Azərbaycan incəsənətinin, o cümlədən təsviri sənətimizin daha da zənginləşməsi və püxtələşməsi istiqamətində yaddaqalan töhfələr bəxş etmiş sənətkarlarından biri də odur. Onu həmçinin qrafika sahəsinin linoqravüra texnikasında özünəməxsus əsərlər yaratmış ustad sənətkar kimi də xarakterizə etmək olar. O, Azərbaycanın əməkdar rəssamı Ələkbər Ələsgər oğlu Rzaquliyevdir.
Ələkbər Rzaquliyev 1903-cü ildə Bakı şəhrində anadan olmuşdur. O, 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Ə.Rzaquliyev həmçinin Moskvada VXUTEMASDA (Ali rəssamlıq-texniki emalatxanaları) dərs almışdır (1925-1928). Rəssam burada tanınmış rus rəssamları S.Gerasimov, M.Rodionova, A.Drevina və D.Şterenberqdən sənətin incəliklərini öyrənmişdir.
Ə.Rzaquliyev yaşadığı keçməkeşli illər ərzində doğma xalqının həyatından, özünün ömü-gün gündəliyindən rəssama daha yaxın hadisələri qələmə, fırçaya almaqla bir-birindən maraqlı bədii sənət inciləri yaradaraq, gələcək nəsillərə miras qoyub getmişdir. Rəssamın əsərləri bu gün doğma ölkəsi ilə yanaşı dünyanın bir çox muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam 1926-cı ildən ömrünün sonlarınadək müxtəlif yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak etmişdir. Onun Bakı (1963), (1974), (2003), Moskva (1966), (1973), Kiyev (1973) və Lvovda (1974) əsərlərindən ibarət fərdi sərgiləri keçirilib. Ə.Rzaquliyevin uğurlu yaradıcılıq fəaliyyəti qiymətləndirilərək, ona 1964-cü ildə “Azərbaycanın əməkdar rəssamı” fəxri adı verilmişdir. Rəssam fədakar əməyinin müqabilində 25 ilə yaxın sürgün həyatı yaşamağa məcbur edilmişdir. Bu səbəbdən də onun layiq olduğu sənət şöhrətinə ucalmasına rəğmən, rəssamın yaradıcılıq uğurları qısqanclıqla qarşılanmışdır.
Ə.Rzaquliyev yaradıcılığının ilkin dövrlərində rəngkarlıqla məşğul olmuşdur. Onun yaradıcılığa başladığı dövrlərdə araya-ərsəyə gətirdiyi əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Bunlara misal olaraq “Azərbaycan qadını” (1926), “Pəhləvanlar” (1926) və s. göstərmək olar. Rəssam bu dövrlərdə həmçinin dəzgah rəsmləri də yaratmışdır: “Musiqiçilər” (1927), “Çəkməsilən” (1927), “Ağ neft satan” (1927). Rəssam daha çox ona yaxın olan həyat səhnələrini təsvir etməyə çalışmış və görüb müşahidə etdiyi hadisələri bədii biçimdə cəlbedici sənət əsərlərinə çevirmişdir.
Qeyd etdiyimiz kimi Ə.Rzaquliyev 25 ilə yaxın sürgün həyatı yaşamışdır. Lakin onun rəssamlıq istedadını və həyat şövqünü uzun sürgün illəri azaltmamışdır. Əksinə, onu daha əzmkarlıqla və əsl vətənpərvərlik düyğuları ilə yaddaqalan əsərlər yaratmağa sövq etmişdir. O, uzaq sürgündən 1956-cı ildə qayıdır və yenidən yaradıcılığa daha intensiv başlayır. Bu zaman onun 55 yaşı var idi, rahat yaşamağa, işləməyə heç bir maddi təminatı yox idi. Ə.Rzaquliyev bütün çətinliklərə sinə gərərək ruh yüksəkliyilə işləməyə başlayır. Rəssam o dövrdə əsasən təsviri sənətin qrafika sahəsinin linoqravüra texnikasında fəaliyyət göstərmişdir. Elə gözlənilən yaradıcılıq şöhrəti də rəssamı qeyd olunan sahədə yaratmış olduğu silsilələlri ilə tapır.
Ə.Rzaquliyevin linoqravüra silsilələrinə misal kimi “Tələbəlik” (1963), “Köhnə Bakı” (1958-72), “Neft” (1964), “Lənkəranda balıq istehsalı” (1961-65), “Azərbaycan pambıqçıları” (1967), “Azərbaycan tütünçüləri” (1967) və digərlərini qeyd etmək olar.
Rəssam yaşının çoxluğuna baxmayaraq, yüksək sənət coşğusu ilə 60-cı illərdə özünün mənəvi və fiziki zəhməti hesabına, gərgin yaradıcılıq axtarışları nəticəsində özünəməsus dəst-xətlə yaratdığı əsərləri ilə tamaşaçıların və sənət adamlarının diqqətini cəlb etmiş, onların sevgisini qazana bilmişdir.
Onun əsərlərinin səciyyəvi yönləri kimi yaradıcıığında daha çox milli mövzuya bağlılığını, xalqımızın etnoqrafik irsini, milli adət-ənənələri incəlikləri, çalarları ilə təsvir etməsini, obrazlarını xüsusi sevgi ilə yaratmasını, kompozisiya quruluşunda və surətlərin təsvirində bilərəkdən primitivliyə meylini, əlavə detallardan imtinasını və digər xüsusiyyətləri qeyd etmək olar.
Ə.Rzaquliyevin yaradıcılığında xüsusi iz buraxmış və rəssama daha çox şöhrət qazandırmış linoqravüra silsiləsi heç şübhəsiz, “Köhnə Bakı” silsiləsidır. Rəssam bu silsiləni yaratmaqla Azərbaycan xalqının ailə-məişət ənənələrini, etnoqrafiyasını böyük məharətlə əsrarəngiz cizgilərlə təsvir edə bilmişdir. Rəssam bu silsiləsində təsvir edilmiş mövzuları Azərbaycanın hər bir nguşəsinə xas olan cəhətləri İçərişəhərdə gördüklərinin timsalında ümumiləşdirmişdir. Rəssamın bu sisiləyə daxil olan əsərlərinə tamaşa edən seyrçi nostalji hisslərə qapılır. Eyni zamanda bu silsilədən olan əsərlər xalqımızın etnoqrafiyasını tədqiq edən tarixçi alimlərimiz üçün əvəzedilməz mənbə ola bilər. Ə.Rzaquliyevin bu silsiləyə daxil olan əsərlərinə nümunə kimi ”İçərişəhər”, ”Qız qalası”, ”Suraxanı atəşgahı”, ”Azan”, ”Namaz”, ”Mollaxana”, ”Kəndə gedən molla”, “Gəlin evi üçün qurbanlıq”, ”Novruz bayramı. Yumurta döyüşü”, “Novruz bayramı. Bayram hazırlıqları”, “Zurnaçılar”, ”Çayxanada”, “Cız-bız”, “İçərişəhərdə”, “Köhnə məktəbdə”, ”Taxıl daşınır”, ”Ovdan qarşısında”, ”Çayçı dükanı”, ”Odunsatanlar”, “Fənərçi”, ”Çəkməsilən”, ”Toyuq satan”, “Qarğıdalı satanlar”, “Dəllək dükanı”, “Suçu”, “Güləşmə”, “Kürsü”, “Xırdavatçı”, “Bostandan qayıdanlar”, “Quyu başında”, “Xırman”, “Ağ neft satan”, “Bazar yolunda”, “Öküz nallanması”, “Şəkidə atın nallanması”, “Sudaşıyanlar”, “Kömürsatan”, “Quyu başında”, “Bulaq başında söhbət”, “Misgər emalatxanası”, “Satmağa yun aparılır” və başqalarını qeyd etmək olar. Rəssam bu silsilədən yüzlərlə rəsm işləmişdir. Bu bir daha Ə.Rzaquliyevin gərgin yaradıcılıq axtarışlarından və böyük zəhmətlə işləməsindən xəbər verir. Rəssamın qızı Adilə xanımın atası barədə xatirələrində qeyd etdiyi – “Mən onu nə vaxt görsəm, işlə məşğul olurdu. Atamdan onun nə üçün belə çox işlədiyini soruşurdum. Deyirdi “Mən bütün itirilmiş vaxtımı bərpa etmək istəyirəm. O illər mənim bütün ideyalarımı, iş və xatirələrimi oğurlayıb. Buna görə də, həyatımın qalan illərinin hamısını işləməliyəm” fikirləri bir daha sadalananları təsdiqləyir.
Əsərlərin adından göründüyü kimi rəssam həm İçərişəhərin tarixi görüntülərini, eyni zamanda xalqımızın mənəviyyatında dərin iz buraxmış dinlə bağlı adət-ənənələri adətləri, qədim Novruz bayramı mərasimlərini və gündəlik ailə-məişət səhnələrini yüksək dəqiqlik və xüsusi rəssam duyumu ilə müxtəlif biçimli kompozisiyalarında təsvir etmişdir.
“Gəlin evi üçün qurbanlıq” əsərinə nəzər yetirsək, görərik ki, rəssamın müraciət etdiyi qədim qurban bayramı mərasimi bu gün daha yaxşı keçırilir. Kompozisiyada o zamankı geyim tərzinə uyğun geyinmiş bir ailənin – ər-arvad və iki oğul nişanladıqları qızın ailəsinə quzu qurbanlığının aparıldığı məqamda təsvir olunub. Evin böyüyü ulaq belində, qucaağında quzu və evin xanımı isə başı üzərində buta təsvirli örtüklü xonçanı tutmuş vəziyyətdə verilib. Obrazların ümumi təsvir xüsusiyyətlərindən və mövzunun açılma şərhindən çıxış edərək demək olar ki, sovetlər dönəmində dini mərasimlərin keçirilməsinin qadağan edildiyinə baxmayaraq, rəssam özünün yaratmış olduğu əsərilə özünün dini mənsubiyyətinə olan rəğbətini gizlətməmişdir.
Ə.Rzaquliyev həmçinin müstəqil linoqravüra əsərləri də işləmişdir. Bunlara misal olaraq “Bakılılar Berlində” (1968), “Lahıç kəndinin mis qablar ustası” (1968), ”Mirzə Ələkbər Sabir” (1963), (1964), “Cəlil Məmmədquluzadə” (1967), “Çayçı” (1972), “Xalçatoxuyanlar” (1972), “Nazim Hikmət gənc rəssamlar dəstəsi ilə” (1972) və başqalarını göstərmək olar.
Əsərlərin adından bilindiyi kimi rəssam həm də portretlər işləmişdir. Onun yaradıcılığında portret janrına az müraciət olunduğu müşahidə olunur. Lakin obrazlarını yaratdığı şəxslərin surətlərinə nəzər yetirdikdə rəssamın üzərinə düşən vəzifəni uğurla icra etdiyini duyuruq. Rəssamın obrazlarını yaratdığı şəxsiyyətlərə fikir verdikdə aydın olur ki, həmin şəxsiyyətlər rəssamın yaradıcılıq dünyasına, onun dünyagörüşünə daha yaxın olanlardır. Biz rəssamın yaradıcılığının şah əsərləri hesab olunan “Köhnə Bakı” silsiləsindən olan əsərlərinin hər birində dahi yazıçımız C.Məmmədquluzadənin və böyük şairimiz M.Ə.Sabirin təsvirlərini görürük. Bu mənada rəssamın özünün mənəvi məslək dostları hesab etdiyi C.Məmmədquluzadənin və M.Ə.Sabirin portretlərini yaratması başadüşüləndir.
Xalq rəssamı Cəmil Müfidzadə rəssam haqqında söyləyir ki, 13 il Ə.Rzaquliyevlə emalatxana qonşusu olmuşuq. O, 25 ilə yaxın “Bülbüllər adasında” (Soloveçskiye ostrova) sürgündə olmuşdur. O zamankı Yuqoslaviyanın Üsküp şəhərində baş vtrən zəlzələ nəticəsində dağılmış muzeyi bərpa etmək üçün nümunələr yığılırdı. O zaman həmin şəhərdən Ə.Rzaquliyevə məktub göndərilmişdi ki, o işlərindən həmin muzeyə versin. O çox işgüzar adam kimi məktubu cavabsız qoymamışdı.
Xalq rəssamı Altay Hacıyev: Mən o zaman Rəssamlar İttifaqının qrafika bölməsinin sədri olanda Ə.Rzaquliyevin işgüzarlığına heyran qalırdım. O, maraqlı rəssam kimi öz dövründə sənətə yenilik gətirmişdir. Gecə-gündüz işləyirdi.
Ə.Rzaquliyevin yaradıcılığına nəzər yetirəndə bir daha əmin oluruq ki, hansı dövrdə, hansı zamanda yaşamasından asılı olmayaraq, əsl sənət eşqi ilə və yüksək sənət amallarına sadiq qalaraq yaradan və yaratdıqlarının fövqündə dayanan sənətkar həmişə tamaşaçı məhəbbəti qazanır, yaddaşlarda yaşayır. Elə haqqında bəhs etdiyimiz əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyev kimi...