Proloq
Mayın axırı, iyunun əvvəli. Bütün bakılılar bağlarda olurdu. Kəndlər elə boş olurdu ki, hətta kəndin yuxarısında addımlayan balaca qızcığazın addımlarının əks-sədası aşağı kənddən eşidilirdi. Bağlarda ki, nə bağlar. İçində abqora hazırlamaq üçün daş hovuzları, yerlə bir şanıları, kişmişiləri, damlarında əncir quruları, çardaqlı, külafirəngili, iki otaqlı evlər olan bağlar idi. Bu bağlarda tək olmayan şey hasarlar, həyət-bacanı əhatələmiş divarlar idi. Camaat bir-birinin bağından keçmədisə, bir salam-əleyküm etmədisə, əncirindən, üzümündən dadmadısa, uzaqdan qumla səmanın arasında sıxışan dənizi gözü seçmədisə onda nə ləzzəti? Bunu mən demirəm. Bunu mənim anam və atam deyir. Çünki mən deyə bilmərəm. Mən, səkidə barmaqlarının ucunda qalxıb, daş divarın o tayında, uzaqlarda görünən dənizin ləpəsiz olması ümidi ilə baxan qızın dövründənəm.
Bu divarlar isə birdən-birə aramıza girmədi. 90-cı ilin son on illiyində bu divardakı kərpiclərin sayı daha da artmağa başladı. Belə ki, bu on illiyin birinci ilində azadlığımızı qazandıq. Sevindik, özü də çox sevindik. Artıq rahat nəfəs ala bilərdik. Ancaq unutduğımız bir şey daha var idi. Bəli, azadlığımızı aldıq, bəs digər aldıqlarımız. Bəs Sovet İttifaqının bizim üçün qoyduğu digər miraslar. Axı azadlığımızla yanaşı, bizə bir sıra problemlər və çətinliklərdə qaldı. İqtisadi böhran və bunun nəticəsində minlərlə ailəni dolandıran zavod və fabriklərin bağlanması, işsizlik, aclıq, oğurluq. Xüsusən də qonşumuz dediyimiz Ermənistanın bizim bu vəziyyətimizdən istifadə edib, torpaqlarımızı oğurlaması. Belə-belə insanların bir-birinə inamı, güvəni, etibarı azalmağa başladı. Bu da bizi saysız-hesabsız kərpiclərlə dolu dörd divarın içinə saldı.
Beləliklə bu acınacaqlı vəziyyətimizin şahidlərindən biri olan Vaqif Səmədoğlu bütün bu hadisələri həm tənhalığın aşiqi, həm ölümün dostu, həm də özünəməxsus yumoru ilə tökdü vərəqə. Həmin vərəqi də köçürdülər Sumqayıt Dövlət Dram Teatrının tozlu səhnəsinə, oradan da Ramiz Əzizbəyli ilə birgə keçdilər ağ pərdəyə. Bununla da "Bəxt üzüyü" filmi bütün azərbaycanlıların həyatına daxil oldu.
Lap böyüklər.
“Bəxt üzüyü” filminin ilk titrlərinə diqqətlə baxsanız, orada rollarda yazılan yazısından sonra əvvəlcə “Uşaqlar”, ondan aşağıda “Böyüklər”, daha sonra isə “Lap böyüklər” yazısını görərsiz. Bu lap böyüklər hissəsində isə cəmi iki nəfərin adı yazılmışdır. Vaqif Səmədoğlu ilə Ramiz Əzizbəylinin. Hər ikisini filmdə kameo kimi görmüşük. Vaqif Səmədoğlunu kafe işçisi kimi, Ramiz Əzizbəylini məşhur “Neylədin ağez? Arağın tapılmayan vaxtında.” deyən sərxoş rolunda görürük. Onlar həm bu filmin lap böyüyü, həm də ki, Azərbaycan incəsənətinin lap böyüklərindən oldular.
Necə oldu ki, bu iki Lap böyük birləşib, belə keyfiyyətli kassa filmi yarada bildilər?
İlk növbədə onu qeyd etmək lazımdır ki, hər ikisi bir çox incəsənət növünün biləni idilər. Vaqif Səmədoğlu əsas təhsilini musiqi sahəsində alsa da, atasından miras qalan yazma qabiliyyəti ilə külli şeir və pyes sahibidir. Bununla yanaşı isə özünü ssenarist kimi sınamaqdan yan ötməmişdir. Ramiz Əzizbəyli uşaq yaşlarından kino sektorunda olub. Azərbaycan kinematoqrafiyasında rejissor, ssenarist, aktyor, ifaçı və filmi səsləndirən kimi iz buraxmışdır. Hər ikisinin zəngin yaradıcılıq keçmişi “Bəxt üzüyü” kimi filmin uğurlu olmasına gətirib çıxartmışdır.
Tək bununla kifayətlənmək də düzgün deyil. Vaqif Səmədoğlu bizim özümüzdən çıxış edərək “Bəxt üzüyü” filmini yazıb. Filmə baxan istənilən kəs əminliklə deyə bilər ki, bu bizik. Filmdə canlı insanlar və münasibətlər görürük. Tək canlılıq da deyil. Bu film sırf öz mədəniyyətimizə məxsus olan realizmi özündə nümayiş etdirib.
Bir digər nüans isə filmdən əvvəl “Bəxt üzüyü” tamaşasının Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyulması və tamaşaçı tərəfindən qəbul edilməsidir. Bildiyim qədəri ilə Azərbaycanın bir çox regionlarından maşın-maşın insanlar məhz bu tamaşanı izləmək üçün gəliblər. Moşu ilə Söylü xalqın sevimli qəhrəmanları idilər. Ona görə də tamaşanı ağ pərdəyə köçürmək, bir növ risk sayılmırdı. Onu da qeyd etmək lazımdır ki, “Bəxt üzüyü” tamaşası Şəki Dövlət Dram Teatrında da səhnəyə qoyulmuşdur. Aktrisa Gülşad Baxşıyeva bu tamaşada Söylü obrazını da ifa etmişdir. Sonradan hər iki teatrın ən yaxşılarını bir filmdə cəm etmişlər.
Ən sonda isə maliyyə dəstəyini qeyd etməmək olmaz. “Bəxt üzüyü”nün meydana çıxdığı ərəfələrdə maliyyə tapmaq səhrada su tapmaq kimi çətin idi. Afaq Bəşirqızı yaradıcılığının pərəstişkarı, “Qaraqaya” Assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirov risk etməkdən qorxmayaraq maliyyə dəstəyini öz üzərinə götürdü. O, filmə kifayət qədər pul ayırdı. Ramiz Əzizbəyli bir intervüsində filmin çəkilişləri bitdikdən sonra qalan pulu Sədrəddin Daşdəmirova qaytarmaq istədiyini, ancaq onun bu pulu qəbul etmədiyini söyləmişdi. Ramiz Əzizbəyli də yerdə qalan pulu çəkiliş truppasının arasında bölmüşdü.
Bir də bütün bu proseslər zamanı “Lap böyüklər” yanında bir “böyük” də var idi. O da Orxan Fikrətoğlu. Titrlərdə adını görməsək də, onun bu işdə böyük əməyi var.
Üzük qardaşlığı.
“Bəxt üzüyü” filminin strukturu üç material üzərində qurulub. Taxta, qızıl və daş. Bir taxta stol ətrafında mehriban şəkildə toplaşan insanlar, birdən qızıl üzüyün itməsi ilə bir-birilərinə düşmən olurlar. Nəticədə aralarına daşdan hasar hörmək qənaətinə gəlirlər.
Masa arxasında üzüyün itməsi ilə başlanan bu qarmaqarışıqlıq mənə “Üzüklərin hökmdarı. Üzük qardaşlığı” filmində bir üzük ətrafında birləşən qardaşların bir anda üzüyün təsiri ilə bir-biriləri ilə savaşmasını xatırladır. Ancaq aralarındakı fərq üzüyün sehrindədir. Frodonun üzüyünün varlığı, Saranın üzüyünün isə yoxluğu insanları bir-birinə qırdırır. Frodonun üzüyü insanı, Saranın üzüyü isə insanın hisslərini gizlədirdi. O hissləri ki, üzüyün itməsi ilə obrazlarda görə bilirik.
Gəlin o zaman “Üzük qardaşlığı”nın üzvləri ilə tanış olaq!
“Bəxt üzüyü” film olmamışdan qabaq Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyulan tamaşa idi. Yazını hazırlayarkən tamaşaya “Youtube” sosial media portalından baxmışam. Əgər tamaşaya baxsanız, sizi əsasən iki obraz – Söylü və Moşu obrazı cəlb edəcək. Cəlb edəcək nədir? Siz elə ancaq onları görəcəksiz.
Düşünürəm ki, bu rejissor işindən asılıdır. Ən azından Ramiz Əzizbəylinin səhnəsində qismən də olsa buna yol verilməyib. Burada hər bir ailə özünü göstərə bilib.
Moşu və Söylü elə obrazlardı ki, onları həyatda görsəniz qınayarsız. Filmdə isə onlara gülmək asanddır.
Valeh Kərimovun oynadığı Moşu obrazı təkəbbürlü, olmayan istedadını həddən artıq şişirdən, şöhrətpərəst, özünü “Xalqın şairi” adlandıran, hər kəsin də ona elə davranmasını istəyən, təriflənməkdən, bəyənilməkdən ötrü ürəyi gedən biridir. Saç düzümü və qalın bığı ilə Səməd Vurğuna bənzəyən bu yalançı şair, hər kəsə yuxarıdan aşağı baxır. Hüseynin ona pula görə yaltaqlanması belə xoşuna gəlir. Heç kəsi özü ilə bir səviyyədə görmür. Bir sözlə Moşu özünə vurğun şairdir.
Moşunun bir də Söylüsü var. Söylü obrazına isə hamının bildiyi, tanıdığı, sevdiyi və güldüyü, “improvizələrin anası” Afaq Bəşirqızı can verib.
Söylü Moşuya büt kimi baxır. Hətta o dərəcədə ki, dövlət nümayəndəsinin yanında öz adının əvəzinə “Şair Moşu Göyəzənlinin uşaqlarının anası” deyə cavab verir. Bir yox, iki yox, üçüncü şəxs kimi özünü təqdim edir. Söylü nəinki öz nəslini satıb, hətta öz adını belə unudan bir obrazdır. Söylünün həyatının mənası Moşudur. Hər bir halda Moşunu düşünür. Hətta çox uşaq istəməyi belə Moşuya görədir. Çünki o düşünür ki, o hər il birini doğmasa Moşuya kəndlərində birtəhər baxarlar.
Söylünün, xüsusən də Moşunun unutmadığı bir şey var. O da ki, “Namus, qeyrət”. Ancaq burada da Moşunun xarakteri danışır. O biqeyrət deyil, çünki “Biqeyrət şairə millət heykəlmi qoyar?”.
Seda və Rasim namus və qeyrət cəhətdən kasadlıq çəkən iki obrazdır. Firəngiz Rəhimbəylinin oynadığı Seda müğənnidir. Onun peşəni seçmək üçün kifayət qədər özünəinamı və eqosu var. Bu isə ona atasının pulundan və bəlkə də anasının gözəlliyindən miras qalıb. Seda heç bir halda özünə edilən hörmətsizliyi qəbul etmir. Hansısa yolla da olsa onun əvəzini mütləq çıxır. Moşudan onu evində bağlamaqla, Söylüdən “dənizdə kişi batıb. Zırpı!” deməklə, Hüseyndən isə kafeyə girişini qadağan etməklə. Bu da onun insanların həssas nöqtələrini çox gözəl bildiyini göstərir.
Rasimi filmdə Rafael Dadaşov canlandırıb. Kölgənin belə alverini edən adam Sedadan heç də geri qalmır. Rasim heç nəyi qarşılıqsız etmir. Bir səhnədə Söylü ilə Moşunun oğlanlarına saqqız verdiyini görürük. Növbəti səhnədə isə həmin uşaqların maşından Rasimin evinə aldıqlarını daşıdığını görürük. Seda da, Rasim də insanları istədikləri kimi idarə edə bilirlər. Buna müasir dövrdə manipulyasiya deyirlər.
İndi isə bizi güldürməkdən çox düşündürən iki obraz – Sara (Gülşad Baxşıyeva) və Hüseyn (Ayşad Məmmədov) haqqında. Digər obrazlardan fərqli olaraq hər ikisi ali təhsillidir. Ancaq buna baxmayaraq işsizdirlər, kasıbdırlar. Heç biri xoşbəxt ola bilmir. Sara ətrafına baxa-baxa özündə olmayanları arzulayır, istəyir. Bu hisslər onu hər gün zəhərləyir. Bu zəhərini isə Hüseynin üstünə tökür.
İçki içən adamdan soruşsanız ki, niyə içirsən, deyəcək ki “içməsəm ürəyim partlayar”. Bəs Hüseynin ürəyini partladan nədir?
Hüseyn yetimdir. Nə anası, nə də atası var. O, yetim uşaqlar üçün olan xüsusi yerdə böyüyüb. Hansı ki, sonradan oranı söküb, yerində “Səadət sarayı” tikiblər. Beləliklə Hüseynin böyüdüyü yurdu da yoxdur. Hüseyn yurddan ayrılandan sonra cəmiyyətə özünü qəbul etdirməkdən ötrü ona deyilənləri bir-bir edir. Əvvəlcə yaxşı təhsil alır. Görür ki, yox, əgər işsizsənsə diplom nəyə lazım. İş də ki, yox. Ürəyi sıxılır. Evlənir. Ürəyi ağrımağa davam edir, bu nigahdan bir uşaq da peydahlayır. Bundan sonra isə işlər dəyişir. Çünki Hüseyn artıq sevmədiyi bir kəs, yəni ata olub. Hüseyn illərlə unutmaq istədiyini yadına salır. Yaddan çıxartmağın yeganə yolunu isə içkidə görür. Və beləliklə içindəki özünü qəbul etdirmə həvəsini öldürür.
Özünü lazımsız və gərəksiz hiss edən Hüseyn cəmiyyətdə öz yerini tapa bilməyən, həyatı başa düşməyən bir obrazdır. Hüseyn fikirləşir ki, ya Moşu kimi olmalıdır, ya da ki Rasim kimi. Bunu isə bacarmır. Burada özünə çatacaq payın olmadığı qənaətindədir. Hətta hava belə ona digərlərindən az çatır. Nəfəs ala bilməyin yeganə yolunu isə içkidə görür.
Divara qarşı.
“Bəxt üzüyü” elə bir filmdir ki, hər epizodundan bir məna çıxarırsan. Bəlkə də bu filmin uşaqdan böyüyə sevilməsinin ən böyük səbəbi də elə məhz budur. Hər kəs özünə lazım olanı götürüb izləyir bu filmdə. Bunlardan biri də həmin dövrlərdə başımıza gələn müsübətlə, müharibə ilə əlaqədardır. Müharibə biz azərbaycanlılara qonşumuza güvənməməyi öyrətdi. Bunun psixoloji təsirini “Bəxt üzüyü” filmində rahatlıqla görə bilərik. Bizim itirdiklərimiz bizə öyrətdi ki, insanlar arasında daim sərhəd qoyulmalıdır. Müharibə, çevrilişdən yaranan aclıq aramıza divarları saldı. Sanki hər kəs öz dünyasında qalasına çəkilib, hamıdan qorunmağa çalışdı. Nəticədə, vaxtı ikən çox hiss edilməyən sosial bərabərsizlik gözə batmağa başladı. Azərbaycan xalqının təbiətinə uyğun olmayan bu bərabərsizlik bizi dehumanizmə çatdırdı.
Bütün bu sadaladıqlarımı “Bəxt üzüyü” filmində müşahidə edirik. Burada Vaqif Səmədoğlu insanlar arasındakı həmin o “Divar”a qarşı çıxış edir. Bunu isə Hüseynin timsalında öz tamaşaçılarına çatdırır.
Hüseyn əslində danışdığı divardan mehribanlıq gözləyir, nəvaziş gözləyir. Çünki bu divar insanlar arasındakı sosial bərabərsizlikdən doğan dehumanizmə səsləyir. Divara nifrət edir. Çünki bu divarlar insanların bir-birinə olan inamsızlığının rəmzidir. Divarla danışır, onu başıyla yıxmağa çalışır. Ancaq bacarmır. Ona insan kimi baxan yeganə insan öldükdən sonra özünə də ölüm arzulayır. Çünki Hüseynə görə artıq humanizmdə ölüb.
Məhz bu səbəbdən deyə bilərik ki, Vaqif Səmədoğlu “Bəxt üzüyü” filmi ilə azərbaycanlıları humanizmə səsləyir. İtirdiyimiz əvvəlki dəyərləri qaytarmağımızı arzulayır. Filmin sonunda gələcəyin rəmzi olan balaca qızcığazın dilindən müharibə iştirakçısına deyilən “yağış yağacaq” ifadəsi ümidinin hələ kəsilmədiyinin işarəsidir...
Ülkər MƏCİDZADƏ (kinoşünas)