Doğulduğun da, dünyadan köçdüyün yer də qədim, ulu torpağımız - Naxçıvan. Olan-olmaz otuzca bahar ömür sürdün. Ancaq həmin otuz il neçə-neçə illərdən artıq oldu. Axı sən o qısa ömrün boyunca, vur-tut yeddicə ildə iki minə qədər əsər yaratdın. Yeddi ildə iki min əsər! Bu başagəlməz, misilsiz bir hünərdir, igidlikdir!.. Belə çıxır ki, təsəllin yalnız fırçan olub, bir də rənglərin… Yer üzündə özgə simsar olacaq nəyin vardı ki?
Axı o otuz ilin hər birisi sənə fərəh gətirməyib. Amma ağlı-qaralı o illərdən qalan mirasına bax! Hər birində bizim adətlərimiz, gələnəklərimiz, sevincimiz-kədərimiz… Dərd daha çoxdur.
«İlanlı dağ ay işığında», «Ağrı dağı», «Köhnə qala», «Əliabad kəndində darvaza», «Nuhun qəbri», «Möminə xatın türbəsi» və adi mənzərələrin belə qəmə-qüssəyə bələnib.
Məncə də əsl sənətin kökündə - ulu bir kədər uyuyur. «Qaçqınlar», «Qaçqın oğlan», «Qaçqın qız», «Yurdsuz ailə» və başqa bu kimi əsərlərin bizlərə bu gün başımıza gətirilən bəlaların, acıların tarixçəsini danışır və indi də danışmaqdadır.
Naxçıvan teatrındakı xidmətlərin də zərrəcə yaddan çıxmayıb. Səndən sonra gələnlər səni özlərinə örnək bilib, ustad sayıb… Neçə nəsil beləcə… Ey dünyadan nakam, gülü burnunda getmiş Ustad! Nə yaxşı ki, sən varmışsan, sən varsan və sən olacaqsan və indi də hamı səni rəssamlığımızın tacı sayır…
Tacsa tarix boyu nə köhnəlir, nə dəbdən, nə də qiymətdən düşür…
“Qobustan “ jurnalı