Uzun ticarət yollarında əldən düşmüş karvanların dadına çatan yerə «karvansara», «karvangah» və ya «düşərgə» deyilir. Karvansaralar iki qrupa bölünür - yol kənarında tikilən və şəhər karvansaraları. Birincilər şəhər karvansaralarından fərqlənirdi. Qala tipli yol karvansaraları güclü qoruqçu dəstəsinə malik idi. Belə karvansaralar hər an quldurların hücumuna məruz qala bilərdi, ona görə də məxsusi silahlı dəstə saxlanırdı. Şəhər karvansaraları isə bazarların yanında tikilirdi. Şəhər karvansaralarında təkcə tacirlər yox, əcnəbi qonaqlar, alış-verişlə məşğul olmayan adi adamlar da qala bilərdi. A.S.Puşkin, Aleksandr Düma, Marko Polo, M.Y.Lermontov, A.S.Qriboyedov, Bestujev - Marlinski, Y.Polonski və başqaları Qafqazda olarkən karvansaralarda qalmışlar. Onların hər birinin xatirə qeydlərində, məsələn, A.S.Puşkinin «Ərzuruma səyahət»ində karvansaraların adı çəkilir. Ümumiyyətlə, karvansara Şərq xalqlarının ədəbiyyat və memarlığında qədim abidələr sırasındadır. Karvansaralar - təkcə ticarətə xidmət göstərmirdi. O, mədəniyyət, yazılı və şifahi ədəbiyyatın yayılmasına da dəstək olurdu. Karvansaralar daim qonaqlı-qaralı, haylı-küylü olurdu. Burda müxtəlif ölkələrin ziyalıları, ustaları görüşür, ayrı-ayrı məmləkətlərdə baş verən hadisə və yeniliklərdən hamıdan əvvəl karvansaralarda xəbər tutulurdu.
Azərbaycanda bizə qədər gəlib çatmış karvansaralardan biri Şah Abbasın sifarişi ilə inşa olunan və onun - Şah Abbas karvansarası adı ilə tanınan Gəncə karvansarasıdır.
Rus şairi Yakov Polonski vaxtilə bir neçə gün Gəncə karvansarasında qonaq qalmış, 1947-ci ildə «Zaqafkazski vestnik»in 21-ci nömrəsində çıxan «Gəncə» oçerkində şəhər və bu karvansara haqda öz təəssüratını çap etdirmişdir. O, zəngin bir aləmin təsvirini vermiş, nəfis qumaş, Şərq xalıları ilə bəzənmiş döşəmə və divarlar, dadlı Şərq yeməkləri, ədəbi-musiqili məclislərdən bəhs etmişdir.
Adətən karvansaralar - şəhər bazarının yanında tikilirdi. Belə olduğu halda uzaq ellərdən daşınıb gətirilən məhsulların, toxuculuq mallarının bazara daşınması da asanlaşırdı. Elə də olurdu ki, tacirlər öz mallarını karvansarada bir yerdən, elə topdan satır, şəhərin gəlir-çıxarı elə karvansarada həll olunurdu… Karvansaranın adətən iki darvazası olur, karvan birindən girib, o birisindən çıxarmış…
Gəncə karvansarası memarlıq baxımından Şərq üslubuna aid çox maraqlı kompleksdir. Fasadı o qədər də bəzəkli deyil və yalnız tağların qırağı və aşağı hissələri adi kərpic naxışlarla işlənib.
Tağların yuxarısı və otaqların tavanı hörmə kərpic bəzəyi ilə sadə, amma göz oxşayan naxışlar yaradıb. Binanın layihəsi XVII əsrdə yaşamış riyaziyyatçı-alim, memar Şeyx Bahəddin Məhəmməd Amilə məxsusdur. Tikintidə yumurta ağı ilə gil-əhəng qarışığı, bir də bişmiş qırmızı kərpicdən istifadə olunub. Ümumiyyətlə, qırmızı kərpic Gəncə tikililərində çox istifadə olunan tikinti materialıdır və Gəncə şəhəri demək olar ki, elə bu rəngdə kərpic tikililəri ilə məşhurdur. Çökək hamam, Şah Abbas məscidi və eləcə də digər məscidlər, Ziyadxanovlar mülkü, Rus kilsəsi, Alman kirxası və hətta adi yaşayış binaları da qırmızı kərpicdən tikilib. Azərbaycanın başqa bölgələrindəki karvansaralarla Gəncə karvansaralarını fərqləndirən də məhz qırmızı kərpic amilidir. Onu da deyək ki, Yaxın Şərqdə karvansaralar adətən dördkünc, həm də ovdanlı tikilirdi.
Şah Abbas karvansarası da bu formadadır. Tikilinin iki həyəti var - ön və arxa həyət. Arxa həyətdə bina boyunca çinar ağacları əkilib. Bu çinarlar da elə binanın özü qədər qədim və qiymətlidir. Binanın mərkəz hissəsi səkkiz kiçik tağlı, yan tərəflərsə böyük tağlı eyvanlardan ibarətdir. Bu açıq eyvanlar içəri otaqların işıqlı olmasında böyük rol oynayır. Karvansaranın zirzəmisi, mətbəxi, qonaqlar üçün kiçik və böyük otaqları, qoşqu heyvanlarının saxlanma yerləri, həyətdə açıq havada çayxanası, çoxlu sayda saxlanclar və anbar otaqları var. Birinci mərtəbədən ikinci mərtəbəyə kiçik gümbəzlə tamamlanan iki ensiz pilləkən qalxır. Gümbəzin mərkəzindəki tavanda 16 guşəli ulduz təsvir olunub.
Bir vaxtlar bu bina Məhsəti Gəncəvi adına Mühəndis Pedaqoji texnikumunun, sonralarsa Gəncə kollecinin istifadəsində olub. Məhsəti Gəncəvinin heykəli hələ də bu binadan köçürülməyib. Azərbaycan memarlıq incilərindən sayılan bu karvansarada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə əsaslı təmir işləri aparılır. Bina qəza vəziyyətində olduğuna görə hazırda aparılan təmir işlərində binanın özülündə və fasadında bərkidilmə işləri görülür, divar kərpicləri diqqət və səliqə ilə təmizlənir.
Karvansarada aparılan təmir zamanı bir neçə qaranlıq məqam da üzə çıxıb. Belə ki, divarlar, kərpiclərin arası təmizlənən əsnada divarlarda dəhliz və otaqları işıqlandırmaq üçün istifadə olunmuş lampa-çıraq oyuqları, otaqların hərarətini saxlamaqdan ötrü divara pərçim sobalar aşkar olunub. Aparılan bərpa işlərində istilik, soyutma, su və havalandırma sistemlərinə layihəyə uyğun şəkildə yenidən baxılır. Təmirdən sonra abidənin beşulduzlu otel kimi şəhərə gələn qonaqların istifadəsinə veriləcəyi nəzərdə tutulur.
Şah Abbas karvansarasına bitişik daha bir qədim karvansara da vardır ki, bu da Uğurlu Xanın adı ilə tanınır. Hər iki karvansaranın birlikdə 120 otağı, 900 kv.m uzunluğunda dəhlizi, 4 daxili və 3 xarici girişi var. Uğurlu karvansarası XVII əsr ənənələrinə uyğun inşa edilmiş qoşa həyətli kompleksdir. Bina Şah Abbas karvansarasına nisbətən sadə, sıralanmış tağlardan qurulubdur.
Ehtimal olunur ki, bu karvansara 1663-64-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuzaquluxan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu Xanın vəsaiti hesabına tikilib. Rus qoşunları Gəncəni tutanda bu bina da Xan mülkiyyəti kimi müsadirə olundu. Sonralar bu karvansara baxımsızlıqdan, rütubətdən korlanmış, divarları çatlamış, dam ötrüyü sıradan çıxmışdır. Uzun müddət karvansaranı mətbəə, başqa kiçik idarələr, o cümlədən ticarət obyektləri qamarlamış oldu. Nə yaxşı ki, hazırda hər iki karvansara boşaldılıb və burda əsaslı təmir işləri gedir. Nə yaxşı ki, kərpiclər hələ də öz bərkliyini, rəngini və keyfiyyətini itirməyib.
Girişi həyətdən olan, torpaqla dolmuş yeraltı zirzəmilər var ki, onlar da təmizlənərək yararlı vəziyyətə salınacaq. Hələ üstəlik Uğurlu karvansarasına ikinci mərtəbə də əlavə olunur. Karvansaranın bərpasında bu günəcən 800 minə yaxın qırmızı kərpic, dam ötrüyü üçünsə 90 min kirəmit işlənib. Hər iki karvansaranın yenidən Gəncə memarlıq kompleksinə qayıdacağı gün heç də uzaqda deyil.
“Qobustan “ jurnalı