Azərbaycan xalqı istər musiqi mədəniyyəti, istərsə zəngin ədəbiyyatı ilə haqlı olaraq öyünən ən
qədim xalqlardan biridir. Bu xalqın musiqisi, dünyanın demək olar ki, hər yerində tanınıb sevilib. Bu zənginlik musiqimizin ilk növbədə Azərbaycan muğamları üzərində qurulmasından irəli gəlir.
Dahi Üzeyir Hacıbəyli “Azərbaycan Xalq Musiqisinin Əsasları” adlı fundamental əsərində yazır: “Muğamlar keçmiş dövrlərdən bəri Şərqin, xüsusən də Azərbaycanın klassik musiqi nümunəsi
kimi tanınmışdır”.
Bizcə, bir məqamı vurğulamaq yerinə düşər ki, muğamlar da illər keçdikcə bir sıra dəyişmələrə məruz qalıbdır. Bunu muğamların adı, kök-tonallıq və ifa xüsusiyyətləri baxımından nəzərə alaraq deyirik. Bu mənada Azərbaycanın muğam sisteminə daxil olan “Bayatı-Şiraz” muğamı xüsusi qeyd olunmalıdır. Ehtimal olunur ki, “Bayatı-Şiraz” muğamı keçmişdə “İsfahan” muğamı kimi adlanmış və “İsfahan” on iki klassik muğamımızdan biri olmuşdur.
Bildiyimiz kimi İsfahan – İranın ən böyük şəhərlərindən biridir. Bu şəhərin tarixi uzaq keçmişə, yəni yonma daş dövrünə gedib çıxır. Qədimdə İsfahan Sasani imperiyasının mərkəzi şəhərlərindən biri hesab edilirdi. XI yüzilliyin ortalarında hakimiyyətdə olan Səlcuk-türk imperatorluğu dövründə də İsfahan mərkəzi şəhər kimi qorunub saxlanırdı.
Toğrul bəyin nəvəsi, Alp Arslan oğlu Məlik şah (1104-1105) İsfahanı daha da abadlaşdırdı. Tarixin sonrakı çağlarında monqolların, daha sonra Teymurilərin hücumlarına məruz qalan İsfahan tənəzzülə doğru sürükləndi. Səfəvilər dövründəsə İsfahan şəhəri I Şah Abbas tərəfindən 1598-ci ildə yenidən paytaxt elan edildi.
***
“İsfahan” muğamı yuxarıda qeyd etdiyimiz kimi 12 klassik muğamlarımızdan biriydi.
Bunları bir də xatırlayaq: “Uşşaq”, “Nəva”, “Busəlik”, “Rast”, “Əraq”, “İsfahan”, “Zirəfkənd”, “Büzürk”, “Zəngulə”, “Rəhavi”, “Hüseyni” və “Hicaz”.
Altı avaz: “Şahnaz”, “Mayə”, “Səlmək”, “Novruz”, “Gərdaniyə” və “Gəvəşt”.
“İsfahan” muğamının adı daha dərinlərə gedib çıxır. Buna Nizaminin “Xosrov və Şirin” poemasındakı barbət musiqi alətinin ixtiraçısı və ifaçısı Barbəd yaradıcılığında da söylənir.
Barbəd barədə bilgiyə Əmir Xosrov Dəhləvi və Rudəki yaradıcılığında da rast gəlinir. Barbəd Xosrov Pərviz sarayında mahir ifaçı kimi tanınaraq hər kəsin dərin hörmətini qazanıbmış. O, səkkiz muğam parçasından əlavə, otuz melodinin, yeddi xosrovaninin və üç yüzdən artıq mah-
nının müəllifi olub. Barbədin ifa etdiyi muğam parçalarının içərisində “İsfahan” muğamının adı çəkilir. Nizamidə deyilir:
Barbədin setarı səsləndi birdən
Isfahan pərdəsi başladı nəva,
Oxudu eşq ilə bir gözəl hava...
“İsfahan” muğamı ilə bağlı növbəti tarixi məlumata X-XI əsrlərdə yaşamış hökmdar Keykavusun “Qabusnamə” əsərində də rast gəlinir. Qeyd edək ki, “Qabusnamə” 44 fəsildən ibarət dəyərli bir nəsihətnamədir.
“Qabusnamə”nin otuz altıncı fəsli muğamşünaslıq sahəsi üçün daha faydalıdır. “Musiqişünaslıq qaydaları” adlanan bu fəsildə, müəllif o dövrdə ifa edilən səkkiz muğamın adını çəkməklə yanaşı, ifaçılığa dair bir sıra maraqlı fikirlər də söyləyir.
XIII əsr Azərbaycan muğam tarixinin görkəmli simalarından biri də Səfiyəddin Əbdülmömin ibn Yusif ibn Fahir əl-Urməvi sayılır. Onun ən məşhur elmi əsəri “Kitabül-Ədvar” və “Risaleyi-Şərəfiyə” traktatlarıdır. “Kitabül-Ədvar” risaləsinin söz açımı “dövrlər və ya dairələr haqqında kitab” deməkdir.
Qeyd edək ki, S.Urməvi hər bir fəsli musiqinin ayrı-ayrı sahələrinə həsr eləyib. Belə ki, əsərin I-fəsli səs və onun keyfiyyətindən, II-fəsil pərdələrin bölünməsindən, III-fəsil interval və onların nisbətindən, IV-fəsil dissonaslığın səbəblərindən bəhs edir. Sonrakı bölümlər dairələrdən, qoşa simli alətləri çalmaq qaydalarından, ud, onun səs düzümü, köklənməsi muğamlarda səslərin qoşalığı, XI–fəsil muğam dairələrinin ritm və dairələrdən söz açır. Axırıncı fəsillərsə muğamın təsirindən və eyni zamanda musiqi təcrübəsindən danışır.
Bir məqamı xüsusi vurğulamaq istərdik ki, əsərin doqquzuncu fəslində Urməvi çox geniş yayılmış muğam və avazların ad və dairələrindən söz açır. Urməvininmuğam cədvəli belədir: Üşşaq, Nəva, Busəlik, Rast, İraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni, Hicaz. Daha sonra alim avazlar haqqında da maraqlı fikir yürüdür. “Sən dərk etdikdə görürsən ki, adlarını çəkdiyimiz iki avazat “İsfahan” daurundan başqa bir şey deyil. Burda “Gərdaniyə” 17-ci pərdədə, “İsfahan” və “Gəvəşt” isə 10-cu pərdədə yerləşən “İsfahanın” elə özüdür ”. Bu qayda ilə alim 12 muğamdan altı avazın yarandığını zənn edir. Bunlar hansılardır? Gəvəşt, Gərdaniyə, Səlmək, Novruz, Şahnaz, Mayə.
Alimin muğam və daur cədvəlində “İsfahan” muğamının adına rast gəlirik.
XIV əsr Ərəb dünyasının məşhur musiqiçi alimlərindən biri də Səlahəddin əsSəfadidir (1296-1363). Onun yazdığı “Musiqi haqqında risalə”də muğam dünyasına gərək olan çox maraqlı məlumatlar öz əksini tapıbdır. Onu da qeyd edək ki, Səfadi öz əsərində “Muğam” terminini işlədir və on iki əsas muğam, yeddi avaz və dörd şöbənin adını çəkir. Burda bir məqamı xüsusi ilə vurğulamaq lazım gəlir ki, “Musiqi haqda risalə”də alim muğamdan danışanda on iki əsas muğamı on iki bürclə, yeddi avazı yeddi səyyarəylə, dörd şöbəni isə dörd rənglə, dörd hava əlaməti ilə bağlı olduğunu güman edir. Səfadinin muğam cədvəlində on iki muğamdan yeddi avazın, dörd şöbənin əmələ gəlməsi göstərilir.
XIV əsr Azərbaycan muğam mədəniyyətinin formalaşmasında müstəsna xidmət göstərmiş şəxsiyyətlərdən biri isə heç sözsüz ki, Əbdülqadir Marağaidir. O bir çox elmi risalələr müəllifidir. Ə.Marağainin yaratdığı elmi əsərlərdən, “Şərhül-Kitabül-ədvar”, “Züldətül-ədvar”, “Fəvait-i əşərə”, “Came Əl-Əlhan” və digərlərinin adını çəkmək olar.
Alim “Şərhül-Kitabül ədvar”, “Fəvait-i əşərə” və “Came Əl-Əlhan” risalələrinin hər üçündə on iki klassik muğamdan altı avaz və iyirmi dörd şöbə yaranmasından bəhs edir.
“Avazların yaranışı iki muğamın birləşməsindən əmələ gəlir. “Novruz” avazı “Hüseyni” və “İsfahan”ın, “Gəvəşt” avazı “Hicaz” və “Büzürk”ün, “Səlmək” avazının “Üşşaq” və “Rast”ın, “Gərdaniyə” avazı “Əraq” və “Zəngulə”nin, “Mayə” avazı “Nəva” və “Busəlik”in, “Şahnaz” avazı isə “Rəhavi” və “Zirəfkənd”in birləşməsindən yaranıbdır”.
“Dügah” muğamından başlayaraq, iyirmi dörd şöbənin quruluşuna da aydınlıq gətirilir: İyirminci şöbə “Zabul”a bənzəyir. Ə. Marağai muğamlarla bağlı cədvəldə “İsfahan”ı həm əsas muğam, həm də şöbə sayır. Bu fakt “İsfahan” muğamının başlanğıc nöqtəsi olduğunu sübut edən əsas amillərdən biri sayıla bilər. Böyük Azərbaycan şairi İmaməddin Nəsimi (1369-1417) bir qəzəlində muğam və şöbələrin adlarını, onların insana təsirini belə ərz eləyir:
Həsrət yaşı hər ləhzə qılır
bənzimizi saz,
Bu pərdədə kim, nəsnə
bizə olmadı qəmsaz.
“Üşşaq” meyindən qılalı işrəti-”Novruz”,
Ta “Rast” gələ çəngi-“Hüseyni”də
Ba “Çargahi” lütf qıl,
ey hüsnü “Büzürgi”,
“Kuçik” dəhənindən bizə,
ey dilbəri-“Tənnaz”.
“Zəngulə” sifət nalə qılam
zar “Segaha”,
Çün əzmi-”Hicaz” eyləyə
məhbubi-xoşavaz.
Ahəngi-“İsfahan” qılır ol nami-“Əraqi”,
“Rəhavi” yolunda yenə
canım qıla pərvaz.
Könlümü “Hisar” eylədi ol
ruhi-“Mübarğə”,
Gəl olma “Müxalif” bizə,
ey dilbəri-”Şahnaz”.
Çun “Şurə” gəlib eşq sözün
qıla Nəsimi,
Şövqündən anın cuşa gəlir
Sə’diyi-Şiraz.
XV əsr musiqi tarixinin ən parlaq nümayəndələrindən biri də Əbdürrəhman Camidir. O, tanınmış şair olmaqla bərabər muğam tarixinə “Musiqi haqqında risalə” ilə daxil olmuşdur. Caminin bu əsəri muğamatın öyrənilməsi üçün ən dəyərli mənbələrdən sayılır. Cami öz əsərində on iki muğam, iyirmi dörd şöbə və altı avazdan danışır. Bir məqamı da qeyd edək ki, Caminin tərtib etdiyi muğam cədvəlində “İsfahan” muğamı eyni ilə Marağainin tərtib etdiyi muğam cədvəlində
olduğu təkin ikili rol oynayır. Yəni burda “İsfahan” həm muğam, həm də şöbə kimi qeyd edilir.
XVI əsr Orta Asiya mədəniyyətinin ən tanınmış alimlərindən biri Nəcməddin Kavkabi olub. O, öz dövrünün görkəmli musiqiçisi, nəzəriyyəçi alimi kimi tanınırdı. Kavkabi musiqi elminə bəxş etdiyi “Risaleyi-musiqi” əsərində on iki muğam, iyirmi dörd şöbə, altı avaz və üç rəngdən söhbət açır. Kavkabinin traktatında göstərilən on iki muğam arasında da “İsfahan” muğamının adı ayrıca çəkilir.
XVI əsrin ortalarında Mavərənnəhir şəhərində yaşamış Dərviş Əli görkəmli müğənni, musiqi nəzəriyyəsi və tarixi üzrə alim olmaqla yanaşı, bir sıra çalğı alətlərinin də peşəkar ifaçılarından sayılıb. O yazılarında “santur”, “setar” və “cəng” kimi çalğı alətlərinin adını tez-tez çəkir. Alimin “Risaleyi-musiqi” adlı elmi traktatı xüsusi diqqətə layiqdir. Müəllif“Risaleyi-musiqi” əsərini on iki fəslə bölmüş və onlardan yalnız üçünü on iki makom (muğam) sisteminə həsr etmişdir.
“Risaleyi-musiqi” əsərində Dərviş Əli ilk dəfə olaraq muğamları üç qismə ayırır.
Növə bölünən muğamlar: “Hüseyni”, “Rast”, “Busəlik”, “Üşşaq”, “Nəva”,“Büzürk”, “Kuçik”, “Hicaz”, “Zəngulə” və“Rəhavi” .
Qrupa görə bölünən muğamlar: arasında “Əraq” və “İsfahan” vardır. Dərviş Əli “İsfahan” muğamının yaranmasını belə izah eləyir: ““Rast” muğamının zil pərdələri ilə , “Üşşaq” bəminin birləşməsindən “İsfahan” dəstgahı yaranıbdır. Bu qayda ilə makomlar iyirmi dörd şöbəni, altı avazı, üç rəngi birləşdirmiş olur”.
XVII əsrdə Həmadan yaxınlığında yaşamış azəri türkü Mirzəbəyin yazdığı “Risaleyi-musiqi” adında əsəri elm üçün olduqca əhəmiyyət kəsb edir. Alim əsərin birinci bölümündə musiqinin şəfaverici xüsusiyyətlərindən danışır və daha sonra on iki muğamın on iki bürclə, əsas muğamlardan yaranmış yeddi avazın yeddi səyyarəylə, iyirmi dörd şöbənin günün iyirmi dörd saatı və təbiətin dörd ilkin elementləri od, su, hava və torpaqla əlaqəsini vurğulayır.
Risalənin ikinci fəslində isə Mirzəbəy avazların yaranmasından, eləcə də iyirmi dörd şöbənin “mürəkkabat” sisteminə münasibətindən söz açır. Mirzəbəyin traktatında adları çəkilən muğam, şöbə və avazların sayı demək olar ki eyni ilə Dərviş Əlidəki qədərdir. Lakin müəllif burada “Gəvəşt”, “Novruz” “Səlmək” avazlarını “Bədəl”, “Həsrək” və “Hasar” avazları ilə əvəzləyir.
XIX əsr Azərbaycan musiqi tarixində heç şübhəsiz ki, Mir Möhsün Nəvvabın adı xüsusi qeyd olunmalıdır. Onun “Vüzuhül-Ərqam” risaləsi Azərbaycan musiqi elminə əvəzolunmaz bir töhfədir.
Risalədə orta əsr Şuşasının muğam ənənələri öz əksini tapıb. Bu əsərin nəzəri hissəsində muğam və şöbələrdən, avaz və guşələrdən, həm də rəqəmlərin izahından söz açılır. Alim muğamların quruluşundan bəhs edərək, muğamla rəqəmlərin əlaqəsini açmağa nail olur.
Mir Möhsün Nəvvab on iki klassik muğamın, iyirmi dörd şöbənin, qırx səkkiz guşənin və on beş avazın adlarını sadalayır.
Muğamlar: “Rast”, “Üşşaq”, “Busəlik”, “Hüseyni”, “İsfahan”, “Zəngulə”, “Rəhavi”, “Büzürk”, “Əraq”, “ Zirəfkənd”, “Nəva” və “Hicaz”.
Muğamların sırasında, gördüyümüz kimi “İsfahan”ın da ayrıca adı çəkilir. Onu da qeyd edək ki, M.M.Nəvvabın tərtib etdiyi muğam cədvəlində avazların sayı nəzərə çarpacaq qədər artaraq on beşə çatdırılıb. “İsfahan” muğamı ilə bağlı digər maraqlı məlumatı XIX əsrin tanınmış Azərbay-
can xeyriyyəçilərindən biri sayılan Məşədi Məlik Mansurovun (1845-1909) muğamlara aid qeydlərindən almış oluruq. Qeyd edək ki, Azərbaycan muğamlarının yüksəlişində Məşədi Məlik Mansurovun müstəsna xidməti olub. O, Bakı muğam məclisinin yaradıcısı və rəhbəriydi.
Həmin muğam məclislərində nəinki Azərbaycanın, eləcə də İranın ən tanınmış musiqiçiləri iştirak edərdi. Məşədi Məlik muğam məclislərində oxunan muğamlara diqqət yetirər, hətta hissə və guşələrin adlarını belə özü üçün ayrıca qeyd edərmiş.
“İsfahan şəhərində Dərviş Həsən adlı bir kişi varmış ki qədim dərvişlər kimi çox vaxt səfərdə olarmış. Teztez də Şiraza gedər, tez də İsfahana qayıdarmış. Dərviş Həsən, Şiraz şəhərində İsfahan muğamından bir avazı mükəmməl öyrənir. Vaxt olur ki, yenə İsfahana qayıdır və bu avazı öyrəndiyi kimi oxuyur. Dərviş Həsənin ifası camaat tərəfindən rəğbətlə qarşılanır. O gündən bəri bu ifaya “Bayatı Dərviş Həsən” deyirlər. 1786-cı ildə, Tehran İranın paytaxtı olandan sonar İsfahan musiqiçiləri Tehrana köçdülər və orada “Bayatı Dərviş Həsən” adını qəbul etmədiklərindən “Bayatı Dərviş Həsən” muğamının adını “Bayatı-İsfahan”a dəyişdirdilər”.
Onu da əlavə edək ki, Dərviş Həsən Bayat türklərinin bir qolu olan Qacarlar sülaləsi dövründə yaşamış tanınmış bir musiqiçiydi. Elə bu baxımdan da ona el arasında “Bayatı Dərviş Həsən” deyərmişlər.
Təqdim etdiyimiz tarixi mənbəyə əsasən onu söyləyə bilərik ki, “İsfahan” muğamını artıq XVIII əsrdən başlayaraq “Bayatı-İsfahan” adlandırmışlar. Bu baxımdan da M.M.Mansurovun muğam
cədvəlində “İsfahan” muğamının “Bayatıİsfahan” kimi qeyd olunması təbiidir.
Çünki XVIII əsrdən bəri, yəni həmin dövrlərdə artıq sözü gedən muğam “Bayatı-İsfahan” muğamı kimi tanınmağa başladı.
Məşədi Məlik Mansurovun tərtib etdiyi muğam cədvəlində “Bayatı-İsfahan” muğamı, özünün tərkib hissələri ilə çalınıb oxunarmış.
XIX əsrin sonlarına yaxın ilk dəfə olaraq Cabbar Qaryağdı oğlu “Bayatı-İsfahan” muğamından “Bayatı-Kürd” bölməsini ayıraraq müstəqil dəstgah kimi oxudu. Onu deməliyik ki, Cabbar Qaryağdıoğlunun oxuduğu “Bayatı-Kürd” muğamı 10 şöbə və guşələrdən ibarət idi. Belə məlum olur ki, XIX əsrin sonundan başlayaraq “Bayatı-Kürd” muğamı müstəqil dəstgah kimi ifa edilmiş, “Bayatı-İsfahan” muğamı isə tədricən özünün dəstgah formasını itirərək “Bayatı-Şiraz”ın əsas şöbələrindən birinə çevrilmişdi. Əməkdar artist, muğam bilicisi Elxan Mansurov, atası, xalq artisti, ustad sənətkar Bəhram Mansurovla bağlı xatirələrində belə söyləyir:
“Atam həmişə deyərdi ki, əvvəllər xanəndələr bir muğamı bir və ya bir neçə saat ərzində oxuyarmış. Buna görə də o vaxtkı xanəndədən ilk növbədə yorulmayan səs tələb olunurdu.” Bu mənada Cabbar Qaryağdıoğlunun “Bayatı-İsfahan” muğamından “Bayatı-Kürd” bölməsini çıxardaraq ayrıca oxuması, həm Azərbaycan muğam sistemində yeni dəsgahların formalaşmasına səbəb olmuş, həm də xanəndəlik təcrübəsində səsin kökdən düşməsinin qabağını almış oldu.
XIX əsrin axırından başlayaraq, “Bayatı-İsfahan” muğamı tədricən “dəstgah” formasından şöbə halına keçməyə başladı. 1925-ci ildə Ü. Hacıbəyli Azərbaycan Dövlət Türk Musiqi texnikumunun tar, kamança və xanəndə sinifləri üçün tərtib etdiyi muğam proqramında, “Bayatı-İsfahan” muğamının adını “BayatıŞiraz” və “Bayatı-İsfahan” kimi qeyd edərkən sual oluna bilərdi ki, qəbul olunmuş proqramda niyə məhz muğamın adı “Bayatı-Şiraz” və “Bayatı-İsfahan” kimi adlandırılır?
Diqqətə çatdırmaq istərdik ki, muğam proqramını təsdiq edərkən komissiya üzvləri arasında böyük mübahisə, narazılıq yaranmışdı. Kimisi “Bayatı-İsfahan” muğamını olduğu kimi qeyd etmək, bir başqası isə “Bayatı-Şiraz” muğamı ətrafında cəmləşib onun adını eləcə saxlamaq istəyirdi. Dahi Üzeyir bəy burda da düzgün çıxış yolu taparaq hər iki muğamda olan şöbə və guşələri birləşdirdi və onların ardıcıllığını qoruyaraq muğamın adını “Bayatı-Şiraz”, həm də “Bayatı-İsfahan” adlandırdı...
Zaman keçdikcə, yəni 1930-cu illərdən sonra tərtib edilən muğam proqramlarında artıq biz müstəqil “Bayatı-İsfahan” muğamının adına rast gəlmirik. Orda yalnız “Bayatı-Şiraz” muğamının adı keçir.
“Bayatı-İsfahan” isə “Bayatı-Şiraz” muğamının yalnız bir şöbəsi kimi göstərilir... İndi “Bayatı-Şiraz” muğamı Azərbaycan muğam sisteminə daxil olan yeddi əsas dəstgahdan biridir və onun şöbə və guşələri aşağıdakı ardıcıllıqla oxunur.
“Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-fəraz”, “Bayatı-İsfahan”, “Zil BayatıŞiraz”, “Xavəran”, “Üzzal”, “Dilruba” və “Bayatı-Şiraza ayaq; Beləliklə, “Bayatı-Şiraz” muğamının il-
kin adının öyrənilməsinə dair apardığımız araşdırma onu deməyə əsas verir ki, “Bayatı-Şiraz” muğamı on iki klassik muğamımızdan biri olan “İsfahan” muğamının daha çox oxunan bir formasıdır.