Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Bilriyinin birinci katibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, hüquq elmləri doktoru “Neftçi” PFK-nın Muşahidə Şurasının sədri Çingiz Abdullayevin doğulduğu gündür.
Dünyaşöhrətli yazıçı Çingiz Akif oğlu Abdullayev 1959-cu ilin aprelin 7-də Bakı şəhərində, hüquqşünas ailəsində dünyaya gəlib. Üç ali təhsil alıb. Azərbaycan və rus dilləri ilə yanaşı, ingilis, italyan, türk və fars dillərini bilir. Hüquq elmləri doktorudur. Boksla məşğul olub, müxtəlif silah növlərindən istifadə edə bilir, atıcılıq üzrə idman ustasıdır. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, Azərbaycan PEN Klubunun prezidentidir.
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981).
Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqın katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeniilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
2021-il ilin iyunun 14-dən Azərbaycan Yazıçılar Birliyinin Birinci katibidir.
Xalq yazıçısı Çingiz Abdullayevin biblioqrafiyası iki yüzə yaxın əsərdən, beş yüz məqalədər və altmış ssenaridən ibarətdir. Onun işgüzarlığı və əməksevərliyi insanı heyran edir, yazıçı heç vaxt əldə etdikləri ilə kifayətlənmir və daim axtarışdadır. Çingiz Abdullayev psixoloji və siyasi detektiv janrında rus dilində əsərlər yaradan yeganə azərbaycanlı yazıçıdır. Detektiv ustasının əsərləri Avropada, Cənubi Amerikada və Asiyada 30 milyona yaxın tirajla, dünyanın otuzdan artıq dilində dərc edilib. Azərbaycan və xarici ölkə kinematoqrafçıları onun əsərləri əsasında “Dronqo”, “Lisenziyasız xəfiyyə”, “Məhkumların cənnəti”, “Çevrilmiş dünya”, “Xeyirlə Şərin rəqsi” və s. film və seriallar çəkilib. Kəskin süjet, qəhrəmanların gözlənilməz taleləri, iti və yığcam dil, həmçinin gerçək fakt və sənədlərin hekayətə əlavə edilməsi – bütün bunlar romanları detektiv ədəbiyyatının diqqətçəkici hadisəsinə çevirir. Çingiz Abdullayev həm də tarixi mövzularda da əsərlər yazır. Amerikanın Christian Science Monitor-u onu müasir dövrün siyasi və casus detektivi janrında ən yaxşı müəlliflərdən biri adlandırıb.
Çingiz müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!