"ULDUZ"UN 650-Cİ SAYI ÇAP OLUNUB
"Ulduz" aylıq ədəbiyyat dərgisinin 650-ci-yubiley sayı işıq üzü görüb. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn nömrənin devizi "yeni nəsil-poeziya"dır. Özəl sayın məsul redaktoru və ön sözünün müəllifi şair Ramil Əhməddir. Qeyd edək ki, dərgidə 35 yaşa qədər olan 28 şairin-Aqşin Evrənin, Aygün Bayramlının, Arzu Hüseynin, Allahşükür Ağanın, qazi şair Cavid Qasımovun, Cahan Seyidzadənin, Eminqueyin, Əlibalanın, Fərid Hüseynin, Furqan Sadıqın, Gülay Tahirlinin, Günel Şamilqızının, Habil Rzanurun, Həsən Kürün, İntiqam Yaşarın, Malik Atilayın, Nadir Yalçının, Nizami Bayramlının, Ramil Əhmədin, Rəvan Cavidin, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin, Səddam Laçının, Sərdar Aminin, Şəhriyar del Geraninin, Şəfa Vəlinin, Şahanə Muşfiqin və Ulucay Akifin şeirləri yer alıb.
Sergey Lukyanenkonun "Dərgidə kitab" rubrikasında yer almış "Çin alışdırıcıları satan qızcığaz" hekayəsini dilimizə Seyfəddin Hüseynli tərcümə edib. Nəhayət, "Dərgidə sərgi" rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim edilir.