Dünya şöhrətli alim Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Uzluq ibn Tərxan əl-Fərabinin (865-950) tar alətini icad etməsi və yaxud təkmilləşdirməsi ilə bağlı yaxın keçmişin mətbuat səhifələrində bir sıra maraqlı açıqlamalar verilmişdir. Bu barədə görkəmli bəstəkar, dirijor, musiqişünas Əfrasiyab Bədəlbəyli (1907-76), tanınmış musiqi tədqiqatçısı Firudin Şuşinski (1925-97) və sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva əsərlərində məlumat vermişlər.
Bildiyimiz kimi, 1922-28-ci illərdə Azərbaycan Xalq Maarif Komissarı (bundan sonra məqalədə AXMK kimi qeyd olunacaq) vəzifəsində çalışan, 1929-31-ci illərdə isə “İnqilab və mədəniyyət” jurnalının redaktoru olmuş Mustafa Quliyevin (1893-1938) tövsiyəsi və göstərişilə tar alətinin konservato-riyada tədrisi qadağan edilməli idi.
1929-cu il yanvar ayının 12-də Dadaş Bünyadzadə adına Dövlət Türk (burada azər-türk) Akademik Teatrosunda incəsənət və musiqi işçilərinin ümumi yığıncağı keçirilir. Bu yığıncaqda M.Quliyev Şərq musiqisi və tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edir. Məruzənin mətni “İnqilab və mədəniyyət” jurnalında “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf yolları” başlığı ilə təqdim edilir (1929, №2, s. 26-27). M.Quliyevin həmin məqaləsindəki bəzi məqamlara diqqət yetirək: “Moskva konservatoriyasının yanında el musiqi alətlərini öyrədən kurslar təsdiq edilmişsə də balalayka, mandalina mütəxəssisləri hazırlayan heç bir kurs yoxdur. Biz də konservatoriyamızı bu əsas üzərində quraraq, oradan tar mütəxəssisləri buraxmamalıyıq” (s. 26), “Bundan başqa tarın heç bir gələcəyi yoxdur və ola da bilməz” (s. 27), “Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır” (s. 27).
Daha sonra bu barədə “İnqilab və mədəniyyət” jurnalının (1929, №2, s. 39) “Xronika” səhifəsində “Tar konservatoriyadan çıxarıldı” başlıqlı məqalədə məlumat verilir: “Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək mə-qsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiləcəkdir”.
Nə yaxşı ki, o dövrdə ölümün gözünə dik baxan bəzi ziyalılarımız (əfsus ki, onlar azlıq təşkil edirdi) – Üzeyir Hacıbəyli (1885-48), Cəfər Cabbarlı (1899-34), Mikayıl Müşfiq (1908-1938), Əfrasiyab Bədəlbəyli və başqaları tarın müdafiəsinə qalxdılar, dövri mətbuatda M.Quliyevin məlum məruzəsini tənqid etdilər.
Tanınmış musiqi tədqiqatçısı Firudin Şuşinski (1925-97) “Azərbaycan xalq musiqiçiləri” kitabında (Yazıçı, 1985, s. 65) tarın yaranma tarixi ilə əlaqədar “Yeni yol” qəzetinə istinadən (1929-cu il, №15) yazır: “Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik ki, tarı miladın X əsrində Türküstan türklərin-dən Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Fərab adlı bir kəndində qayırmışdır”.
Lakin F.Şuşinski kitabında naməlum səbəbdən məqalənin adını və müəllifini qeyd etmir. Biz həmin mənbəni (“Yeni yol” qəzeti 1929-cu il, №15) əldə etmək üçün ölkənin bir sıra nüfuzlu kitabxanalarına üz tutduq. Cəhdlərimiz boşa çıxırdı, ya həmin nüsxə tamamilə yox idi, ya da “Yeni yol” qəzetindəki məqalə kəsilib götürülmüşdü. Nə yaxşı ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, fəlsəfə elmləri doktoru Kərim Tahirov vaxtında bu nadir nüsxəni mikro-filmə yazdırmışdı. Beləliklə, biz həmin məqalənin orijinalını əldə edə bildik.
“Tar haqqında” adlanan bu məqalənin müəllifi məlum səbəblərdən, yəni təhlükəsizliyini qorumaq məqsədi ilə əsl soyadını gizli saxlayır, özünü “Musiqiçi” imzası ilə təqdim edir (s. 4).
Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəylinin bir sıra məqalələri mətbuat səhifələrində “Musiqiçi” imzası ilə işıq üzü görmüşdür. Tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Qulam Məmmədlinin (1897-1994) “İmzalar” adlı əsərində bu barədə olduqca dəyərli qeydləri vardır (Azərnəşr, 1977, s. 71). O, nümunə üçün “İqbal” (1912) və “Yeni iqbal” (1915-1916) qəzetlərinin adlarını təqdim edir. Qulam Məmmədlinin qeydlərinə görə Ü.Hacıbəyli həm də “Mizrab” imzası ilə də məqalələr çap etdirmişdir: “İqbal” (1915), “Yeni iqbal”, “Azərbaycan” (1919) və “Övrəqi nəfisə” (1919) qəzetləri (“İmzalar”, Azərnəşr, 1977, s. 68).
20 noyabr 1924-cü il tarixli “Kommunist” (№259) qəzetində “Musiqiçi” imzası ilə “El musiqisi haqqında” adlı məqalə dərc olunmuşdur. Heydər Əliyev Fondunun layihəsi əsasında işlənib hazırlanmış “Üzeyir Hacıbəyli. Ömür sal-naməsi. 1885-1948. Biblioqrafiya” kitabında da (Şərq-Qərb, 2008, s. 165) “Musiqiçi”nin Üzeyir bəyin olduğu bildirilir: “... onun (“El musiqisi haqqında” məqalənin – A.N.) müəllifi şübhəsiz, Üzeyir bəydir. Bunu məqalənin dili, tarix, ədəbiyyat, etnoqrafiya və musiqişünaslıq cəhətdən savadlı yazıldığı aydın göstərir. Həm də “Musiqiçi” imzası Üzeyir bəyin çoxdan bəri istifadə etdiyi gizli imzalardan biridir”.
“Tar haqqında” adlanan məqaləni də diqqətlə oxuduqdan sonra bir daha onun məhz dahi Üzeyir Hacıbəyliyə məxsus olması fikirləri öz təsdiqini tapır və buna heç bir şübhə yeri qalmır. “Musiqiçi” məqalə boyu faktların dili ilə danışır. O dövrdə belə bir məqaləni yalnız Üzeyir bəy yaza bilərdi. M.Quliyevin “Şərq musiqisinin notaya tabe ola bilməməsi” fikirlərinə “Musiqiçi” tutarlı dəlillər gətirir: “Kantemir oğlunun bütün Şərq musiqisinə dair yazdığı notalar və 17-ci əsrdə İranda Çahargah və Segahın notaya salındığı inkar edilə bilməz”. Və yaxud: “Məruzəçi (M.Quliyev – A.N.) Şərq musiqisinin ağladıcı olduğunu göstərməyə çalışır. Əcaba, məruzəçi Qərb musiqisində ağladıcı və sentimental xasiyyətli əsərləri görməmişdir? Məruzəçinin “Toska” operasındakı həzin və ağladıcı pərdələrdə öz gözləri yaşarmamışdır?”
“Musiqiçi” məqaləsində bəzi Avropa bəstəkarlarının dünya opera sənətinin incilərindən sayılan bir sıra əsərlərinin məhz Şərq musiqisinin təsiri altında yazıldığını bildirir. Nümunə üçün o, italyan bəstəkarları Cüzeppe Verdinin (1813-1901) “Aida” (1870-ci ildə Misir opera teatrının sifarişi ilə yazılıb), Cakomo Puççininin (1858-1924) “Toska” (1900-cu ildə yazılıb), fransız bəstəkarları Kleman Filiber Leo Delibin (1836-91) “Lakme” (1883-cü ildə yazılıb) və Jоrj (Aleksandr Sezar Leopold) Bizenin (1838-75) “Karmen” kimi (1874-cü ildə yazdığı) operalarının adlarını çəkir.
Mənbədə “Musiqiçi” Tərxanın oğlu Məhəmməd dedikdə dahi mütəfəkkir, filosof, alim və musiqişünas Əbu Nəsr Fərabini nəzərdə tutur. Bəs, Fərabi milliyyətcə kimdir?
Özbək alimi Otanazar Matyakubov “Farabi ob osnovax muzıki Vostoka” adlı əsərində Fərabinin əslən Xorasan türkü olduğunu bildirir (Dаşkənd, FAN, 1986, s. 6). 1996-cı ildə İranda farsca nəşr edilən Ə.N.Fərabinin “Kitab-ül-musiqiye-əl-kəbir” əsərində isə onun Xorasanda doğulduğu haqqında məlumat verilir (Tehran, 1996 , s. 10, 23). Bu əsərdə Ə.N.Fərabinin əslən Azər türkü olduğu təsdiqini tapır.
Qeyd edək ki, İranda indi də türk deyildikdə məhz azərbaycanlı nəzərdə tutulur. Digər türkdilli xalqlar isə (məsələn özbək, türkmən, qazax, qırğız, tatar və s.) öz adları ilə çağırılırlar. Deməli, İranın Xorasan şəhərinin Fərab kəndində anadan olan Ə.N.Fərabi risalələrini ərəbcə yazsa da, milliyyətcə Azər türküdür.
Görünür, S.Abdullayeva bu fikirləri F.Şuşinskinin “Musiqişünasın düşüncələri” əsərinə istinadən söyləmişdir (Gənclik, 1995, s. 17). Hər halda tar şəriksiz, Azərbaycan çalğı alətidir.
Beləliklə, “Musiqiçi” imzasının dahi Üzeyir Hacıbəyliyə məxsus olması təqdim edilən məqalədə təsdiqini tapır. Deməli, tarı Fərabinin icad etməsi fikirləri də “Musiqiçi”yə, yəni Ü.Hacıbəyliyə məxsusdur.