Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın Daşkənddəki “Tamaddun” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunan “Əlbəttə görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 350 səhifəlik kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist və tərcüməçi, “Gülüstan” jurnalının Baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba geniş və əhatəli “Ön söz” də yazıb.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ədəbiyyatsevərlər, tələbələr iştirak edib.
Təqdimat mərasimini Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid açaraq Azərbaycan-Özbək ədəbi əlaqələri haqqında danışaraq, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Anarın həyatı və yaradıcılığı haqqında məlumat verib, onun həm sabiq SSRİ dövründə, həm də müstəqillik illərində yaradıcılığı, Özbəkistan oxucuları tərəfindən yazıçının əsərlərinin sevilərək oxunması, Daşkənddə onun əsərlərinin dəfələrlə çap olunduğunu diqqətə çatdırıb. Siracəddin Səyyid Azərbaycan ədəbiyyatına daim Özbəkistanda böyük maraq olduğunu, böyük şairlərimiz Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai, Qafur Qulam və Səməd Vurğun və neçə-neçə şairlərimiz, yazıçılarımız arasında daim dostluq və ədəbi əlaqələrin olduğunu söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələr haqqında danışaraq, Azərbaycan ədəbiyyatına göstərilən bu diqqət, ədəbiyyatımızın tanınmış nümayəndəsinin əsərinin Özbək dilinə tərcümə və nəşr layihəsinə görə Özbəkistan Yazıçılar İttifaqına öz təşəkkürünü bildirib.
Diplomat bildirib ki, xalq yazıçısı Anar çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri ilə oxucuların qəlbində yer tapmış və ədəbiyyat tariximizdə özünəməxsus, mühüm mövqeyi vardır.
O, Anarın Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərini, müxtəlif ədəbi üslubda yaratdığı əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətini vurğulayaraq, onun əsərlərinin nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda sevilərək dəfələrlə çap edildiyini qeyd edib. Samir Abbasov Anarın həm yazıçı, həm ssenarist, rejissor kimi milli kinomuza gətirdiyi yeni-yeni mövzular, obrazlar haqqında məlumat verib, yazıçının Özbəkistana səfəri, özbək ədəbiyyatına təsiri haqqında fikirlərini bölüşüb.
Filologiya elmləri doktoru, professor Nurbay Jabbor Anarın yaradıcılığı haqqında danışıb, onun əsərlərini təhlil edib. O bildirib ki, Anar ziyalı ailəsində doğulub, atası Rəsul Rza və anası Nigar Rəfibəyli Azərbaycandan kənarda, o cümlədən Özbəkistanda yaxşı tanınan şairlər olub.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvi, dosent Gülbahar Aşurova, Daşkənddə özbək dilində çap olunan “Cahon adabiyyati” jurnalının Baş redaktoru Əhmədcan Melibayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Olimjon Davlatov və başqaları Anarı istedadlı yazıçı kimi xarakterizə ediblər.
Sonda tərcüməçi Mamatkul Hazratkulov çıxış edərək Azərbaycan ədəbiyyatını çox sevdiyini, Anardan başqa bir sıra yazıçılarımızın əsərlərini də özbək dilinə çevirdiyini və gələcəkdə də zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatından tərcümə işlərinin davam etdirəcəyini qeyd edib.
Sonda tərcüməçi Özbək dilində nəşr edilmiş “Əlbəttə görüşərik” adlı kitaba imza qoyaraq oxuculara hədiyyə edib.
Qeyd edək ki, kitabda yazıçı Anarın “Dantenin yubileyi” və “Ağ qoç, qara qoç” povestləri, “Gürcü familiyası”, “Köhnə ilin son gecəsi”, “Etibar”, “Zəncir”, “Əl əli yuyar”, “Bir stəkan su” və digər hekayələri toplanıb.