Böyük mütəfəkkir və yorulmaz maarifçi - demokrat M.F.Axundzadənin yaradıcılığına çeşidli monoqrafiyalar və elmi - nəzəri məqalələr həsr edilsə də, onun Qərblə ədəbi-mədəni ilişgiləri bizim ədəbiyyatşünaslıqda hələ kifayət qədər araşdırılmayıb.
1859-cu ildə Tiflisdə "Qafqaz" qəzetinin mətbəəsində M.F.Axundzadənin "Təmsilat "ı çapdan çıxdı
Bu kitaba dramaturqun 1850 - 1855 - ci illərdə yazdığı altı məşhur komediyası və "Aldanmış kəvakib" povesti daxil idi. Onun dramaturgiya janrına müraciəti də təsadüfi deyildi. Çünki ədibə görə "millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır".
XIX əsrin 40-50-ci illərində Tiflis ədəbi mühiti, bütövlükdə Qərb mədəniyyətinə marağın artması M.F.Axundzadənin dramaturgiyaya müraciətində müəyyən rol oynamışdı. Dramaturqun rus dilində çapdan çıxan komediyalar kitabı Qafqazda və Rusiyada yayılaraq müəllifinə böyük hörmət qazandırdı.
Məlum olduğu kimi M.F.Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. Oğlu Rəşid bəy də Tiflis klassik gimnaziyasını bitirdikdən sonra təhsilini Belçıkada Brüssel Universitetində davam etdirmişdir. M.F.Axundzadənin ən böyük arzularından biri də oğlu Rəşidin Avropada təhsil almasına, Qərb mədəniyyətinə yiyələnməsinə nail olması idi. M.F.Axundzadənin Brüsseldə təhsil alan oğlu Rəşidə ünvanladığı məktublardan söz açan professor Vilayət Quliyev yazmışdır: "Məktublar Axundovlar ailəsindəki öz dövrünə görə yüksək intellektual mühit, ata ilə oğul arasındakı səmimi fikir birliyi və əməkdaşlıq, bu ailənin dostları, yaxınları, problemləri, qayğıları barəsində geniş və hərtərəfli təsəvvür yaradır. Rəşidin atasının suallarına verdiyi geniş, əhatəli cavablar, onun əsərlərinin Avropa dillərinə tərcüməsi və Avropa teatrlarında tamaşaya qoyulması ilə bağlı göstərdiyi səylər "Kəmalüddövlə məktubları " nın taleyi ilə dönə - dönə maraqlanması, habelə Mirzə Fətəlinin tapşırığı ilə fransız dilində bir sıra əsərləri, o cümlədən Şarl Mismerin əlifba islahatı ilə bağlı məqaləsini tərcümə etməsi və s. həmin fikir birliyi və intellektual əməkdaşlığın bariz nümunələridir." Rəşid bəyin ingilis tədqiqatçısı Samuel Beykerin Asiyaya və Afrikaya elmi ekspedisiyaları haqqında atasına yazdığı tarixi göstərilməyən məktubu orijinal elmi tutumu ilə seçilir.
M.F.Axundzadənin zəngin arxiv materiallarından məlum olur ki, Mirzə Kazımbəyə akademik B.A.Dorna, görkəmli fransız şərqşünası Qarsen de Fassiyə məktublar yazmışdır. Sankt - Peterburq universitetinin professoru, görkəmli şərqşünas O.I.Senkovski yazmış və "Biblioteka dlə çteniya" jurnalında M.F.Axundzadənin yaradıcılığından bəhs edən məqalə çap etdirmişdir. Sonralar o, dramaturqun "Müsyö Jordan və Dərviş Məstəli şah" pyesinin tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur.
Öz şüurlu həyatını xalqın maarifinə, mədəniyyətinə və tərəqqisinə həsr edən M.F.Axundzadə dünya ədəbi- bədii fikrinə dərindən bələd idi. Məhz bu səbəbdən də o, rus və Avropa şərqşünaslıq elminin nailiyyətləri və görkəmli şəxsiyyətləri ilə mütəmadi maraqlanır, bəziləri ilə (N.F.Dubrovin, A.P.Berje və s.) ünsiyyət yaradaraq əməkdaşlıq edirdi. Xalq yazıçısı Elçin yazırdı: "Axundovun "avropaçılığı", hərgah belə demək mümkünsə, milli "avropaçılıq " idi. Mirzə Fətəli milli zəmindən ayrılmamaq, milli mədəniyyətə, milli təfəkkür tərzinə, milli psixologiyaya və milli problematikaya yaxından bələd olmaq şərtilə böyük rus mədəniyyətinə, böyük Avropa mədəniyyətinə yiyələnməyə çağırırdı. Mirzə Fətəli yaxından bələd olduğu Şekspir, Molyer, Qoqol ənənələrindən ruhlanmış, bu ənənələri ümumazərbaycan ədəbiyyatı, mədəniyyəti kontekstində, Azərbaycan problematikası, Azərbaycan güzəranı daxilində inkişaf etdirmiş və həmin komediyaların dərin mündərəcəsi və kamil poetikası bütün "Qərb aləmini heyrətə gətirmişdir ".
M.F.Axundov 1850-1855-ci illər arasında yazdığı klassik komediyaları ilə Azərbaycanda və Yaxın Şərqdə rus və Qərbi Avropa dramaturgiyası səpkisində yeni, realist dramaturgiyanın əsasını qoydu, teatrın gələcək inkişafı üçün real zəmin yaratdı. O, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində daha yeni bir səhifə açaraq realist nəsrimizin banisi oldu və ədəbiyyatımıza povest janrını gətirdi.
Səməd Vurğun "M.F.Axundov bizimlədir" məqaləsində yazırdı: "M.F.Axundovun materialist dünyagörüşünün təşəkkülündə, onun bədii yaradıcılığının və estetik görüşlərinin inkişafında misilsiz və tarixi bir rol oynamış böyük bir amili, XIX əsr böyük rus mədəniyyətinin, o vaxtkı qabaqcıl, inqilabi və demokratik ideyaların müsbət təsirini xüsusi olaraq, həm də dərin bir minnətdarlıq hissilə qeyd etmək lazımdır. Biz bu gün Axundovun ölümünün 75 illiyini qeyd etdiyimiz vaxtda Azərbaycan xalqının ictimai və bədii şüur tarixində misilsiz rol oynamış rus mədəniyyətinin ölməz simaları olan Belinskini, Puşkini, Çernışevskini, Dobrolyubovu və başqalarını böyük bir minnətdarlıq hissilə yad edirik". Rus və Avropa ədəbiyyatını öyrənib onlardan nümunə götürmək yolu ilə gedən M.F.Axundov və onun ardıcıllarının (N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov və b.) simasında meydana çıxmış maarifçi-realist ədəbiyyat tənqidi mahiyyət daşıyırdı. Bu ədəbiyyat öz tənqid silahını feodal-patriarxal münasibətlərin hökm sürdüyü ictimai quruluşa və onun köhnəlmiş qayda-qanunlarına qarşı çevirmişdi; onun məqsədi ictimai inkişafa mane olan əngəlləri aradan qaldırmaq, xalq kütlələrinin feodalizm buxovlarından azad olmasına kömək etmək idi. Bu dövrdə feodalizmin çürümə prosesinin şiddətlənməsilə əlaqədar olaraq Azərbaycanda maarifçilik dünyagörüşü və ədəbiyyatı təşəkkülə başlamışdı. Maarifçilik geniş mənada xalqı maarifləndirmək, xalq kütlələri içərisində mədəniyyəti, elmi, sənəti yaymaq, xalqı cəhalətdən azad etmək deməkdir. Lakin "maarifçilik" istilahının bundan başqa da bir mənası var. Maarifçilik, eyni zamanda təhkimçiliyi, feodalizm quruluşunu və onun ictimai-iqtisadi normalarıını, siyasi təsirlərini, məfkurəvi-mədəni ağalığını ləğv etmək uğrunda aparılan mübariz bir hərəkatdır. Azərbaycan maarifçiliyinin təşəkkül və inkişafında rus və Qərbi Avropa maarifçiliyinin böyük rolu olmuşdur.
XX əsrin görkəmli Azərbaycan filosoflarından Heydər Hüseynov "M.F.Axundovun fəlsəfi görüşləri" məqaləsində yazırdı: "Bu böyük humanist şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və ya kiçik məsələ olmamışdır. O, drama, hekayə və şeirdən başlamış fəlsəfə, din, etika, moral, kritika, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir". O, daha sonra göstərir ki, "M.F.Axundov ictimai-siyasi məsələlərlə maraqlanır, ictimai həyatın dəyişməsi üçün çarələr axtarırdı. O, Rusiya və Qərbi Yevropa kulturası ilə tanış olur... Böyük rus xalqının dilini, kulturasını dərindən öyrənmişdi. Azərbaycan ictimai fikri inkişafında qüvvətli dönüş yaratmışdır. M.F.Axundov Spinozanı, XVIII əsr fransız materialistlərini, Volteri, Boklı, Çernışevskini və s. böyük mütəfəkkirlərin əsərlərini dərindən tədqiq edib öyrənmişdi".
M.F.Axundovun sosioloji, tarixi, etik, iqtisadi, ictimai-siyasi, fəlsəfi məzmunlu əsərləri aşağıdakılardır: "Kəmalüddövlə məktubları", "Həkimi-ingilis Yuma cavab", "Molla Ələkbərlə mübahisə", "Yek kəlmə haqqında", "Con Stüart Milli-azadlıq haqqında", "Məhərrəmlik təziyədarlığı haqqında", "Babilik əqidələri", "Hikayət", "Məsəli-həkimi Sismond" və s.
Bunlardan əlavə M.F.Axundov öz məktublarında da fəlsəfi məsələlərdən bəhs etmiş, Şərqin və Qərbin böyük mütəfəkkir və alimlərinin fikirlərinə toxunmuş, dünya mədəniyyətinin ən yaxşı nailiyyətlərinə əsaslanmışdır. O, ruhani və cismani azadlığın olmadığı, feodal mütləqiyyətinin, dini fanatizmin və mövhumatın ağalıq etdiyi müsəlman-Şərq ölkələrində xalqların əsarət və istibdadda, cəhalət və nadanlıqda yaşamaqlarını Qərbin, Avropanın tərəqqisi və mədəniyyətilə müqayisə edirdi.
M.F.Axundova qədər, ümumiyyətlə , "Avropa" sözü Azərbaycan ədəbiyyatında nadir hallarda işlənilirdi və özü də yalnız qitə mənasında. İlk dəfə Axundov "Avropa " sözünü ədəbiyyata, incəsənətə, elmə, fəlsəfəyə, dilçiliyə və s. daxil edərək onu geniş, yəni sivilizasiya, elm, fəlsəfə, ədəbiyyat , mədəniyyət mənalarında işlətmişdir .
M.F.Axundovun ilk qərbli obrazını fikrimizcə, Puşkinin qətli münasibətilə dahi rus şairinin tarixi - bədii portreti yaradılmış "Şərq poeması"nda görürük. Tarixdən bildiyimiz kimi, 1837 - ci ilin 31 yanvarında A.S.Puşkinin dueldə öldürülməsi xəbəri bütün Rusiyanı, o cümlədən Qafqazı sarsıtdı. Məmləkətin hər yerində bu ağır itki milli matəm kimi qarşılandı. M.Y.Lermontov, A.V.Kolsov, F.l.Tütçev, V.K.Küxelbeker, A.I.Polejayev, N.P.Oqaryov və başqaları matəm şeiri yazdılar. Şairin qətlini hazırlayan çar sarayına dərin nifrət və qəzəb bu şeirlərin əsas ruhunu təşkil edirdi. Dekabristlər və onlara rəğbət bəsləyən namuslu ziyalılar öz məğrur səslərilə "qatili tutun!" - deyə Nikolaya işarə edirdilər .
Səməd Vurğun "Müəllimimiz və dostumuz" adlı məqaləsində yazırdı: "Puşkinin müasiri, Azərbaycanda realist ədəbiyyatının banisi, görkəmli filosof-demokrat Mirzə Fətəli Axundov şairin facianə surətdə məhv olması haqqındakı kədərli xəbərə Şərqdə birinci səs vermişdir. Onun "Puşkinin ölümünə" poeması dərin dərd və kədər hissilə, böyük şairə əl qaldırmış kübar cəmiyyətinə qarşı qəzəb və nifrət hissilə doludur... M.F.Axundov "Puşkinin ölümünə" poemasında Puşkin yaradıcılığının dünya əhəmiyyəti haqqında böyük bir heyranlıq hissilə danışır... Xalqımızın ən böyük mənəvi nailiyyətini - böyük rus mədəniyyəti ilə ideya və yaradıcılıq əməkdaşlığını bizə irs qoyub getmiş Axundov və onun davamçılarına eşq olsun!"
Əsəri fars dilində yazmış Axundov onu rus dilinə sətri tərcümə etmiş və bu tərcüməni həmin illərdə onunla eyni idarədə xidmət edən dostu rus şairi I.S.Klementyevə təqdim etmişdi. Klementyev poemanı oxuyub vəcdə gəlmiş və onun sətri tərcüməsi üzərində, çox güman ki, müəyyən təshih işləri aparıb, çap olunmaq üçün kiçik məktubla "Московский наблюдатель" jurnalına göndərmişdi. "Puşkinin ölümünə Şərq poeması" tezliklə jurnalın 1837-ci il XI nömrəsində (mart) çap olunmuşdur. Redaksiya poemaya əlavə etdiyi kiçik giriş məqaləsində Axundovun poemasına yüksək qiymət vermişdir: "Cənab Klementyevin hisslərinə şərik çıxaraq və Iran şairinin (I.S. Klementyevin ardınca jurnal M.F.Axundovu səhvən İran şairi adlandırmışdı - tərtibçi) əli ilə Puşkinin qəbri üstünə bəxş edilmiş gözəl gülü bizə göndərməsinə görə ürəkdən təbrik edərək, səmimi qəlbdən gözəl istedad sahibinə müvəffəqiyyətlər arzulayırıq. Əsərdən biz aydın görürük ki, o, rus təhsilinə qızğın rəğbət hissi bəsləyir" . (N.Məmmədov)
Həmin ilin may ayında Mirzə Fətəlinin yaxın dostu, Qafqazda sürgündə olan dekabrist yazıçı A.A.Bestujev - Marlinski "Puşkinin ölümünə Şərq poeması"nın sətri tərcüməsi ilə tanış olmuş və onun üzərində bir sıra təshih işləri aparmışdır. Poemanın sətri tərcüməsinin eyni variantını uzun illər M.F.Axundovla yaxından əməkdaşlıq və dostluq etmiş görkəmli şərqşünas alim Adolf Berje 1874-cü ildə dərc olunmaq üçün "Pycckaə starina" jurnalına göndərmişdi. Tərcümə həmin ildə jurnalın 9-cu nömrəsində (sentyabr) dərc edilmişdir.
Tədqiqatçı-axundovşünas Nadir Məmmədovun qeyd etdiyi kimi, poema klassik Şərq şeiri üslubunda yazılmışdır. "Ideya-bədii strukturu baxımından o, ənənəvi "Müsibətnamələr"ə yaxın olan bir əsərdir. Lakin bədii materialına, mövzusuna görə poema Azərbaycan ədəbiyyatında tam yeni və orijinal bir hadisə idi. Məhz bu poema ilə milli ədəbiyyatımıza yeni bir ədəbiyyatın, yeni bir mədəniyyətin nəfəsi, ruhu, ənənəsi daxil olmağa başlayır və milli-bədii və ictimai fıkrimizin inkişafında mühüm rol oynayan Azərbaycan-rus ədəbi əlaqələrinin ilk əsasları qoyulur". Poemada Puşkinin tarixi-tragik obrazı yaradılmışdır.
M.F.Axundovun bu əsərindəki Puşkin əslində yeni dövr ədəbiyyatımızda Nizaminin XII əsrdə təsvir etdiyi Slavyan gözəlindən, "Yeddi gözəl", Iskəndərdən, yeddi müdrikdən "lskəndərnamə", sonra ilk kamil qərbli obrazı idi.
M.F.Axundovun ikinci komediyası olan "Müsyö Jordan və dərviş Məstəli şah" əsərində Qərbi Avropa mövzusu daha geniş yer tutur. Burada biz Parisdən gəlmiş botanik, fransız əsilli Müsyö Jordan obrazı ilə üzləşirik. Professor Əli Sultanlı təsdiq edir ki, süjetin əhatə dairəsi müəllif fikrinin dərinliyi, dramaturji bütövlüyü və həyat həqiqətlərinin realist təsviri cəhətindən bu komediya dramaturqun ilk pyesi -"Molla IbrahimXəlil kimyagər"dən daha mürəkkəb və daha yetkindir. "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası M.F.Axundovun səhnədə oynanılmış ilk dram əsəridir. Komediya 1852-ci ilin əvvəllərində Peterburqda ev teatrlarından birində həvəskar artistlər tərəfindən tamaşaya qoyulmuşdur. Tamaşa çox uğurlu keçmişdir. Komediyanın tamaşaya hazırlanması və müvəffəqiyyətlə keçməsi barədə "Biblioteka dlə çteniə" jurnalında, M.F.Axundovun pyeslərinə həsr edilmiş məqalələrdə dürüst məlumat mövcuddur .
Komediyada M.F.Axundov öz fəlsəfi dünyagörüşündən və qərbçilik konsepsiyasından çıxış edərək hiyləgər, fırıldaqçı, avam və sadəlövh adamları aldadıb soyan, tüfeyli həyat sürən dərviş Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyö Jordan obrazını yaratmışdır. Müsyö Jordan tərəqqi, elm, maarif və mədəniyyət dünyasının nümayəndəsi olaraq təqdir və təbliğ edilir. Dramaturq o dövrün, zamanın reallığına uyğun olaraq Məstəli şahın geridə qalmış feodal ölkəsi Irandan, Müsyö Jordanın isə inkişaf etmiş burjua ölkəsi Fransadan gəldiyini göstərir. Əsərdə gənc Şahbaz bəy surəti ilə Axundov Azərbaycandakı Avropa tipli gənclərin arasında ziyalıların yetişdirilməsi zərurətini təsvir edirdi. Müsyö Jordanla şəxsi münasibətlərin təsiri altında və fransız aliminin təşviqi ilə Şahbaz bəydə Qərb dünyasına qovuşmaq, elmə, təhsilə, Avropa mədəniyyətinin nailiyyətlərinə yiyələnmək arzuları baş qaldırır. Professor Yaşar Qarayevin elmi qənaətinə görə : "Mirzə Fətəlinin Müsyö Jordana münasibətini onun Qərbi Avropaya bəslədiyi konseptual münasibətin işığında qiymətləndirmək lazımdır".
Tədqiqatçılar təsdiq edirlər ki, Müsyö Jordan real tarixi şəxsiyyətdir. Botanikanın tarixindən məlumdur ki, Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli fransız nəbatat alimi olmuşdur. M.F.Axundov əsərdə Aleksis Jordanın nəbatat elmi sahəsində fəaliyyətinin dürüst, obyektiv qiymətini vermişdir. Əsərdə göstərildiyi kimi, A.Jordan həqiqətən XIX əsrin ortalarında Karl Linney, Jozef Pitton de Turnefor, Bertram Con, Georq Qlliford kimi təbiətşünas alimlərlə elmi mübahisələr aparmış və bitkilərin növü haqqında yeni nəzəriyyə irəli sürmüşdür. Onun bu nəzəriyyəsi təkcə Fransada deyil, bütün Avropa ölkələrində bir müddət geniş yayılmışdı. "Jordanizm" adı altında məşhur olan bu nəzəriyyə sonralar materialist-təbiətşünaslar tərəfindən idealist bir baxış kimi ciddi tənqid olunubdur. M.F.Axundov tarixi-elmi həqiqətləri yüksək səviyyədə təqdim edərək maarifçilik ideyalarının təbliği məqsədini izləmişdir.
M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında XIX əsrin ortalarında Azərbaycan cəmiyyəti üçün tipik olan iki meyli ictimai konflikt kimi əsərin mərkəzinə qoymuşdur: 1) böyük ədibin obrazlı şəkildə "qamışlıq" deyə adlandırdığı feodal-patriarxal münasibətlərində qanun-qaydaları ilə yaşamaq, mövcud vəziyyətə qane olmaq, təcrid edilmiş mübarizəsiz, durğun, süst həyat sürmək; 2) başqa millətlərin həyat və məişətini öyrənərək, onların tərəqqisi və mədəniyyəti ilə tanış olaraq görüb-götürmək, bəşəriyyətin mədəni irsini mənimsəməklə feodal və milli-regional qapalılığından xilas olmaq. Fikrimizcə, Müsyö Jordan obrazı ayrıca, xüsusi olaraq təhlil edilməklə, onun ədəbiyyatımızdakı Qərb mövzusuna güclü təsiri tədqiq olunmalıdır.
Böyük mütəfəkkirin "...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də , təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun " - sözləri mənəvi suverenliyin, fikir və azadlığın, bütövlükdə onun maarifçi estetikasının və fəlsəfi - sosial məntiqinin bədii təsdiqi kimi mənalanır.