"Ulduz" jurnalının noyabr sayı işıq üzü görüb. Dərgi Taleh Mansurun özüylə söhbəti və şeirləri ilə açılır. Qulu Ağsəsin hələ 2000-ci ildə qələmə aldığı "Qarğış" hekayəsi xanəndə Süleyman Abdullayevə ithaf olunub. Rəşid Faxralının İkinci Qarabağ savaşında qazanılmış zəfərin iki illiyinə həsr olunan "Düşüncələr. Vətən müharibəsi – Qələbə fəlsəfəsi" xatirə yazısında fərqli qəhrəmanların döyüş yoluna nəzər salınır.
"Nəsr" rubrikasında Nurlan Suvarovun "Saçlarımın qırmızısı", Hicran Hüseynovanın "Dərdli pişik haqqında ballada", Günel C. Hacıyevanın "Rəqs edən taxta qayıq", Orxan Kərimovun "Saat" kimi hekayələri, "Şeir vaxtı"nda isə Elnaz Eyvazın, Bəhruz Xəlilin, Namiq Hacıheydərlinin, Aysel Nəsirzadənin, Əfsanə Qurbanlının və Seyyidəli Sübhinin şeirləri yer alıb.
"Qısa fikirlər xəzinəsi"ni bu dəfə də bir sıra dühaların kəlamları bəzəməkdədir. "Tərcümə saatı"nda şair İbrahim İlyaslının tərcüməsində çağdaş qırğız poeziyasından seçmələr, "Türk eli" rubrikasında isə Təranə Vahidin uyğunlaşdırmasında Halə Sərtin "Dənizin dibindəki" hekayəsi təqdim edilib. Aytac Sahədin "Sələf-xələf"inin budəfəki qonaqları Xalq rəssamı, heykəltəraş Natiq Əliyev və gənc heykəltəraş Güntay Hüseynlidir. Pərvanə Məmmədlinin "Varımız, varlığımız – Ana dilimiz" başlıqlı yazısında böyük alim Cavad Heyətin timsalında Güney Azərbaycanda dil və etnik mücadilə tarixinə nəzər salınır. Filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin "Natəvan – kədərli qürur abidəsi" məqaləsi Xurşidbanu Natəvanın həyat və yaradıcılıq yoluna işıq tutur. Rəfail Tağızadənin "Vaqif Poeziya Günlərində yaşananlar" adlı reportaj yazısı, adından da göründüyü kimi, 13-15 iyul tarixlərində Şuşada düzənlənən 40-cı poeziya günlərinin xronikasıdır.
Nəhayət, "Dərgidə kitab"da Səfər Rzasoylunun şeirlərinə, "Oxumalı rəsmlər" rubrikasında isə Fərid Hüseynin "Fırlanan rəsmlər" yazısına yer verilib.