Azərbaycan Respublikasının Xalq yazıçısı, dramaturq, rejissor, ssenariçi, professor Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini (1962), SSRİ EA Kibernetika İnstitutunun aspiranturasını (1966), Moskvada Ali Ssenari (1967) və Ali rejissorluq kurslarını (1974) bitirməklə müxtəlif kinostudiyalarda “Bir cənub şəhərində” (1969), “Səhranın bəyaz günəşi” (1969, V.Yejovla birgə) “Çekist haqqında povest” (1969), “Müharibənin sonunda sakit gün” (1970), “Bunun eybi yoxdur” (1970), “Onda mən də “yox” dedim” (1973), “Nəğmə dərsi” (1974, Ömrün səhifələri kinoalmanaxında), “Ürək, ürək” (1975), “Ad günü” (1977), “Riskin strategiyası” (1978), “Bir ailəlik bağ evi” (1978), “Sevgi ilə qarışıq” (1979), “İstintaq” (1979), “Bağlı qapı” (1981), “İşgüzar səfər” (1982), “Gəmi saatının sirri” (1982), “Park” (1983,), “Özgə ömür” (1987), “Hifz et məni, talismannım mənim” (1986), “Vurulmamış sillə” (1987), “Sərbəst enmə” (1988), “Ölsəm, bağışla” (1989), “Qətldən yeddi gün sonra” (1991), “Urqa - məhəbbət ərazisi” (1991) “Həm ziyarət, həm ticarət” (1994), “Günəşdən usanmışlar” (1994, Nikita Mixalkovla birgə) “Dağıdılmış körpü” (1996, R.Puyya ilə birgə), “Sibir bərbəri” (1998, Nikita Mixalkovla birgə), “Şərq-Qərb” (1999, S.Bodrovla birgə), “Misteriya” (1999), “Köçərilər”, (2005), “Əlvida, cənub şəhəri” (2006) kimi 50-dən artıq ssenarinin müəllifidir.
“Yaşıl qapı arxasında qadın”, “Şirə bənzər”, “Öz yolu ilə”, “Təmas”, “Qum üzərində ev”, “İstintaq”, “Ultimatum” pyesləri Moskva, Sank-Peterburq, Praqa, Nyu-York, Sofiya, Budapeşt, Berlin teatrlarında tamaşaya qoyulmuşdur. “Ezamiyyətdə və evdə”, “Bir cənub şəhərində”, “Unudulmuş avqust”, “Təmas”, “Park”, “Ultimatum” kitabları dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. 1989-cu ildən prodüser fəaliyyəti ilə məşğul olan Rüstəm İbrahimbəyovun hesabında “Taksi-blüz” (1989, BKF-da ən yaxşı rejissor işinə görə priz, Kann, 1990), “Dyuba-Dyuba”, “Parisi görmək və ölmək”, “Köçərilər” filmləri vardır. R.İbrahimbəyovun prezidenti olduğu “İbrus” kinoşirkəti bir sıra filmlər istehsal etmişdir.
Dünya kinematoqrafiyasındakı xidmətlərinə görə ona Alma-Atada keçirilən “Festivallar festivalında” “Kino ustası” mükafatı təqdim olunmuşdur (1998). Azərbaycan Respublikasının Şöhrət ordeni (1999) və Rusiyanın III dərəcəli Şöhrət ordeni (1999), Fransanın ədəbiyyat və incəsənət sahəsində yüksək mükafatı olan “Komandor” ordeni ilə təltif edilmişdir. O, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Katibi (1967-1981), Birinci katib (1981-1985), SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Katibi (1986-1991) olmuşdur. 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, 1994-cü ildən MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, 1996-cı ildən Azərbaycan Dünya Kinosunun 100 illiyi Fondunun prezidenti, “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının prezidenti, 1997-ci ildən Fransa-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və 1998-ci ildən Avropa Kino Sənəti Akademiyasının həqiqi üzvü, 1999-cu ildən ABŞ Kino Akademiyasının üzvüdür. Dörd dəfə Rusiyanın Dövlət mükafatını qazanmış yeganə şəxsdir.
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, kinomuzda dönüş yaratmış “Bir cənub şəhərində”(1969), Beynəlxalq Venesiya kino festivalında “Qızıl şir” baş mükafatına layiq görülmüş “Urqa-məhəbbət ərazisi” (1991) filmlərii haqqında ADMİU-nun “Kinoşünaslıq” kafedrasının müdiri, professor A.Dadaşovun çapa hazırladığı yeni kitabdan parçaları oxucularımıza ünvanlayırıq.
İki ölüm arasındakı həyat
Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti kimi sosial-psixoloji baxımdan mükəmməl əsərində, Üzeyir bəy Hacıbəyli dramaturgiyasından gəlmə köhnə adətlərə qarşı mübarizə daim inkişafda olan ədəbi ənənəni təsdiqləyir. Daha müasir modernizm üslubunun psixoloji dram janrındakı povestdə ölüm təhlükəsini hiss edən Səfərəlinin daxili həyəcanının: “Onu boş yerə hirsləndirmək nəyə lazım? Mən deyənə bax. Evdə sənə toxunmaz,-Səfərəli gözünü rahatladı. Müharibə qurtaran kimi bu gözü düzəldən həkim ölçüdə səhv eləmişdi və göz üst qapağı yaman sürtürdü. Buna görə də Səfərəli qayırma gözdən nadir hallarda: bayramlarda, toylarda, qortorqa çağırılanda, yoxlama vaxtı istifadə edirdi” cümlələri zahiri və daxili əlamətlərin ustalıqla təsvirini təsdiqləyir. Bu povest əsasında Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında yaranan “Bir cənub şəhərində” (rejissor Eldar Quliyevi, 1969) filmi mövzu-problem əlaqələri baxımından kinomuzda dönüş yaratdı. Geniş küçələrdəki avtomaşınların arasında qaçmaqla sükanı tuturmuş kimi guya sürücülük edən piyadanın - Babaşın (S. Hüseynov) gəlib çıxdığı İçərişəhərdə pivə satan Səfərəlinin (Y.Vəliyev) yanında işlətdiyi qadını dilə tutaraq arabir xoruzlanması, qorxduğunu büruzə verməsi vəziyyətin gərginliyini bildirir. Məhəllənin Həsən (M.Dadaşov) başda olmaqla aerodrom kepkalı cayılların Səfərəlinin dəvətindən qaçmaları iki jurnalist qızın əhatəsində görünən Cahangirin (Hacı Murad) diqqəti yayındırması fikir müxtəlifliyini önə çəkir. Qızlara açıqlama verən Cahangirin mətnindən vaxtilə sürücü olmuş Babaşın pivə satan Səfərəlinin yanında işləyən bacısının indii həbsxanadan çıxan əri Ağabalanın namus üstündə haqq-hesab çəkəcəyi bildirilməklə dramatizim artırılır. Həbsxanadan çıxan Ağabalanın arvadının pivə dükanında işləyən Səfərəlidən uşaq doğduğunu göstərən povestdən fərqli olaraq filmdə günahkar sadəcə ailə namusuna təcavüz üstündə öldürülür. Babaşın başına fırlanmaqla meydana gətirdiyi Ağabala hamının gözü qabağında Səfərəlini öldürdükdən sonra təcili yardım, milis avtomaşınlarının gəlişi, qatilin yenidən həbsi, pivə budqasının möhürlənməsi, azyaşlı oğlanın yerdəki qanı avtafadakf su və süpürgə ilə yumasıı həyatı davam etdirir.
Məhəllə cayılı Tofiqin (E.Zeynalov) nişanlısını, Muradın (H.Məmmədov) bacısı Solmazı (N.Adıgözəlova) tələbə yoldaşı ilə kinoya getməsi barədə qardaşına şikayəti yeni personajları struktura qoşur. Günahsız bacısını tənbeh edən Muradın mətnindən avara kimi tanınan Tofiqin nəhayət ki, işə düzəldiyi, rayonlardakı göllərdən torpaq gətirib laboratoriyalara verəcəyi bəlli olur.
Səfərəlinin dəfn mərasimində tezliklə təqaüdə gedəcəyini bildirməklə Muraddan bir manat alaraq tabutun altındakılara qoşulan milissioner Mustafa qanunun zəifliyini göstərir. Sahə müvəkkili Xəlilovun işsizlikdə, özünü apara bilməməkdə günahlandırdığı Tofiqin adını doğrulda bilmədiyi atasının - müharibə qəhrəmanı qvardiya polkovniki Cəfər Rüstəm oğlu Əsgərovun Rusiyada qoyulacaq abidəsinin açılışına dəvətnaməsi ilə vəziyyətdən çıxması, Cahangirin məsləhəti ilə Rənanın Muraddan məqalə yazması hadisələri yeniləşdirir. Özünə əziyyət vermədən torpağı rayonlardakı göllərdən deyil həyətdən götürüb laboratoriyaya verməklə məsuliyyətsizliyini büruzə verən Tofiqin rusların yas məclisində yeyib-içmələrinə həsəd aparması, Muradın aldığı təyyarə biletini, kostyumu, xərcliyi götürərək dostlarının müşaiyəti ilə səfərə yollanması gələcək hadisələrin yeni məkanını üzə çıxarır.
Müsahibə götürmək üçün Neft daşlarına, Muradın yanına gələn Rənanın neftçilərin gözü qarşısında dənizə baş vurub çimməsi deyinən müşahidəçilərin mentalitet fərqliliyini göstərir. Rənanın işdən deyil, Səfərəlinin qətlindən söz açması, mənəvi saflığını itirməyən Muradın səfərdə olan Tofiqin qəhrəman atası haqqında məqalə yazmağı xahiş etməsi fabulanı gündəmdə saxlayır. Rusiyada atasının abidəsinin açılışında rusca çıxış edən Tofiqin dilinin topuq vurması gülüş doğursa da, Bakıda nəfəsli orkestrin müşaiyət etdiyi toy karvanınının fonunda Rənanı bəyəndiyini bəyan etməklə Tofuqin onu evlənmək üçün dilə tutan Mənsurə ananı özündən çıxarması, səkidə oturub qəzet oxuyan Mustafanı get-gedə hiddətlənməklə evə çağıran arvadı haqqında: “İşdə Xəlilov, evdə də bu” cümləsi epizod fərqliliyi yaradır. Namus məsələsi zəminində Muradın özü ilə səfərdən Marina adlı qız gətirən Tofiqi öldürməyə təhrik edilməsi mövzu həllini ustalıqla nizamlayır.
Üzbəüz söhbətdə biabırçılıqdan qurtarmaq naminə ayağından bıçaqlanmasını təklif edən Tofiqə “Həsən o dəqiqə başa düşəcək” deyən Muradın çıxılmaz vəziyyəti zərgər dəqiqliyi ilə göstərilir. Qonşuların tənəsi, anasının narahatlığı, kiçik qardaşı Sabirin ipə-sapa yatmaması kimi dramaturji vəziyyətlərin qarşıdurmasında ailə başçısı sayılan Muradın məhəllə qanunlarına tabe olaraq Tofiqi öldürməyə məcbur olması hadisələri müəllif yozumuna xidmət etdirir. Arvadı ilə küçədə görünən Tofiqi, yazılmamış məhəllə qanunu üzrə bıçaqlamağa məcbur olan Murad günahsız qurbana çevrilməsi köhnə adət-ənənəyə ittiham kimi səslənir. Arvadının daim hayladığı Mustafanın qabağına salıb milis idarəsinə apardığı Muradın islanmış küçədəki tənha fiquru yeni qurbanlara qarşı məsaja çevrilir.
Əbədiyyət yolu
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu (N.Mixalkovla birgə) “Urqa-məhəbbət ərazisi” filmi kinonun bədii imkanlarının hüdudsuzluğunu təsdiqlədi. Kəməndə salınsa da, müqavimət göstərməklə xilas olan qız ilkin hadisəni yaratdıqdan sonra üç uşağı olan ailədə dördüncünün dünyaya gəlməsinin doğuracağı problemin müzakirəsi Çin ərazisində yaşayan monqolların sosial durumunu göstərir. Qəhrəmanın dilindən səslənən, Çingizxanla bağlı folklor təhkiyəsi fonunda ata ilə oğulun cırcıramaya münasibəti təbiət və insan münasibətlərini qabardır. İbtidai üsulla yun iplik əyirən qarı ilə dördüncü uşağın dünyaya gəlişindən ehtiyatlanan gənc ananın münasibətləri müşahidə metodu ilə ekrana gətirilir.
Ön şüşəsi qırılmış köhnə yük avtomaşınının mürgüləyən sürücüsünün yoldan çıxaraq az qala çaya düşməsi məkanın hüdudsuzluğunu təsdiqləyir. Zümzümə etdiyi mahnının mətninə, antropoloji göstəricilərinə görə rus olduğu bəlli olan sürücü Sergeyin (V.Qostyuxin) yuxusunu qovmaq məqsədilə rəqs edərkən insan cəsədini görməklə qorxuya düşərək yük avtomaşınını çaya salması uğurlu saspes yaradır. Sürücünün çölün düzündə tapdığı boş araq şüşəsini tolazlaması ilə paralel montajda atların, mal-qaranın, pişiklərin əhatəsində görünən monqol ailəsinə qonaq gələn, özü kimi atı da sanki sərxoş olan Bayertunun papağına sancdığı kağızdakı fotodakının Amerikada yaşayan qardaşı olduğunu iddia etməsi komizmi artırsa da, imdada çağıran rus sürücünü qorxuya salan düzənlikdəki cəsədin öz qohumu Teymur ağaya məxsusluğunu bildirməsi adət-ənənə ilə bağlı etnoqrafia göstəricilərini önə çəkir. Quzğunlara yem olan cəsədin fonunda avtomaşının xilasını sabaha saxlayaraq sürücünü tərkinə alıb monqol ailəsinə, Qombonun alaçığına gətirən Bayertu yerli adət-ənənənin daha geniş açılışına şərait yaradır. Qombonun sürüsündəki ən seçmə qoyunu kəməndə salaraq, ürəyini əli ilə çıxarmasına, gözünü sığamasına heyrətlənən Sergeyin heyvanın onun gəlişinə kəsildiyinin fərqinə varmadan özünün yeməsi, süfrə başında oturdulduqdam, əti bıçaqla sümükdən ayırıb yeyən qarını, iştahlı uşaqları müşahidə etməsi heyranlıq estetikası yaratsa da, metal kasasını rus adətincə ev sahibiylə toqquşdurub içərək şüşə piyalədəki ət suyundan milçəyi çıxarması gigiyenik tələblərin tam yerinə yetirilmədiyini də vurğulayır.
Əsgərlikdə nəfəs aləti çaldığını xatırlayan sürücü Sergeyin divardan asılmış iri akordionu bağrına basıb şövqlə ifa edən qızcığaza heyranlığının hüdudsuz çölü işıqlandıran aya keçid etmçsi dünyəviliyi qabardır. Gecə bir-birinə yaxınlaşmaq istəsələr də, hamilə qalmaq təhlükəsini hiss edən ər-arvadın - Qombo ilə Raqmanın alaçıqdan çıxaraq ay işığında cinsəl qoruyucunun vacibliyinə qərar vermələri müasirliyin müdaxiləsi kimi səslənir. Peyda olan sərxoş Bayertunun pay verdiyi alma ilə yumurtanı ərlə arvadın bir-birinə ötürərək yemələri sevginin təzahürünə çevrilir və qəzadan qurtilmuş avtomobilin yük yerindəki atlarla şəhərə gələn Qombonun arvadı Raqmanın kağıza yazdığı cinsəl qoruyucunu almağa utanması hadisənin davamı ilə yanaşı milli personajın yeni tərəfinin açılışına yönəlir.
Sürücü Sergey nigaran qalıb həyəcanlanmış arvadı Mariya ilə sevişərkən qapının o üzündə Bayertunun inqilabi mövzuda mətn oxuyan uşaqlara alma bağışlaması adət-ənənə fərqi ilə birgə məkan darlığını da önə çəkir. Restoranda içib sərxoş olaraq monqolların daha təbii yaşadıqlarını, özlərinin isə burada yol çəkərək, taxıl biçərək pul qazanmalarını qeyri-təbii hesab edən Sergeyin yaddaşının itirilməsi, pul verərək sifariş etdiyi, notları vaxtilə tuşla kürəyinə həkk olunmuş “Mancuriyanın təpələri” mahnısını oxuması nostalji hisləri yaratmaqla mövzunu nizamlayır. Məhz mahnının mətni kommunist ideyalarını ixrac edən ölkənin yeni ərazi iddialarına qarşı qoyulmaqla polisin musiqi meydançasından qovduğu Seryojanın həbsi fabulaya meydan açır. Və musiqiçinin cinsəl qoruyucu ilə əlaqəni sapoqla çimməyə bənzətməsi fonunda Sergeyi polisdən qurtaran Qombonun, ÇingizxanIn da evin dördüncü uşağı olduğunu dilə gətirməsi, Budda məbədinin çölündəki təpələr üzərində səslənən qədim nəğmə ilə quşların düzdəki cəsədi dimdikləmələri əbədiliyin təzahürünə çevrilir. Dəmir qutudakı ət konservini iştahla yeyə-yeyə, çölün düzündə şəhərdən aldığı televizorun boş ekranını seyr edən Qombonun, velosipedlə keçib getmək istəyən Seryojanın şahidliyi ilə uşaqların qarşısını almaq problemini yaraqlı monqol süvarilərinin əhatəsindəki Çingizxana və onun xanımına ilə bildirməsi mövzunu zaman sərhədsizliyində davam etdirir. Və televizorun nizələrlə parçalanması, avtomaşının yandırılması keçmişin müasirliyi ittihamına çevrilir.
Mövzu fantaziyadan sonra çöldəki göy qurşağının rənglərinə qarışan Qombo təbiətin bir parçasına çevrilməklə fantasmaqoriyanı tamamlayır. Kəməndin televizorun antenasına çevrilməsi isə milli kontekstdən çıxan fərdin qloballığa qoşulmasının simvoluna çevrilir. Müxtəlif telekanallardakı fasiləsiz informasiya axınına ailəvi laqeyidlik fonunda cinsəl qoruyucunun alınmadığının məlum olması qloballaşmaya usyan kimi səslənir. Ailənin qızının sürücü Seryojanın kürəyində tuşla həkk olunmuş notlara baxmaqla akardeonda ifa etdiyi “Mancuriyanın təpələri” yeni kontekstdə dramaturji struktura qoşulur. Kinoşünas Andrey Plaxovun yazdığı: “Əlbəttə ki, həqiqətən də gözəl nəğmə öz işini görür. Və bütün qostyuxinsayağı həddini aşmalar gözlənilmədən “onluğa” vurmaqla meşşanlığı hissiyata çevirir. Qışqıran rok-estradanın parıltısında, qıyıqgözlülərin müəmmalı simaları fonunda nəzakətsizcəsinə şiddətlənən rus nisgili səslənərək ay Allah sən bizimlə nə edirsən” fikirləri filmin sənət möcüzəsini açır.
Filmin sonunda tüstülənən borunun fonunda səslənən mətn ailənin dördüncü uşağının Çingizxan olduğunun, vaxtilə rusların yaşadığı Baykal gölünə getdiyinin, indi isə yaponların yaşadığı Los-Anjelesə getdiyinin bildirilməsi gələcək, keçmiş və indiki zamanı əbədiyyətə qoşur.
“Qobustan “ jurnalı