“Ulduz” jurnalının sentyabr sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb. Dərginin bu nömrəsi Türkiyənin “Genç Yürekler” jurnalına həsr olunub. “Ulduz”un və “Genç Yürekler”in birgə layihəsinə əsasən dərc olunan yeni sayda 51 türk müəllif yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”. “Genç Yürekler”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayımız çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Genç Yürekler” “Ulduz” jurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək. “İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcəklər.
Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi tarixi günlərdə “Ulduz” və “Genç Yürekler” dərgilərinin birgə əməkdaşlığı Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.