Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-05 oktyabrda layihə Belarus şairəsi Mariya Kobets, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən yazdığı şeiri, qiraəti ilə davam edir.
Mariya Kobets / Belarus
tanınmış şairə, yazıçı
Əziz Azərbaycan vətəndaşları, Azərbaycan tarixinin və mədəniyyətinin həqiqi simvolu olan gözəl Şuşanın sakinləri, sizi səmimiyyətlə salamlayıram. Təəssüf ki, hələ də sizin o tarixi şəhərdə olmamışam, amma dəqiq bilirəm ki, Qarabağda, dağların başında ucalan əsrarəngiz Şuşa Azərbaycanın ən gözəl guşəsidir, milli musiqi və ədəbiyyatınızın beşiyidir. Üstəgəl füsunkar təbiəti öz gözəlliyinə və rəngarəngliyinə görə şəhərin mədəni irsindən, zənginliyindən geri qalmır. Bilirəm ki, Azərbaycanda bu il “Şuşa ili” elan edilib, çoxlu əlamətdar tədbirlər keçirilir. İcazə verin sizi bu gözəl il və hadisələr münasibəti ilə təbrik edim. İnanıram ki, bu hadisələr şəhəri sözün bütün mənalarında zənginləşdirəcək, gözəlləşdirəcək.
Ona görə də səni bir daha salamlayıram, Şuşa!
İndi isə sənə ithaf etdiyim şeirimi oxuyacam, Şuşa!