...Bu il Azərbaycan operasının otuz illiyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq mənə nəsib olmuşdur. Beləliklə, “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən yol təkcə Azərbaycan operasının otuz illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur.
“Leyli və Məcnun” necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; amma məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” səhnəsini gördükdən sonra yaranmışdır.
Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, birneçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi.
...Bununla belə “Leyli və Məcnun” böyük müvəffəqiyyət qazandı. Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz sahəsində Azərbaycan operasının yaranmasını gözləyirdi. “Leyli və Məcnun”da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun rolunu ifa edən Sarabskinin böyük xidməti olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan operasının tamaşaya qoyulmasında artist Sarabskinin böyük rolu olduğu qeyd edilməlidir.
...Biz gənclər, “Leyli və Məcnun” operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik.
... “Leyli və Məcnun”un müvəffəqiyyəti mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi. 1909-cu ildə ikinci bir opera - “Şeyx Sənan” operasını və “Ər və arvad” musiqili komediyasını yazdım.
“İrşad” qəzeti 1908-ci il 10 yanvar tarixli sayında belə bir anons vermişdi: “Müsəlman (Azərbaycan-”Q”) dilində əvvəlinci dəfə opera şənbə günü yanvar ayının 12-də Hacı Zeynalabdin Teatrosunda “Nicat” cəmiyyətinin dram heyəti tərəfindən mövqe tamaşaya qoyulacaq: “Leyli və Məcnun”. Opera 5 məclisdə və 5 təsvirdə”.
Həmin gün tamaşa baş tutmuş, Azərbaycanda və bütövlükdə Şərq aləmində ilk operanın üverturası səslənmişdi. Əsərin müəllifi 22 yaşlı gənc, sonralar Azərbaycan professional musiqisini möhtəşəm bir bünövrə üstündə ucaltmış Üzeyir bəy Hacıbəyov idi. Dahi Füzulinin ölməz “Leyli və Məcnun” poemasının motivlərinə müraciəti bəstəkarın hər şeydən öncə yüksək ədəbi zövqündən, klassik ədəbiyyatımıza dərindən bələdliyindən xəbər verirdi ki, bu da operanın sonralar uzunömürlü olmasına zəmin yaratmış amillərdəndi. Bununla belə ilk operanın gələcək uğurlarında həlledici rolu daha çox bəstəkarın qeyri-adi istedadı oynamışdı. İlk tamaşanın “Məcnun”u Hüseynqulu Sarabski, “Leyli”si Əhməd bəy Ağdamski idi. Digər rolların ifaçılarının, bütövlükdə yaradıcı heyətin tamaşanın uğur qazanmasında, operanın qısa bir müddətdə şöhrətlənməsində böyük əməyi olmuşdu.
İndi o zamanlardan bizi 100 il ayırır. “Leyli və Məcnun” operası bu gün də səhnədən düşmür, yeni-yeni quruluşlarda, yeni-yeni aktyor-müğənni nəsillərinin ifasında təravətini, təsir gücünü saxlayır, yaşından, peşəsindən asılı olmayaraq tamaşaçılarını sehrləməkdə davam edir.
“Leyli və Məcnun” qeyri-adi bir sənət məktəbidir. Bu məktəbin imtahanından neçə-neçə Məcnun, Leyli üzü ağ çıxıb, sonralar böyük sənət meydanına atılaraq uğur qazanıb, şöhrətlənib, həmişə də bu ölməz operanın həyatlarında oynadığı rolu dönə-dönə etiraf ediblər. İlk “Məcnun” H.Sarabskidən başlamış hələlik sonuncu “Məcnun”, 15 il ərzində 100 dəfədən artıq bu rolu oynamış Mənsum İbrahimova qədər onlarla sənətçi “Məcnunluq etmişlər. Leylilərin sayı isə daha çoxdur: Həqiqət Rzayeva, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz Məmmədova, Aygün Bayramova, Simnarə İmanova, Nəzakət Teymurova...
“Leyli və Məcnun” operasının bu dərəcədə yaşarılığının, cazibəsinin, təsir dairəsi genişliyinin və nəhayət, ölməzliyinin sirri nə ilə bağlıdır? Heç şübhəsiz, məşhur Şərq süjeti əsasında yazılmış rəngarəng, zəngin, emosional musiqi ilə. Azərbaycan xalq musiqisinin dərin qatlarından şaxələnən, muğamlarımızdan rişələnən, Üzeyir bəy dühasının sehrilə cilalanan, yeni keyfiyyətlər qazanan bu musiqi operanın əsas özəyi, mayasıdır. Opera muğamlardan yaradıcı faydalanmanın, dünya opera sənətinə həssaslığın gözəl nümunəsidir. Bir çox məziyyətilə “Leyli və Məcnun” opera sənətimizin sonrakı inkişafına ciddi təsir göstərmişdir.
İlk operamızın 100 illiyi qeyd olunan bu günlərdə onun ölməz yaradıcısını minnətdarlıqla xatırlamağımız təbiidir. Amma operanın 100 illiyini daha təntənəli, daha miqyaslı unudulmaz sənət bayramına çevirməyimiz onun xatirəsinə böyük ehtiram olardı. 2008-ci ili “Leyli və Məcnun” ili elan eləmək mümkündü. İlboyu ölkəmizdə müxtəlif musiqi gecələri, müsabiqələr, festivallar, elmi konfranslar keçirmək, xarici məmləkətlərdə səviyyəli, düşünülmüş proqramlarla rəngarəng tədbirlər nəzərdə tutub gerçəkləşdirmək olardı. Hələ ki gec deyil, ilin iki-üç ayı arxada qalıb, əlaqədar təşkilatların bir daha düşünüb-daşınmağına dəyər...
“Leyli və Məcnun”un 100 yaşı... Həmişəcavan, təravətini heç vaxt itirməyəcək bu əsərə hələ çoxları baxacaq, “Şəbi-hicran” xorunu hələ çoxları dinləyib təsirlənəcək.
Operamızın səhnəsinə yeni-yeni leylilər, məcnunlar, nofəllər... çıxacaq, sələflərinin sıralarında layiqli yerlərini tutacaqlar. Hər yeni tamaşaçı nəsli də böyük Üzeyir bəyin 22 yaşında yaratdığı bu sənət incisinin seyrinə, səcdəsinə gəlib sehrinə düşdükcə ölməz yaradacasını minnətdarlıq duyğularıyla xatırlayacaqlar.
“Qobustan “ jurnalı