XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 19 may 1910-cu ildə Göyçayda maarifpərvər ailədə doğulmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" . Şairin "Rənglər" silsiləsi də məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.
Görkəmli şair Rəsul Rza 1 aprel 1981-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
AZADLIQ
Qara bir gündə
yaralı bir ölkənin üstündə
dikəldi qüvvətdən sərxoş,
qan ləkəli, bayraq.
Günəşli bir gündə,
qəzəbli bir ölkənin üstündən
endirildi ölüm kölgəli bayraq.
Qollarını geniş-geniş açdı insan.
Qucaqlaşdı, günəş, hava, torpaq.
BAKIM
Neçə şeir yazılıb anaların adına!
Anadan kim doyub, kim?
Şöhrətimin şəhəri, Bakım!
Göy gözlü Xəzərimin sahil yaraşığı!
Abşeron gecələrinin sayrışan işığı!
Hirsli küləklərin cıdır düzü!
Yolumun gecəsi, gündüzü!
Yurdumun isti qucağı!
Babamın ocağı!
Balalarımın yuvası!
Baharlı qışı,
dəli-dolu yağışı,
dəymə-düşər havası
dillərdə dastan olan Bakım!
Enli fəhlə kürəkli,
geniş insan ürəkli,
duzlu, çörəkli Bakım!
Törə meynələri
yelin-yelin üzümlü.
Altı qızıl, üstü qızıl,
Hər sınağa,
hər möhnətə dözümlü
Bakım!
Bir gün,
bir saat,
bir an
ayrıla bilsəydim yaddaşımdan
dincələrdim;
yaddaşımın ayrılığını bayram edərdim.
Hara getsəm,
harda olsam
yanımdadır yaddaşım.
Bilmirəm yaddaşın
yapışqan sədaqətindən
necə can qurtarım,
hara qaçım.
Otağım tək.
Pəncərəm bağlı.
Nə səs var,
nə də bir vərəq tərpənir
masamın üstündə.
Düşünürəm nə zamandır.
Düşünürəm, gözləyir qələm.
Saatlar, dəqiqələr keçir.
Nə bir fikir var cümləyə girsin,
nə bir söz var qəlbimi dindirsin.
Ağ vərəqlərlə doludur masamın üstü.
Tavanda buludlanıb tüstü.
Bilmirəm azmı ya çoxmu keçib.
Ayrılıram fikirdən.
Qələmi basdığım yerdən deşilib
kağız da, masamın üstü də.
Tavandan çəkilib bulud-tüstü də.
Açıram pəncərəmi tay-tay.
Otağımla bərabər!
Çıxıram şəhərin
gurultulu qoynuna.
Sinəmdə üfüqlər,
pəncərəmdə şəfəqlər.
Qəlbim arzularla dolu,
gözüm günəşlə,
sinəm bu günün sözüylə.
Yandırıram sükutu da,
sükunəti də;
qəlbimi alovlandıran
yaşamaq, yaratmaq közüylə.
Göyə baxdım,
birəm-birəm qar gəlir.
Kərəm düşdü yadıma.
Əfsanələrin ən gözəllərindən:
iki məzar,
arada bir qaratikan kolu.
Ax, bu kollar, bu kollar!
Hər zaman
işimizə, gücümüzə əngəl olurlar.
Qar çox yağsın, az yağsın,
bir vaxt kəsəcək.
Günəş daha mehriban,
daha canayatan,
dağ-dərələr az duman,
çöl-bayır al-əlvan olacaq.
Küləklər daha mülayim əsəcək.
Hər il belə
qış gedib bahar gələcək.
Bu bahardan biri
mənsiz gələcək,
mənsiz gedəcək.
Barı çiçəkli, otlu olaydı yolu.
Dağında, düzündə
bitməyəydi qaratikan kolu.
Belə, dünya, belə!
Gülə-gülə!