İlk növbədə qədim memarlıq abidələri yaxşı sübutdur, çünki məhz memarlıq abidələri müxtəlif tarixi mərhələlərdə ölkənin inkişafını xarakterizə edən nümunələrdir. Arxeoloji qazıntılar zamanı çoxsaylı maddi mədəniyyət abidələri aşkar tapılmışdır. Azıx mağarasında (Füzuli rayonu) 500 min il bundan əvvəl yaşamış insan çənəsinin sumüyü və əmək alətləri tapılmışdır. Arxeoloqlar tərəfindən aşkar edilmiş enolit və bürünc dövrlərinə aid çoxsaylı yaşayış məskənləri ölkədə baş vermiş canlanmadan, inkişaf etmiş iqtisadiyyatdan və mədəniyyətdən məlumat verir. Strabon, Pliniy (Böyük) və Klavdiy Ptolemey kimi antik müəlliflər öz əsərlərində Azərbaycanda çoxsaylı şəhərlərin olduğunu göstərmişlər.
Ənənəvi olaraq islam dövləti kimi tanınan Azərbaycanın ən mühüm tarixi mərhələlərindən biri Araz çayından şimala - Dərbəndə kimi böyük ərazidə 1000 ildən artıq bir zaman ərzində Qafqaz Albaniyası dövlətinin (e.ə.IV - VIII əsrlər) sabit şəkildə mövcud olduğu böyük tarixi dövrdür. Çoxsaylı sərhəd dəyişikliklərinə baxmayaraq, Azərbaycan tarixi Qafqaz Albaniyasının ərazisinin təxminən 4/5 hissəsini əhatə edir və bu səbəbdən onun mədəniyyətinin varisidir.
Artıq I əsrdə xristian təlimi Qafqaz Albaniyasının ərazisinə sirayət etdi, lakin IV əsrin əvvəllərində alban çarı Urnayr xristianlığı öz ölkəsinin rəsmi dini elan etdi və Qafqaz Albaniyasında fəal şəkildə dini tikililərin inşasına başlandı.
Qafqaz Albaniyasını sağ və sol sahilyanı hissələrə ayırırlar. Dağlıq Qarabağın ərazisində yerləşən tarixi sağ sahilyanı Qafqaz Albaniyası hazırda ermənilər tərəfindən işğal edilmiş 20% Azərbaycan torpaqlarının tərkibindədir. Bu ərazi Qafqaz Albaniyasının - Azərbaycanın memarlıq abidələrilə zəngindir. Onların siması, nisbətləri, planlaşma xüsusiyyətləri həmin abidələrin təkrarsız özəlliklərini qeyd etməyə və qonşu dövlətlərin eyni tipli abidələrindən fərqləndirməyə imkan verir. Sol sahilyanı Qafqaz Albaniyası (hazırda Azərbaycanın şimal və şimali qərb bölgələri) antik dövrdə ölkənin iqtisadi və siyasi həyatında mühüm rola malik olmuşdur. Moisey Kalankatukluya görə, Qəbələ (müasir Qəbələ və ehtimal ki, Oğuz rayonları) və Şaki (Azərbaycanın hazırki Şəki - Zaqatala bölgəsinin ərazisi) bölgələri Qafqaz Albaniyasının ərazicə ən böyük və siyasi baxımdan ən mühüm bölgələri idi. Burada 451-ci ilə qədər Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhəri və böyük müqəddəs bölgə yerləşirdi. Qafqaz Albaniyasında xristianlığın yayıması ilə məşğul olmuş Müqəddəs Yelisey məhz Qəbələdə dini fəaliyyət göstərmişdir. Məhz burada son antik və erkən orta dövrlərə aid olan daha böyük dini tikililər inşa edilmişdir. Buna xüsusilə Qəbələdə aparılan arxeoloji qazıntıların Pliniyin qeyd etdiyi Qabalaka və Ptolemeyin qeyd etdiyi Xabaladan məlumat verən maddi abidələrin çoxsaylı nəticələri subutdur.
Təəssüflər olsun ki, Azərbaycan memarlıq tarixçilərinin çoxillik planlı tədqiqatlarına baxmayaraq, hələ də xristian memarlıq abidələrinin hərtərəfli araşdırılmasına kəskin ehtiyac vardır. Xristian abidələrinin az tədqiq olunmasının səbəbi budur ki, onlardan bir qismi dövrümüzədək lazımi səviyyədə qədər qorunmamışdır, bəziləri sovet hakimiyyətinin din əleyhinə siyasəti nəticəsində tamamilə məhv edilmişdir. Onu da qeyd etmək kifayətdir ki, tarixi Albaniya ərazisində tamlıqla qorunmuş orta əsr memarlıq abidələri, demək olar ki, yoxdur.
Uzun müddət Azərbaycan sırf islam ölkəsi kimi qəbul edilirdi. Həqiqətən də ölkənin müxtəlif bölgələrində islam memarlığına aid çoxsaylı gözəl abidələr günümüzə qədər gəlib çatmışdır. Lakin islam dini burada yalnız VIII - IX əsrlərdə kök salmağa başlamışdır, ondan əvvəl və islam dini ilə eyni vaxtda ölkənin müxtəlif bölgələrində ardıcıl olaraq mitraizm, zərdüştlük və xristianlıq dinləri bir-birini əvəz etmiş və özlərindən sonra dini tikililərin gözəl nümunələrini mühafizə edərək qarşılıqlı sıx əlaqədə inkişaf etmişdir. Məhz bu dövrlərdə sonralar yaranmağa başlayan islam memarlığına təsir göstərmiş Azərbaycan memarlığının əsas prinsiplərinin və üsullarının formalaşması baş vermişdir.
Azərbaycana yeni din olan islamı gətirmiş ərəblər təkallahlığa etiqad edən xristianlığa dözümlü münasibət bəsləyirdilər. Bunun nəticəsində keçmiş Qafqaz albaniyasının əhalisinin bir qismi XIX əsrə kimi - Rus İmperiyasının səyi ilə erməni ailələrinin İran və Türkiyədən Qarabağ torpağına köçürülməsi nəticəsində Müqəddəs Sinodun qərarıyla alban kilsəsinin erməniləşdirildiyi dövrə kimi - hələ xristianlığa etiqad edirdilər. Aran bölgələrdə hakim mövqeyi ələ alan islam və dağ bölgələrində hələ də hökm sürən xristianlıq dinləri monumental memarlığın möhtəşəm abidələrini yaradaraq paralel olaraq inkişaf edirdilər. Onların az bir hissəsi xoş təsadüfdən günümüzə qədər gəlib çatmışdır. Belə ki, ölkədə orta əsrlərdə qarşılıqlı şəkildə zənginləşən islam və xristian mədəniyyətləri mövcud olmuşdur. Xalqın bu şəkildə dini dözümlüyü nəticəsində müxtəlif dinlərə mənsub məbədlərdə memarlıq və inşaat üsullarının qarşılıqlı təsiri və əlaqəsi baş verirdi. Bu hal tamamilə qanunauyğun idi, çünki həmin abidələr eyni xalqa mənsub memarlar tərəfindən yaradılırdı.
Erkən dövrlərdə ilk kilsələr meydana gəldi: zallı və birnefli bazilikalar (Ağdam rayonunda Gəvurqala məbədi - VI əsr; Balakən rayonunda Mazımqaray - V-VI əsrlər; Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindəki məbəd - VI əsr), günbəzli zallar ünbəzsiz nefli bazilikalar (Təzəkənd bazilikası - Ağcabədi rayonu, VI əsr; Qum bazilikası - Qax rayonu, V əsr; Yeddi Kilsə - Qax rayonu, VI əsr; Ağoğlan bazilikası, Laçın rayonu, VI-VII əsrlər). Konstruktiv sxemləri sonralar qonşu dövlətlərdə yayılmağa başlamış dairəvi məbədlər yarandı: Qəbələ rayonunda Kisədağ - II-III əsrlər; Zaqatala rayonunda Mamruh - III-IV əsrlər; Qax rayonunda Ləkit - V-VI əsrlər. Daha sonrakı dövrlərdə Qafqaz Albaniyasındakı ənənəvi formalardan bəhrələnmiş, ölkənin bütün memarlığının inkişaf səviyyəsinə gedişinə təsir göstərmiş günbəzli, çoxnefli məbədlər və sərbəst xaçşəkilli kilsələr (Şəki rayonunun Orta Zəyzit kəndində kilsə, IX-X əsrlər) yaranmağa başladı.
Zaman keçdikcə ilk qaranlıq zallı və dairəvi kilsələr xaçlı, günbəzli məbədlərlə əvəz olunmağa başladı, çünki yeni dini bayram mərasimləri üçün daha böyük və işıqlı məkanlara ehtiyac, tələb yaranırdı. Kilsə təkcə dini deyil, eyni zamanda kübar və mədəni mərkəzlərə çevrilməyə başladı. Daha təntənəli günbəzli zallar (Kəlbəcər rayonundakı Xudavəng mo¬nastır kompleksində Böyük Cəlalın məbədi - XII əsr), xaçlı, günbəzli məbədlər (Kəlbəcər ra¬yonundakı Xudavəng monastır kompleksində Arzu xatun məbədi - XIII əsr; Ağdərə ra¬yonundakı Gəncəsər məbədi - XIII əsr) meydana gəldi.
Çoxsaylı arzuolunmaz tarixi proseslər kilsə ərazilərinin müdafiə olunmasına ehtiyac yaratdı, bu da özlüyündə ərazilərində məbədlərdən əlavə müxtəlif təyinatlı tikililərin inşa edildiyi monastır komplekslərinin yaranmasına səbəb oldu (Zaqatala rayonunda Mamruh - III-IV əsrlər; Ağdərə rayonunda Müqəddəs Yelisey - IV-XIII əsrlər, Xatirəvəng - XIII əsr, Böyük Aran - IV-XIII əsrlər, Gəncəsər - XIII əsr; Qax rayonunda Yeddi Kilsə - XIII əsr).
Məlum olduğu kimi, VII əsrin sonundan başlayaraq Cənubi Qafqazın böyük hissəsi ərəb xəlifəlyinin hakimiyyəti altında olarkən olmuşdur memarlıq formalarının inkişafının təbii axarı məcburi şəkildə dayandırıldı. Yalnız IX əsrdən etibarən Azərbaycan memarlığının inkişafının yenidən dirçəlişi başlandı. Bir çox ölkələri əhatə etmiş islam hərəkatıyla bağlı Azərbaycanın o dövr memarlığına nəzər salarkən qeyd etmək istərdik ki, memarlıq inkişafı ölkənin müxtəlif regionlarında inşaat materiallarının qeyri - yekcinsliyilə əlaqədar olaraq müxtəlif memarlıq məktəblərinin formalaşmasına böyük təsir göstərmişdir. Lakin islam memarlığı şedevrlərinin yaranmasında islamdan əvvəlki dövrün memarlıq və bədii irsinin böyük əhəmiyyəti olmuşdur.
Xristian memarlığında olduğu kimi, ilk müsəlman məscidlərinin formalaşması prosesi özündən əvvəlki dinlərə mənsub məbədlərin yenidənqurulması yolu ilə baş vermişdir. Bu səbəbdən Azərbaycanın ilk məscidləri öz memarlıq - planlaşma kompozisiyasına görə bütpərəst və xristian məbədlərini xatırladırdı (Bakıda günümüzə qədər qorunmamış və iki bütpərəst dini tikilinin yerində inşa edilmiş Cümə məscidi; Şamaxıdakı Cümə məscidi). Unutmaq olmaz ki, ümumi formalaşma sxeminə baxmayaraq, erkən dövr islam memarlığının öz «üstünlükləri» olmuşdur: o, Azərbaycan torpaqlarında islamın yayılmasından bir neçə əsr əvvəl mövcud olmuş həm bütpərəst, həm də xristian memarlığına istinadən yaradılmışdır. Yuxarıda qeyd olunan bütün amillərin qarşılıqlı əlaqələri nəticəsində məscidlərin müxtəlif tipləri meydana gəldi: çoxzallı, mürəkkəb planlı və eyvanlı.
İlk dövrlərə aid məscidlər, xristian məbədlərində olduğu kimi, üçnefli və çoxzallı inşa edilirdi (Şamaxıdakı Cümə məscidi - VIII əsr; İçərişəhərdə Məhəmməd məscidi - XI əsr). Tədricən daha geniş yayılmış günbəzli harmonik məscid tipi formalaşdı (Mərdəkanda Tuba Şahi məscidləri (Abşeron); Təbrizdə Göy məscid, Bakıda Şirvanşahlar saray kompleksinin məscidi).
Günbəzli məscidlərin yaranma prosesi xristian dini memarlığına aid xaçlı - günbəzli xristian məbədlərinin yaranmasıyla analoji idi. Bu səbəbdən xaçlı - günbəzli xristian məbədləri və günbəzli məscidlər bir çox oxşar cəhətlərə malik idilər.
Azərbaycanda orta əsrlərin inkişaf dövrü həm xristian, həm də islam memarlığında təntənə və monumentallığın inkişafı ilə xarakterizə olunurdu. Xristian monastır kompleksləriylə yanaşı islam dini kompleksləri də yaranmağa başlayırdı. Bu, memarlıq - konstruktiv tamlığa malik yaranmış formaların çiçəklənməsi, dini tikililərin bəzək vasitələrinin bədii zənginliyi dövrü idi.
Azərbaycanın dini memarlığında xristian və islam motivlərindən danışarkən bu və ya digər memarlıq abidəsinin simasını formalaşdıran konstruktiv və dekorativ xüsusiyyətləri qeyd etməmək mümkün deyil.
Formaların böyük müxtəlifliyinə baxmayaraq, bütün Azərbaycan tağları özünün müəyyən qurma qaydalarına malik idilər. İslam memarlığı üçün çatma iki və üçmərkəzli, xristian abidələri üçün isə yarımsilindrik tağlar tipik idi. Azərbaycanda rast gəlinən tağlar arasında ən arxaiki qədim bütpərəst və erkən xristian məbədlərində rast gəlinən nalvari tağlardır (Qum bazilikası, Xudavəng və Böyük Aran məbədləri;
Tağbəndlərin meydana gəlməsi də dini tikililərin simasına əhəmiyyətli şəkildə öz təsirini göstərmişdir. Tağbəndlərin formaları müxtəlif idi: silindrik tağbəndlərə əsasən xristian abidələrində rast gəlinir (IV-VIII əsr Mingəçevir məbədləri, Kilsədağ məbədi, Mamruh və Ləkit məbədləri); çatma tağbəndlər isə islam memarlığı üçün xarakterik idi (Bakıda Cümə məscidi, Mərdəkanda Tuba Şahi məscidi, Bakıda Şirvanşahlar saray kompleksinin məscidi və s.). Azərbaycan memarlığı xaçvari və yelkənvari tağbəndlər kimi nümunələrə malik idi, xatirə tikililərində tətbiq edilirdi (çoxsaylı Azərbaycan türbələri).
Günbəzlər ölkənin memarlığında qədim zamanlardan rast gəlinirdi. Ən qədim gün¬bəzli tikililər - mikrodini özəklər döşəməsinin mərkəzində ritual ocağı olan planda dairəvi sadə tikililər yalançı günbəzlə tamamlanırdı (Şomu təpə, Qarğalar təpəsi, İlanlı təpə). Utilitar baxımdan daha rahat formanın yaradılması qədim insanların dini təsəvvürlərində günbəzin səma simvolu kimi qavranılmasına təkan verirdi. İlk dini və mərasim köşkləri və atəşgahlar da günbəzlə qapanırdı. Onlar qədim bütpərəst məbədlərinin, sonralar isə xristian və islam abidələrinin üstünü örtən günbəzin ilk örnəyi idilər.
Xristian məbədlərində və zəng qüllələrində daxili qat çatma və ya sferik cizgilərə malik idi, xarici qat isə piramidal və ya konik çadır örtmədən ibarət idi (Gəncəsər, Xudavəng). İslam tikililiərində iki sferik və ya çatma günbəz mövcud idi - daxili və xarici (Tuba Şahi məscidi, Bakıda Şirvanşahlar saray kompleksinin məscidi, Gəncədə Cümə məscidi və s.). Nadir hallarda birqat günbəzli tikililərə rast gəlinirdi (Əlincəçay xanəgahındakı məscid - Naxçıvan MR). Bundan əlavə, bəzən dini tikililərdə daş tavalarla örtmə sisteminə malik qədim qaradam tipli örtmələrə rast gəlinirdi (İçərişəhərdə qorunmamış Cümə məscidi).
Xristian məbədlərindən fərqli olaraq islam abidələrində kiçik baraban, bəzi müstəsnalar olmaq şərtilə, yalnız zəruri konstruktiv detal idi (Nehrəm kəndindəki məscid - Naxçıvan MR, Mərdəkanda Tuba Şahi məscidi).
Azərbaycan memarlığında geniş yayılmış detallardan biri - günbəzli və çadır örtmələrin, portal, mehrab və tağçaların qurulması zamanı bir həndəsi formadan digərinə (çox zaman düzbucaqlı və ya kvadrat əsasdan günbəzə və ya tağbəndə) kompozisiya keçidi yaratmağa imkan verən stalaktitlərdir. Daha erkən məscidlərin stalaktitləri detalların işlənməsinin kobudluğu və kompozisiyanın nisbətən sadəliyilə seçilirdi. Onlar sanki yastılanmış, qeyri-dəqiq idilər (Məhəmməd məscidinin minarəsi - IX əsr). Lakin daha yetkin nümunələrdə stalaktit kəməri həddən artıq yüngüldür və bədii baxımdan plastikdir (İçərişəhərdə Cümə məscidi - XIV əsr). Azərbaycanın xristian tikililərində də stalaktitlərə rast gəlinir, məsələn Gəncəsər məbədində. Stalaktit kompozisiyaları XII əsrdən başlayaraq portalların, mehrabların, divarların karnizinin tərtibatında yalnız dekor kimi istifadə edilirdi və konstruktiv yük daşımırdılar. Stalaktit karnizlərlə işlənmiş Bakıdakı Gileyli, Dərbənddə Cümə, Təbrizdə Göy məscidlər və Şeyx Səfi kompleksinin xatirə məscidinin portalları çox böyük maraq doğurur.
Dini xarakterli ən qədim tikililərdə portallara təsadüf edilir. İnkişaf etmiş xristian abidələrində portallar mühüm rola malik idilər. İslam memarlığında portallara geniş yer ayrılırdı. Bu dini tikililərdə portallar onun ümumi kütlədən seçilməsi və tikiliyə təntənəlik verilməsi məqsədilə dəqiq şəkildə istiqamətlənirdi. Bu səbəbdən portallar binaların və komplekslərin kompozisiyasında mərkəzi yer tuturdular (Şirvanşahlar saray kompleksinin məscidinin portalı, Gəncədə Cümə məscidi); bir çox hallarda isə portal binanın karnizindən yuxarıya qaldırılırdı (Mərdəkanda Tuba Şahi, Şirvanşahlar saray məscidi, Keşlə kəndindəki məscid). XIV əsr Şeyx Səfi dini kompleksinin məscidinin portalı xüsusi maraq doğurur.
Azərbaycanın ən qədim sənət növlərindən biri daş üzərində oymadır. Belə ki, Qobustandakı qayaüstü müxtəlif rəsmlər ov, dini rəqslər, qurban gətirmə kimi mərasimlərdən məlumat verir.
Xristian abidələrinin dekorunun analizi göstərdi ki, alban ustalarının yaradıcılığında daha qədim mifologiya, dini baxışlar və inanclarla, eyni zamanda mitraizm və mazdaizm ideyalarına inamla bağlı süjetlər daha möhkəm yer almışdır. Lakin bütün bu elementlər, bir qayda olaraq, xristian ideologiyasına tabe idi. «Xristianlıq inam məsələlərində barışmaz idi, lakin digər ənənə və mərasimlərə güzəştə gedirdilər. Əksinə, bütpərəstlər isə xristianlığa etiqad edənləri, əgər onlar bütpərəst ayinlərini həyata keçirməyə davam edirdilərsə də, öz sıralarından xaric etmirdilər». Nəticədə xristianlıqdan əvvəlki və xristian simvolikalarının qarışığı baş verdi. Müqəddəs heyvanların təsvirləri meydana gəldi: öküz, qoyun, at, quşlar (Mingəçevir kompleksində xaçın altındakı oturacaq). Sonralar həmin təsvirlərə islam memarlığında da rast gəlinirdi (Şeyx Səfi kompleksindəki məscid, Şəki xanlarının sarayı, İrəvandakı günümüzə qədər qorunmamış məscid, yaşayış evlərinin fasadları). Özlüyündə ənənəvi olaraq xristian simvolu hesab edilən xaç xristianlıqdan öncəki Albaniyada qədim adətlərə görə bütpərəstlərin etiqad etdiyi qurban gətirilən ağacların siması kimi təsvir olunurdu. Mitranın pərəstişkarları yeni xristianlıq dininə qovuşaraq özləriylə bu dinə xaçı və sinədə - alında qurtuluş, od, günəş, daimi həyat rəmzi olan xaç işarəsini gətirdilər. Nəticədə xaçlar bütün xristian məbədlərinin girişləri üstündə həmişə öz yerini tapmışdır (binanı qorumaq məqsədiylə).
Daş üzrə oymanın daha inkişaf etmiş nümunəsi Gəncəsər məbədidir. Xalça naxışı kimi incə və xırda naxışlı daş yonma barabanın tillərini və pritvordan məbədə girişin səthini örtürdü. Gəncəsər məbədinin dekoru gözəl yonma detallardan və konstruktiv elementlərdən savayı ona məna yükü verən heykəl qrupları ilə zəngindir. Bu heykəllər təkcə memarların yüksək ustalığından şahidlik etmir, eyni zamanda alban simvolikasının dərin köklərini və bu simvolikanın paralel mövcud olmuş islam memarlığı ilə əlaqəsini nümayiş etdirir. Fasadda heykəl qruplarından ən böyüyü başı üzərində quşların, önündə isə diz çökmüş fiqurların yer aldığı çarmıxa çəkilmiş İsa peyğəmbərin təsviridir. Monqol hörüklü və qıyıq gözlü İsa peyğəmbərin fiquru alban knyazlığının monqol əsarətində olduğu dövrdə monqol memarlığının birbaşa təsirini göstərir.
Xristian və islam memarlığında həndəsi naxışların geniş yayılması sırf islam mövzularının xristianlıq mövzularına və əks keçidini göstərir (Qoşavəng kilsələri). Gəncəsər məbədinin deko-runda səkkizguşəli ulduzun çoxsaylı istifadəsi böyük maraq doğurur. Səkkizguşəli ulduza artıq e.ə. I minillikdə Azərbaycan xalçalarında, milli geyim naxışlarında, zərgərlik məmulatlarında və s. rast gəlinir. Səkkizguşəli ulduz zaman ərzində Azərbaycanın ümummilli simvoluna çevrildi və öz əksini həm xristian, həm də islam dini simvolikasında tapdı. Qoşavəng monastırının kiçik kilsəsinin portalı və Gəncəsər monastırının qərb girişi xristian və islam simvollarının qarşılıqlı əlaqəsini daha parlaq əks etdirir. Qoşavəngdə çatma tağ, tağın timpanını dolduran mürəkkəb oy-ma və ulduzlardan ibarət haşiyə, Gəncəsərdə isə oyma naxış, rəngli geydirmə daşlarla doldurulmuş dairəvi və kvadrat pannolardan ibarətdir. Eyni zamanda Gəncəsər məbədinin fasadındakı uzunsov kəsişən altıbucaqlı şəklində «səlcuq zənciri» mövzusu da maraqlıdır.
Gəncəsər, Qoşavəng, Xudavəng və digər orta əsr xristian abidələrində xristianlıqdan əvvəlki, xristian və müsəlman motivlərinin qarışmasının anlamı xristian xatirə memarlığındakı qəbirüstü daşların - xaçdaşların simvolikasının üzə çıxarılması baxımından maraqlıdır. Dağıstanın bir sıra stelaları da arxaik ornamentlərin elementlərinə malik idilər (rozetkalar, bitkilər, heyvanlar). Bun-dan əlavə, zəngin ornamentə malik rozetlər, medalyonlar və haşiyələrə islam memarlığında da rast gəlinir. Buna ilk növbədə müxtəlif bütpərəst rozetkalar, oyma zolaqlı haşiyələrlə bəzədilmiş müsəlman başdaşları sübutdur.
Həndəsi ornamentləri tədricən əvəz edən nəbati ornamentlər də hər iki dinə mənsub tikililərdə geniş yayılmışdır. Həndəsi naxışlardan fərqli olaraq nəbati ornamentlər geniş fəaliyyət dairəsi açırdı (Təbrizdə Göy məscid, Ərdəbildə Şeyx Səfi kompleksi). Xristian abidələrində nəbati naxışlar daha erkən dövrə aid həndəsi naxışları sıxışdırmadı, onlarla bərabər tətbiq edildi (Gəncəsər məbədi).
Məscidlərin dekorativ dolğunluğu mehrab hissəsində artırdı. İslam mehrabları - səcdəgahları ilə analogiyanı bariz şəkildə xaçın çatmatağlı tağçada yerləşdirildiyi sonrakı xaçdaşlarda izləmək olar (Cuqa xaçdaşları - XVII əsr). Çox zaman naxışlarla örtülmüş, ərəb yazılı və tağça - mehrabda xaç yerləşdirilmiş stelalara rast gəlinirdi.
Rəng palitrasının ciddiliyi Abşeron məscidlərinin mehrablarını Cənub Təbriz məktəbinin polixrom parlaq mehrablarından fərqləndirirdi. Xristian dininə mənsub dekora analoji olan Abşeron məscidlərinin ciddi incəliyindən fərqli olaraq Azərbaycanın Təbriz memarlıq məktəbi üçün rəngli kompozisiyalar xarakterik idi. Onlar müxtəlif materialdan yerinə yetirilirdi: kərpic, gəc, daş, kaşı və mayolika üzlük tavaları. Belə ki, Pirsaat xanəgahındakı məscidin kaşıları bütün Ön Asiyada haqlı olaraq ən yaxşılarından biri hesab edilirdi. İ.Bartolemeyin yazdığı kimi, «kaşı tavalar qeyri-adi dərəcədə yaxşıdır, buna bənzərlərini Qəzvin və Sultaniyyə məscidlərində belə görmədim». Məscidin cənub divarındakı gəc üzrə bədii oyma ilə zəngin bəzədilmiş mehrab hazırda Bakıda Nizami muzeyində nümayiş etdirilir.
Azərbaycan ərazisində günümüzə qədər qorunmuş abidələrin çoxillik tədqiqatına baxmayaraq, onların tam tədqiq olunduğunu əminliklə demək qeyri-mümkündür. Sonralar inkişaf tapmış, xristian və islam abidələrinin ayrılmaz hissəsinə çevrilmiş memarlıq - planlaşma həlli və konstruktiv elementlər bütpərəstlik dövründə yaranmışdır. Həmin formalar qanunauyğun şəkildə yaranmışdı. Bu dini təsəvvürlərin simvolik qavranılmasının və yerli inşaat materiallarından ustalıqla istifadənin nəticəsi idi. Yaranmış və sonralar inkişaf tapmış xristianlıq və islam da öz növbəsində, şübhəsiz ki, dini memarlığa öz təsirini göstərmişdir. Hər bir yeni dövrün abidələri bir pillə üstün idi, çünki özündə əvvəlki nəslin zəngin təcrübəsini daşıyırdı. Nəticədə dini tikililərin müxtəlif tipləri meydana gəldi, bu da öz növbəsində onların konstruktiv - texniki, funksional və estetik baxımdan tipologiyası haqqında söz demək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, müəyyən memarlıq tipinə aid binalar, oxşar cəhətlərinin olmasına baxmayaraq, inşa əsnasında bir-birini təkrar etmirdilər, vahid mövzuya müxtəlif tonallıq gətirirdilər. Bu səbəbdən onların hər biri memarlıq obrazında təkrarsızdırlar, bu da özlüyündə tamamilə fərqli estetik qavranışa təkan verir. Jurnal "Qobustan"