YAYIN İLK "ULDUZ"U
"Ulduz" jurnalının iyun sayı işıq üzü görüb. Dərgi Xuraman Hüseynzadənin özüylə söhbəti və şeirləri ilə açılır. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni bu dəfə də fərqli mütəfəkkir və yazarların fikirləri bəzəyir. "Nəsr" rubrikasında Bahəddin Salmanın "İflicin nağılı", Rəşid Bərgüşadlının "Tanrının gözü", Şəhriyar Təyyaroğlunun "Çağrılmamış qonaq", Vahid Qazinin "Gəlmə" hekayələri, "Şeir vaxtı"nda isə Ələsgər Əhməd, Nicat Məmmədov, Təranə Dəmir, Kəmaləddin Qədim və Şəfəq Sahiblinin şeirləri yer alıb. Mətanət Vahidin "Bədii ədəbiyyatda yalan motivi: Qoyma bilim" başlıqlı yazısında yalan məfhumu təhlil edilir. Rengin Kızıldoğdunun "Türk eli" rubrikasında yer almış "Yaşıl limon" hekayəsini dilimizə Aslan Quliyev uyğunlaşdırıb. Dramaturq Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"ndə dramaturq-rejissor tandemindən söhbət açılır. Misirli yazıçı, həkim, filosof Mustafa Mahmudun "Sabah" essesi, eləcə də "Məchul şey" hekayəsi müvafiq olaraq Məhəmməd Bayramlı və Lalə Əliquliyevanın tərcüməsində təqdim edilir. Professor Gülşən Kəngərlinin "Kitabi-Dədə Qorqud eposunda tarixin ruhu" sərlöhvəli yazısında eposun mahiyyətini təşkil edən türk təfəkkürünün və etnopsixologiyasının bədii təzahürlərinə nəzər salınır. Eminqueyin "İzi bilinməyən Odər" essesi şair Vaqif Bayatlının Tanrı və insan sevgisiylə süslənmiş yaradıcılığına işıq tutur. Abid Tahirlinin "Azərbaycan mühacirət mətbuatı Mirzə Ələkbər Sabir haqqında" yazısında mühacir həyatı yaşamış aydınlarımızın böyük şairə həsr etdiyi məqalələr təhlil olunur. Müsəlman şərqində Əbdül Vahid Yəhya kimi tanınan fransız mistik yazıçı Rene Genonun "Şərq metafizikası" yazısını Elmar Vüqarlının tərcüməsində oxuyacaqsınız. Tənqidçi Vaqif Yusifli "Ədəbi fraqmentlər"i bu dəfə şairə Aida Adıgözəlin yaradıcılığına həsr edilib. Nəhayət, "Dərgidə kitab"da Elvin İntiqamoğlunun şeirləri, "Dərgidə sərgi"də isə gənc rəssam Zivər Əlfiyevanın rəsm əsərləri dərc edilib.