Dekabrın 17-də, saat 18.00 -da Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Ukraynanın Azərbaycandakı səfirliyi ilə birlikdə həyata keçirilən“Ukrayna mədəniyyətinin yeni üfiqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində “Ukrayna şeiri gecəsi keçirildi”.
Gecədə “O gözəl, yenilməz Ukrayna” şeir antologiyası, “Deraviya: kvant sıçrayışı” romanı təqdim olundu, Azərbaycan, Ukrayna və Avropanın klassik və çağdaş bəstəkarlarının əsərləri səsləndi.
“Mücrü” nəşriyyatında işıq üzü görən “O gözəl, yenilməz Ukrayna” poeziya antologiyasına Ukrayna şeirinin Taras Şevçenko, Qriqori Koçur, Lina Kostenko, Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan, Veniamin Husyev, Lyubov Qolota, Yuri Buryak, Aleksandr Korotko, Dmitro Kremin,Taras Fedyuk, Oksana Paxlyovska, Vasıl Gerasimyuk, Petro Midyanka, Svetlana Koronenko kimi klassikləri və artıq bilinən görkəmli şairləri ilə yanaşı, İqor Pavlyuk, Marianna Kiyanovska, Sergey Jadan, Yelena Dorofiyevskaya, Janna Bezpyatçuk, Alyona Malyuqa, Anna Maliqon, Lesya Mudrak, Vano Krüger, Dmitro Çistyak, Miroslav Layuk, Vitali Bilozir, Anatoliy Matviyçuk, Vasil Kuzan, Dmitro Drozdovski, Petro Maqa, Boqdan Nazarenko, Andrey Paermyakov, Yuri Husyev, Dmitro Lazutkin, Yuliya Berejko-Kaminska, İrina Bakovetska kimi şairlərinin, özü də xüsusən son illərdə yazılan şeirləri daxil edilib. Süleyman Rüstəm və Rəsul Rza kimi klassiklərimizin tərcümələrindən örnəklər daxil edilən antologiyada Siyavuş Məmmədzadə, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfa və Səlim Babullaoğlunun tərcüməsində çoxsaylı nümunələr yer alıb. Kitab Azərbaycan-Ukrayna ədəbi əlaqələrində xüsusi və ardıcıl xidmətləri olan iş adamı, xeyriyyəçi Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib.
Antologiyanın tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi, şari Səlim Babullaoğlu, Ukrayna Yazıçılar Birliyinin Dmitro Drozdovski, məsləhərçiləri Taras Şevçenko Milli Muzeyinin baş direktoru Dmitro Stus, Ceyhun Kəsəmən, layihənin koordinatoru Möhsüm Aslanovdur. Kitabın ön sözü Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevə aiddir.