2024-10-26
Məryəm Qurbanzadə- “Rosinante” filmin təhlili
İnsana yalnız sevgi lazımdır?
Oktyabr 24, 2024
Bildiyimiz kimi, oktyabrın əvvəllərində XV Bakı Beynəlxalq Filmlər Festivalı baş tutdu. Ötən ilə qədər “Bakı Beynəlxalq Qısa Filmlər Festivalı” kimi tanınan festival bu ildən etibarən adındakı “qısa” sözünü sildi və tammetrajlı filmləri də qəbul etməyə başladı. Festivala müxtəlif kateqoriyalar üzrə 800-dən çox film göndərilsə də, onların cəmi 79-u festivalın proqramına daxil edildi. Bu 79 filmdən 12-si tammetrajlıdır. Bu filmlərdən biri, rejissora Baran Gündüzalpa “Ən yaxşı rejissor” mükafatını qazandıran “Rosinante” filmidir. Film, rejissorun debüt işi olmasına baxmayaraq, kifayət qədər peşəkarcasına çəkilib. İlkin versiyası 150 dəqiqə olan filmin metrajı son montaj prosesi nəticəsində 103 dəqiqəyə endirilib.
Film kifayət qədər aktual problemləri gündəmə gətirir. Sadəcə Türkiyədə yox, bütün dünyada, xüsusən də, pandemiyadan sonrakı işsizlik problemi, savadlı, təcrübəli, təhsilli və potensiallı gənclərin cəmiyyətdə özlərini tapmaqda çətinlik çəkmələri, məcburiyyətdən hər işdə işləyib öz potensiallarını və əsəblərini məhv etmələri, pul qazanmaqdan ötrü övladlarına, sevdiklərinə vaxt ayıra bilməmələri, maddiyyatın arxasınca qaçmaqdan mənəviyyatı ikinci plana atmaları, uşaqlarını gərgin, vəhşi və amansız bir şəraitdə böyütmək məcburiyyətində qalmaları, ictimai gərginliyin ailənin daxilinə də, uşaqlara da (bəlkə də, ən çox onlara) sirayət etməsi və başqa problemlər bu filmdə öz əksini tapıb. Bütün bu problemlər tamaşaçının duyğularını istismar etmədən, qeyri-sentimental, sadə və təbii şəkildə təsvir edilib.
Filmin qəhrəmanları Salih (Fatih Sönmez) və Ayşe (Nilay Erdönmez) İstanbulda altı yaşlı oğulları Emre (Can Demir) ilə birlikdə yaşayırlar. Ailə maddi cəhətdən olduqca çətin vəziyyətdədir və ər-arvad bu problemdən çıxış yolları axtarır. Bir tərəfdən isə evin kirayəhaqqını ödəyə bilmədiklərinə görə öz büdcələrinə uyğun ev axtarırlar. “Rosinante” adlı motorollerləri ilə sərnişin daşıyaraq pul qazana biləcəklərini öyrəndikdən sonra bu işlə məşğul olmağa başlayırlar və tamam başqa bir İstanbulla tanış olurlar. Amma günlərin bir günü “Rosinante” oğurlanır…
Filmin beş qəhrəmanı var: Ana, ata, uşaq, motoroller və İstanbul. Bu film həm şəhər, həm də yol filmidir. Burada həm axtarış var, həm də mübarizə…
Filmin ən diqqətəlayiq tərəfləri gözəl və sadə ssenarisi, atmosferin və mühitin təbiiliyi, kifayət qədər yaxşı aktyor oyunu, səmimi, real və inandırıcı dialoqlarıdır. Ər-arvad arasında olan gərginliyi onların hər bir cümləsindən hiss etmək olur. Bu gərginlik o səviyyəyə çatır ki, onların yerinə tamaşaçı narahat olur və o gərginliyi yaşayır.
Bu təbiilik xırda nüanslarda, məsələn, Salih və Ayşenin işlərinin çətin məqamlarında özünü büruzə verir. Salih işləməyə başlayandan bir neçə gün sonra xəstələnir və bir müddət evdən çıxa bilmir. Ayşe çağrı mərkəzində saatlarla işləyir və yüksək təzyiq nəticəsində burnundan qan açılır, gününün böyük hissəsini müştərilərlə danışmağa sərf etdiyi üçün tez-tez öskürür. Əlbəttə, bunlar xırda, həmçinin ssenarini zənginləşdirən, təbiiləşdirən nüanslardır.
Bu qədər sadə, amma təsirli bir əsər yaratmaq üçün müəllifdən dərin həyat təcrübəsi tələb olunur. O sadəliyə gedib çata bilmək, ssenarist və rejissor üçün çox çətin məsələdir. Filmin rejissorunun sözlərinə görə, bu ideya onda hələ 2017-ci ildə yaranıb. O və Fatih Sönmez (Salih) həmin dövrdə İstanbulda, doğrudan da, motorollerlə sərnişin daşıyıblar. Hər təbəqədən, İstanbulun hər məhəlləsindən insanlar görüblər. Təbəqələr arasındakı təzadlar, həmin insanların hekayələri, yaşamaq uğrunda mübarizə, yüzlərlə insan, yüzlərlə hekayə, yüzlərlə tipaj, yüzlərlə qəhrəman… Deməli, yaradıcı şəxslərin öz təcrübələrindən, gördüklərindən, yaşadıqlarından yazmaları ən təbii sənət əsərlərinin meydana çıxmasına səbəb olur.
Hər bir insan bu filmdə özündən nələrsə tapa bilər. Bir çox insanlar bu filmə baxıb deyə bilərlər: “Bu mənəm!” Hadisə və problem orta təbəqədən olan hər bir ailənin qarşılaşa biləcəyi problemdir. Amma biz bütün bunlara, bəlkə də, uşağın gözündən baxırıq. Onun yaşadıqlarına, çəkdiyi əziyyətə və hisslərinə şahidlik etmək, tamaşaçının nəzərində filmi tamam başqa bir səviyyəyə dartır, ona başqa prizmadan baxmağımıza səbəb olur.
Emredə selektiv mutizm problemi var. Selektiv mutizm – uşağın danışmağı bacardığı halda danışmamasına deyilir. Güclü emosional travması olan uşaqlar özləri üçün xəyali dost yaradırlar, öz yaratdıqları dünyada onlarla danışırlar, onlara yaxınlıq duyurlar. Emrenin danışmamasının, emosional travma keçirməsinin səbəbi valideynləri arasındakı gərgin münasibət, üstəlik ata-anasının onunla ünsiyyətinin aşağı səviyyədə olmasıdır. Ərlə arvad uşağın yanında evin problemləri haqqında danışmamağa çalışsalar da, bu alınmır. Uşaqlar həssas olduqları üçün hər xırda bir şeydən təsirlənə bilirlər, hər xırda nüans onlara təsir edir, yaddaşlarında böyük iz buraxır.
Emrenin yeganə istəyi və ehtiyacı ailəsinin onunla vaxt keçirməsidir. Amma nə anasının buna imkanı var, nə də atasının. Uşaq isə danışmasa belə, hər cür yolla bir problemi olduğunu onlara bildirməyə çalışır. Gah anasının qulaqlığını götürüb gizlədir, gah atasının ən çox sevdiyi kitabı cırır, yatarkən onu necəsə oyadır və s. Lakin onun bu səyləri hər dəfə nəticəsiz qalır…
Bu baxımdan Emre o evdə sadəcə atasının motorollerinə məxsusi münasibət bəsləyir, onu xüsusi bir yerə qoyur. Emre üçün həmin motoroller evin problemlərindən qaçış və xoşbəxtlikdir. Motoroller oğurlanandan sonra Emrenin torpağa oyuncaq motoroller basdırdığını görürük, sanki uşaq onu qorumaq istəyir.
Rosinant, Migel de Servantesin “Don Kixot” romanında Don Kixotun çəlimsiz, zəif, qoca və yorğun atının adıdır. Buna baxmayaraq, Rosinant sahibi Don Kixotun gözündə olduqca güclü, ehtişamlı, möhtəşəm bir atdır. Bu filmdə də “Rosinante” bir müddətdən sonra ailənin “çörək ağacı”na çevrilir və sanki sahibi onun boynuna ailənin bütün yükünü daşımaq kimi bir məsuliyyət yükləyir. Lakin “Rosinant” bir müddətdən sonra bu yükü daşıya bilmir və təmirxana səhnəsində Salih, əslində, öz motorollerinin o qədər də güclü olmadığını anlayır.
Filmin bütün dramaturgiyası demək olar ki, o motorollerdən asılıdır, hətta finalı da… Buna görə də o, doğrudan da, ayrıca bir obraz kimi çıxış edir.
Kino tarixində saysız-hesabsız yuxu səhnəsi var, amma uğurlu olanlarının sayı o qədər də çox deyil. Bu filmdəki yuxu səhnələrini kifayət qədər uğurlu hesab edə bilərik. Tamaşaçı son ana qədər onların yuxu olduğunu anlamır, ən son anda, hadisələr gərginləşib ən pik həddə çatanda hər şey məlum olur.
Yuxu səhnələrində Salihin daxili aləmi, təhtəlşüurunda gedən proseslər üzə çıxır. İnsan darıxanda, bəzi şeylər hər gün təkrarlananda, həyat onun üçün çətinləşir, dözülməz hala gəlir. Bunun üzərinə maddi çətinlik də əlavə olunanda insan nələrdənsə qaçmaq istəyir. Gerçək həyatda qaçıb canını qurtara bilmir, çünki onun boynunda böyük bir yük, məsuliyyət var, amma qaçışlar yuxuda özünü büruzə verir. Bu baxımdan yuxusundakı sarışın qadın sanki onun zehnindəki qaçışıdır. Başqa bir yuxu səhnəsində Salihin çarpayıda hərəkətsiz uzanmağı, arvadının, içi dolu qutuları onun üstünə qalaqlamağı, onun buna heç bir reaksiya verməməyi, hərəkətsiz qalmağı qəhrəmanın çarəsizliyinin, gücsüzlüyünün göstəricisi kimi çıxış edir.
Filmdə tez-tez təsvir olunan balıqlar, sözsüz ki, metafordur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, filmin ilk adı “Balık kırgını” olub. Filmin yaradıcı heyəti filmi beynəlxalq festivallara göndərəndə onu “Rosinant” adı ilə göndərib. Balıqlar filmin üç yerində təsvir edilir. Birinci dəfə filmin ilk kadrında görürük, Emre akvariumun arxasından çağrı mərkəzində işləyən anasına baxır, digər ikisində isə balıqları yuxu və ya xəyal səhnəsi kimi yerdə çabalayan görürük. Can verən balıqlar elə onların özləridir, bəlkə də, elə hamımızıq. Sağ qalmağa çalışan, oksigen axtaran insanlar… Sadəcə fiziki cəhətdən yox, mənəvi cəhətdən də təkmilləşməyimiz, inkişaf etməyimiz üçün uyğun mühiti tapmağa çalışırıq. Bu mühiti və həyatda öz yerimizi tapa bilməyəndə isə öz suyumuzda, torpağımızda, iqlimimizdə can verməyə başlayırıq.
“Balık kırgını” ifadəsinin mənası belədir: Suyun temperaturunun anidən dəyişməsi nəticəsində balıqların tələf olması…
Diqqətli tamaşaçı filmə baxanda bir çox filmlərin təsirini, nəfəsini duyur. Məsələn, motorollerin oğurlanmasını “Velosiped oğruları” filmi ilə (1948, rej. Vittorio De Sika) müqayisə etmək olar. “Velosiped oğruları”nda İkinci Dünya müharibəsindən sonra çox ağır şəraitdə olan Roma şəhəri təsvir edilir. Lakin bu sadəcə o dövr üçün mü keçərli idi? Tarix təkrarlanır. Müasir dövrdə də pandemiyadan sonra biz bənzər problemlərlə qarşı-qarşıya olduğumuzu görürük. İnsanlar çox ağır şəraitdə həyatdan ikiəlli yapışmağa çalışırlar.
Lakin bu filmi “Velosiped oğruları”ndan fərqləndirən bir məqam var: “Velosiped oğruları”nın finalında ata əlacsızlıqdan əlinə imkan düşən kimi özü də velosiped oğurlayır. Bu filmdə isə sonda onların belə bir fürsəti olmasına baxmayaraq, ərlə arvad başqasının motorollerini oğurlamırlar. Digər bənzərlik isə, ailənin kartof yediyi səhnədir. Bu, Bela Tarın “Turin atı” filmindəki epizoda çox bənzəyir, hətta rejissor da bu filmdən təsirləndiyini danmır.
Final səhnəsi filmin, bəlkə də, ən təsirli səhnəsidir. Qəhrəmanlar böyük şeylərə, maddi nələrəsə ehtiyac duymadan, sadəcə öz təxəyyülləri ilə xoşbəxtliyi, sevgini hiss edirlər. Dənizin, quşların, küləyin səsini… Hər şey məhv olandan sonra onların bir-birləri ilə vaxt keçirməkdən başqa çarələri qalmır və beləcə hər şey düzəlir. Film sanki insana deyir: “İnsana ən çox insan sevgisi lazımdır”.
Məryəm Qurbanzadə