1987-ci il iyunun ortası idi. Tətil qabağı qarmaqarışıqlıq, iş bolluğu. O zaman ölkəmizə gələn əcnəbi sənətçilərin sayı o qədər də çox deyil idi. Odur ki, hər bir qonaq xüsusi diqqət və maraqla qarşılanırdı. Xülasə, həmin iyun günlərində Bəstəkarlar İttifaqı (mən o zaman İttifaqın məsləhətçisi vəzifəsində çalışırdım) tanınmış əfqan bəstəkarı və ifaçısı Hafizulla Xəyalı və onu müşayiət edən tacik bəstəkarı Ş.Pulodini (o, həm də tərcüməçi funksiyasını yerinə yetirirdi) qəbul edirdi. Hamının başı qarışıq olduğundan təqvimin önəmli günü unudulmuşdu. 1987-ci il iyunun 18-də isə böyük sənətkar, həm də İttifaqın İdarə Heyətinin katibi Cövdət Hacıyevin yubileyi qeyd olunurdu. Həmin tarixdən bir gün öncə İttifaqın birinci katibi Aqşin Əlizadə məni çağırtdırıb yubileylə əlaqədar xüsusi məqalənin yazılması zəruriliyindən söz açdı, etiraz qəbul etməyən tonla söylədi: “Material operativ hazırlanmalı və “Bakı” qəzetinə çatdırılmalıdır. Zümrüd, səndən başqa heç kəs bu vəzifənin öhdəsindən belə tezliklə gələ bilməz”. Görünür, Aqşin müəllim simfonik musiqidə səriştəli olduğumu, gənc yaşlarıma baxmayaraq jurnalist kimi təcrübəmi və nizam-intizamımı nəzərə alaraq bu tapşırığı mənə vermişdi.
...Günəş şüaları ilə işıqlandırılmış meydan... Bura axışıb gələn insanları ümumi bir əhvali-ruhiyyə birləşdirir. Həmin ümumiliyi yaradan musiqidir. O, amiranə surətdə hamını cəlb edir, ürəkləri bir döyünməyə məcbur edir. Onun təntənəli sədaları altında buludsuz açıq səma, sülh, əmin-amanlıq niyyəti ilə yaşayan insanların nəhəng yürüşü keçir...
Kütləvi bayramlarda, təntənələrdə bir qayda olaraq səslənən, hamımıza çoxdan tanış və doğma olan bu əsərin – “Sülh uğrunda” simfonik poemasının təsir qüvvəsi necə də böyükdür! Poemanı hər dəfə eşidəndə fikirləşirsən: belə musiqini yalnız dövrümüzün nəbzini dərindən duyan, eyni zamanda gələcəyə nəzər salmağı bacaran geniş ürəkli sənətkar yaratmağa qadirdir...
“ Bu sözləri yalnız onun bir əsərinə aid etmək kifayətdirmi?” – bu sualı öz-özümə verib: “Əlbəttə, yox”, – deyə onu birmənalı cavablandıraraq, bəstəkarın həyat və yaradıcılıq yolunun qısa icmalına keçirdim...
Məqalə bir neçə saat ərzində ərsəyə gəlmişdi. Onu yaza-yaza, artıq hazır fraqmentləri makinaçıya ötürür (aydındır ki, o zaman kompüter, internet yox idi), makinaçı öz növbəsində çap olunmuş vərəqləri maşınla qəzetin ədəbiyyat və incəsənət şöbəsinin müdiri A.Mansurzadəyə yollayırdı. O da oxuyub, redaktə edib materialı səhifəbəsəhifə mətbəəyə göndərirdi: vaxt çox az idi, material mütləq qəzetin axşam nömrəsində dərc olunmalı idi...
Bax, beləcə təngnəfəs, qaç-qovda məqaləni həyata gətirdik. Burada mən onu da demək istərdim ki, “Bakı” qəzeti ilə həmişə böyük məmnuniyyətlə əməkdaşlıq edirdim, çünki dövrün başqa, həddindən ziyadə “rəsmi”, “partiya yönlü” mətbu orqanlarından fərqli olaraq, “Bakı” müəlliflərə sərbəstlik verir, yazıların “ruhu”na qəsd etmirdi...
Beləliklə, qəhrəmanıma sonsuz sevgi və ehtiramımın, əlbəttə, çalışqanlıq və əziyyətimin hesabına “Müasirliyin salnaməçisi” adlı məqaləm iyunun 18-də axşam “Bakı”nın səhifələrində çap olundu. Çatdırdıq!
Bir neçə gün keçmişdi və artıq başqa işlərlə məşğul idim ki, Cövdət müəllim İttifaqa zənq çalıb, Zümrüd Dadaşzadə ilə danışmaq istədiyini bildirdi. Mən bir qədər həyəcanlı tərzdə özümü təqdim etdim. Cövdət müəllim – o diqqətcil və mehriban insan isə mənə təşəkkürünü bildirib heyranlıqla söylədi: “Məqalənin belə orijinal başlanğıcını necə fikirləşib tapmısınız?” Doğrusu, nə cavab verdiyim yadımda deyil, amma öz-özümə düşündüm ki, bu insan necə geniş ürəyə malikdir ki, mənə, gənc bir musiqi jurnalistinə zəng vurub təşəkkür etməyi lazım bilib. O kim, mən kim? Zənnimcə, bu jestdə Cövdət müəllimin yüksək mədəniyyəti, nəcibliyi özünü bariz göstərirdi: vaxt ayırıb yaradıcılığına diqqət yetirmiş insana – yaşından və vəzifəsindən asılı olmayaraq minnətdarlıq bildirmək... Onu da deyim ki, sonralar neçə-neçə məqalə yazmışam – bu yazıdan bəlkə daha sanballı, həcmcə daha böyük, amma çox zaman, on haldan doqquzunda elementar təşəkkür eşitməmişəm... Bu məqamda məşhur kəlamı xatırlatmaq yerinə düşərdi: Alim olmaq asandır, insan olmaq çətin. Əslində isə, atam, ədəbiyyatşünas Araz Dadaşzadə demişkən, hər ikisi çətindır: alim olmaq da, insan olmaq da. Bunu elə-belə, necə deyərlər, sözgəlişi söylədim...
Yazımda Cövdət Hacıyevin özü və musiqisi ilə bəzi maraqlı görüşləri xatırlamaq istərdim. Bilmirəm, buna nə dərəcədə haqqım çatır, axı mənə nə ustadın tələbəsi olmaq, nə də onunla müntəzəm, davamlı müddət ərzində görüşüb-söhbətləşmək nəsib olmuşdu. Amma yenə də inanıram ki, xatirələrim, bəzi müşahidələrim bu böyük sənətkarın portretinə yeni, təravətli – qoy kiçik olsun – cizgilər əlavə etmək iqtidarındadır.
Olimpiadaya dönək. Yarışın birinci turunun öhdəsindən uğurla gəlib, sərt şərtləri ilə fərqlənən finala vəsiqə qazandım. Burada bilet çəkib dərhal, hazırlıqsız incəsənətin müxtəlif növlərinə (təsviri sənət, musiqi, teatr, kino) dair üç sualı (suallar əvvəlcədən bəyan olunmamışdı) cavablandırmaq gərək idi. Zəhmətim hədər getmədi, bəxtim də, yəqin, gətirdi, amma deyilənə görə pis çıxış etmədim, hər halda yarışmanın “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərindən biri oldum. Olimpiada olayları, hiss-həyəcanı, qələbə eyforiyası içində bir fraqment də diqqətimdən yayınmadı, yaddaşıma həmişəlik həkk olundu. Türkmənistan nümayəndəsi “Milli bəstəkarlıq məktəbləri” mövzusunu işıqlandırarkən elə Azərbaycan bəstəkarlarının yaradıcılığına dayaqlanıb, çıxışının böyük hissəsini Cövdət Hacıyevin simfoniyalarının özəl xüsusiyyətlərinin açıqlanmasına həsr etmişdi. Yadımdadır ki, sonra Türkmənistan nümayəndə heyətinin rəhbəri L.Novikovaya (hazırda o, konservatoriyanın professorudur) yaxınlaşıb: “Sizin tələbələr Cövdət müəllimin yaradıcılığına haradan belə yaxşı bələddirlər?” sualını ünvanlayanda, o gülümsəyib: “Biz bu bəstəkarı çox sevirik. Konservatoriyamızda C.Hacıyev sənəti illər uzunu çox müfəssəl tədris olunur. Xüsusən gənc bəstəkarlarımız onun partituralarını diqqətlə araşdırırlar”, dedi.
Bax belə bir cavab eşidib, həm təəccübləndim, həm də sevindim. Onu da deyim ki, Moskvada ali musiqi məktəbləri üçün nəzərdə tutulan yeni dərsliklə (Историясовременнойотечественноймузыки. Вып.2 – М. 1999) tanış olarkən keçmiş sovet dönəmində sənətdə yeni yollar açan bəstəkarlar sırasında bir neçə dəfə C.Hacıyevin adına rast gəlib məmnun oldum. Özüm isə şərəf duyuram ki, bir neçə il öncə xüsusi sifarişlə nüfuzlu bir nəşr – Almaniyanın dünyaca məşhur MGG (Die Musik in Geschichte und Gegenwart – Musiqi tarixdə və müasir dövrdə) ensiklopediyası üçün C.Hacıyev barədə məqalə yazmışam.
Bəstəkarın musiqisi ilə daha bir görüş 1990-cı ilə təsadüf etdi. Xalqımızın tarixində qara rəngə boyanmış həmin ildə C.Hacıyevin yeni Altıncı simfoniyası Bəstəkarlar İttifaqının may Plenumunda ifa olundu. Bu simfonik opusu Beşinci simfoniyadan təxminən 20 ilə yaxın müddət ayırır. Təbii, davamlı iş prosesində ilkin konsepsiyada təshihlər, düzəlişlər edilmiş, onun bədii təcəssümü dəyişikliklərə məruz qalmışdı. Məncə, çox səciyyəvidir ki, məhz kataklizmlər dolu 90-cı ildə simfoniya tamamlanaraq dinləyicilərin mühakiməsinə verilmişdi: burada Bakıdakı faciənin əks-sədasını eşitməmək qeyri-mümkündür. Son variantda bu simfoniyanın “20 yanvar” adlandırılması da təsadüfi deyil.
Bir neçə ay sonra Azərbycan televiziyası “Yeni çəkilişlər” rubrikasında simfoniyanı translyasiya edərkən onu şərh etmək mənə həvalə olundu. Böyük simfonistin o zaman son iri yaratması haqqında tamaşaçını məlumatlandırmağın bütün məsuliyyətini və şərəfini dərk edirdim. Yadımdadır ki, mən öz giriş sözümdə bu translyasiyanın televiziyanın gündəlik verilişləri axınında sıravi hadisə olmadığını vurğulayırdım: “Unutmayaq ki, C.Hacıyev müasir Azərbaycan musiqisinin ən nüfuzlu nümayəndələrindən, həqiqi liderlərindən biridir və onun hər bir əsəri ilə görüş öz-özlüyündə maraqlıdır”. Onu da deyim ki, dirijor İsmayıl Hacıyev ilə söhbətləşib, partituranı araşdırıb, simfoniyanın quruluşunun səlisliyindən əsl estetik zövq aldım. Beşinci simfoniyada olduğu kimi hissə və fəsillərdən ibarət struktura arxalanıb, dramaturgiyanın epik-dramatik tipinə sədaqətini sərgiləyərək bəstəkar əslində vahid inkişaf xəttinə tabe olan biçimli birhissəli kompozisiya ərsəyə gətirmişdir. Dövrün yeniləşdirici təmayülləri əsərin yığcamlığında, lakonikliyində, musiqi ifadə vasitələrinin, orkestrin bütün kütləsinin qənaətcil tətbiqində özünü büruzə verirdi. Birinci hissənin sonunda qəfil törəyən lirik-epik haşiyə – bəstəkarın fortepiano üçün “Musiqi lövhələri” fortepiano silsiləsindən sitatın – xəfif kədər aşılanmış “Nağıl” adlı pyesin səslənməsi (həmin kədərli ovqat həm də bu musiqinin həmişəlik vidalaşdığımız uşaq aləmi ilə bağlılığından irəli gəlir) insanı içəridən sarsıdır, kövrək duyğular oyadırdı. Nəhayət, bütün musiqi materialını ümumiləşdirən final müəllifin insan həyatının qürub çağına müdrik, fəlsəfi münasibətini aşkarlayırdı. Belə bir final isə dünya simfonizminin nəhəng nümunələri– Çaykovskinin Altıncı, Şostakoviçin On beşinci simfoniyaları ilə paralellər doğururdu.
Burada söyləyim ki, öz başlıca tədqiqatımda – “Simfoniyanın fəzası. 1970-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər” monoqrafiyamda bir sıra opusu janrın yeniləşməsi rakursundan araşdırarkən mən C.Hacıyev kimi möhtəşəm sənətkarın yaradıcılığından – 1972-ci ildə bəstələnmiş Beşinci simfoniya kimi işarəvi nümunədən vaz keçə bilməzdim, hərçənd anlayırdım ki, bu əsər A.Tağızadənin məqalələrində, monoqrafiyasında öz müfəssəl təhlilini tapıb. Amma “Azərbaycan simfoniyasında silsilənin yeni təfsiri ilə ənənəvi formaların dialektikası” fəslində bu əsərə müraciət etməyi zəruri sayıb, ona bir qədər fərqli görüm bucağından yanaşmağa çalışdım. Tədqiqatımda əvvəlcədən qeyd edirdim ki, qeyri-adi üslub sabitliyi şəraitində bəstəkar hər bir əsərində ənənəvi silsiləni yenidən qurmağa, kompozisiyanı öz qayəsinə tabe etdirməyə çalışır, milli musiqinin inkişaf qanunauyğunluqlarından faydalanaraq kanonik formaların simasını özgünləşdirir. Yəni o, hələ 60-70-ci illərin “kütləvi simfonik eksperiment”indən (M.Aranovskinin ifadəsidir) xeyli əvvəl stereotipi dəf etmək istiqamətində axtarış apararaq, ənənəvi silsiləni gah yığcamlaşdırır (İkinci “Patetik” simfoniya ikihissəlidir), gah da genişləndirir (Dördüncü simfoniya beşhissəlidir). “İnsan.Yer.Kosmos” başlıqlı Beşinci simfoniyanın nəhəng kosmik konsepsiyası tamamilə yeni, orijinal konstruksiyanın yaranışını – o, bədii əsərtək iki hissə və yeddi fəsildən ibarətdir, – doğurmuşdur. Amma həmin ilk nəzərdə “əcaib” görünən konstruksiyanı əslində mahir rejissor kimi formayaratmanın qərarlaşmış qanunları, ciddi məntiq (sonata prinsiplərinin total hökmranlığı barədə danışmaq olar) idarə edir. Burada Q.Qarayevin yaradıcılığı ilə paralellər yerinə düşərdi. Bəllidir ki, bu sənətkar həyatının son illərində köhnə formaların yeni məzmunla zənginləşdirilməsi yollarını arayıb-axtarırdı. Bu barədə L.Karagiçeva belə yazır: “Qarayev simfonik formanın tükənməz imkanlarına inanırdı. Musiqi dramaturgiyasının özəl tipi kimi təşəkkül tapmış bu formada obrazların dialektik münasibətləri (kursiv mənimdir – Z.D.), qayənin konsepsiyalılığı əsasdır” (Bax: КарагичеваЛ. КараКараев. Личность. Сужденияобискусстве. – М.:1994). Bu fikir C.Hacıyevin də yaradıcılıq mövqeyinə işıq saçır. Bəstəkar Beşinci simfoniyasında iri instrumental formaların antitetik inkişaf xassəsini, konseptuallığını mühafizə edib, eyni zamanda böyük məharət və zövqlə müasir musiqinin təklif etdiyi vasitələrdən, məsələn, seriya texnikasından, sonoristikadan əsərin proqramı ilə tam rabitədə – yerli-yerində bəhrələnir. Birinci hissədə əsas partiyann Vebernsayağı puantilist fakturası sayəsində yaranan obraz öz qeyri-adiliyi ilə diqqəti cəlb edir, sanki ovsunlayırdı. Güman edirəm ki, homofon sistem, qərarlaşmış musiqi dili, formadaxili münasibətlər zəminində yazıb-yaradan sənətkarlara birdən-birə “yeni sahillərə” üz tutmaq, o cümlədən avanqardın ikinci dalğasının tapıntılarını sınaqdan keçirmək cəhdi heç də asan başa gəlməmişdi. Q.Qarayevin 60-cı illərdə yaşadığı şübhələri, böhranı yada salaq. Lakin həmin ağır düşüncələrin nəticəsi o oldu ki, Q.Qarayev “amansızcasına özünü sındırıb” (bəstəkarın etirafıdır), seriya texnikasında yazılmış Üçüncü simfoniya və Violin konsertini ərsəyə gətirdi. Cövdət müəllimin bir qədər sonra – 70-ci illərin əvvəlində hələ təzə-təzə, ehtiyatla tətbiq olunan texnoloji yeniliklərə düşünülmüş surətdə üz tutması da həmin qəbildən olan hadisədir.
Ümumiyyətlə, Azərbaycan musiqisində həqiqət, ali məqsədlər, yüksək sənət naminə çarpışan, əqidəcə bir-birinə yaxın bu iki nəhəng simanın, məsləkdaşın yaradıcılıq yolunda nə qədər oxşar məqamlar, qəribə çarpazlaşmalar var. Ən əsası odur ki, hər ikisi Şostakoviç vasitəsilə dünya musiqisinin çoxəsrlik ənənələrini (şərti olaraq Perotindən Şönberqə qədər) əxz edərək, onları zəngin milli musiqimiz, muğamlarımızla “görüşdürüb”, özünəxas tərzdə emal edib, sonucda dünya musiqisini zənginləşdirə biləcək yeni, bədii cəhətdən təkrarsız əsərlər ərsəyə gətirmişlər. Yuxarıda mən artıq Dördüncü simfoniyada muğam və Bax üslubiyyatının bir araya gətirilməsi nəticəsində baş verən möcüzəni (Abezqauzun təbirincə, “adi möcüzəni”) qeyd etmişdim. Təbii, Qarayevdə də belə irili-xırdalı möcüzələr var və onlar xüsusi ədəbiyyatda kifayət qədər dolğun işıqlandırılıb. Hamıya bəlli olan faktları bir daha xatırlamağa məni vadar edən isə aşağıdakı məqamdır: bu gün bəzi ifrat dərəcədə özünə güvənən kəslər musiqimizin həmin kəşflərini sanki unudaraq, qeyri-təvazökar tərzdə öz axtarışlarını (onların səmərəli olub-olmaması başqa məsələdir), nailiyyətlərini qabardanda, açığını deyim, bir qədər təəccüblənir, hətta təəssüf hissi yaşayıram...
Yaddaşım (və videokasset) daha bir əlamətdar epizodu hifz edib. Əvvəlcə kiçik bir girişə ehtiyac var. 1991-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı İranın məşhur sənətçisi Fərhad Fəxrəddinini Bakıya dəvət etmişdir. İndi kifayət qədər adi bir hadisə kimi qiymətləndiriləcək bu səfərə o zaman çox böyük diqqət və önəm verilirdi. Mənim hətta “Bakı” qəzetində “İranın musiqi elçisi” adlı məqaləm (1991, 20 noyabr) də dərc olunmuşdu. Orada ölkəmizin siyasi mühitində dəyişikliklər kontekstində bu səfəri dəyərləndirərək yazırdım: “30 ilə yaxın fasilədən sonra – yaşlı nəslin musiqiçiləri 60-cı illərin birinci yarısında şəhərimizdə H.Səncəri ilə görüşləri xatırlayırlar: ilk dəfə diyarımıza qonşu İrandan bəstəkar təşrif buyurmuşdu. Odur ki, bu hadisə sıravi ezamiyyət çərçivəsindən kənara çıxaraq illər uzunu yaranan informasiya qıtlığını qismən də olsa ödəmək nöqteyi- nəzərindən diqqətəlayiq idi...”
Filarmoniyada Fəxrəddininin “İbn Sina” və “Sərbedaran” simfonik süitalarının Azərbaycan Televiziya və Radio verilişləri Komitəsi simfonik orkestri tərəfindən ifası (dirijor müəllif idi) Bakı səfərinin sonuncu, ən əsas, ən əhəmiyyətli akkorduna çevrildi. Konsertdən iki-üç gün sonra səhər tezdən televiziyanın musiqi verilişləri baş redaksiyasının müdiri Eldar Mansurov mənə zəng çalıb tələsə-tələsə: “Tez ol hazırlaş, gəl studiyaya. Fəxrəddini ilə müsahibə keçirmək lazımdır. Üstəlik Cövdət müəllimi də birtəhər yola gətirmişəm – razılıq verib ki, gəlib çıxış etsin... Özün bilirsən, çəkilişlərdən qaçır, odur ki, bu şansı əldən buraxmaq olmaz...”, – söylədi.
Həqiqətən, Cövdət müəllim heç zaman ön cərgələr, prezidiumlar, televiziya ekranlarına can atmaz, əlbəttə, öz əsl dəyərini dərk edərək, məclislərdə, toplantılarda təvazökrcasına kölgədə qalmağa üstünlük verər, “çox da məşhur olmaq səadət deyil” (Pasternak) prinsipinə əsasən yaşayırdı.
Odur ki, C.Hacıyevlə teleməkanda söhbətləşmək – belə bir fürsəti əldən vermək ən azı günah idi. Tələm-tələsik özümü telestudiyaya yetirdim. Qonaqları qarşılayıb çəkilişə başladıq: Fəxrəddini bir neçə saatdan sonra geri – vətənə önürdü. Bədahətən, hazırlıqsız baş tutan bu söhbət çox səmimi alındı. “Studiyamızın qonaqları” adı ilə efirə çıxan və tamaşaçıların diqqətini cəlb edən həmin verilişdə tarix, mədəniyyət baxımından yaxın xalqların bir-birini daha yaxşı tanımasının zəruriliyindən söhbət gedirdi. Fəxrəddini Azərbaycan musiqiçiləri T.Quliyev, C.Cahangirov, V.Adıgözəlov ilə görüşlərindən danışır, Cövdət Hacıyev kimi böyük sənətkarla ünsiyyətdə olmaqdan iftixar hissi duyduğunu vurğulayırdı. Cövdət müəllim isə iranlı bəstəkarı “musiqinin əsl Fərhadı” adlandırmış, Fəxrəddininin muğamlardan qaynaqlanan melosunu, onun musiqi dramaturqu kimi bacarığını vurğulamış, qədim, zəngin musiqi mədəniyyətinə malik İranda həm də yüksək peşəkar səviyyəsi ilə seçilən bəstəkarların mövcudluğundan məmnun olduğunu qeyd etmişdi. Yadımdadır, Cövdət müəllimin “Mənim mühakimə yürütməyə haqqım çatır, axı özüm də simfonik musiqi ilə bir az məşğul oluram” söyləməsi, əlbəttə, bir qədər zarafatla – onun nadir nəzakəti və təvazökarlığına dəlalət edərək, studiyada səmimiyyət, qarşılıqlı hörmət atmosferinin yaranmasına səbəb olmuşdu. Ümumiyyətlə, bu böyük sənətkarın yaxşı musiqiyə heyran olmaq, həmkarlarının, tələbələri və ümiumiyyətlə, gənclərin balaca belə müvəffəqiyyətinə sevinmək iqtidarı məni həmişə təəccübləndirir, mütəəssir edirdi.
Cövdət müəllimlə son görüş də məndə çox nurlu duyğular doğurdu. 1997-ci ilin yayında Bakı Kamera və Orqan musiqisi zalında (Kirxa) C.Hacıyevin yubileyi şərəfinə konsert keçirilmişdi. Sonra kiçik bir ziyafət də verildi. Kirxanın xudmani həyətində adam əlindən tərpənmək mümkün deyildi. Mən sakitcə kənarda durub, gözümlə tanış simaları axtarırdım ki, birdən kimsə məni arxadan səslədi. Bu, Cövdət müəllim idi. Özümü itirərək bir qədər həyəcanlı tərzdə sənətkarı təbrik edib, konsert barədə xoş sözlər söyləyib-söyləməmiş, o: “Mən sizinlə başqa mövzuda danışmaq istərdim”, – dedi. “Bilirsiniz, çoxdan ürəyimdə gəzdirirəm bu sözləri, amma nə isə başım qarışır, yadımdan çıxır. Altıncı simfoniya ilə əlaqədar şərhlərinizə diqqətlə qulaq asmışdım. Müşahidələrinizin sərrastlığı , incəliyi məni yaxşı mənada təəcübləndirmişdi. Çox sevinirəm ki, sizin kimi təhsilli, düşünən gənc musiqiçilərimiz var. Nailiyyətlərinizə də inanıram, uğurlar diləyirəm”. Bax beləcə, növbəti dəfə C.Hacıyev dəstəklədi məni, bir növ xeyir-dua verdi mənə. Həm də xüsusi vurğulamalıyam ki, mən Cövdət Hacıyevin, əsl Müəllimin xeyirxah münasiəti ilə qarşılaşmış yeganə insan deyildim. Öz yaşca böyük həmkarlarımdan, pedaqoqlarımdan eşitmişdim ki, neçəsinə bu insan dar məqamda əl uzatmış, müxtəlif məsələlərlə bağlı yardım göstərmiş, yaradıcılığa ruhlandırmışdır...
Bəlli olduğu kimi, Cövdət müəllim 1985-ci ildə – çox qəribədir ki, ilk dəfə – Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi seçilmişdi. O zamanlar yaradıcılıq təşkilatının həyatında nəzərəçarpacaq canlanma müşahidə olunurdu. Plenumlar, sənət görüşləri, xarici musiqiçilərin səfərləri, müzakirələr... Cövdət müəllim vaxtaşırı İttifaqın tədbirlərinə qatılar, işə gələndə isə cari məsələlərin bütün təfərrüatlarına varmağa çalışar, ən müxtəlif kağızları, məktub və ərizələri diqqətlə araşdırardı. Bir dəfə o bizə qocaman bir sənət xadiminin yubileyi ilə bağlı təbrik məktubu hazırlamağı tapşırdı. Biz də çalışdıq ki, yazdığımız məktubda həmin şəxsin bütün xidmətlərini əhatə edək. Bu “şanlı məktubu” adətən olduğu kimi “cansağlığı və xoşbəxtlik” diləkləri ilə bitirmişdik. Cövdət müəllim mətni diqqətlə oxuyub sonuncu cümlənin formal xarakter daşıdığını bizə irad tutdu: “Məncə, yaşlı adama səadət diləmək – bu bir qədər sentimental səslənir”, – deyə özünəxas yumorla söylədi, elə ki biz gülüşdük... Amma onu da deyim ki, sonralar belə tipli mətnləri hazırlayarkən qəlib ifadələrdən mümkün qədər qaçmağa çalışırdım.
Bu yaxınlarda Cövdət müəllimin ömür-gün yoldaşı Əminə xanımla illər uzunu yaşadığı Xaqani küçəsindəki mənzilində olmaq mənə nəsib oldu. Çoxdankı arzum idi, odur ki bəstəkarın oğlu Mikayıl müəllimin lütfkar dəvətindən vaz keçmədim. Ürəyimdə təlatüm bəstəkarın əlyazmalarını nəzərdən keçirir, divarlardakı portretlərə, tarixi fotolara baxdıqca baxırdım. Təmtəraqdan uzaq bu sadə, xudmani mənzildə əsl yaradıcılıq atmosferi hökm sürür: qalaq-qalaq kitablar, partiturlar, vallar... Bəli, bu atmosfer Cövdət müəllimin yüksək etik məzmun, mənəviyyat aşılanmış musiqisi ilə tam həmahəngdir...
Sifət aydın görünməz üz-üzə dayananda // Nəhəng şey uzaqlardan daha aydın görünər – S.Yeseninin “Qadına məktub” şeirindən bu məşhur misraları (tərcümə Ə.Kürçaylınındır) yaşa dolduqca daha tez-tez yada salıram. Burada etiraf etməliyəm: vaxt var idi ki, avanqard təmayüllü musiqiyə aludə olaraq yaradıcılığın radikallıqdan uzaq, bir qədər mülayim təzahürlərinə sanki laqeyd idim. Məsələn, bəzi simfonik opusların öz aktuallığını itirdiyini güman edirdim. Ələlxüsus “böyük üslub” məcrasında yazılan çoxhissəli möhtəşəm simfoniyalar... Burada gəncliyə xas nihilizmlə yanaşı, yəqin ötən əsrin 80-90-cı illərinin ümumi atmosferi də nəzərə alınmalıdır. Sovet imperiyasının süqutu dövründə, məsələn, təsviri sənətdə bərqərar olmuş “monumental əda” tənqid olunur, totalitar rejimin təmsilçilərindən biri kimi qiymətləndirilirdi. Hərçənd aydındır ki, sənət əsərlərinin bədii dəyərini nəzərə almayıb, onları sadəlövhcəsinə hər hansı bir siyasi qurumla əlaqələndirmək məqsədəuyğun deyil.
Vaxt ötür, müəyyən hadisələrə, sənət örnəklərinə münasibət də təshihlərə uğrayır, dəyişir, mən deyərdim, dəqiqləşir. İndi C.Hacıyevin nəhəng simfonik tikililəri haqqında düşünəndə, onları dinləyəndə, onlar haqqında televiziyadakı “Musiqi xəzinəsi” verilişində fikirlərimi bölüşəndə heyrət hissi yaşayıram. Axı Azərbaycan musiqisində belə – geniş nəfəsə, məntiqli quruluşa malik əsərlər əslində o qədər də çox deyil. Böyük zaman ərzində cərəyan edən, bir an belə əsas hədəfdən yayınmayaraq polad məntiqi ilə seçilən davamlı musiqi prosesini qurmaq sənətkardan xüsusi keyfiyyətlər – analitik təfəkkür, dramaturji duyum tələb edir. Şübhəsiz, Cövdət müəllim bu nadir keyfiyyətlər sahibi idi. O, həqiqətən ölkənin, xalqın həyatında önəmli olan hadisələr haqqında musiqi dili ilə danışmağa çalışır, Maler kimi simfoniyalarında dünyanın modelini quraşdırmağa can atırdı. Əlbəttə, həmin nəhəng konsepsiyaların indi heç də birmənalı dəyərləndirilməyən zamanla, dövrlə əlaqəsini inkar etmək düzgün olmazdı. Amma o da var ki, əsl sənət ideologiyanın fövqünə yüksələ bilər: kim bu əsərlərin yüksək bədii keyfiyyətlərini, həqiqi peşəkarlığını, bəstəkarın səmimiliyini danar? Məgər biz bu gün C.Hacıyevin ucaltdığı əzəmətli konstruksiyaların kamilliyindən, proporsiyalarının gözəlliyindən həzz almaq iqtidarında deyilik?
Qoyulan sualları musiqişünas kimi çoxillik təcrübəmə əsaslanaraq cavablandırmaq istərdim. Müxtəlif festivallarda dinlədiyim texniki cəhətdən yaxşı təchiz olunmuş, lakin əksər hallarda laqeydliyə səbəb nümunələr və ya izlədiyim çeşidli aksiyalar – performance və happening’lər şəxsən məni korifey sənətkarlarımızın bədii ümumiləşdirmələri ilə sarsıdan, hər hansı saxtakarlıqdan, pafocdan, zahiri effektlərdən uzaq dərin, bəzən ekspressiya, bəzən də zərif poeziya dolu yaratmalarına bir daha dönüb, onları dəqiq, dürüst dəyərləndirmək tələbatı doğurur.
Cövdət Hacıyevin Azərbaycan musiqisi tarixində rolu çoxdan təsbit olunmuşdur. Lakin əminəm: bu zəngin yaradıcı şəxsiyyətin fenomeni haqqında düşüncələr hələ neçə-neçə yeni kəşflər bəxş etmək iqtidarındadır.
Sonda mən C.Hacıyevin 70 illik yubileyi ilə əlaqədar yazdığım məqaləyə bir daha müraciət etmək istərdim. Orada mən yekun olaraq qeyd edirdim ki, Cövdət müəllimin axırıncı əsərlərindən birinin adı – “Zirvələrə doğru” – çox səciyyəvi olub, bəstəkarın həyat kredosunu ifadə edir. İnanıram ki, bu gün sənətkarın musiqisi bizi həmin uca zirvələrə – mənəviyyata, həqiqətə, xeyirxahlığa səsləyir, önəmli, əbədi mətləblər haqqında düşünməyə sövq edir.