AVQUSTUN "ULDUZ"U
Jurnal şair Mehman Rəsulun özü ilə söhbəti və şeirləri ilə açılır.
“Qısa fikirlər xəzinəsi”ndə Yunus Əmrə, Qaracaoğlan, Məhməd Akif Ərsoy, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Cəmil Meriçin şeirlərindən sətirləri, ibrətamiz fikirləri C.M.Bəydilinin təqdimatında oxuculara təqdim olunub.
Səhər Əhməd, Elvin Paşa, Pərviz Arif, Rəşad Nağı Mustafa, Şəfa Vəli, Vahid Aslanın şeirləri “Şeir vaxtı”nı rəngarəng edib.
Kənan Hacının “Bir günlük istirahət”, Xəyal Rzanın “Salavat”, Çinarə Ömrayın “Atam aliment olmuşdu”, Şəfaqət Cavanşirin “Ləkə”, Şəfiqə Şəfanın “Sadəgül”, Kamran Nəzirlinin “Sarışın Mələk”, “Darçın xala və qəbiristanlıq” adlı hekayələri “Nəsr” bölməsində yer alıb. Çap olunan hekayələr arasında gənc yazar Xavər Səfiyevanın “Qol saatı” hekayəsi “Debüt” rubrikasında təqdim edilib. Hekayə İkinci Vətən müharibəsinin yeganə qadını Arəstə Baxışovaya ithaf olunub.
Taleh Mansurun builki “Vaqif Poeziya Günləri”ndən təəssüratlarını “44 saat Şuşada” adlı reportajından oxuya bilərsiniz.
Tanınmış dramaturq Əli Əmirlinin “Ulduz” jurnalı və “525-ci qəzet”in birgə layihəsi çərçivəsində onuncu və sonuncu ustad dərsi jurnalın bu sayında dərc edilib. O, dramaturqun laboratoriyası və iş metodlarından bəhs edib.
Türkiyənin ədəbiyyat dərgisi olan “Gənc ürəklər” bu dəfə “Ulduz”un qonağı olub. “Gənc ürəklər” dərgisinin redaksiya heyətinin sədri Muhterem Şahinin “Ulduz”a yolladığı səmimi məktubun ardınca Ahsen Yıldız Şahinin “Kerkükün zindanına attılar beni” adlı yazısı, Abdulkadir Türkün “Yanarım”, Ahmet Doğrunun “Koyu Poz” şeirləri oxucuların diqqətinə çatdırılıb.
Avqust sayında “Ulduz” jurnalı yeni layihəyə start verib. Belə ki, yeni rubrika “Sələf-xələf” adlanır. Aytac Sahəd bu rubrikada müxtəlif sənət adamlarını bir araya gətirməyi planlaşdırır. İlk həmsöhbətləri isə sələf – tanınmış diktor, Əməkdar artist, Prezident təqaüdçüsü Sevda Saleh, xələf – sevimli teleaparıcı Günay Yelmarqızı olub.
“Dərgidə kitab” layihəsində təbrizli şair Əli Çağlanın silsilə şeirləri işıq üzü görüb.
Jurnal “Dərgidə sərgi” ilə yekunlaşır. Azyaşlı rəssam Minarə Abdullayevanın rəsmləri xoş ovqat yaradır.