Mart ayının 7-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi Qadınlar Şurasının nümayəndələri ilə görüş keçirilib.
Təbdiri giriş sözü ilə açan AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin qonaqları salamlayaraq xanımları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edib.
AYB Qadınlar Şurasının sədri yazıçı, ədəbiyyatşünas Gülxani Pənah çıxışında AYB-nin sədri, xalq yazıçısı Anarın və AYB katibliyinin 8 mart Beynəlxalq Qadınlar günü münasibətiylə təbrikini Sumqayıt şəhər yazar xanımlarına çatdırıb, qadınların ədəbiyyatımızın inkişafındakı rolunu yüksək qiymətləndirib.
Çox isti ab-havada keçən görüşdə Sumqayıtlı “Dostlar klubu” nun üzvləri Mayıl Tağıyev, Rafiq Mehdiyev, S.Vurğun adına Mərkəzi Uşaq kitabxanasının müdiri Yeganə Hüseynova, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Etibar Bənnayev, qələm adamları – Arif Ərşad, Hafiz Ataxanlı, Elvin Əlizadə, Məryəm Aslanqızı, Rəfiqə Şəms, Almaz Ərgünəş Bəyazid, Xatirə Fərəcli, Mənsurə Xələfbəyli, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Səadət Salmanqızı, Aygün Fikrətqızı çıxış edərək indiki dövrümüzdə ədəbiyyatın vəziyyətindən, həmçinin həqiqi dəyərlərə söykənməyin vacibliyindən söz açıblar, poeziya nümunələrini səsləndiriblər.
Tədbirin sonunda AYB Qadınlar Şurasının sədr müavini Salatın Əhmədli, AYB Qadınlar Şurası İdarə Heyətinin üzvləri Sumqayıt bölməsinin bir qrup xanım yazarlarını Fəxri Diplomlarla təltif ediblər.
Məlahət Qənbərova