Xidmətləri Kipr, Balkanlar, Avrasiya və Türk Ədəbiyyat qurumunun (KBATEK) döş nişanı, Amerika Hüquqşünaslar Mərkəzinin diplomu, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AKİVİHİ) tərəfindən “Xan qızı Natəvan” media mükafatı, “Çaşıoğlu” nəşriyyatı tərəfindən Fəxri Fərman, Azərbaycan Mətbuat Şurasının diplomu ilə dəyərləndirilib. “Xalılı dağlar”, “Ömür keçdi, gün keçdi”, “Yüz türk qadını” bu yaxınlarda çapdan çıxan “Muğam qəsri” kitablarının yazarıdır.
– Saminə xanım, bu günlərdə “Muğam qəsri” adında ensiklopedik toplu nəşr etdirmisiz. Kitabın Beynəlxalq Muğam Mərkəzində “tar-kamanlı” möhtəşəm təqdimatındam da xəbərdarıq. Həmin mərasimdə YUNESKO-nun qeyri maddi irs üzrə dövlətlərarası Komitəsinin üzvü, əməkdar incəsənət xadimi S.Bağırova bu kitabı “dərin qatları olan aysberqə” bənzətdi. Professor Aqşin Babayev ensiklopedik toplunun tarixi və ideya istiqamətinə görə yüksək mükafata layiq olduğunu söylədi. Təqdimatda çıxış edən digər mütəxəssislər də kitabın ingilis, rus, fars dillərinə tərcümə olunmasının vacibliyini vurğulamaqla müəllifə yəni Sizə öz minnətdarlıqlarını bildirdilər. Kitabla ilk tanışlıqdan belə bir nəticə çıxarmaq olar ki, ağır bir yük götürmüsüz. Yolun gedilmiş hissəsini artıq keçib gəlmisiz, sənətsevərlər qalan hissəni də görə biləcəklərmi?
– Bəli, hazırda “Göy qurşağı” layihəsi üzərində işləyirəm. Demək istəyirəm ki, bu işin ağırlığı çəkdiyim əziyyətlə deyil, onun qiymətində, mahiyyətindədir. Layihəyə bu adı verməyimin yazqabağı səmada yaranan və “alaqurşaq” adlanan yeddi rəngli qövslə bağlılığı var. Mifik təfəkkürümüzdə Göy qurşağının rəngləri yeddi arzunu mənalandırır. Bir şeyi də özüm kəşf etmişəm, aramla 7-yə sayılacaq qədər zaman insana bir nəfəs uzunluğunda gəlir və sanki burdaca nöqtə qoyulur... Allah ömür versə, 7 müstəqil kitab və hər kitabda həyatı gələcək nəsillərə örnək ola biləcək 100 qəhrəmanımı oxuculara təqdim etmək fikrim var. Bu kitabların hər birində uzun illər mətbuatda ayrıca rubrika altında yazdığım müsahibələr, tədqiqat xarakterli yazılar, mövzular ətrafında düşüncələr yer
Saminə xanım, gələcək işlərinizdə Sizə bir daha uğurlar, ancaq gəlin yenə qayıdaq “Muğam qəsri”nə. Belə başa düşdüm ki, “Muğam qəsri” dediyiniz silsilənin bir bəndidir.
Bəli, haqlısız. “Göy qurşağı” layihəsindən nəşr olunan “Muğam qəsri” haqda icazənizlə bir qədər geniş məlumat vermək istərdim. Bildiyiniz kimi bu kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılıb, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onla-
rın həyat yolu araşdırılıb. Təkcə Azərbaycanın musiqi xadimləri deyil, xaricdə yaşayan və muğam sənətinə töhfələr verən yaradıcı şəxslərin və sənətşünasların muğam haqqında düşüncələri də topluda yer alır, muğam dəstgahları, muğam məktəbləri və məclisləri barədə məlumat verilir. Son illərdə baş verən möhtəşəm tədbirlərin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına rəvac verdi. 2005-ci ildən üzü bəri keçirilən muğam televiziya müsabiqələri, muğamların nota alınması, antologiyaların diskə yazılması, Beynəlxalq “Muğam” jurnalı və ensiklopediyasının buraxılması və sair mövzular kitabda öz əksini tapır. Bildiyimiz kimi muğamın tədqiqi orta əsrlərdən bu günə qədər musiqişünasların araşdırdığı əsas mövzuya çevrilib. Görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına müraciət etməsi və bu sahədə elmi əsərlər yazması məlumdur. Odur ki, kitabın bölmələrindən birini elə həmin tədqiqatçılara həsr etdim. Dediyim kimi, hər bir kitabda yüz müsahibimin olmasını planlaşdırmışam. Daha sonra fikirləşdim ki, kitabın sonunda “Muğam ocağı” adlı bir bölmə yaradım. “Ocaq” muğamın yaşarılığını simvolizə edir.
Müxtəlif dövrlərdə yaşayan, müsahibim olmayan, lakin muğam sənətində xidməti olan muğam bilicilərini, eləcə də muğam sənətinə töhfələr verən müasir sənətkarları muğam ocağı ətrafında topladım. Əvvəl iki səhifə...sonra dörd səhifə...altı səhifə...gördüm fikirləşdikcə ardı gəlir. Bu-
rada saxladım.
– Mətbuatda kitabın məziyyətləri barədə çox yazılıb. Qəzetlərin birində kitab barədə yazılan yazıya “Saminənin Muğam qəsri” başlığının qoyulması diqqət çəkir....
– Sevinirəm ki, uzun illərin zəhməti bahasına bu “qəsri” ərsəyə gətirə bildim. İki nəfər bənna haqqında ibrətamiz bir hekayət mövcuddur. Bənnalardan biri “nə ilə məşğulsan” sualına: “əl arabası ilə daş daşıyıram”, o biri bənna isə həmin suala: “məbəd” yaradıram cavabını verir. Mən
də bu “qəsri2 yaratdığımı iftixar hissi ilə deyirəm. Sözsüz ki, bu işdə böyük zəhmət – “əl arabası ilə daş daşımaq da var”. Amma məqsəd bu qəsri tikib yaratmaq idi. Deyərdim ki, istedadlı jurnalist Təranə Əlizadə məqaləyə bu başlığı qoymaqla böyük bir aşırımı adlamış müəllifdə xoş ovqat yaratmağa müfəffəq olub, sağ olsun, minnətdaram.
– Bir neçə il əvvəl oxuculara təqdim etdiyiniz “Yüz türk qadını” adlı kitabınız da diqqətdən yayınmadı. Araşdırmaçılar və eləcə də oxucular bunu türk qadınının tarıxı baxımdan ümumiləşmiş bir obrazı kimi dəyərləndirdilər...
– “Yüz türk qadını” türk mədəni toplumunun mühüm tərkib hissəsi olmaq baxımından da maraqlıdır. Makro mədəniyyətlərin mikro mədəniyyətləri üstələməyə doğru getdiyi bir dönəmdə belə kitabların meydana gəlməsi özlüyündə məncə sosial sifariş kimi qəbul edilməlidir, eyni zamanda tarixilik baxımdan türk mədəniyyətinin ululuq isbatıdır.
– Soruşmaq eyib olmasın, Saminə xanım musiqi ilə nə dərəcədə bağlılığınız var?
– Bəri başdan deyim ki, musiqi sahəsində müəyyən anlayışa malik olsam da, özümü bu sahənin mükəmməl bilicisi hesab etmirəm. Lakin onu da bilirəm ki, muğam haqqında fikir demək üçün təkcə musiqi sahəsində çalışmaq yetərli deyil. Muğamın təkcə musiqi janrı kimi qəbul edilməsi ilə razılaşa bilmirəm. Düşünürəm ki, muğamı janr kimi qəbul edənlər onun məqamını kiçildirlər. Bununla da ilahi möcüzənin siqlətini, yumşaq desək, azaltmış olurlar.
Muğam yaranışın ilkin sədası kimi müqəddəs Səsdən, Sözdən, Ruhdan və Ahəngdən yoğrularaq bizə endirilən İlahi paydır. Yaradanın Sözə və Qələmə and içdiyi məqamdır. Müqəddəs Sözün, Qələmin və Ruhun ahəngidir. Alimləri, mütəxəssisləri bir sualın cavabı düşündürməli idi: muğamın ruhu hansı xalqın ruhuna, mənəvi dünyasına, milli irsinə daha yaxın və doğmadır?
Mehriban xanımın səyi nəticəsində artıq bu sualın cavabını dünya alimləri bir səslə təsdiqlədilər ki, MUĞAM azərbaycan xalqının qeyri-maddi mənəvi irsidir. Xarici bəstəkarlar hərdən bizim muğamlarımıza müraciət edirlər, Muğamı cazla sintezləşdirirlər. Tutaq ki, Amerikada kimsə bu işlə məşğuldur, amma onun adını muğam deyil, başqa cür adlandırır. Bu təbiidir. Demək olmaz ki, o bu musiqini bizdən köçürüb. Muğam ruhun təskinlik tapdığı və düşündüyü məqamdır. Bu
təkcə səslə, təkcə sözlə bağlı deyil, bu – musiqi ilə sözün arasında olan elə bir vəhdətdir ki, bu vəhdətin ilahiliyini bu gün açmaq hələ mümkün olmayıb. Bəlkə də olmayacaq. Mənim anlamımda muğam oxumazdan əvvəl insan öz ruhunu durultmağa çalışmalıdır, necə ki, ibadət əhli namazdan əvvəl dəstəmaz alır ha, bax eləcə...
Məşhur Fransız yazıçısı Aleksandr Düma Qafqazla bağlı xatirələrində yazır ki, «bilmirəm bu muğam necə şeydir, müsəlmanlar onu dinləyəndə düşüncələrə dalır və başlarını əyib yırğalanırlar». İnsan muğamı dinləyəndə keçmişini, bu gününü, sabahını düşünür. Elə bir sahə yoxdur ki, muğam qədər insanı düşünməyə vadar eləsin, muğam qədər insanı özünün dərkinə
aparsın, onu saflaşdırsın.
Bir baxın, İran xanəndələri deyir muğam farsın musiqisidir, azərbaycanlılar deyir yox, bizimdir, hindlilər də deyir bizimdir. Muğamın musiqi janrı kimi hansı xalqa məxsus olduğu barədə ehtimallar, fərziyyələr və mübahisələrin illərlə davam etməsi əbəs cəhdlərdir. Muğam milliyyə-
tindən, dinindən asılı olmayaraq bütün dünyanındır. Sadəcə, biz Yer kürəsinin elə bir məkanında yerləşirik ki, doğrudan da o ilahi səsləri bizlər tez eşidirik, tez duyuruq və onunla yaşayırıq.
– Fikir vermişik, çox vaxt siz bir jurnalist kimi öz müsahibələrinizi “nə var, nə yox” sualı ilə başlayırsız. Bəlkə bu suala indi özünüz cavab verəsiniz?
– Bu suala “hər şeydən uca olan Allah var, şəriki yox” cavabını vermək istərdim. Allahın bizə bəxş etdiyi “var” olan hər şeyə şükr etdiyimiz halda, “ yox”a da özümüzü hazırlamalıyıq. Çünki “var-yox”, “yaxşılıq-pislik”, “gecə-gündüz” və s. əks qütbləri göz önünə gətirən bu anlayışlar bu
dünyanın sınaqlarından üzüağ çıxmaq üçün bizə meydan açır. Arzu edərdim ki, arasında dərin zaman, məkan, şəxsiyyət məsafəsi olan bu sualın cavabı heç kəsi utandırmasın, inşaallah.
– Xalq yazıçısı Qılman İlkin kitabınıza verdiyi rəydə sizin üslubunuzu, dilinizin səlisliyini çox bəyəndiyini yazmışdı...
– Elədir, Qılman müəllim, ruhu şad olsun, mənim “Sarı sim” rubrikası altında gedən müsahibələrimin də davamlı oxucusu idi. O, “Saminə xanım ədəbiyyatımızda yeni bir janr icad edib, mən bunu “hekayət” janrı adlandırardım” – deyirdi. Özünü tərif olmasın, bu, öz müsahibimə hörmət və səmimiyyətdən irəli gəlir, amma buna nail olmaq elə də asan deyil. Oxucuya məlum olmayan faktlara yiyələnmək üçün müsahibimi öz dilində, öz ləhcəsində, hər birinin dünyagörüşünə uyğun tərzdə danışdırmaq üçün əziyyət çəkməlisən. Söhbəti qələmə alanda, heykəltəraş əsərinin üzərində işlədiyi kimi dilin üzərində işləmək lazım gəlir. İstəyirəm bir müsahibin dili o birinə bənzəməsin, hər birinin öz nəfəsi duyulsun, qulaqlarımıza səsi gəlsin,
gözlərimiz önündə obrazı canlansın.
– “Muğam qəsri”nin Muğam teatrındakı təqdimatında xalq artisti, görkəmli tarzən Ramiz Quliyev Mədəniyyət sahəsində “sağ ol” qazanmağın asan olmadığını və sizin buna layiq olduğunuzu xüsusi vurğuladı...
– “Sağ ol” nə qədər şərəflidirsə, “qazanmaq” bir o qədər məsuliyyətlidir. Bunların sırasına “zəhmət” də qoşulanda insan istədiyini ala bilər. Çünki Allah da “səndən hərəkət, məndən bərəkət” – deyib. Bir də ki, müsahiblərimin arasında dünyasını dəyişən sənətkarlar var. Onların diktafonuma yazdığım müsahibələrini dinləyəndə özüm özümə “sağ ol” deyirəm, fikirləşirəm ki, nə yaxşı bu söhbətləri, xatirələri zamanında yazmışam...
Hə, indi “Muğam qəsri”ndən çıxıb,bayaq adını çəkdiyiniz layihənin üstünə qayıdaq.
Bəli, hazırda “Göy qurşağı” layihəsindən olan üçüncü kitab üzərində işləyirəm. Burada zəhməti, istedadı ilə ömrünü mədəniyyətimizə həsr etmiş 100 nəfər tanınmış rejissor, teatr və kino aktyoru, rəssamlar, rəqqaslar, vokalçılarla müsahibələr oxuculara təqdim olunacaq.
– Səhv etmirəmsə, bir neçə il əvvəl Demokratik Jurnalistlər Liqası sizi fəxri ada təqdim etmişdi.
– Azərbaycan jurnalistikasında uzun müddətli fəaliyyətimin diqqətdən kənarda qalmamasını mən də istərdim. Adı çəkilən liqa 50 illik yubileyimlə əlaqədar “Ömrün 50 anı” kitabını nəşr etdirdi və həmin kitabda oxucular məni “Jurnalistikamızın Sarı simi” adlandırdı. Hələlik bu adı daşıyıram... Bir də ki, “Muğam qəsri”nin sakiniyəm...
Sizə uğurlar, “Göy qurşağı” sırasından yeni, kitablarınızı görmək ümidiylə...
Sorğuladı
Aydan Salahzadə