Birinci şəkil
…Gör bir nə vaxtandı, zaman-zaman dünyada söhbət gəzir ki, Şekspirin pyeslərini, «Qlobus» teatrının sonradan bütün dünyanın tanıdığı məşhur aktyoru deyil, tamam başqa birisi yazıbmış. Ən çox da, adətən, bu cür tarixi dramlar, o cümlədən «Teymurləng» pyesini yazıb ortaya qoymuş Kristofer Marloya güman gedib. Bu məsələdə bir qədər məntiqsizlik üzə vurub çıxır. Necə olur ki, Kristofer Marlo dramaturq kimi öz dövründə tanınır… ancaq o bir əsərini yazıb o birisini sandıqda gizlətməz axı, yaxud da o əsəri başqasının adı ilə tanıtdıra, tamaşaya qoydura bilməzdi. Guya ki, dramaturq vaxtilə necə ki, vəsiyyət eləyibmiş, çox-çox sonralar Şekspirin sərdabəsi açılacaqmış, dünyanın ən dahi dramaturqu ilə bağlı (eləcə də, yer üzündə məmə yeyəndən pəpə yeyənə qədər hamının tanıdığı qələm sahibi) bir sıra mübhəm-mətləblər, o cümlədən, yəqin ki, yaradıcılığının əsas sirri aşkara çıxacaqmış, – neçə yüzildi, dünyanın ağlını və zövqünü ovsunlayan, hər bir teatrın səviyyəsini bəlirtən həmən faciələrin müəllifi görən kim ola? Şekspirin sərdabəsi açıldı, yainki açılmadı – deyə bilmərəm… Bəlkə də açdılar, açıblarsa, məsələnin kökünə varmamış deyillər. Lap əsl həqiqətdən agah olublarsa da, açıb-qabartmağı gərəkli saymayıblar. Hamı, bütün dünyada, yalanmı-doğrumu, Şekspiri elə bu vaxtacan tanıyıb-bildiyimiz Şekspir kimi tanıyır. Şekspirin əsərləri kimi tanıdığımız həmin faciələri özgə, tamam naməlum adam yazıbsa belə, qayaya qaynayıb qarışan bir bütü yıxıban yerinə başqa bir bütü ucaltmağın nə mənası?! Və həmin büt özünün postamentinə qaynayıb qarışacaqdımı?! «Hamlet»i, «Otello»nu, «Romeo-Cülyetta»nı başqa birisi qələmə almış olsaydı belə, o da yəqin ingilis olacaqdı, özgə millətdən ola bilməzdi. Belə bir halətdə, boş yerdən söz-söhbət yaratmağın, dolunu boşa, boşu doluya vurmağın nə mənası?!.
…Moskvada elə sözügedən bu məsələ barədə bir kitab çap olunub. Həmin kitabda müəllif son dərəcə dəqiq-dürüst faktlarnan, neçə yüzildən bəri dünya tamaşaçılarının ağlını, ruhunu özünə maqnit kimi cəzb eləyən pyeslərin kim tərəfindən yazıldığını aşkarlayır. Daha doğrusu, bu sübutlar güman şəklində olsa da, tutarlı sübutdan heç də cılız görünmür. Moskvalı müəllifin bu kitabı Şekspir müəmmasına elə gur işıq saçır ki, faktların dürüstlüyünə bir misqal da olsun, inanmaya bilmirsən… Az vaxt içərisində Avropa dillərinə tərcümə olunan kitab ədəbiyyatşünaslıq və sənət aləmində o qədər məşhurlaşıb ki, hətta Moskvanın sənət elitası o kitabı Nobel mükafatına təqdim etmək niyyətində olub. Sözün qısası isə budu ki…
…Çox məşhur bir ingilis qrafı hamıdan gizlincə pyeslər yazırmış və bu qrafla başqa bir məşhur ingilis qrafı arasında, uzun zaman sahil görməyən matros məhəbbəti varmış. Həmən qraf kübar təbəqənin qınağına tuş gəlməmək üçün ad olur ki, – guya evlənib. Öz sirrini zövcəsinə açır, təbii ki, onların uşaqları da olmur. Bundan savayı, qraf və qrafinya bir sirri də təxminən eyni vaxtda bu fani dünyadan aparıb gedirlər – ikisinin bir yerdə pyeslər quraşdırmağını; o vaxtkı kübar ingilis cəmiyyətində yazı-pozuynan məşğul olmaq həqarət sayılırdı. Bu, ona bənzəyirdi ki, ingilis kübarı gedib əkin əksin, yer şumlasın və s. Qraf öz quraşdırdığı faciələri, səhnədə görmək istəyirdi və Stratforddakı «Qlobus» teatrının Şekspir adlı aktyorunu bu məqsədlə «icarəyə götürdü». Həmin təklif – başını ailə basan yoxsul, əyyaş, qaba və eləcə də kütbeyin aktyor üçün göydəndüşmə bir qazanc idi, axı qraf ona bununçun haqq da boyun olmuşdu.
…Şekspir barədə bu həqiqəti olsun ki, Dumanlı Albionda çoxdan fəhm eləyiblər, intəhası, söz bayaqkı sözümdü – ingilis deyilən məxluq dovşanı arabaynan tutur, cırtqoz millətlərdən deyil ki, atılıb düşə ortalığa, öz bildiyini, heç bu fani dünyada bəs qədər ömür sürmüş, öz sərdabəsinə köçmüş və köçəsi kraliçələrə də qıyıb verməz. (Allah-təala öz dinində axirətini versin, türkün misalı, bu vaxtacan o rəhmətlikdən «bir yaxşılıq-yamanlıq» görməmişəm, – ana kraliçəyə rəğbətimsə bircə ona görədi ki, ikinci dünya müharibəsi vaxtı indikinin anası Bukinhem sarayını hərbi hospitala çevirmişdi və özü şəfqət bacısı kimi əsgərlərin yarasını sarıyırmış…)
İkinci şəkil
…Bəs biz hansına inanaq? Yəni Şekspir pyeslərini doğrudanmı həmən o Stratford «Qlobus» teatrının (bu günkü Stratford Kral teatrının) deyilənə görə, o kütbeyin, qarınqulu, əyyaş aktyoru yazıb, ya dünyanı sarsıdan, insanın varlığını alt-üst eləyən o pyeslər, ötən şəkildə ucundan-qulağından dediyim və moskvalı müəllifin çox ağıllı, tarixə-məntiqə söykənən, necə deyərlər, bir batman balnan yeyiləsi o kitabında söyləndiyi kimi – çox yəqin ki, içərisindəki istedadı yığıb-yığışdıra bilməyən o «xonsa», ingilis qrafının qələmindən çıxıb?! Öz batinimdəki avantürü (fitə getməyi) boğmağa çalışsam da, boynuma alıram – o moskvalı ədəbiyyatşünasın sübut-sanbalına daha çox inanıram… «Hamlet»i, məncə, qadın təbiətli bir adam (indiki ibarəynən desək, cinsi yönü dəyişik, daha doğrusu, əyiş-üyüş olan kişi xeylağı) yazıbdı… Və bəlkə mən, özüm sənətcə rejissor olmasam da, ancaq hər bir tamaşaya, ya filmə baxandan sonra, gəlib-gəlib hülqumuma dirənən isti qan laxtasına bənzər bir nəsnəni, kiminsə duyub-gördüyünü özgə cürə görmək istədiyimi özümdə boğmağı bacarmıram və çoxlarının bir cəngavər, atasının intiqamını almağa çalışan, hayıf çıxmaq istəyən çəhrayı bir qəhrəman sandığı Hamlet mənim təsəvvürümdə, sözün indiki mənasında «mavi» bir məxluqdu. Və dramaturqun, daha doğrusu, bunu yazıb-yaradan həmən o zənənvari qrafın «öz açarı ilə açıla biləsi qapının açar yerindən» diqqətlə baxmış olsaq, məncə, tamam fərqli, özgə bir mətləblər seyr etmiş olarıq (hər halda mən belə düşünürəm) – bizim «qəhrəman»ın «HƏQİQƏTİ» nə atasınn əsl qatili olan əmisinin, nə də həmişə üstündə «minik» istəyən «madyan» anasının üzünə, piter inqilabçısı olmasa da, üzünü bozardıb heç olmasa bir kişi şaxlığıynan deməyə cəsarəti çatmır. Yadınızdadımı, atasının ölümü əvvəlcə Hamletin heç qulağına girmir. Bekarçılıqdan darıxan, dünyanın gəldi-gedərinə o qədər də baş qoşmayan saray «dendi»lərindən biridi. (Təsadüfi deyil ki, Mao vaxtında Lorens Olivyenin o zaman baş rola çəkildiyi «Hamlet» filminə Çində yasaq qoyulmuşdu, kitabxanalardan «Hamlet» yığışdırılmışdı. Danimarka şahzadəsi o vaxtkı rejim üçün «müftəxor burjuaziyanı təmsil edən tüfeyli bir burjua nümayəndəsindən» özgə bir şey deyildi…
…Hamlet heç onun fərqinə də varmır ki, atası öləndən sonra taxt-taca əmisi yox, kralın oğlu – o sahib durmalıydı… Bəli, Şekspirin (daha doğrusu, «xonsa» qrafın) pyesləri qədər insan şəhvətini, patoloji qatları özünə hopurdan, canına çəkən ikinci bir dramaturgiya ağlıma gəlmir. Məncə, bir qədər üzdəniraq görünsə də, Şekspir pyeslərindəki adamların əlləri-üzləri, qofreli-manjetli əyin-başları qana və bir də insan belindən qopub gələn «iliyə» bulaşıqdı. Şekspir Z.Freydə – şəhvəti bəşər həyatının aparıcı qüvvəsi sayan böyük psixoloq və filosofun sisteminə ən yaxındı. O qədər yaxın ki, aralarından su suluğuynan keçə-keçməyə… Və Şekspir dramaturgiyasına heç vaxt azalmayan, əksinə zaman-zaman özünün ən yüksək qübbəsinə çatan maraq da bəlkə elə burdan gəlir…
…Şekspir dramaturgiyası, sayasan – bir əntiq dükanıdı ki, orda rejissormu, aktyormu, elə sizli-bizli adi tamaşaçı bəndəsi, ucu-bucağı görünməyən, qaranlıq və sirli dükandan istədiyini axtarıb tapır…
Üçüncü şəkil
– Görən, hər il dünyanın harasında və neçə teatrında dünya dramaturgiyasının bu şah əsəri, neçənci kərə səhnəyə çıxır, – orasını demək çox çətindi… Danimarka şahzadəsi Azərbaycan səhnəsində əlini alnına qoyuban çox da düşünüb-daşınmayıb, çox olsa, iki-üç dəfə. Orası da həndir-hündür; Abbas Mirzə rəhmətlik Danimarka şahzadəsini o dövrün ruhunda oynamışdı. Özü də səsinə güc verib oynamışdı. Belə tələb olunurmuş. Tofiq Kazımov rəhmətliksə «Olum, ya ölüm»ü Həsən Turabovun dilindən eşitmək istəmişdi… Ancaq… «Ölülər»dəki İskəndərlə, guya ki, atasının intiqamını almaq istəyən Danimarka şahzadəsi arasında olan oxşarlıq – olsa-olsa zahiri, əgər demək mümkünsə, teatral oxşarlıqdan özgə bir şey deyil. Hətta «maskaları», daha doğrusu, «niqabları» belə özgə-.özgədi… Həsən Turabov – İskəndər… Vaxtilə Tofiq Kazımovun bu seçimindən sonra o cür qəlibə düşən ikinci bir İskəndərin olacağına gümanım çox azdı, hərçənd orasını da bilirəm ki, bu gumanımda əvvəl-axır yanıla bilərəm… Şəfiqə Məmmədovanın Gertrudası yerindəydi, həmən Gertruda yadımda qalıb, H.Turabovun Hamleti isə səhnənin bir küncündə dayanıban… hər şeyə yalnız və yalnız Kefli İskəndərin gözləriylə baxır… Vəssalam-şüttamam…
– …Mənim üçün ən maraqlı məqamlardan biri o idi ki, səhnəmizin ən «maqnit» xanımlarından biri olan Hökumə Qurbanova (düz yüz il bundan əvvəl dünyaya gəlmişdi, ruhu şad olsun) ömrünün son illərində, demək olar ki, səhnəyə çıxmırdı və nə qədər qəribə görüksə də… Hamleti (? – bəli, bəli, Hamleti!) oynamaq arzusuynan yaşayırdı. Və o zaman «səhnə ulduzunun» bu, yüngül desək, nahamvar arzusuna, – nə gizlədək, mən öz payıma deyirəm, Allah günahımızdan keçsin, – rişxəndlə baxırdıq.
…Bu gün, üstündən illər keçəndən sonra rişxənddən sıyrılıb çıxıram, həm də məsələyə bir az dərindən yanaşmağa cəhd göstərirəm… Baxıb görürəm ki, biçarə səhnə ustasının həmən, vaxtilə bizə əcayib-qərayib görükən arzusunda heç bir qəribəlik yoxmuş. Əvvəla, ona görə ki, bütün Şərq teatrında çox vaxt qadınların rolunu kişilər oynayıbdı. Qadın sənətçilərin saya-hesaba gəlmədiyi indiki zamanda belə orta əsr yapon – No, eləcə Kabuki teatrında, yenə də o vaxt olduğu kimi, qadın rollarını kişi akytorlar oynayır… Dünya səhnəsində və ekranında belə çevrilmələr bəs qədərdi… Elə onacan, S.Paracanovun «Nar rəngi» filmini, həmin filmdə Sayat Nova rolunda isə tanınmış gürcü aktrisası Sofiko Çiaurelini görmüşdük…
- …İllər keçdikcə və hər dəfə dünya dramaturgiyasının bu şah dramını yenidən oxuduqca (mənə elə gəlir ki, «Hamlet»in dilimizə köhnə tərcümələri daha samballı və dəqiqdir) özlüyümdə Hamleti, Leonardonun «Cokonda»sı kimi görürəm. Eynilə həmən şeytani təbəssüm, mehribanmı, ya əzazilmi, (ana təzə doğulan körpəsinə beləcə baxa bilər, yaxud inkvizitor fitva verib tonqala atdıracağı adama o təhər nəzər yetirmiş olar), kim bilir, bəlkə, da Vinçi insan deyilən məxluqu lap içəridən, batindən oxuya bilib. Və insan indinin özünəcən Allahın yaratdığı məxluqat arasında bir sirr kələfi olaraq qalır. Adicə bir insan olan hər birimiz çox vaxt heç özümüzdən axıra qədər baş açıb anlaya bilmirik. Eləcə, biz bəndələri, Tanrıdan, Allah-təaladan savayı heç kəs tanıyıb bilməyə qadir deyil. Bu babətdən, Cokondanı çəkən dahi Leonardo da Vinçi, Hamleti yaradan dahi Şekspir, əğstəfürullah, bir azcana Tanrıya yavuq idilər. Kim bilə… Həqiqət burasındadı ki, hər dəfə «Hamlet»i oxuyanda tamam-kamal təzə dünyalar görürəm və hər dəfə elə bil məni yeni bir səyyarəyə aparıb atırlar.
…Hamletin dilindən çıxan ibarə və deyimlərə indinin kino-ekran baxımından görüntü və hərəkət versəniz, Hollivud kino-kompüter texnikasının ortaya çıxara biləcəyi mutantlar, kiborqrlar, vəhşətlər, bir sözlə, dünyanın ən sürrealist görüntüləri göz önünə gələr. Elə görüntülər ki, Bosxun, Breygelin tabloları onun yanında adicə bir mənzərə, pastoral təsiri bağışlamış olar…
…Hamletdə bir insan kimi çox qatlar arayıb tapmaq mümkündü… Hətta o da mümkündü ki, «Hamlet»dəki qəbirqazanı əsərin qəhrəmanına çevirəsən, o da ola «zəhmətkeş, əzilən, o vaxtkı «proletariatın» nümayəndəsi. Və «inqilab dalğası» qəbirdən baş qaldıra…
Doğrudan ha, belə şey nə əcəb 30-cu illər Meyerxoldun ağlına gəlməyib?
Sənin də məzən olsun…
Dördüncü şəkil
…Hamlet atasının teyfi ilə görüşənə qədər R.Kiplinqin «öz kefinə gəzib dolanan pişiyi» kimi bir şeydi; varlı-hallı atalarının puluynan dünyanın handa bir ölkəsində oxumağa hazırlaşan bizim indiki «kübarzadələr», Haramı düşündə zillət çəkən canıbir, qanıbir soydaşları haqqında nə düşünüllərsə (inanan daşa dönsün), Hamlet də dünyanın gəldi-gedəri, mənası-məğzi barədə o halətdə düşünüb-daşınır. Danimarka şahzadəsi yağ içində böyrək kimi yaşadığı məmləkəti, Elsinor sarayını, görəsən, məhbəs saya bilərdimi?!. Hamlet teyf ilə görüşməzdən, məsələnin kökünə yetik olmamışdan, öz yurdunu, daha doğrusu, ata mülkünü zindan saymağa haqqı vardımı? Bəlkə Şekspir (ya o dediyimiz xonsa qraf) tələsmiş ola…
...O biri tərəfdən, niyə də olmasın?! Azman (içərisində at çapsan belə darlıq eləməz) Elsinor qəsri, sözün əsl deyimində, gen-geniş bir daş qəfəs deyilsə, bəs onda nədi?!
…Demək olar ki, bütün dövrlərdə «Hamlet»i istər səhnəyə, istər ekrana gətirən rejissorların hamısı məğmun şahzadəni dam-daşın məngənəsində, həmin daş qəfəsin, vahimə doğuran divarların üstündə məşum kölgələri oynayan alovun, ya da meşələrin alaqaranlıq fonunda görüblər. İ.Smoktunovski öz Hamletini Qr.Kozintstevin gördüyü həmin o fonda oynamalı, o mühitdə olub-ölməli, bizi də o şəraitdə inandırmalıydı…
…Az əvvəl söylədim ki, Hamlet teyfnən görüşənə qədər öz yurdunu, içərisində yaşadığı Elsinor sarayını, nə üçünsə, zindan saymaq dərrakəsində olamazdı… Çox dərin yox, ləpədöyən, bizə boy verən səviyyədə fikirləşsək, belə görərik ki, ifrat rahatlıq, gecə-gündüz yağ-bal dəryasında üzməyin özü belə, uşaqmı-böyükmü, hər bir kəsi təngə gətirə bilər… Və əslində, ömür dediyin nəsnə, yaxşı-pisliyinə baxmayaraq, həyatla ölüm arasında aldanış, bir ilğımdı…
…Mark Tvenin «Şahzadə və dilənçi»sində saraydakı güzərandan hələ erkən yaşda bezikmiş şahzadə uşaq nə qədər uydurma olsa da, hər halda həqiqətdən yeddi dağ o yana deyil.
…Ülyahəzrət mərhum Diana dünyanın, Allaha ağır getməsin, – biz tamaşaçıların, biz seyrçilərin gözünün önündəcə, müdhiş bir faciənin baş qəhrəmanına çevrildi. Yazılanların, dedi-qoduların başının üstündən boylanıb baxmış olsaq, onu da görrük ki, şahzadə arvadı Diana bir suyu Elsinor qəsrinə çəlit vuran abi-havadan, yüzillərlə dəyişməz qalan davranış qaydalarından, ən yüksək kübar mühitindən, süfrə-sahmandan, üstünə tarixin tozu qonmuş çox-çox arzuların, istəklərin – daş divarlarına əntiq çay fincanı kimi dəyib çiliklənən, bəlkə də heç vaxt sevmədiyi şahzadə Çarlzla baş yastığa qoyduğu Bukinhem sarayından, bizim görüb bilə bilmədiyimiz, sadəcə, gümanında olduğumuz münasibətlərdən bezibən təngə gəlibmiş… Başqa söznən desək, saraynan haqq-hesabı çürütmək, ona qarşı üsyan iddiasında bulunmaq faciə ilə sona yetməliydi. Diana da eləcə… Məncə, Diana, – çağdaş əyyamın Hamletiydi. Hamletin batinində bir Diana gizlənib. Eləcə tərsinə, Diana – köksündəki Hamlet adında xəfə bir mutantdan boyluymuş…
«Qlobus» teatrının Şekspir adlı aktyorunun, yaxud, zənənə-qrafın yaradıb kiborq kimi yer üzünə buraxdığı Hamletin içərisindəki o qadın rüşeymi imkan vermirdi ki, Ofeliyanı bir kişi məhəbbəti ilə, qızğın bir ehtirasla sevib oxşaya bilsin…
…Bəlkə mərhum sənətkarımız Hökumə xanım Qurbanova, məncə, Hamletin batinində gizlənən o zənənvariliyi intuitiv şəkildə də olsa hamıdan əvvəl duyubmuş… Dünyadan vaxtsız getmiş, rəhmətlik Hökumə xanımın ömrünün axırında… Hamleti oynamaq istəyi də, ola bilsin, burdan gəlirmiş…
(«Hamlet»i əgər o xonsa qraf yazıbsa, bəlkə elə özünü yazıb. Hamlet gerçək həyatda, özü də bizim günlərdə yaşamış olsaydı, yəqin Avropanın küçələrində gey-paradların ön sırasında gedərdi).
Beşinci şəkil
Nə vaxtdı «Hamlet»ə baxmaq istəyirdim. Axır ki, baxdım. Çox yaxşı tamaşadı. Bəzi səhnələrində lap özümü unutdum – dünya səviyyəsindədi. Hələ ki, mən bilən, yeganə «adam arasına çıxarılası» tamaşadı. Yoxsa… Yoxsa ki, ayın-oyun, adi məktəb dərnəyi səviyyəsində olan teatrnan, tamaşalarnan Biləcəridən o yana getmək olmaz. Olmaz yox ey, yasaqdı. Yoxsa ki, filan festivala – Moskvaya, Piterə, Avropanın hər hansı yerinə bizim teatrı saya salıb çağırıllar, bu, o demək deyil ki, biz də hər hansı əsəri – götürüb aparaq həmən o festivala – nə bilim, müasir dramaturgiya, yaxud Çexov, ya Brext festivalına, ordan da on sıfır uduzan futbol komandamız kimi, əlimiz ətəyimizdən uzun, sallana-sallana gələk oturaq isti yerimizdə…
…Dünya teatrı böyüyüb, boya-başa çatıb. Açığını deyim ki, bizim indiki teatrın, qapaz altda qalan yetim uşaq kimi hələ boyu yerdən çıxmayıb. O sarıdan elə futbolun günündəyik. Bizim teatr, düzdü, əvvəldən aktyor korluğu çəkməyib. İndi belə görünür ki, əvvəl rejissor müşkülüydü, indi elə aktyor problemi də gəlib üstünə. Demirəm, yoxdu – var. – neçə xəlbir atalayırsan, görürsən qumun içində nəsə parlayıb keçdi…
«Hamlet»də, insafən bütün aktyorlar «işləyir», var gücüynən işləyir – rejissor onları «əlində qırmac qovur», ədəbi material da onlara rahatlıq vermir, nəhayət, bütün «Hamlet»dəkilər qan-tər içində, «yüksək gərginlik altında» çalışmağa məcburdu. Çünki, o gərginliyi Hamlet – Fuad Poladov onların, ümumiyyətlə, tamaşanın canına qoşub. O boyda, «yüksək voltlu gərginliyin» altında elə-belə dayanıb-durmaq, səhnəyə candərdi gəlib-getmək olmaz.
… F.Poladov isə cəsarətlə demək olar ki, dünya teatrı səviyyəsində bizim səhnəmizdə olan aktyorlardan biridi. Qoy heç kəs məndən inciməsin – kor-kor, gör-gör, bəlkə də birincisidi. Mənim anladığım nədi?! Odu ki, Allah-təala özünün hər bir bəndəsinə nəsə bir istedad bəxş eləyir. Aktyor tayfasına da eləcə. Çoxunda elə verilən vergi qabiliyyət səviyyəsindən uzağa getmir, ya gedə bilmir, yaxud getmək istəmir. Yəni o, qabiliyyətin, o istedadın üstünə zəhmət-zillət bahasına bir misqal da olsun heç nə gətirmək fikrində deyil. Fuadınkı Allah vergisidi, bir də daş karxanasında gündə neçə min dənə daş atan fəhlənin əməyindən daha ağır olan, zəhmət bahasına həslə gələn İstedad… Fuadın Hamletində (ya tərsinə – Hamletin Fuadında) səhnənin hər addımı, hər bir nöqtəsi (mizan yox, onun yozumunda mizan çox geniş məfhumdu), səsin hər bir cingisi hesablanıb. Onun oyununda hər şeyin rəngi, öz düsturu var…
Fuad çox böyük aktyordu. Milli səhnədən uzaq düşən illərdə bu böyük aktyor kimləri, nələri oynamazmış? Nə isə, nə isə… Nə yaxşı ki, bu böyük aktyor hər şeyə sinə gərməyə, dişini-dişinə sıxıb yaşayıb-yaratmağa özündə qüvvə tapa bilib.
…Tamaşanın proqramı üstündə antraktda yazdığım qeydlər bununla tükənməkdədi… Onsuz da xırda-xırda yazdım. Amma, neyniyəsən ki, boş yer qalmayıb. Rejissor işi barədə söz demədim. Heyf… Hamleti də, Fuadı da, rəhmətlik rəssam Elçini də ən yaxşı bilib tanıyan elə rejissordu. Dünyanın harasında olur-olsun, «Hamlet»i tamaşaya qoyan, ya onun filmini çəkən hər bir rejissor elə güman eləyir ki, Hamleti ondan yaxşı tanıyan yoxdu. Piter Brukdan, Lourens Olivyedən, Kozintsevdən tutmuş bizim Azər Paşaya qədər… Hamıya elə gəlir. Danimarka şahzadəsisə ən yaxın dostuna, baxın görün, nə desə yaxşıdı? – «Sən məni heç tanımırsan Horatsio… Tanıya da bilməzsən…»
…Deməli, biz də tanımırıq. Çünki hər dəfə Hamlet o çağın nəslindən ən azı yüz il sonranın adamıdı… Vəssalam.