Azərbaycan mədəniyyətinin, ictimai fikrinin, mənəvi inkişafın tarixində mühüm ictimai-siyasi, elmi, fəaliyyəti olan böyük tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti müstəqillik qazandığımız ilk günlərdən vətənpərvər, milli istiqlal fədailəri qədər xalqına, millətinə, torpağına bağlı tədqiqatçı alimlərimizin, ziyalılarımızın diqqət mərkəzindədir. Təkcə yazarlarımızın deyil, bu yolda böyük fədakarlıqlara imza atmış şəxsiyyətlərinin ciddi, mürəkkəb həyat yolunun araşdırılması, üzə çıxarılması, böyük dövlətçiliyimizin inkişafında canını, ömrünü fəda edən belə tarixi simaların gələcək nəsillərin yaddaşından silinməməsi, onların zəhmətinin tarixi sübutu məsələsi bu gün də gündəmdədir. Tədqiqatçılar sovet alimlərinin, mütəxəssislərinin senzura təhlükəsindən uzaq olmaq üçün uzun müddət susması, bir çox dövlətçilik tariximizdə yeri olan insanların həyat və fəaliyyətinin üstündən süqutla keçilməsi bu gün yetişən tədqiqatçılarımız üçün müəyyən çətinliklər yaratsa da, onlar böyük fədakarlıqla bu işlərin öhdəsindən gəlməkdədirlər.
Ədəbiyyat tariximiz, Azərbaycanın milli mətbuatının çeşidli dövrləri və müxtəlif dəyərli şəxsiyyətləri ilə bağlı tədqiqatların, onların ictimai-siyasi, elmi-nəzəri, ədəbi-bədii, publisist fəaliyyəti ilə bağlı araşdırmaların, mübahisəli məsələlərdə tutarlı faktlarla izahların, şərhlərin müəllifi Asif Heydər oğlu Rüstəmlinin zəngin ömür yolu vardır.
Asif Rüstəmlinin “Ədəbi istiqlalımız” kitabında toplanan müxtəlif janrda yazdığı məqalələrə alimlərimiz yüksək dəyər verir. Hər birimiz bu kitabla tanış olandan sonra prof.N.Şəmsizadənin bu fikirləri ilə həmrəy ola bilərik ki, “Ədəbi istiqlalımız” kitabının həm “İstiqlal çırağımız”, həm də “Ədəbi irsimiz” kimi əsas bölmələrinə daxil olan məqalələr göstərir ki, Asif Rüstəmli XX əsrin önləri, xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin epoxasının ən ardıcıl tədqiqatçısı-cümhuriyyətşünasdır.
Bu məsələlər hələ keçən əsrin əvvəllərində də vardı. Alimlərimiz, ədəbiyyatşünaslar, tarixçilər arxivlərdə, cünglərdə, əlyazmalarda qalan tarixi faktları, mətnləri necə fədakarcasına üzə çıxarmağa calışmışdılarsa, bu gün müstəqil, azad, demokratik Azərbaycan dövlətinin alimi, ziyalısı, tarixçisi, ədəbiyyatşünası bu yolda əzmlə çalışır. Gözümüzün önünə Hənəfi Zeynallı, Salman Mümtaz, Bəkir Çobanzadə, Əmin Abid, Həmid Araslı, M.Təhmasib, K.Talıbzadə, Yaşar Qarayev… gəlir. O tarixi və şərəfli missiyanı bu gün bütün incəlikləri ilə açan, araşdıran, heç bir senzuraya yüklənmədən üzərinə götürən, öhdəsindən şərəflə gələn alimlərimizdən Təhsin Mütəllimov, İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Asif Rüstəmli və başqalarını nümunə göstərə bilərik.
Bu yazılarda ümumən Azərbaycan XX əsrinin tarixi, ədəbi-mədəni təşəkkülünü izləmək mümkündür. Bu baxımdan bəzi yazılarının adlarının özü çox şey deyir: “Cümhuriyyət dövründə milli mətbuat”, “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda”... A.Rüstəmlinin vətəndaş qeyrəti ilə yazılmış bu məqalələrinin dəyəri hələ çox-çox illər sonra bilinəcək, belə yazılar gələcək nəsillərin əlindən tutub tarixi taleyimizin gizli, məxfi səhifələrinə, müşkül problemlərinin həllinə doğru aparacaq” (Asif Rüstəmli. Ədəbi istiqlalımız. Bakı. Elm. 2004. s.9. Ön söz.)
Bu baxımdan onun “Cümhuriyyət dövründə milli mətbuat” məqaləsi diqqəti çəkir. Asif Rüstəmli 1918-1920-cu illərdə nəşr olunan mətbu orqanları “bu gün müstəsna əhəmiyyət kəsb edən mötəbər mənbələr, təkrarsız məxəzlər” kimi yüksək qiymətləndirir. 1918-ci il mart faciəsinə kimi çap olunan gündəlik “Açıq söz”, “İttihad”, “Millət”, “Hümmət”, həftəlik “Bəsirət”, “İstiqlal”, “Al bayraq”, “Azərbaycan” kimi ictimai-siyasi təyinatlı qəzetlərin, məhdud miqdarda çap olunan “El həyatı”, “Qardaş kədəri”, “Zəhmət sədası”, “Türk sözü” və s. mətbu orqanları diqqətə çəkir.
Bu mətbu orqanlarda Məhəmməd Əmin Rəsulzadə, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, N.Nərimanov, Tağı Şahbazi, Sultan Məcid Əfəndiyev, Seyid Hüseyn, Haci İbrahim Qasımov, Əhməd bəy Pepinov, Əliheydər Qarayev, Məhəmməd Əli Əbduləzizoğlu, Dadaş Bünyadzadə, Xəlil İbrahim, Həsən bəy Ağayev… kimi ictimai-siyasi xadimlərin, ziyalıların fəal iştirak etdiyini bildirən Asif Rüstəmli bu mətbu orqanları “siyasi xətt-hərəkət, ideoloji yönüm etibarilə” iki qrupa – demokratik və bolşevik mətbuat orqanlarına ayırır. Demokratik yönümlü mətbuat orqanlarında “xalqı narahat edən problemlər, həllini gözləyən məsələlər, ölkənin taleyi və gələcəyi kimi aktual mövzular” geniş şərh edildiyini, fikir mübadiləsinə imkan yaratdığını yazır.
Asif Rüstəmli bolşevik mətbuatının bunun əksi olan istiqamətdə fəaliyyət göstərdiyini, o dövrün bolşevik mətbu orqanlarında S.Şaumyan kimilərin apardığı siyasəti, onun məsələn, “Bakincki raboçi” qəzetində xalqın, millətin mənafeyini müdafiə edən azad, müstəqil bir cümhuriyyətin yaradılmasını arzulayan müsavatçıları hədələyən fikirlərini (“Azərbaycan muxtariyətini istəyən müsavatçılar nəticədə bir xarabazar olacaqlar”) nümunə gətirir. Şaumyanların onların arxasında duran daşnakların “ruporu kimi” çıxış etdiyini, Bakı Sovetinin 6 minlik “Qızıl qvardiyası”(qərargah rəisi Avestiyan) və Erməni Milli Şurasının və Daşnaksütun partiyasının dörd min nəfərlik silahlanmış dəstələri olduğunu yazır. Siyasi oyunların arxasındakı böyük təhlükəni duyan ziyalılarımızın xəbərdarlıqları, vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə çağırışın (“Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, İttihsad gərək”) mətbuatda xüsusi yer tutması qeyd edilir. Bu cəhətdən Mirzə Bala Məhəmmədzadənin “Azərbaycan çağırıyor”, jurnalist Sənətüllah Eynullayevin “S.İbrahim” imzası ilə yazdığı “Dəhşətli saət gəlir, birlik gərək” (“Açıq söz”. 1918.15 mart.) məqaləsini qarşıdakı böyük təhlükələrdən xəbər verdiyini, bu qorxunun 1918 ci il 18 mart Novruz bayramı zamanı reallaşdığını yazır. Dinc əhaliyə qarşı Silahlı erməni süvarilərinin fəal iştirak etdiyi qırğın, minlərlə abidələrin yandırılması, on minlərlə insanların öldürülməsi, “Novruz”, “Turan”, “Açıq söz”, “Kaspi” mətbəələrinin dağıdılması açıqlanır: “Orucov qardaşlarının elektrik mətbəəsini tamamilə yandırmışlar. Vəhşilklərindən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalların çap arsenallarını əsasən sıradan çıxarmışdılar. Adları çəkilən mətbəələrdə çap olunan “Azərbaycan”, “Bəsirət”, “El həyatı”, “İstiqlal”, “İttihad” və s. qəzetlərin son sayları 17-18 marta təsadüf edir”.
1918-ci il mart hadisələrində xalqı düşmənə qarşı birgə mübarizəyə səsləyən mətbuat orqanlarının da dağıdılması təsadüfi olmadığını, “hər xalqın azadlığına, müstəqilliyinə gedən” yolun mətbuatın ideoloji dəhlizindən keçdiyini xüsusilə vurğulayan Asif Rüstəmli müəyyyən mənada Azərbaycanda demokratik mətbuatın 1918-ci ilin martından sentyabra qədər “özünün iflic dövrünü” yaşadığını, bu zaman kəsimində böyük ictimai siyasi hadisələr baş verdiyini (“Bolşeviklərin Bakı Komissarları yaradılmış və süqut etmiş, Qafqaz Seymi parçalanmış, AXC elan edilmiş, Milli hökumət Gəncəyə köçmüş, fəaliyyətə başlamış, Bakıda Mərkəzi Xəzər Diktaturası yaradılmış və buraxılmış, Bakı antiazərbaycan ünsürlərindən təmizlənərək F.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən Bakıya köçmüşdür), məlum səbəblərdən demokratik mətbuatın 1918-ci il mart-sentyabr arası “sükut dövrünü yaşasa da” paytaxtdan kənarda Azərbaycan dilli yeni mətbuat orqanları (Gəncədə iyin ayında “Azərbaycan” qəzeti, “Azərbaycan hökumətinin əxbarı”) fəaliyyətə başladığı açıqlanır. “Əxbar”da Azərbaycan və rus dillərində qərar, qanun və sərəncamların dərc olunduğu bildirilir.
Mart faciəsindən sonra yenidən “Azərbaycan”, “Bəsirət”, “El həyatı”, “İstiqlal”, “İttihad”, “Kaspi”nin nəşrə başlaması, 1918-də Azərbaycanda fəaliyyət göstərən mətbuu orqanların sayının 60 çatdığı (28-i türk, 20-si rus, 12-si qeyri dillərdə) çap olunduğu qeyd edilir. Məhəmmədəli
Sidqinin redaktorluğu, şair Səməd Mənsurun naşirliyi ilə “Şeypur” həftəlik satira jurnalının işıq üzü gördüyü, milli mətbuatda baş verən hadisələrin, ölkənin ictimai-siyasi hətatında baş verən hadisələr, hökumət tədbirlərinin yer aldığını bildirən Asif Rüstəmli tarixi faktlara istinad edir.
Milli mətbuatda müzakirə olunan maarif, mədəniyyət, dil məsələlərini araşdırır. Maarif naziri Nəsib bəy Yusifbəylinin islahatlarını, məktəblərin milliləşdirilməsinin qəzetlərdə əksinin doğurduğu ciddi maraqları diqqətə çəkən Asif Rüstəmli müstəqil dövlətinin əbədi yaşaması üçün bütün xalqın, onun ziyalılarının hər şeyə hazır olduğunu, torpağı, vətəni qorumaq üçün ordu quruculuğu siyasətini, yuxarıda adları çəkilən mətbu orqanlarda bu məsələylə bağlı məqalələrin, yazıların dərc edildiyini, ordu və əsgərlərin dövlətin keşiyində dayandığı kimi, milli mətbuatın da, onun qələmə sarılmış silahdaşlarının da “dövlətçilk nüfuzunun, imicinin” keşiyində durduğunu yazır. “Ermənilərin “Aşxatavar” qəzetindən Azərbaycanın siyasi rəhbərliyinin əleyhinə nalayıq ifadələr yazılmış məqaləni tərcümə edərək səhifələrinə çıxaran Tiflisin “Kavkazskoe slovo”, “Trudovoy znamya” qəzetləri Azərbaycanın Milli mətbuat orqanlarının qəzəbinə tuş gəlmişlər. Erməni yalanlarına uyaraq guya Bakıda “30 000 erməninin qətlə yetirildiyini” yazan Tiflis qəzetləri layiqli cavablarını almışlar.”.
Gürcüstan parlamentinin üzvü Diomid Topurudzenin “Kaspi” qəzetinin 1918-ci il 84-cü sayındakı məqaləsindəki qeydləri (erməni daşnakları Tiflis dumasında Bakı hadisələrini müzakirə etməyi, Azərbaycana qarşı etiraz və nifrət bəyan olunmasını tələb edirdilər-A.R), Azərbaycan mətbuatının əsassız ittihamlara obyektiv cavablar verdiyini, bu cavabları Tiflisin “Vozrojdeniya” qəzetinin mütəmadi çap etdirdiyini bildirir.
Mətbuat orqanlarının dövlətlər, millətlər arasında dostluq kimi nifaq toxumları da səpmək imkanlarına malik olan “dördüncü hakimiyyət” olduğunu vurğulayan alim AXC-nin fəaliyyətini, uğurlarını işıqlandıran Mili mətbuat orqanlarının getdikcə artdığını, 1919-cu ildə artıq 92 qəzet və jurnalın həm milli, həm də müxtəlif dillərdə də çap edildiyini yazır: “Azərbaycan dilində çıxan qəzetlərin sayı 1918-ci illə müqayisədə 1919-cu ildə 33 faiz çox idi. Qeyd etməliyik ki, Azərbaycan dilli mətbuat orqanları Azərbaycandan kənarda Tiflis, İrəvan, Batumi, Həştərxan şəhərlərində də nəşr olunurdu”.
Asif Rüstəmli 1918-ci ildə nəşr olunan “Azərbaycan”, “Bəsirət”, “İstiqlal”, “İttihad”, “Al bayraq”, “Gələcək”, “Şeypur”un 1919-cu ildə də fəaliyyətini davam etdirdiyini, “Azərbaycan füqərası”, “Bakı fəhlə konfransının əxbarı”, “Doğru yol”, “El”, “Əfkari-nəfisə”, “Füqəra sədası”, “Xalq sözü”, “Hürriyyət” kimi yeni qəzet və jurnalların da çap olunduğunu yazır.
Asif Rüstəmli Azərbaycanın qanunvericilik orqanı olan parlamentinin çoxpartiyalılıq əsasında yarandığı, bunun müxtəlif ideya istiqamətli mətbuat orqanlarında “fərqli fikirlərin və baxışların – pürealizmin təkamülünə təkan verdiyini yazır. “Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə türk və rus dillərində nəşr ounan “ictimai, siyasi, iqtisadi qəzet” olub, iki ilə yaxın fəaliyyəti dövründə 443 nömrəsi buraxıldığını, qəzetdə parlamentin qərarları, daxili xarici siyasi xəbərlər, siyasət, iqtisadiyyat, mədəniyyət problemlərinə dair materiallar öz əksini tapdığı, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli, Seyid Hüseyn, M.B.Məmmədzadə, C.Cabbarlı, Adilxan Ziyadxanov, Fərhad Ağazadə, Xəlil İbrahim, Ə.Cavad, Hacl İbrahim Qasımov, Əlabbas Müznib və başqaları qəzetdə mütəmadi çıxış etdikləri bildirilir.
Y.V.Çəmənzəminlinin xarici siyasətlə bağlı qəzetdə dərc etdirdiyi məqalələri (“Xarici siyasətimiz”, “Qüvvətli istiqlal”, “Elçilər göndərilməlidir”, “İngiltərə ilə dostluq”, “İran və biz” və s.), eyni zamanda vacib məsələləri özündə əks etdirən məqalələri (“Milli-mədəni işlərimiz” silsilə məqalələri), Mirzə Bala Məhəmmədzadə Məhəmmədzadənin “Azərbaycan”, “Bəsirət”, “İstiqlal” qəzetlərində çap etdirdiyi məqalələri (“Siyasi firqələr və istiqlalımız”, “Bizdə sinfi mübarizə”,
“Tutduğumuz yol”, “Zaman və xətti-hərəkat” və s), sol sosialistlərin radikal qrupunun rəhbəri, parlament üzvü, həm də mətbuat tarixinə qəzet və jurnal redaktoru, jurnalist, bolşevik ideyalarının təbliğatçısı kimi daxil olan, “Bakı fəhlə konfransının əxbarı”, “Zəhmət”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Füqəra sədası” qəzeti və “Məşəl” jurnalının redaktoru olmuş Əliheydər Qarayevin fəaliyyətini, rusiya bolşeviklərinin məramlarını yayan və “birbaşa onların təsiri altında olan sol sosialistlərin mətbuat orqanlarında” N.Nərimanovun, D.Bünyadzadənin, H.Sultanovun, Ə.H.Qarayevin fəal çıxış etdiklərini, RK(b)P-nın materiallarını yaydıqlarını bildirir.
AXC-nin dövründə mətbuat tarixində “ən yadda qalan səhifələrdən birinin” Azər TAC-ın yaradılması olduğunu bildirir: “Azər TAC nəinki Azərbaycanda baş verən yenilikləri dünya agentliyinə çatdırırdı. Həm də xarici ölkələrlə birbaşa əlaqə saxlayıb məlumatlar qəbul edərək qəzetlər vasitəsilə yayırdı. Bu müxbirat bürosu Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə və demokratiyaya doğru atdığı iri addım idi.
Asif Rüstəmli AXC-nin 23 aylıq fəaliyyəti dövrünün “siyasi, iqtisadi və mədəni istiqamətlərinin əsas aspektləri, uğurları, qüsurları, təkamülü və təbəddülatları öz tamlığı və bütövlüyü ilə Milli mətbuatımızda” öz əksini tapdığını yazır.
***
Asif Rüstəmlinin araşdırmalarında Azərbaycanın milli istiqlaliyyəti uğrunda mübarizədə böyük xidmətləri olan, bu mübarizənin qələbə çalmasında və Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, fəaliyyətində əvəzsiz xidmətləri olan böyük şəxsiyyətlərin həyatı mühüm yer tutur. “Vətənə, xalqa sədaqət rəmzi” adlı məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin həyatını araşdırır.
Əsil nəcabət sahibi, babası İsmayıl xan Xoyski və ulu babası Cəfərqulu xan Dünbülü Batmanqılınc, Şəki xanlığına rəhbərlik etmiş, Rusiya ordusunun general-leytenantı İsgəndər xan Xoyskinin oğlunun uşaqlığı, təhsili, yaşadığı mühit, aldığı təhsillə bağlı apardığı araşdırmalarda onun “zərərdidələrə, kimsəsizlərə hayan olmaq, himayədarlıq etmək, haqqı tapdananların müdafiəsində dayanmaq üçün” Moskva Universitetinin hüqüq fakultəsinə daxil olduğunu açıqlayır. Fətəli xan təhsil aldığı dövrdə “dünyagörüşlü bir siyasətçi” kimi yetişir. Andçı müvəkkil, prokuror müavini vəzifələrində çalışır, 1905 ci ildə Rüsiya müsəlmanlarının I qurultayında yaradılan “İttifaqi-müslimin” təşkilatının fəal iştirakçısı olur. “Onun konkretr şəxslərə və hadisələrə münasibətdə humanizmi, xeyirxahlığı, eyni zamanda prinsipiallığı, inadcıllığı, qətiyyəti” xalqın diqqətindən yayınmadığı, bu keyfiyyətlərinə görə onu 1907-ci ildə Gəncə quberniyasından Rusiyanın İkinci Dumasına deputat seçildiyi, Azərbaycandan Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov, Zeynal Zeynallov kimi millət vəkili olduğu, bununla belə, azərbaycanlı parlamentin müsəlman fraksiyasının bürosunun üzvü olduğu zaman müxalifətdə dayanan Kateq partiyasına da “meyilli” olduğu, parlamentdə siyasi və iqtisadi tələblərlə çıxış etdiyi bildirilir. “O, imperiyanın ucqarlarında yaşayan azsaylı xalqlara milli-muxtariyyət verilməsi, torpaqların kəndilərə paylanması, müsəlmanların azad və hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət, səkkiz saatlıq iş gününə keçilməsi, cümə gününün müsəlman fəhlələri üçün istirahət günü elan edilməsi və s. vacib məsələlərə toxunurdu”
Onun milli vətənpərvərliyinin Rusiyanın ictimai-siyasi dairələrində “ciddi mübahisələrə” səbəb olması, aqrar məsələdə bolşeviklərin mövqeyini əks etdirən “1905-1907-ci illər I Rusiya inqilabı dövründə social-demokratların aqrar proqramı” əsərində V.İ.Lenin F.Xoyskinin və onun məsləkdaşlarının movqeyi ilə açıq polemikaya girdiyi bildirilir.
Rusiyada baş verən burjua inqilabı, çar idarə üsülunun çevrilməsi nəticəsində, “İmperiyanın ucqarlarında, o cümlədən Zaqafqaziyada xalqların milli oyanış dövrü başlayır”. Xoyski Bakıda 1917-ci ilin martında yaradılmış Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə komitəsinin üzvü seçilir. Komitə üzvləri “çarizmdən yığılıb qalmış ciddi siyasi, iqtisadi, mədəni, hərbi problemlərin” həlli yollarını axtardığı açıqlanır. Bu yolda musavatçıların fəaiyyətini yüksək dəyərləndirir: “Müsavat firqəsinin 1917 cilin 26-31 oktyabr da keçirilən I qurultayında iştirak edən Xoyski deyir: “Mən müxtəlif səbəblərə görə heç bir firqəyə girməmişəm, amma hamısı ilə çalışmışam. Ona görə də hər bir firqənin fəaliyyətini bitərəfanə tədqiq edə bilmişəm. Bu gün qurultay hüzurundan təsdiq etməliyəm ki, millət uğrunda, Azərbaycan yolunda Musavastın xidməti ifrat dərəcədədir. Bu da fazla millətçilikdən deyil, ondandır ki, həmişə vətən və millət mənfəəti firqə mənfəətindən üstün durur, əvvəl öz millət və vətənin mənfəətini axtarmışdır, sonra isə firqənin…”.
Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə komitəsinin sədri, Zaqafqaziya komissarlığının maarif naziri olan Xoyskinin “vətən və millət mənafeyini özü üçün müqəddəs amala” çevirdiyi, Rusiyadan asılılığa son qoyan Zaqafqaziya komissarlığının rəhbərliyi qarşısında “nizami Azərbaycan ordusunun yaradılması” məsələsini qoyması, müsbət rəy alması, “Zaqafqaziya Müsəlman nizami ordusu təşkil etmək haqqında” 7 bəndlik qətanəmənin imzalanması, həyata keçirilməsi, qətnamənin layihəsinin hazırlanmasının ona həvalə edilməsi təqdir edilir. Asif Rüstəmli bu fikirdədir ki, “11 dekabr 1917-ci il nizami Azərbaycan ordusunun yaranma tarixi hesab edilməli və Fətəli xanın bu sahədəki xidmətləri unudulmamalıdır."
Xoyskinin Azərbaycanın ordusunu yaradılmasını “milli müstəqilliyə doğru atılmış iri addım kimi” qiymətləndirdiyini, “dövlətçilyin etibarlı təməl daşı” hesab etdiyini bildirən Asif Rüstəmli onun təhsil sahəsində islahatları, Azərbaycanda ibtidai və ali məktəblər açmaq cəhdi, Tiflis şəhərində Zaqafqaziya darülfünunun təsis edilməsi məsələsi qaldırılarkən onun Bakıda açılmasına çalışması açıqlanır.
Zaqafqaziya komissarlığının maarif naziri Xoyskinin sonralar Zaqafqaziya ədliyyə naziri işlərkən “geosiyasi vəziyyətin dəyişdiyini öncədən” gördüyünü, gürcülərin Seymdən çıxmasını “təmkinlə” qarşıladığını yazır. Xoyskinin Azərbaycan nümayəndələri adından çıxışını diqqətə çəkir. Xoyski çıxışında deyir: “Zaqafqaziya millətləri bir-biri ilə bir çox mənfəətlərlə o qədər sıx surətlə bağlanmışlar ki, onları qolaylıqla ayırmaq mümkün olmur. Fəqət, əgər gürcü millətinin iradəsi belə isə biz mümaniət etəməyə heç də haqlı deyilik və Azərbaycan türklərinə də bu yeni hadisəyə görə lazım gələn qərarı çıxarmaqdan başqa bir şey qalmır.”
Seymin müsəlman deputatlarının yığılıb Azərbaycan Milli Şurasını yaratdığını bildirən Asif Rüstəmli yazır: “1918-ci il mayın 28-də Tiflisdəki Qafqaz sərdarının sarayında özünün ikinci iclasına toplanan Azərbaycan Milli Şurası uzun mübahisə və müzakirələrdən sonra saat 20.10-da adbaad səsvermə nəticəsində Azərbaycanın istiqlal bəyannaməsini elan etdi. Milli Şura heyəti-vükəla rəisi (Nazirlər Şurasının sədri) vəzifəsinə F.Xoyskini seçdi və ona müvəqqəti hökuməti yaratmağı tapşırdı.”
Bitərəf Xoyskinin qurduğu ilk Azərbaycan dövlətinin “koalision” tərkibli olduğu, səkkiz nazirin dörd partiyanı təmsil etdiyi, mayın 30-da Xoyskinin dünyanın iyirmi ölkəsinə radioteleqram göndərərək Azərbaycan Cümhuriyyətinin yaradıldığını bildirdiyi, müvəqqəti Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçdüyü, Azərbaycan Nazirlər Şurasının iqamətgahı Fətəli xanın ata evi seçildiyi, onun rəhbərliyi ilə iyunun 4-də Türkiyə ilə əməkdaşlıq haqqında
müqavilə bağlandığı, iyinin 27-də Azərbaycan Cümhuriyyətinin dövlət dilini türk dili elan etdiyi, hökumətin əsas vəzifəsi Bakının düşmənlərdən təmizləmək olduğu bildirilir: “Erməni daşnaklarının və bolşeviklərin ciddi müqavimətinə baxmayaraq 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordularının köməyi ilə Bakı azad edildi. Xan Xoyski hökuməti sentyabrın 23-də Gəncədən Bakıya köçdü -əksər nazirlərin və şura sədrinin iş otağı “Metropol” mehmanxanasında-indiki N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşirdi. Fətəli xan “Metropol” mehmanxanasındakı 31 saylı otaqda hər gün saat 12-dən 14-ədək vətəndaşları qəbul edirdi.”
Xoyskinin güclü dövlət üçün iqtisadiyyatın rolunu gördüyü, buna görə də bu sahəyə ciddi fikir verdiyini yazır. O zaman küçə və dalanlara yapışdırılan elanı diqqətə çəkir: “Azərbaycan hökuməti birinci və ümdə sənayəsi hesab edilən Bakıda ümumi neft mədənlərinin və s. fabriklərin kəmali-müvəffəqiyyətlə işə düşmələri üçün çalışmaqdadır. Hökumət zəhmətkeşləri öz işinə dəvət edir. 5 gün ərzində öz işinə qayıtmayan işdən çıxmış hesab ediləcək. Heyəti vükəla rəisi. F.Xoyski.”.
Azərbaycan Cümhuriyyətinin dövlət atributlarının təsisinə Xoyskinin başçılıq etdiyi bildirilir. Noyabrın 9-da Xoyski bayraq haqqında məruzəsindən sonra “üçrəngli, aypara və səkkizguşə ulduzlu bayrağımız təsdiqlənmiş, milli valyuta dövrəyə buraxılmışdır”. Torpaqların kəndlilərə paylanması üçün komissiyalar yaradılmış, “1918-ci ilin dekabrında Məclisi Məbusanın açılışı, Xoyskinin ən zəruri qanunların tətbiqinə” nail olması, ordunun inkişafında rolu təqdir edilir. Müttəfiq dövlətlərin Bakıdakı hərbi nümayəndəsi Tomsonun “Xan Xoyskinin sədrliyi ilə yaradılmış koalision hökumətin” Azərbaycanın yeganə qanuni hakimiyyət”i olduğunu bildirməsi, Xoyskinin daxil və xarici siyasətdə rolu, Azərbaycan diplomatiyasının inkişafında böyük rolu, xarici işlər naziri kimi fəaliyyəti dövründə Azərbaycandakı həqiqətlərin ingilis, fransız, rus, alman dillərinə tərcümə edilərək diplomatik kanallarla dünyaya yayılması, sülhsevər dövlətimizin başının üstünü almış təhlükələrdən qurtarmaq üçün aparılan məqsədyönlü siyasət, Xoyskinin siyasi diplomatiyada rolu, xarici müdaxilələrin kəskinliyi nəticəsində AXC dövlətinin süquta uğramasının real səbəbləri açıqlanır.
Asif Rüstəmli F.Xoyskinin Xəlilbəy Xasməmmədovla Tiflisin İrəvan meydanından indiki Patiaşvili adına Opera və Balet teatrının yanından keçərkən erməni terrorçulardan Aram Erkayan və Misaq Qriqoryan tərfindən atəşə tutulduğu, Xasməmmədovun yaralandığı, Xoyskinin isə həlak olduğu barədə faktları da diqqətə çəkir. Dövlətçilik tariximizdə mühüm yeri olan F.Xoyskinin xidmətləri “istiqlal mücadiləsi tariximizin yaddaşına əbədi həkk olunmuşdu”.
İctimai siyasi xadim Fətəlixan Xoyskinin 19 iyun xatirə günüylə bağlı yazdığı “Dövlətçiliyimizin ilk müəllimi və rəhbəri” məqaləsində də 1995-ci ildə Pespublukanın dövlət başçısının sərəncamı ilə böyük şəxsiyyətin 120 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi qərarı yüksək dəyərləndirən Asif Rüstəmli bu qərarın bir iki məqalə və kitab istisna olmaqla unudulduğunu, yubileyin keçirilməsinə məsul olan məmurların laqeydliyini təəssüf hissiylə qeyd edir.
Fətəlixan Xoyskinin xatirəsinin onun məsləkdaşları tərəfindən həmişə hörmətlə yad edildiyini, onun xatirəsinin qədirbilən xalqımızın yaddaşında silinməz izlər buraxdığını yazır. AXC-nin süqutundan dərhal sonra onun yaradıcılarının təqib edilməsi, XI qızıl Ordunun hərbi müdaxiləsi nəticəsində süquta uğramış AXC-nin üzvlərinin, Fətəlixan Xoyskinin və eləcə də silahdaşlarının təqiblərə məruz qalmasını böyük kədərlə dilə gətirən Asif Rüstəmli Gürcüstana, ordan da dünyanın müxtəlif yerlərinə mühacirət edən AXC üzvlərinin taleyini yada salır. Fətəlixan Xoyskinin, silahdaşı X.Xasməmmədovun erməni terrorçuları tərəfindən güllələnməsi, Xoyskinin
faciəli ölümü, X.Xasməmmədovun yaralandığı barədə 1986-cı ildə Parisdə çap olunmuş kitabda məlumat verildiyi bildirilir.
“Kommunist” qəzetinin 1920-ci il, 22 iyun (N.42) nömrəsində verilən məlumatı (“Sovet hökuməti düşmənlərinin qətli. Tiflisdən gəlmiş yoldaş bildirir ki, şənbə günü, iyunun 19-da axşam saat 9-a yaxın Olqinski küçəsinin başlanğıcında mauzerdən açılan atəşlə Fətəli Xan Xoyski və Nəsib Bəy Usubbəyov öldürülmüş, Gürcüstan hökuməti qətldə şübhəli bilinən səkkiz nəfəri saxlamışdır”) diqqətə çəkən alim qətlin 3-cü günü dərc olunan bu məlumatı nəzərə alaraq bu fikirdədir ki, “sui-qəsdin bir sıra məqalələrdə indiyədək qeyri-dəqiq göstərilən yeri və vaxtı şübhə doğurmur. Məlumatın ikinci diqqəti çəkən məqamı ondan ibarətdir ki, Nəsib bəy Yusifbəylinin müəmmalı qətli hqqında indiyədək dolaşan fərziyyələrə tam aydınlıq gətirir. Onun öldürülməsində indiyədək adı hallanan Qarxunlu Əşrəf bəyin günahsızlığı isə öz təsdiqini tapır.”
AXC-nin qurucularının xatirə günlərinin Azərbaycan mühacirlərinin mətbuatında daima yad edildiyi, bu mənada M.Bala Məhəmmədzadənin 1928-ci ilin 15 iyunda “Azəri-Türk” jurnalında çap etdirdiyi “Fətəli Xan Xoyski” məqaləsini yada salır və bu məqaləni dəyərli və aktual qiymətləndirir. “Əsər 74 il öncə yazılmasına baxmayaraq, bu gün də aktual səslənir və dəyərlidir. Mirzə Bala Məhəmmədzadənın cümhuriyyət qurucularına verdiyi dəqiq və obyektiv qiymət, onun uzaqgörənliklə söylədiyi fikirlər məqalədə öz əksini tapmışdır”-deyir.
Aparılan araşdırmalarda Asif Rüstəmlinin şəxsi alim mövqeyi, vətəndaş təəssübkeşliyi gözdən qaçmır, onun milli mücadilə yolunda canını belə fəda edən tarixi şəxsiyyətlərimizin şərəfli həyat yoluna böyük hörmət və ehtiramı böyükdür.
GÜLXANİ PƏNAH
Filologiya üzrə elmlər doktoru, dosent.