Mən Xocalı, bir şəhərdən daha artığı, bir faciənin adı, bir qətliamın şahidiyəm! Bu tərifi mümkünsüz fəlakətə şahidlik etmək çox ağır bir yükdür. Ona görə də faciənin 31-ci ilində nə qədər çətin olsa da o məşum gün şahid olduqlarımı dilə gətirmək istəyirəm, istəyirəm bu insanlıq ayıbına dil, din, irq ayırd etmədən heç bir insan laqeyd qalmasın, onsuz da insan olan etinasız qala bilməz. Nə deyib Lev Tolstoy “ Əgər öz acını hiss edirsənsə, canlısan. Başqasının acısını hiss edirsənsə, insansan!”
İndi hər kəs sussun, mənim fəryad səsimi duysun və duyursun, çünki bu bir insanlıq missiyasıdır! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tək başına bir heç olduğu üçün Rusiyanın 366-cı motoatıcı alayının və digər riyakar havadarlarının dəstəyi ilə sərhədlərimi tapdaladılar və o andan etibarən Azərbaycan tarixinin qan yaddaşına yazılacaq olan o dəhşətli səhifə açıldı. O günə kimi əhali atışmaların səsinə alışmışdı, həyat bu şəhərə fəlakət hürkü gəlməzdən öncəki kimi davam edirdi. İnsanlar bir-birinə milli vətənpərvərlik ruhu və könül bağı ilə bağlanmış şəkildə yaşayırdı. Fəqət o gün biz hər şeyin əvvəlki günlərdən fərqli olduğunu hiss etdik, sanki əcəl bizi səsləyirdi, fəlakətin ayaq səslərini duyduq. Əzabı bir ömür davam edən vəhşət günü hər şey bir göz qırpımında baş verdi. Anidən şəhər gülləbaran edilməyə başladı, əhali arasında çaxnaşma düşdü. Hələ nə baş verdiyini idrak etmədən, birdə gördüm mərmi yağış kimi yağır, qan su yerinə axır, bəyaz qarla örtülmüş şəhər al qana boyanır. Məlun düşmən sadistcə məsum insanlara hücum etdi, əhalini diri-diri yandırdı, dərilərini soydu, gözlərini çıxardı, bədən üzvlərini kəsdi, hamilələrin bətnini yarıb körpəsini çıxardılar. Sağ qalanlara qarşı tamamilə təhqir edici hərəkətlər edib olmazın əzabını verdilər. Ataların, anaların, doğmaların gözü qarşısında insanlara işgəncələr verdilər, o səhnələri görməyə tab gətirməyənlərin ürəyi elə ordaca partladı. Bununla qane olmayıb cəsədlərə qarşı amansızlıqlar törətdilər, yenə durmadılar qəbiristanlıqdakı ölüləri də rahat buraxmadılar, onlarında ruhlarını incitdilər. Sağ qalanlar arasında qaçmağa çalışarkən donaraq ölənlər, şaxta səbəbi ilə amputasiya olunanlar gərək psixoloji, gərək fizioloji xəstəliklərə tutulanlar oldu. Əsir düşənlərə ağla, vicadana sığmaz işgəncələr edib, onlara qarşı oyun oynarcasına dilləndirə bilmədiyim caniliklər törətdilər.
Siz ölümü heç düşünmədiyiniz bir anda saniyələr içində aqibətinizin yetişdiyini qəbullanmaq, ölsək də birgə ölək deyə düşünmək nə deməkdir bilirsizmi? Bilə bilməzsiniz, çünki bunu yalnız yaşayan bilər. Hazırda mən törədilən bu barbarlığı dilə gətirməkdə çətinlik çəkir, siz isə eşitməyə belə tab gətirmirsiz, lakin oradakı insanlar baş verənləri bütün reallığı ilə yaşadı. İnanın mənə məzlumların fəryadı ərşə çatdı, yer də, göy də bu vəhşətə ağladı. Bu fəlakətlər sağ qalanların ruhunda və cismində sağalmaz yaralar qoydu, onlar sonradan cismən azad olsalar da ruhən əsir qaldılar! O gecə mən hər şeyimi itirdim, lakin itirdiklərimin sayını deməyəcəm, çünki onlar mənim üçün rəqəmlərdən daha çox şey ifadə edir. Mən onların hər birini öz ağuşuma aldım, fəlakətin nişanələri mənim ruhuma dəfn olundu. Buna görə də əgər ruhu topa qoyub atmaq mümkün olsa idi Xocalının ahı bütün Ermənistanı yerlə yeksan edərdi. Doğum qədər ölüm də gözləniləndir, lakin bu şəkildə ölüm qəbul edilməzdir. Əvəzolunmaz şair Şəhriyar bu mənada ölümü bu misraları ilə çox mənalı ifadə edib:
Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.
Dediyim kimi mən qaniçənlər ucbatından hər şeyimi itirdim, itirdiklərim arasında buradakı maddi-mədəniyyət nümunələridə vardı. Dünyanın ən qədim məzarlıqlarından biri sayılan Xocalı qəbiristanlığının darmadığın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Bu genosidin işıqlandırılmasında Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayev başda olmaqla bir çox jurnalistin qan dondurcu epizodları dəhşət içində ağlayaraq lentə alması böyük rol oynayır. Heç bir sübuta ehtiyac duymadan qondarma soyqırımları qəbul edənlər əlimizdə bu qədər əsaslı dəlil olmasına baxmayaraq, Xocalı soyqırımını tanımağı rədd edir, görməzdən gəlirlər. Zülmə susmaq, zülümkara şərik olmaq deməkdir. Lakin səssiz qalanlar bilməlidir ki, bütün beynəlxalq hüquq normalarına zidd olan bu qətliam təkcə Azərbaycanın deyil, bəşər tarixində törədilmiş ən ağır cinayətlərdən biridir. Əlbəttə, dərdlər müqaisə edilməz, fəqət bizim ahımız lazımınca duyulmadığına görə Xocalı soyqırımının Xatın, Hiroşima, Naqasaki və Sonqmi kimi dəhşətamiz faciələrlə bir sırada dayandığını xatırlatmalı və unutdurmamalıyıq.
Hadisələrdən sonra hər kəs bir şəkildə getdi, mənsə girov qaldım. Deməyin bir şəhər ölərmi, öldüm! Ta ki, zəfər xəbərini aldığım günədək. O gün hər şey sanki vəcdə gəlmişdi, ölülərin ruhu, dirilərin könlü şad olmuşdu, çünki Xocalının qanı yerdə qalmadı, zəfər hər birimizin yarasına məlhəm oldu. Biz həqiqi mənada yasdan çıxıb, yenidən dirildik. Bu şadlıqda əvəzsiz rolu olan hər kəsə minnətdarıq. Onlar bizim qəlbimizdəki kədəri götürüb, əvəzində tərifi mümkün olmayan sevinc bəxş etdilər. Vaxtı ilə buradakı çarəsiz insanlara “Qarabağ ermənilərindir” şüarını dedirtməyə çalışanlar dünyanın dörd bir tərəfində “Qarabağ Azərbaycandır” şüarını eşitməli oldular, bu qəlbimizi fərəhlə dolduran bir qürurdur.
Mən son olaraq hər kəsə düşmənin belə mərdini arzu edirəm. Ona görə ki müharibənin belə əxalqi-etik standartları var, bu sadistlər zərrə qədər insani keyfiyyətə sahib olmadığı üçün dünyanın heç bir dilində tərifi mümkün olmayan bir qəddarlıqla , heç bir əxlaq kodeksinə uymadılar. Lakin sonda layiqincə cəzlandırıldılar. Bu millət təkcə yağılara deyil, bütün dünyaya bir daha sübut etdi ki, birləşib dəmir yumruğa çevrildiyi təqdirdə o yumruqla əzə bilməyəcəyi heç bir düşmən , müzəffər ola bilməyəcəyi heç bir müharibə yoxdur. Əhsən, milli mənlik şüuruna, şərəfli, əzəmətli soykökünə və şanlı tarixə sahib olan xalqıma!!!