Tədbirdə iştirak etmiş Qazaxıstan nümayəndələrinin hamısı sonradan repressiyaya məruz qalmışdır
Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral – 6 martda keçirilmiş Birinci Türkoloji qurultayın materialları (1) böyük əhəmiyyət kəsb edir. Bakıdakı “İsmailiyyə” binasında (hazırda AMEA Rəyasət Heyətinin binası – A.Ş.) keçirilən qurultay ümumtürk ədəbi dili, əlifba, termin məsələləri, eləcə də tarix, arxeologiya və ədəbiyyat sahələrinin bir sıra istiqamətlərini əhatə edən çox mühüm hadisə kimi tarixə düşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji qurultayın 80 illiyi ilə bağlı 9 noyabr 2005-ci il tarixli sərəncamının (2) xüsusi əhəmiyyətini vurğulamaq yerinə düşür. Türkdilli xalqların tarix və etnoqrafiyasının, dil və ədəbiyyatının aktual problemlərinin həllində mühüm rol oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuş Türkoloji qurultayın yubileyinin keçirilməsi haqqında ilk Prezident sərəncamı tük xalqları arasında möhkəm əlaqələrə, beləliklə də türkologiya elminin inkişafına böyük təkan vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamı da (3) həmin qurultayın türk xalqlarının həyatında necə böyük tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Sərəncamda qeyd olunduğu kimi, “Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.” (3) Dövlət başçısı tərəfindən imzalanmış hər iki sərəncam bu gün türkdilli respublikalar arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olmuşdur.
Qeyd etmək lazımdır ki, 2016-cı ildə türkdilli respublikalarda Birinci Türkoloji Qurultayın möhtəşəm yubiley mərasimləri keçirilir. 23-25 may Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş “Böyük Çöl” Birinci Beynəlxalq Humanitar Forumunu buna misal göstərmək olar. Belə ki, bu tədbirdə türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən 200-dən çox ekspert və alimlər iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu qazax xalqının böyük oğlu, müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymenova təqdim etmişdir. Qeyd edək ki, 17 may 2016-cı il tarixdə dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
Forumda “Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı”, “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər”, “Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində”, “Böyük Çöl sivilizasiyası: ümumi və xüsusi” mövzusunda panellərdə müzakirələr aparılmış, “Böyük Çöl”ün mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunmuşdur. Məşhur alimlərin tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya elmlərinə və sahələrinə, latın əlifbası məsələlərinə dair mülahizələri maraqla dinlənilmişdir.
Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər” mövzusunda keçirilən panelin moderatoru akademik İsa Həbibbəyli olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə imzaladığı sərəncamın böyük əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə bağlı digər türkdilli dövlətlərlə yanaşı ölkəmizdə də keçirilən tədbirlərdən ətraflı danışmışdır. “Türk dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr və müasir dövr” adlı məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli qurultayın tarixi və elmi əhəmiyyəti, müzakirə olunmuş məsələlər, təmsil olunmuş ölkələr və Birinci Türkoloji Qurultayın nümayəndələri, onların sonrakı taleyi haqqında geniş danışaraq Birinci Türkoloji Qurultayın 131 nəfərlik nümayəndə heyətinin ölkələr üzrə adlarını bəyan edərək görkəmli türkoloq alimlərin xatirəsini minnətdarlıq hissi ilə yad etmişdir. Türkoloji Qurultaya həsr edilmiş iclasda Seul Universitetinin professoru Yonq Sonq Li (Koreya), Əhməd Baytursunov adına Dilçilik İnstitutunun baş elmi işçisi Alimxan Junisbek (Qazaxıstan), Türk Dil Qurumunun prezidenti Mustafa Kaçalin (Türkiyə), Miçiqan Universitetinin professoru Timur Kocaoğlu (ABŞ), İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya (Türkiyə) və Rusiya EA Sibir Şöbəsi Filologiya İnstitutunun direktor müavini, professor Natalya Şirobokova (Rusiya) Altay dilləri üzrə tədqiqatlar, ümumi türk əlifbası, türk ədəbi abidələri, türk dünyasının ümumi latın əlifbasına keçid məsələləri, müasir türk dünyasının tarixi əlaqələri və sair mövzularda məruzələrlə çıxış edərək dəyərli fikir və mülahizələrini bildirmişlər.
Beynəlxalq forum çərçivəsində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də toplantısı keçirilmişdir. Qurumun rəhbərliyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mühüm əhəmiyyətə malik qərarlar qəbul olunmuşdur. Birinci Türkoloji Qurultayın 90 illiyi ilə bağlı tədbirlər planından danışan akademik İsa Həbibbəyli türk dünyasında mütəşəkkilliklə keçiriləcək yubiley tədbirlərinin koordinasiyası, əhatə dairəsi, mövzuları barədə ətraflı söhbət açaraq təkliflərini səsləndirmişdir. Türkdilli respublikalarda qeyd olunacaq yubiley tədbirlərindən sonra akademik İsa Həbibbəylinin təklifi ilə yekun beynəlxalq elmi konfransın bu ilin noyabr ayında Bakıda keçirilməsinin planlaşdırıldığı və tədbirin elmi istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır. (8)Qeyd edək ki, yubileylə bağlı tədbirlər 2016-cı il boyu davam etdiriləcəkdir.
Məlum olduğu kimi, Birinci Türkoloji qurultayda 131 nümayəndə iştirak etmişdir. Sonradan 120-yə yaxın iştirakçısının, seçmə alim və mütəfəkkirinin əksəriyyətinin həbsi və fiziki məhvi ilə bitən bu qurultay türkologiya elminin müxtəlif istiqamətlər üzrə öyrənilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilir.
Tarixi qurultaydadoqquz gün ərzində 17 iclas keçirilmiş, Türk dünyasının dilinə, tarixinə, ədəbiyyat və mədəniyyətinə və s. həsr olunmuş 29 məruzə dinlənilmişdir. İsmayıl Bəy Qaspıralı və V.Radlovun şərəfinə keçirilməsi qərarlaşdırılan qurultay, artıq qeyd olunduğu kimi, türk xalqlarının ədəbi-mədəni həyatında mühüm əhəmiyyətə malikdir. Dünya türkologiya elminin məşhur simaları olan görkəmli şərqşünas-alimlərin tədbirdə iştirakı və məruzələrlə çıxış etmələri Birinci türkoloji qurultayın elmi-tarixi mahiyyətini daha da artırmışdır.
Qurultayda görkəmli türkoloq alimlərdən Vasili Bartold (1869-1930) «Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrədilməsinin yaxın vəzifələri», Sergey Oldenburq (1863-1934) «Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları», A.A.Miller (1875—1935)«Türk xalqlarının təsviri sənəti haqqında», Fuad Köprülüzadə (1890-1966) «Türk xalqlarının ədəbi dillərinin inkişafı», Aleksandr Samoyloviç (1880-1938) «Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri», Bəkir Çobanzadə (1893-1938) «Türk ləhcələrinin yaxın qohumluğu haqqında», eyni zamanda «Elmi terminologiya sistemi haqqında», Hənəfi Zeynallı (1895-1937) «Türk dillərində elmi terminologiya sistemi haqqında», Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938)«Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri məsələsi haqqında», Sergey Yefimoviç Malov (1880-1957) «Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri», Fərhad Ağazadə (1880-1931)«Türk dillərində düzgün yazı», Nikolay Feofanoviç Yakovlev (1892-1974) «Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri», Cəmaləddin Məmmədzadə (1864-1911) «Türk xalqlarının əlifba sistemləri haqqında», İzmail Lemanov (1871-1942) «Türk dillərinin tədris metodikasının əsasları», Nikolay Nikolayeviç Poppe (1897-1971) «Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti», Qalimjan Şərif (1896-1950) «Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri», Teodor Menzel (1878-1939) «Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri» mövzularında maraqlı elmi məruzələrlə çıxış etmişlər. Görkəmli dilçi-alim fonetist Lev Vladimiroviç Şerbanın (1880-1944) «Orfoqrafiyanın əsas prinsipləri və bunların sosial əhəmiyyəti» və «Ana dili tədrisinin metodikasında ən yeni cərəyanlar» adlı məruzəsi elmi-nəzəri baxımdan diqqətəlayiq idi. Erməni dilçisi Raçiya Akopoviç Açaryan (1876-1953)tərəfindən «Türk və erməni dillərinin qarşılıqlı təsiri» mövzusunda edilən məruzə türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinə həsr olunmuşdu. R.Açaryan öz məruzəsində qədim ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçidin əsas səbəbi və dil stimulu türkcədir – ideyasını əsaslandırırdı.
Qazax xalqının nümayəndələrinin də fəal iştirak etdiyi Birinci Bakı Türkoloji Qurultayında türkologiyanın çoxaspektli, geniş yaradıcılıq istiqamətlərinə malik mövzularını əhatə etmişdir. Bunlar aşağıdakılardır: Əlifba məsələsi; İmla-orfoqrafiya problemi; Termin məsələsi; Tədris-metodika məsələsi; Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. Müzakirəyə çıxarılan problemlər əsasən dil məsələlərinə aid olub, digər filoloji problemləri əhatə etməmişdir. Bunun da əsas səbəbi sovet ideologiyası məsələləri idi ki, bunun da səbəbləri aydındır. Sonrakı dövrdə - 1937-1940-cı illərdə İ.V.Stalinin yenidən türklərin əlifbasını dəyişərək kiril-rus əlifbasına keçməsi, dilin adını dəyişdirməsi isə sovet repressiya siyasətinin və ümumən, totalitar rejim ideologiyasının tərkib hissəsi kimi səciyyələndirilir.
Türkdilli xalqların qarşılıqlı ədəbi əlaqələrinin daha da genişləndirilməsinə stimul yaratmış Birinci Türkoloji Qurultay türkologiya problemlərinin öyrənilməsində misilsiz əhəmiyyətə malik olmuşdur. Belə ki, qurultaydan sonrakı uzun bir dövr ərzində türkdilli xalqların əlifbalarıın poliqrafik və orfoqrafik əsasları, ədəbi dil, dilçilik xüsusiyyətləri, elmi terminologiya məsələləri, ana dilində dərsliklərin yazılması, lüğətlərin yaradılması istiqamətlərində xeyli işlər görülmüşdür. XX əsrin məşhur rus şərqşünas alimi, görkəmli dilçi və türkoloq Andrey Kononov “Qurultayın qərarlarının elmi əhəmiyyətini bu gün də itirmədiyini” xüsusi qeyd etmişdir. (7, 14)
Qurultay türk tarixinin, türk etnoqrafiyasının, türk təsviri sənətinin öyrənilməsi ilə bağlı məruzələr, çıxışlar elmi dəyəri və bu gün də əhəmiyyətini itirməyən elmi sanbalı ilə seçilir.
İndiyədək qurultayın məram və məqsədi, tarixi əhəmiyyəti, ayrı-ayrı türk xalqlarının filoloji tarixinin öyrənilməsi və digər bir çox məsələlər barədə müxtəlif ədəbi-elmi qaynaqlarda, kütləvi elmi tədbirlərdə ətraflı bəhs olunmuş, türkoloq dilçi və filoloq alimlərin elmi, elmi-nəzəri müddəaları öz əksini tapmışdır.
Birinci Türkoloji qurultayın böyük coşqu və mütəşəkkiliklə davam edən əks-sədası böyük bir coğrafiyanı əhatə edirdi. 1927-ci ildə Krımda, 1928-ci ildə Səmərqənddə, 1930-cu ildə Almatıda imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dili Konqresləri, 1976-cı ildə Almatıda, 1980-ci ildə Daşkənddə, 1988-ci ildə Aşqabadda keçirilən sovet türkoloji konqresləri Birinci Türkoloji Qurultayın təsiri ilə keçirilmiş mühüm elmi tədbirlərdir. Bu tədbirlər türkologiyanın müxtəlif istiqamətlər üzrə inkişafına böyük töhfələr vermişdir ki, bu inkişafda da bütün türkdili xalqların nümayəndələri kimi qazax xalqının görkəmli alimlərinin də xüsusi payı vardır.
Biz digər türkdilli xalqların nümayəndələri ilə yanaşı, qurultayda iştirak etmiş və müxtəlif mövzularda çıxışlar etmiş Qazaxıstan nümayəndələri barədə söhbət açacağıq.
Birinci türkoloji qurultayda Qazaxıstan 4 nümayəndə ilə təmsil olunmuşdur. Nazir Torekulov adlı daha bir qazax isə tədbirə Moskvadan dəvət edilmişdi. Beləliklə, qurultayda iştirak edən 5 nəfər qazax - məşhur maarifçi, dilçi alimlər, öz ölkələrində yeni əlifba siyasətinin görkəmli nümayəndələri Əhməd Baytursunov (1872-1937), Bilal Suleyev(1893-1937), İldes Omarov (1892-1937), Əziz Bəyseyidov (1893-1955) və Nazir Torekulov (1892-1937) olmuşlar.
Onlar kim idilər? Qazax xalqının tarixində misilsiz xidmətləri ilə iz salmış bu görkəmli şəxsiyyətlərin keçdiyi həyat yoluna qısaca nəzər salaq.
İctimai-siyasi xadim, maarifçi, linqvist alim, ədəbiyyatşünas, türkoloq, tətrcüməçi olan Əhməd Baytursunov (5 sentyabr 1872-1937) parlaq ədəbiyyatşünas və pedaqoq kimi tanınmışdır.
Əhməd Baytursunov aul ilk təhsilini mollaxanada almış, burada əlaçı şagird kimi tanınmışdır. Sonra Turqay ikisinifli rus-qazax məktəbində təhsil almışdır. Daha sonra Orenburqa gedərək təhsilini davam etdirmək məqsədi ilə görkəmli maarifçi İbray Altınsarin tərəfindən əsası qoyulmuş dördillik müəllimlər seminariyasına daxil olmuşdur. Əhməd Baytursunov olmazın əzab-əziyyətinə, böyük maddi çətinliklərə baxmayaraq 1895-ci ildə məktəbi bitirmiş və o vaxtdan 1909-cu ilədək Aktübinsk, Kustanay və Qarqaralı uyezdlərinin aul volost məktəblərində müəllimlik etmişdir. Kustanay uyezdində işlədiyi zaman meşəbəyinin evində yaşayan Əhməd onun qızı Aleksandra ilə evlənir. Müsəlman adətilə ailə quran cütlüyün xanımı ərinin soyadını götürüb adını da dəyişərək Badrisəfa Məhəmmədsadıq qızı Baytursunova kimi tanınır. Kustanayda məskunlaşan ailə sonradan Omska, daha sonra Qarqaralıya köçərək 1909-cu ilədək burada yaşayır. Əhməd Baytursunov 1907-ci ildə çar üsuli-idarəsini tənqid etdiyinə görə həbs olunur və iki ildən sonra ikinci dəfə tutularaq məhkəməsiz-filansız 8 ay müddətinə azadlıqdan məhrum edilərək Semipalatinsk həbsxanasına göndərilir. 1905-ci ildə siyasi fəaliyyətə başlayan Əhməd Baytursunov bir müddətdən sonra məsləkdaşı ilə Orenburqda “Qazax” qəzetini açır və 5 il müddətində bu qəzet əsas milli ictimai-siyasi və elmi-ədəbi nəşr kimi tanınır. 1917-ci ildə “Alaş” qazax partiyasının və Alaş-Orda hökumətinin yaradıcılarından və rəhbərlərindən biri kimi tanınsa da, təşkilat bağlandıqdan sonra sovet hakimiyyəti tərəfinə keçərək bir sıra vəzifələrdə çalışır.
Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin olunur. Bolşeviklər hakimiyyətə gələndən sonra o, Qazaxıstan MSSR maarif naziri təyin olunur. Əhməd Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Ak jol” qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1926-ci ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər. 1929-cu ildə keçmiş siyasi fəaliyyətinə görə NKVD tərəfindən həbs olunaraq Arxangelsk vilayətinə sürgün olunur, arvadı isə qızlığa götürdükləri Şolpanla birlikdə Tomska göndərilir.1934-cü ildə Maksim Qorkinin arvadının müdaxiləsi ilə həbsdən azad edilir və sonradan yenə də ailəsi ilə birgə - artıq övladlığa götürdüyü 3 uşaqla birlikdə Alma-Ataya köçür (burada yaşadığı ev sonradan muzeyə çevrilmişdir – A.Ş.). 1937-ci ilin oktyabr ayında yenidən həbs edilən Əhməd Baytursunov iki aydan sonra - dekabrın 8-də “xalq düşməni” adı ilə güllələnir. Yalnız ölümündən 51 il sonra - 1988-ci ildə ona bəraət verilmişdir.
Əhməd Baytursunovun yaradıcılığı bir sıra mühüm hadisələrlə zəngindir. 1896-cı ildə qazax çöllərini gəzərək folklor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırıcısı Alektorovla tanışlıq gənc Əhmədin dünyagörüşündə böyük dəyişiklik yaradır. Vətənini hədsiz məhəbbətlə sevən Əhməd xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün forma və metodlar axtarır. Yeniyetmə yaşlarında dombra çalmağa böyük maraq göstərən Əhməd həm də qazaxların jır adlandırdığı xalq mahnılarının toplanması ilə məşğul olur. (4)
Baytursunov qazax əlifbasını ərəb qrafikası əsasında yenidən işləyərək tarixi islahat aparmışdır. 1912-ci ildə qazax dilində işlənməyən ərəb hərflərini əlifbadan çıxararaq onları doğma dilə uyğunlaşan hərflərlə əvəzləmişdir. “Jan emle” (“Yeni orfoqrafiya”) adını almış bu əlifba indinin özündə də Çin, Əfqanıstan və İranda yaşayan qazaxlar tərəfindən istifadə olunur. (5)
Görkəmli xadim, parlaq maarifçi, qazax, rus, tatar dillərini səlis bilən Bilal Suleyev Qazaxıstanda təhsil sisteminin əsas yaradıcılarından biridir. Bilal Suleyev Orenburqda müəllimlər seminariyasını bitirdikdən sonra bir müddət müəllim işləmişdir. 1918-ci ildə dövrün görkəmli ziyalı xanımı, maarifçi, pedaqoq, şair və yazıçı, rus, alman və fransız dillərinin gözəl bilicisi tatar qızı Fatimə Qaibova ilə ailə həyatı qurmuşdur. Bilal Suleyev tanınmış maarif işçisi idi. 1923-cü ildə kommunist partiyasına qəbul olunduqdan sonra təhsil və maarifçilik sahəsində məsul vəzifələrdə işləmişdir. 1920-1929-cu illərdə Semireçye xalq təhsili şöbəsinin müdiri kimi vilayətin bütün yaşayış məntəqələrində məktəb və internatların açılışını təşkil etmişdir. 1928-ci ildə Qazaxıstan xalq maarif komissarlığının məsul işçisi kimi Bilal Suleyev Uraz Candosovla birlikdə Qazaıstanda ilk universitetin açılmasında böyük əmək sərf etmişdir. Bilal və Fatimənin 1919-cu ildə qızı Fəridə, 1923-cü ildə isə oğlu Janibek (Böyük Vətən müharibəsində 1943-cü ildə həlak olmuşdur) dünyaya gəlmişlər. 1929-cu ildə Suleyevlər ailəsi Aktübinskə köçdükdən sonra Bilal vilayət xalq təhsili şöbəsinin müdiri işləmişdir. 1930-cu ilin qışında 10 yaşlı Fəridənin dünyadan köçməsi ailəyə böyük kədər gətirmişdir. Sonra ailə Seminapalatinskə köçmüş, Bilal Suleyev burada pedaqiji institutun rektoru vəzifəsində çalışmışdır. 1930-cu ildə Azat adlı oğlu dünyaya gəlmişdir. 1931-ci ildə millətçilikdə təqsirləndirilərək həbs edilən Bilal Suleyev 1932-ci ildə azadlığa buraxılmışdır. Bundan sonra o, Moskvaya getmiş, istehsalatda çalışaraq maarifçilik fəaliyyətini davam etdirmişdir. Məhz bu zaman Fatimə iki övladı ilə birlikdə Semipalatinskdən Alma-Ata şəhərinə köçmüşdür. (Lakin onlar 1932-ci ildə boşanmışlar. Fatimə Qaibova sonradan şair, Qazaxıstan SSR Yazıçılar İttifaqının sədri İlyas Cansuqurovla (o da iftira ilə 1937-ci ildə tutulmuş, 1938-ci ilin fevral ayında “yapon casusu” adı ilə güllələnmişdir), üçüncü dəfə isə məşhur qazax yazıçısı Muxtar Auezovla ailə qurmuşdur). 1934-cü ildə Qaraqalpak MSSR-in Nukus şəhərinə ali təhsil müəssisələri və orta məktəblər şöbəsinə müdirlik etmək məqsədilə Moskvadan göndərilmiş Bilal Suleyev 1937-ci ildə NKVD tərəfindən yenidən həbs edilmiş və repressiya olunmuşdur. Yalnız 1958-ci ildə Qazaxıstan SSR Ali Məhkəməsi tərəfindən bəraət almışdır. (6)
Görkəmli ictimai xadim, publisist, tərcüməçi, alim-linqvist Eldes Omarov 29 fevral (bəzi mənbələrdə 1mart) 1892-ci ildə Kustanay vilayətinin Semiozernıy rayonunun Kojay aulunda anadan olmuşdur. Əvvəlcə aul mollaxanasında təhsil almış, sonra Kustanay ikisinifli rus-qazax məktəbini fərqlənmə ilə bitirmişdir. Daha sonra Orenburq qırğız məktəbini bitirdikdən sonra Komek volostunun Dobay aulunda müəllimlik etmişdir. 1917-ci ildə dərslik hazırlayan komissiyanın üzvü seçilən Eldes Omarov Orenburqda nəşr edilən məşhur “Qazax” qəzetinin fəal məlliflərindən biri kimi də tanınmışdır. Vətəndaş müharibəsi illərində Alaş-Ordanın Kustanay uyezdi üzrə sədri və uyezdin komissarı olmuşdur. 1920-ci illərin əvvəllərindən Orenburq xalq təhsili komissarlığının məktəb şöbəsində işləyən Eldes Omarov Qazax Xalq Təhsili İnstitutunda dərs demişdir. Məktəblilər üçün dərslik yazmışdır. Alma-Ata şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Alaş-Orda muxtariyyətinin yaradılması proqramının müəlliflərindən biri olmuşdur.
Sonradan özü kimi “vətən xaini” damğası vurulmuş Əhməd Baytursunov, Miryakıb Dulatov, Muxtar Murzin, Jusibbek Aymautovla dostluq etmişdir. Doğma vətənini dərin məhəbbətlə sevən Eldes Omarov qazax yazısının ərəb qrafikası əsasında işlənməsinin tərəfdarı olmuşdur. O, bu barədə birinci türkiloji qurultayda da bildirmişdir. Qazax şifahi ədəbiyyatının mahir bilicisi kimi tanınmış Eldes Omarovu müasirləri “qazaxların Lomonosovu” adlandırmışlar. Riyaziyyat, cəbr, fizika, triqonometriya, həndəsə üzrə çoxsaylı dərsliklərin müəllifi olmuş Eldes Omarov balacalar üçün özündə atalar sözləri və məsəllər, xalq yaradıcılığı nümunələrini əhatə edən əlifba (“Alippe”) dərsliyi hazırlasa da nəşrinə nail ola bilməmişdir. O, görkəmli qazax yazıçısı Muxtar Auezovun elmi fəaliyyətinin ilk tədqiqatçılarından biri olmuşdur.
Eldes Omarovun həyatı daima məhrumiyyətlərdə keçmiş, dəfələrlə həbs olunmuşdur. Birinci dəfə ona 10 il həbs cəzası kəsilmiş, Kareliya meşələrində sürgün həyatı yaşamışdır. 1933-cü ildə sürgündən vaxtından qabaq azad olunaraq bir müddət Tibb İnstitutunda, sonra isə Qazaxıstan Dövlət Universitetində dərs demiş, yeni dərsliklər üzərində yorulmadan çalışmışdır. Həkimlər üçün qazax dili dərsliyinin hazırlanması ona tapşırılmışdır. 22 noyabr 1937-ci ildə yenidən tutularaq dekabrın 1-də barəsində ölüm hökmü çıxarılmış, 1937-ci ildə güllələnmişdir. 25 may 1989-cu ildə qazax xalqının görkəmli oğlu Eldes Omarova Alma-Ata prokurorluğu tərəfindən bəraət verilmişdir.
Görkəmli ictimai-siyasi xadim, dilçi və diplomat, publisist, filoloq, keçmiş Sovet İttifaqının Səudiyyə Ərəbistanında ilk səfiri olmuş Nazir Torekulov 1892-ci ildə Fərqanə vilayətində anadan olmuşdur. Kokandda “Cədid” mədrəsəsində və rus-tuzem məktəbində ibtidai təhsil almış, burada səkkizillik kommersiya məktəbində oxumuş, 1914-1916-cı illərdə Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. O, çar Rusiyasının əsarətində olması ilə Türküstanın nə qədər məhrumiyyətlərə düçar olduğunu gözəl anlayırdı. O, bu fikrini məruzə və çıxışlarında, çap olunmuş kitablarında dəfələrlə açıq-açığına bildirirdi. Çar hökuməti və bolşeviklər Türküstanı Rusiyanın xammal məkanı hesab edirdi. Bir sıra qəzet və jurnalların (Məsələn, “Xalık qazetası”, “İnkilob” jurnalı və s.) yaradılmasında, eləcə də redaktə olunması və nəşrində fəal iştirak etmiş Nazir Torekulov diyarın müsəlman bürosunun orqanı olan “İştrati-İyun” qəzetinin redaktoru olmuşdur. Çoxmillətli Türküstan Respublikasının siyasi həyatında vacib post tutan Nazir Torekulov Türküstan KP MK-nın birinci katibi seçilmiş (1920), respublikanın Mərkəzi İcraiyyə Komitəsinə başçılıq etmişdir (1921-1922). Onun köməkliyi ilə Daşkənddə ilk qazax ali məktəbi açılmışdır. Yüksək vəzifələrdə çalışdığı vaxt o, təkcə siyasi sahədə deyil, mədəniyyət sferasında da xeyli işlər görmüşdü. 1920-ci illərin əvvəllərində müsəlmanların ən əziz bayramı olan Qurban bayramının (Kurban-ayta) üç gün bayram edilməsi ilə bağlı fərman vermişdir. 1922-1926-cı illərdə Moskvada işləmiş, SSRİ xalqlarının nəşriyyatına başçılıq etmiş, eyni zamanda Şərq Zəhmətkeşləri Universitetində mühazirələr oxuyaraq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O dövr üçün çox nadir hadisə sayılan 36 yaşından Səudiyyə Ərəbistanının səfirliyində fəaliyyətə başlamış, cəmi iki ildən sonra səfir kimi irəli çəkilmişdir. 8 il böyük SSRİ-ni bu ərəb ölkəsində təmsil etmiş Nazir Torekulov keçmiş SSRİ-nin Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, İordaniya ilə dostluq əlaqələrinin qurulmasında yaxından iştirak etmişdir. Ümumittifaq yeni türk əlifbası komissiyasının sədri kimi türk yazı nümunələrinin ərəb əlifbasından latın əlifbasına tərcüməsi işində böyük səy göstərmiş görkəmli maaridçi alim türk yazısının latınlaşdırılması problemi ilə məşğul olaraq yeni türk əlifbası layihəsinin müəllifi olmuşdur.
Alaş-Ordaçıları dəstəklədiyinə görə millətçilikdə təqsirləndirilərək 3 oktyabr 1937-ci ildə repressiya olunaraq güllələnmişdir. 28 yanvar 1958-ci ildə bəraət almışdır.
Əziz Bəyseyidov 1893-cü ildə Semipalatinsk vilayətinin Zaysan uyezdində anadan olmuşdur. Zaysan yeddiillik ibtidai-ali məktəbini və Türkiyədə səkkizillik müəllimlər seminariyasını bitirmişdir.
1924-cü ildən Kommunist partiyası sıralarına daxil olan Əziz Bəyseyidov 26 yaşından müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Daşkənd Qazax Maarif İnstitutunda (1919-20) və Birinci dərəcəli Aul-Ata məktəbində (1920-21) müəllim, Aul-Ata kənd təsərrüfatı texnikumunun müdiri (1921-22), Aul-Ata “Koşçi” yoxsullar ittifaqının katibi, sədri (1922-23), Aul-Ata Xalq təhsili şöbəsinin müdiri (1923-24), Sırdərya maarif şöbəsinin inspektoru (1924-25), Qazaxıstan SSR Xalq Maarif Komissarlığı Akademik Mərkəzinin diyar insruktor məktəbinin müdiri (1926-27) vəzifələrində işləmişdir. Semipalatinsk şəhər avtoyol texnikumunu yartamış, 1935-ci ilədək texnikumun direktoru olmuşdur.
Əziz Bəyseyidov əksininqilabi millətçi qruplaşmaların təşkilində təqsirli bilinmiş,1935-ci il dekabrın 28-də tutularaq 1937-ci ildə mühakimə olunmuşdur. Bu zaman hamilə olan həyat yoldaşı üç qızı ilə birlikdə Karaqanda vilayətinin Ulutau kəndinə - ərinin qohumlarının yanına köçmüşdür. 5 il islah-əmək düşərgəsində cəza çəksə də müharibənin başlanması ilə əlaqədar olaraq həbs müddəti 1945-ci ilədək uzadılmışdır. Yalnız 19 yanvar 1957-ci ildə əməlində cinayət tərkibi olmadığına görə bəraət almışdır. 1949-cu ilədək Karaqanda vilayəti Ulutau rayon yol şöbəsində işləmişdir. 1949-cu il mayın 3-də “xalq düşməni” kimi yenidən həbs edilərək 10 il həbs cəzası almış, Kolıma və Maqadana sürgün olunmuşdur. Cinayəti sübuta yetirilmsədiyinə görə 1954-cü ildə Əziz Bayseyidov yenidən bəraət qazanmışdır. 1955-ci ildə azad olunaraq ailəsinin yanına qayıtsa da bir neçə aydan sonra dünyasını dəyişmişdir. Yalnız 2003-cü ildə Şərqi Qazaxıstan vilayətinin prokurorluğu əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar olaraq Əziz Bəyseyidov kütləvi repressiyaların qurbanı hesab edilmiş və bəraət qazanmışdır.
Göründüyü kimi, Birinci Türkoloji Qurultay nümayəndələrinin böyük əksəriyyəti kimi, tədbirdə təmsil olunmuş və müxtəlif səpkili elmi müzakirələrdə yaxından iştirak etmiş 5 nəfər qazax mütəfəkkiri də ağır repressiyaya məruz qalmış, yalnız ölümlərindən sonra bəraət qazanmışlar.
Beləliklə, Birinci türkoloji qurultayın ümumi fəaliyyətinə və bu mötəbər tədbirdə iştirak etmiş qazax alimlərinin həyat yoluna nəzər saldıq. Qazax xalqının görkəmli ziyalıları Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov, Nazir Torekulov nə qədər məşəqqətli həyat sürsələr də, hər cür məhrumiyyətə düçar olsalar da, daima qazax xalqının maariflənməsi yolunda əsil fədakarlıq göstərmiş, yorulub-usanmadan hər zaman öz məsləkləri uğrunda mübarizə aparmışlar. Qısa ömürlərində bir sıra dövlət vəzifələrində az müddətdə fəaliyyət göstərsələr də onlar öz əqidələrinə sadiq qalaraq xalqın maariflənməsi yolunda canlarını fəda etmişlər. Birinci Türkoloji qurultaya gələndə də onların məqsəd və məramı aydın idi: öz aydınlıqlarını və ziyalılıqlarını qazax xalqının maariflənməsinə yönəltməklə, ümumilikdə türk dünyasının aydınlığına xidmət göstərmək və xalqın mənafeyini hər şeydən üstün tutmaq! Onlar bütün ömürləri boyu yalnız bu arzu ilə yaşamış və ideallarına son nəfəslərinədək sadiq qalmışlar. Məhz elə buna görədir ki, Birinci Türkoloji Qurultayın qazax millətindən olan nümayəndələri Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov və Nazir Torekulovun adı bu gün qazax xalqının qəlbində fəxrlə xatırlanaraq millətin yaddaşında uca mərtəbəyə yüksəlmiş, görkəmli maarifçi və eyni zamanda vətənpərvər mütəfəkkirlər Türk dünyasının fəxri vətəndaşları zirvəsinə ucalmışlar. Belələrini isə nə tarix, nə zaman, nə də ki, insanlar unudur! Onlar müqəddəs amallar uğrunda mübarizə aparan, bu yolda ömrünü şam kimi zərrə-zərrə əridən azadlıq çarçılarına dönərək ölməzliyə qovuşurlar.
İstifadə olunmuş ədəbiyyat: