ŞUŞAYA SALAM: I GÜN Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar.
Bu gün layihə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla, onun Şuşa barədə ürək sözləri, Rəsul Rzanın Şuşaya həsr etdiyi şeirin oxusu ilə start götürür.
Saat 14.55, 18.55. və 22.45-də "Space" də translyasiya olunacaq... İnformasiya dəstəyi: www.azyb.az ; www.edebiyyatqazeti.az ; www.litpark.az
ANAR “Salam Şuşa!” layihəsini salamlayıram. Bu ölkədə 30 ölkədən 36 şair, Azərbaycandan 8 şair iştirak edir. Bu bizim Şuşaya ərməğanımızdır. Salam, Şuşa! Azad Şuşa! Gözəl Şuşa! Bizim Şuşa! Mən Şuşada doğulmamışam. Əslim-nəslim Şuşadan deyil. Amma mənimçün də, bizim ailəmizçün də Şuşa qəlbimizin şəhəridir. Və Şuşaya olan tamah, bədnam qonşularımızın tamahı hələ uzun illər qabaq atamın bir şeirində əks olunub. Mən atam Rəsul Rzanın Şuşaya həsr olunmuş şeirini oxumaq istəyirəm...
Rəsul Rza,
"Şuşam mənim"
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi, sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalxıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə,
biri sənə tay olarmı?!