Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-02 oktyabrda layihə tanınmış İtaliya şairi Laura Qaravalya ilə, onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.
Laura Qaravalya / İtaliya
şairə, “Europa in versi” beynəlxalq poeziya festivalının direktoru
Hamını salamlayıram. Mən Laura Qaravalya, italyan şairəyəm, La Casa della Poesia təşkilatının və Komo şəhərində keçirilən “Europa in Versi” beynəlxalq poeziya festivalının direktoruyam. 12 ildir bu şəhərdə yaşayıram. Azərbaycan xalqına ən səmimi salamlarımı göndərirəm, xüsusən Şuşalılara, bu vacib təşəbbüsün – “Şuşa ili”nin aid olduğu Şuşa şəhərinə. Bu şəhər yetişdirdiyi böyük şairlər, yazıçılar, musiqiçilərlə Azərbaycan mədəniyyətinin zənginləşməsində xüsusi rol oynayıb. Odur ki, Şuşa böyük əhəmiyyətə malikdir, qoy bu şəhər poeziya, ədəbiyyat, bütünlüklə sənət vasitəsi ilə daim ifadə olunan dostluq, sülh yeri, carçısı olsun xalqlar arasında. Mən böyük Azərbaycan şairəsi Nurəngiz Günün şeirlərini italyan dilinə çevirmişəm. Ümid edirəm ki, Azərbaycan poeziyası, Şuşalı şairlərin şeirləri İtaliyada daha çox tanınacaq. Şuşa salam!
Poeziya
Bəzən sözlər gözlərdir,
dünyaya çəpəki baxırlar.
Lap dərində
müxətlif baxış bucaqları var.
Amma bəzən sözlər
havada uçuşurlar,
həyatın künc-bucağına
gedib çatmırlar.
Şeir isə
günəş şüasında
görünən, uçuşan sözlərdir.
Tərcümə: Səlim Babullaoğlu