəslədiyi doğma hissləri hər zaman qoruyub yaşatdığını deyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışının əvvəlində Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Birliyə fəxri üzv qəbul edilməsi barədə qərarı açıqlayıb və onu bu münasibətlə təbrik edib. Dərginin “İsrail” sayında “Qədim xalqın yeni ədəbiyyatı” adlı essesi də dərc olunmuş AYB sədri, 44 günlük müharibədə İsrailin ölkəmizə fəal mənəvi dəstək verdiyini məmnunluqla qeyd edib. Xalq yazıçısı ədəbi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb və bu baxımdan “Dünya ədəbiyyatı”nın yeni sayının İsrail ədəbiyyatına həsr edilməsinin çox gözəl bir təşəbbüs olduğunu, layiqli bir iş ortaya qoyulduğunu vurğulayıb.