Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA Gəncə bölməsi və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 (yüz on) yubiley ilinə həsr edilmiş tədbir 16.06.2023-cü ildə Xan bağında Xalq şairi Nigar Rəfibəylinin heykəli önündə başladı.
Tədbiri AYB Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq, iştirakçıları salamladıqdan sonra şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Natiq çıxışında Nigar xanımın poetik dünyasının özünə məxsusluğu, Nigar poeziyasının məziyyətlərindən danışdı. Bu tədbirin həyata keçməsi üçün AMEA Gəncə bölməsinin və Gəncə Regional Mədəniyyət İdarəsinin yaxından iştirakını xüsusilə qeyd etdi.
Sonra sözü Gəncə şəhərinin ictimai-siyasi həyatında, keçirdiyi bütün tədbirlərdə fəal və fədakar missiyasına görə böyük nüfuz sahibi AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə verdi.
Fuad müəllim Nigar xanım şəcərəsindən, onun atası Xudadat bəyin misilsiz xidmətlərindən söz açaraq Nigar xanımın poetik dünyasının aşiqlərindən biri olduğunu söylədi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Süleyman Əliyev öz çıxışında Nigar xanımın mənəvi dünyasından, onun oğlu böyük yazıçı Anardan, nəvəsi Günel xanımdan bəhs edərək Azərbaycan ədəbiyyatında Rəsul Rza və Nigar xanımın tutduğu mövqedən bəhs etdi.
Proqramdakı bütün mahnıların sözləri Nigar Rəfibəylinin və musiqisi Emin Sabitoğlunundur.
İfa edir: “Alagözlüm” Uşaq İncəsənət məktəbinin müəllimi Zaur Dadaşov.
Tədbir iştirakçılarından AMEA-nın əməkdaşılarından Filologiya elmləri üzrə fəlsəfə doktoru, Nizami mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Humanitar əlaqələr institunun şöbə müdiri Ruziyə Quliyeva, Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dossent Aləmzər Tağıyeva Nigar Rəfibəyli yaradıcılığından söhbət açdılar.
İfa edir: “Aman ayrılıq” Uşaq İncəsənət məktəbinin müəllimi Zəminə Nuriyeva.
Şair və yazıçılardan Qərib Mehdi, Rəfiqə Sadıqova, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Sahib İbrahimli, Bayram Apoyev, Zaur Quliyev, Cavanşir Qocayev, Bəxtiyar Muradov, Lətif Zərgər, Eltun Türkel öz ürək sözlərini söylədilər.
İfa edir: “Dağları duman alanda” Uşaq İncəsənət məktəbinin müəllimi Ədibə Hüseynova.
Söz arası Xəzangül yaxından kömək etdiyinə, Nigar xanımın sözlərinə yazılmış mahnıların ifaçılara görə Mədəniyyət İdarəsinin əməkdaşı Rahib Hüseynova və Uşaq İncəsənət məktəbinin direktoru Təvəkkül Hüseyliyə təşəkkür etdi.
Çıxış arası Əməkdar artist Rahilə Məmmədova, Nigar Rəfibəyli adına 43 saylı orta məktəbin şagirdi Türkay Bədəlova Nigar Rəfibəyli poezyasından nümunələr söylədilər.
İfa edir: “Güllər” Uşaq İncəsənət məktəbinin müəllimi Zəminə Nuriyeva və Zaur Dadaşov. Müşayiət edir: “Gəncə qönçələri” ansamblı. Ansamblın bədii rəhbəri Məsud Kərimov.
Tədbirin sonunda bütün iştirakçılar tərəfindən Nigar Rəfibəylinin heykəli önünə gül dəstələri qoyuldu və xatirə şəkilləri çəkildi.
AYB GƏNCƏ BÖLMƏSİ