Gəncə teatrı əvvəllər belə adlanırdı:
Qırmızı bayraqlı Türk işçi Teatrı (1932-1934)
Qırmızı bayraqlı Kirovabad Teatrı (1934-1935)
Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı (1935-1939)
L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı (1939-1952)
Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı (1952-1964)
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı (1964-1990)
1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi...
***
XIX əsrin axırları, 21 oktyabr 1895-ci ildə Gəncədəki bir sıra maarifpərvər insanların təşkilatçılığı və həvəskarların iştirakı ilə burda M.F.Axundov və N.B.Vəzirovun pyesləri oynanıldı. 1906-cı ildə yaradılmış "Gəncə müsəlman məclisi"nin bu sahədə xidməti danılmazdır. Ə.B.Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət teatr truppasında "Ağa Məhəmməd şah Qacar" "Dağılan tifaq" (Ə.B.Haqverdiyev), "Nadanlıq" (N.Nərimanov), "Vətən" (N.Kamal) və başqa əsərlər səhnə üzü gördü.
1915-ci ildə Gəncədə "Qız məktəb"i tələbələrinin ilk dram truppası da yaradılır və burda Məşədi Cəmil Əmirovun (Fikrət Əmirovun atası) "Seyfəlmüllük" operası 1916-cı ildə ilk dəfə tamaşaya qoyulur. Sonrakı illərdə Gəncə həmkarlar klubu nəzdində dram dərnəyi təşkil olunur. Bu – rəngarəng repertuarı, istedadlı aktyorları olan, hələ dövlət statusu almamış bir teatr idi. Həmin teatrda Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və başqaları çalışırdı.
1932-ci ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaranmış, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun rəhbərliyi ilə "Tənqid-Təbliğ Teatrı"nın tarixi ilə bağlıdır. Belə ki, 1932-ci ilin dekabr ayında həmin teatr bütövlükdə Gəncəyə köçürülür və "Tənqid-Təbliğ" teatrı kimi öz fəaliyyətini Gəncədə davam etdirir. Məhz bu teatrın yetirməsi olan görkəmli rejissor Mehdi Məmmədovun dedikləri yerinə düşür: "Teatrın yaradıcılılq yoluna nəzər salanda iftixar hissi duyursan. Forma etibarı ilə kiçik dram əsərlərinə səhnə təcəssümü verən, ətrafına müxtəlif nəsli cəlb edən bu teatr özünə tam yaşama hüququ qazanaraq çox qısa vaxt ərzində özünün maraqlı repertuarı ilə tamaşaçı auditoriyası toplaya bildi. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçdülər və öz fəaliyyətlərini burda davam etdirdilər”.
Gəncədə milli professional teatr sənətinin inkişafında, teatrın yaradıcılıq istiqamətini müəyyənləşdirməkdə Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Ətayə Əliyeva, İsmayıl Talıblı, Ələkbər Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov, Yusif Yılduz, İsmayıl Əfəndiyev, Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, Vaqif Şərifov, Hilal Həsənov və başqalarının əməyi xüsusi qeyd olunmalıdır. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində müxtəlif səpgili pyeslərdə maraqlı obrazlar yaratmaqla, köklü repertuar siyasətinin özülünü qoymuşlar. Belə ki, "Aslan yatağı" (M.H.Təhmasib), "İntizar" (İ.Əfəndiyev və M.Hüseyn), "Od gəlini" (C.Cabbarlı), "Madrid" (M.İbrahimov), "İntiqam" (Z.Xəlil), "Nə əldən qoyur, nə yardan doyur" (Lope De Veqa), "Müfəttiş" (Qoqol), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Kəllə" (Nazim Hikmət), "Tülkü və üzüm" (G.Fiqeyerdo), "Bahar" (M.H.Təhmasib), "Böyük ürək" (H.Seyidbəyli və İ.Qasımov), "Nəsrəddin şah" (C.Cabbarlı), "Qoca" (M.Qorki) "Üç qəpiklik opera" (Brext), "III-Riçard" (V.Şekspir), "Antiqona" (Esxil), "Medeya" (Evripid), "Yad qızı" (Orxan Kamal) tamaşaları özünün səhnə tamlığı ilə fəqlənib yaradıcı kollektivin potensial imkanlara malik olduğunu sübuta yetirdi.
Gəncə Dövlət Dram teatrı öz tarixində ilk dəfə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində xarici ölkəyə qastrol səfərinə yollandı və Türkiyə Cümhuriyyəti Giresun Beynəlxalq Teatr festivalının iştirakçısı oldu.
Gümrah Ömərin quruluş verdiyi "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə 2012-ci ilin mayında yenə qardaş Türkiyədə, sentyabrda isə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən Türkdilli dövlətlərin – "Tuğanlik" teatr festivalında özünü göstərdi.
Ötən ilin aprelində isə Gəncə Teatrı Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına dəvət aldı və yenə də Gümrah Ömərin quruluş verdiyi “Müsyö Jordan və dərviş Məstəlişah" tamaşası ilə festivala qatıldi.
Həmin festivalın ardınca Gəncə Teatrı Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən (08.05.2013) "Klassıka bu gün" Beynəlxalq Teatr Festivalında gənc rejissor İradə Gözəlovanın quruluşunda N.V.Qoqolun "Evlənmə" tamaşasını göstərdi. Həmin tamaşa festivalın münsiflər heyəti, eləcə də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tamaşadakı Podkolyosin rolunun ifaçısı əməkdar artist İlham Hüseynov isə festivalda ən yaxşı kişi rolunun ifaçısı sayıldı…
Zəngin bir sənət yolu keçib gəlmiş Gəncə Dövlət Dram Teatrı 120-ci mövsümü ərəfəsində özünün yaradıcılıq uğurlarını davam etdirməkdədir...
"Qobustan" jurnalı