Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülxani Pənahın Oğuz rayon ictimaiyyəti ilə görüşü keçirilib. Oğuz rayon İcra Hakimiyyyəti nümayəndələri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən tədris müəssisələri nümayəndələrinin iştirak etdiyi tədbirdə G.Pənahın I Qarabağ müharibəsinin şəhid və itkinləri ilə bağlı olan “Oğuz şəhidləri və itkinləri” kitabının latın əlifbasıyla yenidən çap olunmuş variantı və II Qarabağ döyüşlərində şəhid olmuş Oğuzun 25 şəhidindən bəhs edən “Əsrin “Oğuznamə”si” kitabları təqdim olunub.
Yurdumuzun azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Oğuz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ayaz Ağayev erməni işğalçılarının zəbt etdiyi torpaqlarımızın azad olunması uğrunda canını verən, sağlamlığını itirən igidlərimizin döyüş yolundan bəhs edən “Oğuz şəhidləri və itkinləri”, “Əsrin “Oğuznamə”si” kimi kitablarının böyük əhəmiyyətindən danışıb. Yeni yetişən gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə kitabların oynadığı böyük rolu xatırlatdı.
Görüşdə çıxış edən Gülxani Pənah vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə şəhadətə ucalan gənclərimizin şücaətini təqdir etdi, onlar haqqında qələmə aldığı real tarixi gerçəklilkərdən danışdı. Ünvanı əbədiyyət olan şəhidlərimizin böyüdüyü torpağa, vətənə olan sevgisini, torpaq yolunda şəhidliyi özünə şərəf bilən hər bir igidimizin daxilindəki yüksək vətənpərvərlik hisslərini, el-obaya bağlılığını, bu sevginin beşikdə ana laylasından, ailədən pərvazlandığını, bu mənada bu igidləri böyüdən valideynlər qarşısında hər birimizin mənəvi borcunun onlara hörmət və ehtiram olduğunu bildirdi. İgid həmvətənlərimiz haqqında yazılan bu kitabların onlara bəslədiyimiz hörmət və ehtiramın bariz ifadəsi olduğunu söylədi.
Azərbaycan Televiziyasının məsul əməkdaşı, şair Avdı Qoşqar çıxışında qeyd etdi ki, Vətən müharibəsində şəhid olan 25 igidimiz Oğuz rayonunda doğulub boya-başa çatıb. Ordan da hərbi xidmətə yollanıblar. İkinci Qarabağ uğrunda döyüşlərə qatılıb, böyük rəşadətlər göstəriblər: “Əsrin əfsanəvi qəhrəmanlarından Nail İbrahimli, Beyrək Feyzullayev... kimi igidlər Oğuzun yetirmələridir. Onların böyük döyüş yolundan bəhs edən Gülxani Pənahın XXI əsrin igidlik salnaməsində – “Əsrin “Oğuznamə”sində 25 oğuz şəhidinin simasında üç mindən çox şəhidimizin, qazilərimizin, müharibə veteranlarımızın böyük döyüş yolu ümumiləşdirilib. Gələcək nəsillərə onların böyük xidmətlərini çatdırmaq üçün bu kitabın böyük əhəmiyyəti vardır. Kitabın müqəddiməsindən üç minə yaxın şəhidin döyüş yolu, işğalçı ermənilərin barbarlığı, dağılan, talan olunan yurd yerlərinin düşməndən azad edilməsi yolunda can qoyan vətən balalarının vətən, torpaq sevgisi bədii ifadəsini tapıb”.
Görüşdə iştirak edən “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli Gülxani Pənahın yaradıcılığına dərindən bələd olduğunu, “Qarabağ dərdi”, “Yurd yanğısı”, “Bütöv bir canıq”, “Vətən bağı al-əlvandır” kimi onlarla kitablarının rezonans doğurduğunu, onlarla kitabı haqqında mətbuatda dəyərli resenziyalar, məqalələr çap olunduğunu, onun milli vətənpərvərliyinin bariz nümunəsi olan bu iki kitabının da böyük bədii əhəmiyyətini qeyd etdi. “Gülxani Pənah ədəbiyyatımızda yeganə yazar xanımdır ki, 30 cildliyinin 11 cildi çap olunub. Onun haqqında mənim də xeyli yazılarım dərc olunub. Allah yanında günahkar olaram deməsəm ki, bu qədər sanballı bədii irsi olan yeganə qadın yazarımız Gülxani Pənahdır. Milli müstəqillik dövr ədəbiyyatımızın ən dəyərli nümunlərinin qadın yazar müəllifi Gülxani Pənahdır. “Oğuz şəhidləri və itkinləri” kitabının latın qrafikası ilə yenidən çapı da təqdir olunmalıdır. Bir əsrdə üç dəfə əlifbası dəyişən xalqın hər bir nəslinin bu kitabları oxumaq imkanı olmalıdır. Çünki belə kitablarda bizim milli qürurumuz, milli heysiyyatımız qabardılır. Bir millət, tarixi köklərinə bağlı bir xalq kimi şərəfli yolumuzdan bəhs edən kitabi-dədə qorqudların – “oğuznamə”lərin davamıdır bu kitablar. İkinci kitaba verilən ad necə də yerinə düşür; “Əsrin “Oğuznamə”si”. XX əsrin sonu XXI-əsrin əvvəllərinin “oğuznamə”sini I və II Qarabağ müharibəsinin iştirakçıları yazdı. Qəhrəmanlığı, şücaəti, igidliyi, cəsurluğu ilə. Onların arasında şəhidimiz, qazimiz, veteranlarımız var. O müharibənin içindən çıxan general rütbəsinə kimi qalxan oğullarımız var. Bu müharibənin iştirakçılarının – Ali Baş Komandanından tutmuş sıravi əsgərinə qədər, tək bir oğuldan tutmuş – şəhid verən, qazisi olan, gözü yollarda qalan, oğlu döyüş meydanında olub hər an düşmən gülləsinə tuş gələcəyindən qorxub, gözünü belə dərd-sər əlindən qırpmayan analara, atalara qədər, hər kəs, hər kəs, bütöv bir ailə kimi bu müharibənin içində oldu, istər qələmilə, istər silahla vuruşmuş olsun, 30 il işğal altında qalan torpaqları düşməndən sökə-sökə geri almış bu millətin igidliyi tarixin səhifələrinə həkk olunmalıdır. Hər bir qələm əhli üzərinə düşən bu məsul vəzifəsini dərk etməlidir. Gülxani Pənah bu mənada vəzifəsini ləyaqətlə yerinə yetirir, təkcə bu iki kitabı real, tarixi faktlara əsasən yazıb, bu dövrün tarixini yazacaq tarixçilər üçün də elə bilirəm ki, bu kitabda çoxlu materiallar var. Gülxani bir qələm sahibi kimi həmişə əli silahlı bu döyüşün öncüllərindən olub, əfsanələrə çevrilə biləcək igidliyə qadir olan, xalqın şərəf və ləyaqətini uca tutan oğullarımızın döyüş yolunu işıqlandırıb, haqq səsini dünyaya çatdırıb.”
“Oğuz yurdu” qəzetinin baş redaktoru, şair Nazim Hüseynli, Sumqayıt Yazarlar Bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, “Türk.az” televiziyasının əməkdaşı Südabə Sərvi, Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının katibi, tərcüməçi Məlahət Qənbərova, Azərbaycan Yazıçılar Birliyi Oğuz Bölməsinin rəhbəri şair Vüsal Oğuz çıxış edərək Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirələrini anaraq onların döyüş yolu, Vətənə olan sonsuz məhəbbəti barədə söz açdılar, şəhid valideynlərinin qarşısında baş əydilər. Eyni zamanda çıxış edənlər Bütöv Azərbaycan uğrunda şəhid və qazi olan oğullarımızın əməyinə verdikləri yüksək qiymətə görə yazarlara təşəkkür etdilər, xüsusən Ali Baş komandan Azərbaycan prezidenti İlham Əliyevin şəhid və qazi ailələrinə böyük qayğı və diqqətinə görə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev, Oğuz rayon kitabxanasının müdiri Nəzakət xanım, Mehparə xanım, Oğuz rayon Kərimli kənd məktəbinin müəllimi İlqar Cəfərov və ictimai fəallar qeyd ediblər ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi həmişə uca tutulur, onların ömür yolu gənclərimizə nümunədir. Şəhidlər haqqında yazılan kitablar, çəkilən sənədli və bədii filmlər xalqımızın mərd oğullarının haqq işimiz uğrunda mübarizəsindən bəhs edir. Belə dəyərli kitabların bölgələrdə təqdimatının keçirilməsi, şəhid, itkin, qazi ailələri ilə keçirilən görüşlərin mütəmadi olmasını qeyd ediblər.
Təqdimat mərasimində Milli Qəhrəman Nail İbrahimlinin anası Aqübət xanım, şəhid Orxan Rəşidoğlunun nənəsi Bəyim xanım, şəhid Elman Babayevin anası Lalə xanım, I Qarabağ Müharibəsinin şəhidi Vüqar İbrahimovun bacısı Şükufə Oğuz və digərləri çıxış edərək Vətən müharibəsi iştirakçılarının həyatından bəhs edən “Oğuz şəhidləri və itkinləri”, “Əsrin “Oğuznamə”si” kitablarının müəllifi Gülxani Pənaha təşəkkür ediblər. Aqibət xanım kövrələrək belə kitabların onların qəlbinə, ruhuna verdiyi təskinliyi sözlə ifadə edilə bilmədiyini dilə gətirdi. Şəhid bacısı Şükufə Oğuz 26 il əvvəl “Oğuz şəhidləri və itkinləri” kitabını yazarkən evlərində qonaq olan Gülxani Pənaha “Əsrin “Oğuznamə”si”ni yazdığı üçün təşəkkürünü bildirdi: “Biz sizinlə qürur duyuruq. Siz illərdir Bakıda yaşayırsınız. Amma hər zaman yanımızdasınız, doğulduğunuz elin-obanın qəminə, sevincinə şərik olursunuz. Elimizin alimi, yazıçı qadınısınız, fəxrimizsiniz. Sizin sadəliyiniz, insansevərliyiniz, mehribançılığınız gözümün önündədir. Bu gün qardaşım şəhid Vüqar İbrahimovun da döyüş yolundan bəsh edən kitabın latın əlifbasıyla çapına sevindim. Çox sağ olun”.
Təbdirin sonunda çıxış edən Gülxani Pənah “Oğuz şəhidləri və itkinləri”, “Əsrin “Oğuznamə”si” kitablarının ərsəyə gəlməsində Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanova maddi və mənəvi dəstəyinə görə təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə, veteranlara, qazilərə, oxuculara kitablar təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.
Məlahət Qənbərova