Tale qumarında həyatını uduzanlar!
“Qağayı" əsəri A.Çexovun bir əsrdən artıq yaşa sahib 4 pərdəli komediyasıdır. Pyes bir çox ölkədə dəfələrlə tamaşaya qoyulsa da, ölkəmizdə Azərbaycan dilində ilk dəfə Respublikamızın əməkdar artisti, aktyor, rejissor Nicat Kazımovun quruluşu əsasında Gənc Tamaşaçılar Teatrında səhnələşdirildi. Əsər komediyanın ilkin növlərindən biri olduğuna görə bildiyimiz komediya üslubundan daha çox insanın etdikləri ilə etmək istədikləri arasındakı uyğunsuzluqdan yaranan son dərəcə absurd, cansıxıcı hal-əhval olduğu üçün satirik məzmunlu dram əsərdir. Pyesin mövzusu barədə yazıçı “dörd qadın, altı kişi, tonlarla eşq və bir göl mənzərəsindən ibarət komediya yazıram" – deyir. Əsər ümumidən ziyadə xüsusi mesajlar verir. Belə ki, yazıçı, rejissor və oyunçulardan ibarət obrazların xəyalları ilə reallıqları arasındakı uçurum və çıxış yolu tapa bilməmələri əsasında yaranan konflikt səbəbi ilə fərdlərin böhranlı ruh halı əks olunub. Hər kəsin baş rol olduğu bu əsərdə hər bir obrazın həyat hekayəsi, xarakter dərinliyi, ruhi vəziyyəti bir zərgər dəqiqliyi ilə işlənmişdir. Pyesi aydın şəkildə qavramaq, xarakterlərin dərinliyinə varmaq və aralarındakı çalpaşıq münasibətləri anlamaq üçün obrazlara xüsusi olaraq diqqət yetirməli olduğumuzu düşünürəm.
Əsər Konstantin Qavriloviç Treplyovun səhnəyə uçmağı bacarmayan bir quş kimi daxil olub, iki yüz min il sonrakı dünyadan bəhs etdiyi tamaşasından replika söyləməsi ilə başlayır. Oyun içində oyun qurularaq Kostyanın əsəri səhnələşdirilir və bu andan etibarən qarmaşıq ruh hallarından doğan konfiliktlər zəncirvari şəkildə formalaşmağa və üzə çıxmağa başlayır. Görürük ki, pyesdə digərlərinə nisbətən həyatı yaşamağı bacaran, optimist, həkim Yevgeni Sergeyeviç Dorndan qeyriləri eyni zamanda və məkanda olduqları an belə yenə də öz aləmlərindədirlər. Heç kim bir-birini dinləyib sağlam ünsiyyət qurmur, anlamağa və anlaşılmağa cəhd etmir. Hər kəs öz reallığından qaçmaq, dəyərli biri olmaq, arzularına qovuşmaq istəsə də, kimi bunun fərqində deyil, kimi nə edəcəyini, necə edəcəyini bilmir, kimisi isə arzularına nail olsa da, sonda istədiklərinin bu və ya bu şəkildə olmadığını anlayıb məyus bir halda qaçdıqları hər şeyin əsirinə çevrilirlər və beləliklə, eynilikdə fərqlilik yaradan bu insanların hər biri üçün bədbəxtlik ortaq bir yurda çevrilir. Özlərini yaşamın hər qismində pazılın yanlış hissəsinə yerləşdirməyə cəhd etdikləti üçün həkim Dornun Konstantinin tamaşasına əsasən söylədiyi bütöv bir dünyanın vahid bir ruhu ola bilər fikri bu obrazlarda öz təsdiqini tapmır.
İrina Nikolayevna Arkadina məşhur bir aktrisa olsa da, artıq hər mənada ulduzu sönməkdə olduğu üçün kompleksə qapılaraq Nina Mixayılovna Zareçnaya kimi gənc aktrisanı həm öz sənətindən, həm də sırf ovcunda saxlamaq üçün oğluna belə göstərmədiyi sevgini, nəvazişi, təqdiri bəxş etdiyi, guya duyğusal bağlılıq, asılılıq duyurmuş kimi davrandığı Boris Alekseyeviç Triqorindən qısqanır. Əzmli, həvəsli, şöhrətpərəst, sonda öz hərisliyinin qurbanı olan Nina heyranı olduğu İrina kimi məşhur aktrisa olmaq istəyir, ya gəncliyin və saflığın yaratdığı illüziya ilə Triqorinə aşiq olduğunu zənn edir, ya da onu xəyallarının şəhəri Moskvaya gedib hədəflərinə çatmaq üçün bir vasitə olaraq görür, onu sevən Triqorinin nə sənətini, nə də hisslərini anlamır. Şəxsiyyət böhranı yaşayan, intihara meylli, simvolizm tərəfdarı, novator yazıçı Kostiya əsərlərinin bəyənilməsinə, təsdiq və təqdir edilməsinə ehtiyac duyan, lazımsızlıq, sevgisizlik, uğursuzluq hisslərini müvəffəqiyyətlə sonlandırmağa çalışan, anasının və sevdiyi qadının bütün xoş hisslərinə möhtac olan biridir. Onun istədiyi bir çox şeyə sahib olduğu üçün Triqorini içdən-içə qısqanır və ona qibtə edir. Ağıllı, şorgöz, realist bir yazıçı olan Triqorinsə Kostiyanın arzuladığı hər şeyə sahib olsa da, daima yazıb-yaratmalı olmaqdan, bəyənilməməkdən, Turgenyevlə, Tolstoyla müqayisə edilməkdən bezmiş, saxtalaşmaq məcburiyyətində qalıb nə işində, nə də şəxsi həyatında tam mənasıyla özü ola bilməmiş bir ruh olduğu üçün özünə və həyata üsyanı olan biridir. Bəlkə də ondan fərqli olaraq özünəməxsus olma, istədiklərini reallaşdırma cəsarəti göstərə bildiyi üçün gənc yazıçı Kostiyanın içdən-içə paxıllığını çəkir, müvəffəqiyyətini, təqdir görməsini həzm edə bilmir.
Səhnə dekoru, işıqlar, musiqilər – tamaşanın afişasında, obrazların geyimində və nitqində simvolizm ünsürləri əks olmuşdur. Tamaşa tamamilə rus loto oyunu üzərində qurulub. Loto italyancadan tərcümədə tale mənasını verir və hər nə qədər Rusiyada bu oyun qumar olaraq qəbul edilməsə də, hər şans və ya bəxt oyunu bir növ qumardır, təkcə oyun səhnəsində deyil, tamaşa boyunca hər kəs bir şəkildə çəlləklərin yerini dəyişməyə çalışmaqla sanki öz seçimləri, atdıqları addımları ilə tale qumarı oynayırlar və hər seçim bir imtina gedişi olduğu üçün bəxti gətirib uğurlu seçimlər etməyənlər tale qumarında həyatlarını uduzurlar. Əsərdə maskulen, mübtəla, daima sərxoş olan Maşa obrazının söylədiyi: “Mən bədbəxtəm! Həyatımın yasını saxladığım üçün həmişə qara paltar geyinirəm" nitqi tamaşanın dekorunda və geyimlərdə öz əksini tapıb, Konstantindən başqa hər kəs qara libasdadır, o isə bir qağayı kimi bəyazlar içində idi. Ta ki Ninaya görə səhvən bir qağayını öldürüncəyədək, o andan etibarən əsərin sonunda Ninaya və xəyallarına qovuşub hər şeydən imtina edincəyədək “Qara Qu Quşu” filmindəki və “Qu gölü" baletindəki baş rollar kimi onun da transformasiyasının simvolik olaraq ağdan qaraya çevrilməsi şəklində əks edilməsi, səhnədəki yelləncək F.Dostoyevsikinin “Bir iplə intihar da edə bilərsən, yelləncək də qura bilərsən. Həyatının ipləri sənin əlindədir!” fikrini xatırlatdı, çünki o iplər çarmıxa gərilən İsa kimi sonda Konstantinin də edam kürsüsünə çevrildi, təsirli nitqlərin mikrofonla söylənilməsi, fonda səslənən musiqilər, aktrisaların, aktyorların səhnədə tamaşaçı arasında oynaması, L.Tolstoyun “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir!” yanaşmasının hər səhnədə, ələlxüsusda Pyotr Nikolayeviç Sorinin yazmaq istədiyi “İstəyən adam" əsəri əsasında “Alınmadı!” nitqi və bu alınmadıları digər personajların da hamılıqla söyləməsi əsasında fərqli bədbəxtliklərin eyni sözlə ifadə edilməsi səhnəsində tam mənası ilə hiss edirik.
Tamaşanı izləyərkən nakam, pessimist, şəxsiyyət böhranı yaşayan, xəyal qırıqlığı, peşmançılıq dolu uğursuz taledən doğan yaşama arzusu ilə əsərin ən dramatik obrazı, uğursuz talelərin və yaşamağı ölməmək zənn edənlərin simvolu olan Sorini bir qədər İvan Qonçarovun “Oblomov" əsərindəki Oblomova, Ninanın həyat yolunu və o yolun sonunu bir qədər C.Cabbarlının “Oqtay Eloğlu" əsərindəki Firəngizə, Konstantini isə böhranlı ruh halı, intihara meyilliliyi ilə U.Şekspirin “Hamlet" əsərindəki Hamletə, kimlik axtarışı, həyatda öz yerini tapmaq cəhdi, əsərlərinin dəyər görməsini istəməsi, lakin sonda istədiyinin bu olmadığını anlaması nəticəsində sevdiyindən və həyatından imtina etməsi ilə C.Londonun “Martin İden" əsərindəki Martinə, “Kimdir müqəssir?” sorğulamasında həm özünü, həm də yaradıcı işləri öz əllərində oyuncağa çevirən bir qrup yenilik əleyhdarı olan köhnə fikirliləri tənqid etməsi, teatrda yenilik axtarışı, bu uğurda verdiyi mübarizə, sevdiyi qadının aqibətinin öz əlindən olması ilə C.Cabbarlının “Oqtay Eloğlu" əsərindəki Oqtaya, sonda məşhur bir yazıçı olub qaralar içində, balıq tilovu ilə daxil olduğu səhnədə başda Triqorin olmaqla bir zamanlar tənqid etdiklərinə bənzətdim. İrina mövhumatçı, xəsis, sevgisiz, nasist, bipolyar, özünü həyatın mərkəzinə yerləşdirən və orada öz övladına belə yer verməyən bütün anaların vahid bir obrazıdır. Triqorinsə sanki bir çox yazıçının ümumiləşdirilmiş obrazıdır. Triqorinin bir yazıçının yaradıcılıq yolunda yaşadığı çətinlikləri ifadə etdiyi replikası əsasında elə bil A.Çexov tam mənası ilə öz duyğularını ifadə edib. Təsadüfi deyil ki, tamaşanın quruluşçu rejissoru Nicat Kazımov da bu baxımdan Triqorin obrazını özünə yaxın hesab etdiyini deyir. Onu da deyim ki, Konstantinin ilk tamaşası kimi pyesdə musiqisi istifadə edilən “Qu gölü” baleti də, məhz bu əsər də ilk dəfə səhnələşdirildiyi zaman yalnız tamaşaçının deyil, heç kəsin rəğbətini qazana bilmir. Bununla sanki A.Çexov Konstantinin tamaşasına yazdığı taleyi özü yaşayaraq bir növ öz kəhanətini gerçəkləşdirmiş olur.
Gələk əsas bənzərliyə: əsərdə hansı obraza qağayı demək olardı? Hər nə qədər Nina imzalarında qağayı simvolundan istifadə edib, özünü qağayı adlandırsa da, son səhnədə ilk dəfə ağ-qara deyil, qırmızı işıqdan istifadə edilərək öldüyü zaman sinəsi al qana boyanan qağayıya işarə edilməsi ilə Konstantini də, tamaşanın afişasında göylərə baxıb bacardığından daha da yüksəklərə uçmağı hədəfləyən, sudan ayrılmayan, daima onun başına dolanan, lakin öz potensialını kəşf etmək üçün oradan ayrılmalı olduğunun fərqində olmayan qağayı kimi burada da bir gölün ətrafında yetərsizlik hissinə qalib gəlib xoşbəxt gələcəyə nail olmaq üçün daima uğura, pərəstişə, özünü isbata və bəyəndirməyə ehtiyac duyduğu üçün bəziləri tale duelinə çıxaraq, bəziləri isə nə edəcəyini bilmədən yanlış sularda ləngərləyərək, ya da boğularaq məhv olan hər bir obraz da bir qağayı idi.
Dorn obrazının dediyi kimi bədii əsər mütləq bitkin bir fikir bildirməlidir! Bu əsərdə də anlamasını bilən hər kəs üçün hər zaman daim aktual olacaq böyük fikirlər ifadə edilir. Bütün tamaşa heyəti yenə möhtəşəm performansları ilə bu ruhi dərinliyi yüksək olan personajları canlandırmır, sanki onlara yeni bir ruh verirdilər. Mənsə tamaşanı izləyərkən A.Çexovun da onları izləməsini və dünya teatr tarixinin şedevr əsərlərindən birinin necə ilmək-ilmək toxunub, ustalıqla səhnələşdirildiyini görməsini istədim.
Belə möhtəşəm bir əsəri səhnəmizə gətirdiyi üçün başda quruluşçu rejissor Nicat Kazımov olmaqla bütün tamaşa heyətinə öz təşəkkürümü bildirirəm. Əməyinizə sağlıq! Yaradıcılıq şövqünüz daim olsun!
Tamaşaçı qeydləri – Röya Salmanova