Oktyabr ayının 26-da Azərbaycan Yazıçılar Birliyində təşkil olunan tədbir fərqli bir mənəvi atmosfer içində keçib. Yazıçılar Birliyində keçirilən növbəti tədbirdə xatirələr hakim idi. Digər tədbirlərdən fərqli olaraq, bu dəfəki toplantı Azərbaycan Yazıçılar Birliyinin həmişəcavan işçisi Tutuxanım Babayevanın anadan olmasının 70, əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuşdu. Orta məktəbi bitirdikdən sonra tale onu Azərbaycan Yazıçılar Birliyinə gətirib.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təbrik sözləri ilə açıb. O, Tutuxanımın uzun və bəhrəli həyat yolundan, əmək fəaliyyətindən danışıb, onu anadan olmasının 70, əmək fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edib, yubilyara Fəxri Fərman və gül dəstəsi hədiyyə edib: “Siz, Azərbaycanın tanınmış qələm sahiblərinin yazdığı əsərlərin ilk oxucusu olmusunuz. Arzu edirəm ki, sizin əmək fəaliyyətinizin 60 illiyini də qeyd edək”.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov, Birliyin katibi İlqar Fəhmi çıxış edərək Tutuxanımı 70 illik yubileyi və əmək fəaliyyətinin 50 illiyi münasibətilə təbrik ediblər, onun haqqında öz ürək sözlərini söyləyiblər, həyat yolundan və gözəl insani keyfiyyətlərindən, səmimiliyindən, dürüstlüyündən söz açıblar, ona cansağlığı, işində müvəffəqiyyətlər arzulayıblar. Çıxış edənlər qeyd ediblər ki, Tutuxanımın həyatı, ömrü – halallıq, həqiqət və zəhmət yolunu tutmuş insanın xoşbəxtlik tarixçəsidir.
“Azərbaycan” dərgisinin baş redaktoru İntiqam Qasımzadə Tutuxanımın iş fəaliyyəti ilə bağlı xatirələrini yada salıb: “Mən Tutuxanımı işinə ciddi yanaşan, səliqəli bir xanım kimi tanımışam O, heç bir zaman ona yazı yazmaq xahişi ilə müraciət edən yazıçıları geri qaytarmazdı. Hamının işini dəqiqliklə, səliqə ilə yazardı. Onun yazdığı yazılar da həmişə uğur qazanıb. Çünki, o seyid nəslindəndir”.
Çıxış edənlərin hamısı tədbirdə iştirak edən “Ulduz” jurnalının baş redaktoru
Qulu Ağsəsə tövsiyə ediblər ki, Tutuxanımın həyatı, fəaliyyəti, onun görkəmli yazıçılar haqqında xatirələri dərgidə işıqlandırılsın, çünki müasir gəncliyin Tutuxanım kimi örnək şəxsiyyətlərə çox ehtiyacı var.
Son dərəcə isti, səmimi ab-havada keçən tədbirdən məmnun qaldığını söyləyən Tutuxanım uzun illər birgə çalışdığı yazıçılar haqqında öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, fəaliyyətinə verilən yüksək dəyərə görə işlədiyi kollektivin rəhbərliyinə, iş yoldaşlarına dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda Tutuxanımla xatirə şəkli çəkildi.
Məlahət Qənbərova