rəssam Nizami Atayevin tapıntısı...
Hər dəfə uşaqların çəkdiyi rəsmlərlə rastlaşanda həddən artıq sevinirəm. O qəbildən bakı məktəblisi on bir yaşlı Elnur Camalovun yaratdıqları da mənimçün gözlənilməz oldu. Düşünürəm ki, onun bu ilin mayında baş tutan fərdi sərgisini yadda saxlamağımın yeganə bir səbəbi var – istedad! Elə ona bu qısa “Uğurlu yol!”u – tanıtımı yazmağımın da amacı – onun gələcəyinə bəslədiyim – böyük ümiddir!
Elnur Xəzər Universiteti nəzdindəki “Dünya məktəbi”nin altıncı sinfində oxuyur. Zahirən yaşıdlarından bir o qədər də fərqlənməyən Elnur, yalnız rənglərlə baş-başa qalanda öz yaşıdlarına bənzəmir. Əslində isə, əsl uşaqlıq həyatını yaşamağındadır.
Elnurun dünyamızı fərqli, daha dəqiq böyüklərin diliylə desək, analitik tərzdə görə bilməsi onun yaradıcılığını (bəli, bəli – yaradıcılığını!) şərtləndirir, – desək heç də yanılmarıq. Onun bu qabiliyyətini ilk dəfə peşəkar gözü ilə görən və dəyərləndirənsə – Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Atayev olub. Respublikada uşaq yaradıcılığı üzrə özünəməxsus yanaşmaya malik olan Nizami Atayevin Elnurun çəkdiyi rəsmlərdəki yaradıcı qığılcımların həqiqətən ümidverici olduğunu dilə gətirməsi, Elnurun valideynlərini də ürəkləndirib, necə deyərlər, yerindən oynadıb, Elnurun yaratdıqlarına Nizami Atayevin gözüylə baxmağa məcbur edib. Artıq iki ildir ki, bu yaradıcı təmas davam etməkdədir. Bu müddətdə Nizami müəllimin səyləri nəticəsində Elnur və onunla birlikdə rəssamlığın sirlərinə yiyələnən uşaqlar, onları əhatə edən müxtəlif guşələrdə - Qəbələ, Quba, İsmayıllı, Qobustan və Abşeronda, fərqli təbiətə malik yerlərdə müşahidə aparmağı, özünəməxsus gözəllik qaynaqlarını aşkara çıxarmağı öyrəniblər. Elnurun yağlı boya ilə çəkdiyi mənzərə və natürmortlar – xüsusilə də “Tərəvəz və meyvələrlə natürmort”, “Qədim mis qablar”, “İsmayıllı mənzərəsi”, “Ağacların ritmi”, “İçərişəhər”, “Yay” və digər lövhələri bu qəbildəndir. Əgər yağlı boya texnikasına təcrübəli rəssamların daha çox müraciət etdiklərini nəzərə alsaq, Elnurun öz duyğularını yaşına uyğun olmayan tərzdə ifadə etməsini də onun fitri istedadının göstəricisi saymaq olar.
Balaca rəssamın adi qədim mis qablara münasibəti də özünəməxsusdur. Belə ki, meyvə-tərəvəzdən fərqli olaraq tünd rəngli qədim maddi-mədəniyyət nümunələrini onları səciyyələndirə biləcək faktura ilə bələməsi,onların əski ruh daşıyıcısı kimi görməyə imkan yaradır.
Hər dəfə yurdumuzun müxtəlif guşələrinə səfərlərdən ilham alan Elnurun çəkdiyi mənzərələr də eynilə maraq doğurur. Onun təbiətdə gördüklərinin şux boyalarla təqdimatı balaca rəssamın təbiətdəki daha səciyyəvi cəhətləri qabartmaq istəyindən qaynaqlanır. Onun “Yay” lövhəsində çəmənliyə düşən ağac kölgəsini, “Ağacların ritmi”ndə azman gövdələrin məkana bəxş etdiyi oynaqlığı, “İsmayıllı mənzərəsi”ində ormanı tən bölən yolu – yaddaqalan bədii tapıntı hesab etmək olar.
Bütün bunların təkcə fəhmlə yaranan gözəllik qaynağı olmadığını, onun parlaq istedad sayəsində gerçəkləşdiyini xüsusi qeyd etmək istərdik. Elnurun rənglərə sonsuz sevgisinin və inamının ifadəsi olan bu lövhələr həm də dünyamıza ülvi, özünəməxsus baxışın ifadəsidir. Bizcə, balaca rəssamın kövrək fırçası yeni gözəllik qaynaqları kəşf etməyə, onları mənəvi dəyərə çevirməyə qadirdir. Elə bu səbəbdən də sənətsevərlərə tövsiyə edərdik ki, “Elnur Camalov” imzasını yaxşı-yaxşı yadda saxlasınlar....
Əməkdar incəsənət xadimi,
sənətşünas