Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-01 oktyabrda layihə tanınmış Vyetnam şairi May Van Fan ilə, onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.
May Van Fan / Vyetnam
görkəmli Vyetnam şairi
Salam əziz dostlar, Azərbaycan! Mən May Van Fan, Vyetnamın Xayfon şəhərindən olan şair, ədəbi tənqidçiyəm. Hələ məktəbdə oxuyarkən sizin gözəl ölkəniz, xeyirxah insanların yaşadığı, böyük mədəniyyətə sahib Azərbaycan haqqında eşitmişdim. Mən azərbaycanlıları, şuşalıları səmimiyyətlə salamlayıram. Şuşa şəhərini çox sevirəm. Gözəl təbiəti və insanları olan Şuşanı. Şuşa dünyaya bir çox vacib şair və bəstəkarlar bəxş edib. Çox şadam ki, bu böyük hadisənin bir hissəsinə çevrilmişəm.
Salam, Şuşa!
İndi mən sizə “Dağ çayındakı daş” şeirini Vyetnam dilində oxuyacağam.
Dağ çayındakı daş
Sakit və səssiz dayanıbdı
gur, daim hərəkətdə olan,
bədən donduran şırnağın,
suların yuduğu daş.
Yoxsa yazmı gəlib?
Yosun cücərtiləri qamçı kimi
daşın yıpranmış iziylə uzanır.
Çoşqun axının üzərinə yağır
quşların cəh-cəhi yuxarıdan.
İri qəmbər daşın üstündəki
ağacın kölgəsi tərpənir,
gah tutur, gah da açır günəşin qabağını.
Bu yabanı çiçəklərin gözəlliyi
necə duruş gətirir,
necə toxunulmaz və əbədi qalır?
Gözlərini sakit-sakit yumur daş,
səs-küylü axının üzərindən axıb
keçməsinə icazə verir.
Boz pəncəli meymun balası
kölgəsini yellədir ağacın.
Çiskinin pərakəndə damlaları
ən gizlin çıxıntılara belə yol tapır.
Buludlar tərpənməz asılıb göyüzündən. Y
etişmiş quayavanın ətri bütün meşəni başına götürüb.
Kirpi iynələrini qabardıb, sanki donub.
Bu anda ən yaxşısı
hamının öz yerində sakit durmasıdır.
Tərcümə: Səlim Babullaoğlu