2022-10-17
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB şəhid anaları ilə görüş keçirdi
Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir.
Layihə zamanı vaxtı ilə Bakı şəhərinin Nizami rayonunda, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsindən əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunur.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında layihə çərçivəsində nəşr olunmuş “And yerimiz-Şəhidlər”! adlı kitabın təqdimatı keçirildi.
Tədbir bütün şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sədr və layihə rəhbəri Tahir Xudiyev çıxış edərək layihə barədə və nəşr olunmuş kitab barədə məlumat verdi.
Çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, təqaüddə olan hərbçi-polkovnik, Qarabağ müharibəsi veteranı Ağalar Əliyev, AYB sədrinin müşaviri, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, BƏC İB-in Hərbi işlər üzrə şöbəsinin rəhbəri, ehtiyatda olan polkovnik, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov, Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, BƏC İB-in Mətbuat xidmətinin rəhbəri Saleh Əzizli, BƏC İB Ağsaqqallar Şurasının üzvü, şair Seyidağa Seyid Sadıq, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elmira Behbudova, AYB-nın əməkdaşı, şair Giləmail Murad, jurnalist Minəxanım Əkrəmqızı Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad edilməsindən, Ali Baş Komandan İlham Əliyev cənablarının şəhidlərimizə və qazilərimizə diqqət və qayğısından, bu istiqamətdə dövlətin çıxardığı qanunlardan danışdılar.
Şəhid ailələrinin üzvləri çıxış edərək öz problemlərindən danışdılar və İB-dən bu problemlərinin həlli üçün köməklik istədilər. Tahir Xudiyev aidiyyəti dövlət təşkilatlarına bu problemlərin müsbət həlli üçün müraciət ediləcəyini bildirdi.
Tədbirdə Kipr səfirilyi, Fövqəladə Hallar Hazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və AMEA-nın əməkdaşları, Qarabağ müharibəsi veteranları, QHT, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Tədbirin sonunda şəhid anaları və digər tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.
Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
14.10.2022