İkiçayarasında daş, mərmər, ağac və metal kimi materiallar olmasa da, Şumerdə heykəltəraşlıq çox yüksək səviyyədə inkişaf etmişdir. Arxeoloji qazıntılar zamanı yüzlərlə heykəl və heykəlciklər, müxtəlif fiqurlar tapılıb. Onların diqqətlə araşdırılması göstərir ki, şumerlər hələ İkiçayarasına gəlməmişdən qabaq daş, mərmər, ağac və metaldan istifadə etməyi bacarırlarmış. Bunu bir fakt da təsdiqləyir ki, onlar daşı, mərməri və metalı çox uzaq yerlərdən gətirirdilər. Hətta metal gətirdikləri ölkəni Aralı adlandırırdılar ki, bu ölkənin indiki Ural olduğunu təkzib etmək üçün heç bir tutarqa yoxdur. Qəti şəkildə demək olar ki, daşın olmadığı bir ölkədə yaşayan əhali daşdan heykəl yonmağı heç vaxt ağlına gətirməzdi. Deməli, şumerlər İkiçayarasına gəlməmişdən qabaq daşı tanıyır, onu yonmaq, üstünə yazı yazmaq, şəkil çəkmək və s. kimi işləri bilirlərmiş. Bu vərdişləri onlar İkiçayarasında qazanmayıblar.
İkinci bir məsələyə də diqqət yetirmək lazımdır ki, heykəltəraşlıq çox mürəkkəb və mükəmməl sənətdir. Daşdan heykəl yonmaq üçün təbiətdə mövcud olan bütün daş növlərini tanımaq, onların özünəməxsus xüsusiyyətlərini bilmək lazımdır. Bunun üçün də uzun vaxt əsrlər, min illər tələb olunurdu. Heç bir şübhə yoxdur ki, heykələ qədər daşlarla çox işləmək lazım gəlmişdir. Buna isə Şumerdə şərait yox idi.
Sözsüz ki, insanlar ilk dəfə daş üzərində yazı yazmış, müxtəlif şəkillər çəkmişlər. Bu yolla daşları tanıyıb öyrənmiş, daşla işləmək vərdişlərinə yiyələnmişlər. Nəhayət, daşdan istifadənin mümkünlüyünə əmin olduqdan sonra ondan heykəllər yonmaq məqsədilə istifadə etməyə başlamışlar. Bütün bu işləri görmək, daşla işləmək vərdişlərinə yiyələnmək üçün insanlar daşı bol olan bir yerdə yaşamalı idilər. Bunları düşündükcə Qobustan qayaları üzərindəki yazı və şəkillər, Orxon-Yenisey abidələri, Azərbaycanın əksər dağlıq bölgələrində vaxtilə sayı-hesabı bilinməyən daşdan hazırlanmış qoç heykəlləri (qoçdaşlar) gözlərimiz önündə canlanır. İnsanların
daş üzərində yazı yazmaq, şəkillər çəkmək, daş yonmaq vərdişləri Qobustandan başlamışdır. Bu fikri söyləməyə Qobustanın qədimliyi daha çox əsas verir. Hazırda dünyada Qobustanın yaşıdı olan ikinci bir mədəniyyət ocağı yoxdur. Digər tərəfdən, son araşdırmalar şumerlərin əcdadlarının Qobustanda, Bakıda və Bakı ətrafında yaşadıqlarını təsdiqləyir. Ümumiyyətlə, belə bir fərziyyə var ki, ilk insanlar Absu-Xəzər dənizinin sahillərində doğulmuş, min illər boyu burda yaşamış, artıb çoxaldıqca Orta Asiyaya, Ön Asiyaya, Volqaboyuna, Sibirə və s. yayılmışlar. Hazırda bu fikri təsdiqləyən onlarla təkzibolunmaz tutarqa üzə çıxarılıbdır.
Tanrı heykəlləri: Şumer heykəltəraşları ilk heykəlləri öz Tanrılarının şərəfinə hazırlamışlar. Bunların arasında Şumerin sevgi, məhəbbət, uşaq doğumu, nəsil artımı və məhsuldarlıq tanrısı İnannanın heykəlləri xüsusi maraq doğurur. Həmin heykəllərdən birində İnanna qucağında körpə uşaq tutmuşdur ki, bu da onun, həqiqətən, sevgini, məhəbbəti və nəsil artımını himayə etdiyini göstərir. Uşaq özü sevginin, məhəbbətin meyvəsidir. Dünyada heç bir şey sevgisiz, məhəbbətsiz artıb çoxalmır. “İnannanın yeraltı dünyaya enməsi” adlandırılmış mətndən göründüyü kimi, İnanna yeraltı dünyaya gedəndən sonra yer üzündə hər şey quruyur, soğulur, bardan kəsilir. Ağaclar çiçək açmır, meyvə vermir, bitkilər solur. Hətta heyvanlar artıb törəmir. Çünki sevgi və
məhəbbət tanrısının nəfəsi onlara dəymir. İnanna bu dünyada yoxdur. Deməli, İnannanın uşağı qucağında tutması onun bir tanrı kimi öz funksiyasına necə məsuliyyətlə, bəlkə də qayğı və sayğıyla, çox ciddi yanaşdığını ifadə etmişdir. Bu heykəli hazırlayan heykəltəraş öz fikrini ifadə etmək üçün maraqlı bir kompozisiya qurmuşdur. Eyni duruşu İntibah dövrü sənətkarlarında da
görürük.
Başqa bir heykəldə İnanna “pilot” paltarında təsvir edilib. Onun bu heykəli qədim Şumer şəhəri olan Maridə aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxıb və hazırda Suriyanın Hələb muzeyində saxlanır. Həqiqi adam boyunda olan bu əsər təkcə Şumer heykəltəraşlığının gözəl əsərlərindən biri olmaqla, həm də Şumer mədəniyyətinin digər görünməyən, bəlkə də ağlagəlməz tərəfləri haqqında təsəvvür yaratmaq cəhətdən dəyərlidir. Bu heykəl Şumer mətnlərində tanrıların uçması haqqında deyilənlərə və qanadlı tanrı təsvirlərinə uyğundur. İnannanın da qanadlı təsvirlərivar. Pilot paltarında qanad olmasa da, heykəl bütövlükdə uçuşla bağlıdır. Buradan bir məsələ də aydınlaşır ki, qanad heç də tanrıların bədən üzvü olmayıb. Onu istədikləri vaxt soyunub-geyinirlərmiş. İnanna əlində bir qab tutub. Bu qab gülqabı hesab olunur, ancaq küpəyə, yaxud gil sərnicə də oxşayır. İnannanın ayaq barmaqlarının beşi, sağ əlininsə dörd barmağı aydınca görünür, sağ əlinin baş barmağı qabın arxasında olduğuna görə görünmür.
Kürək nahiyəsində çarpaz bağlanmış bir neçə kəmər və bir ucu kəmərlərə bağlı, digər ucu açıq qayış onu pilota oxşadır. Bundan başqa, İnannanın başındakı papaq da pilot papağının eynidir. Papağın qulaqlarındakı səsqəbuledici aparat da aydınca görünür.
Şumer heykəltəraşlarının gəlib bizə çatmış ən maraqlı əsərlərindən biri də qədim Eşnunna şəhərindən tapılıb. 1932-ci ildə Eşnunnada qazıntı aparan Henri Frankfort və Seton Lloyd gizli bir anbarda 12 heykəllə üzləşdilər. Bu heykəllər hazırda Çikaqo Universitetinin muzeyində sax-
lanır və mütəxəssislər ona beş min il yaş vermişlər.
Bu heykəllər insanlara aid edilir. Ancaq burada bir qədər tələskənliyə yol verildiyi, 12 heykəlin bir ansambl şəklində öyrənilmədiyi, bunun da nəticəsində müəyyən məsələlərin diqqətdən yayındığı aydın görünür. Birincisi, heykəllərin sayına diqqət yetirmək lazımdır. Niyə məhz 12? Başqa rəqəm ola bilməzdimi? Görəsən 12 təsadüfi bir rəqəmdir, yoxsa onun konkret anlamı var? 12 heykəlin kimə aid olduğunu açmaq üçün bu sualların cavablarını bilmək gərəkdir. Həmin cavablar isə yalnız Şumer qaynaqlarındadır. Şumer panteonunda tanrıların üçlüyü, yeddiliyi, onikiliyi və əlliliyi mövcud olub. Mahiyyətindən, asan-çətinliyindən, əhəmiyyət dərəcəsindən asılı olaraq bütün məsələlər üç, yeddi, on iki və əlli tanrının yığıncağında həllini tapırdı. On iki sayı məhz bununla bağlıdır. 12 planet, 12 bürc, ilin 12 aya bölünməsi də tanrıların onikiliyindən qaynaqlanır. Heykəllərin böyük-kiçikliyi də diqqətdən yayınmamalıdır. Şumer panteonunda hər bir tanrının nüfuz rəqəmi vardı.
Bu rəqəmlər tanrıların panteondakı yerlərini müəyyənləşdirirdi. Məsələn, baş tanrı Anın rəqəmi 60, ikinci tanrı Enlilin rəqəmi 50, üçüncü tanrı Enkininki 40 və s... Hər bir tanrının arvadının nüfuz rəqəmi özününkündən 5 ədəd aşağıydı: 55,45,35 və s. Ansambla daxil olan 12 heykəlin böyükkiçikliyi məhz onların nüfuzuna uyğundur. Ən böyük heykəl, sözsüz ki, baş tanrı Anın, ondan bir az kiçiyi Anın arvadının (Antu), üçüncü Enlilin, dördüncüsü Enlilin arvadının (Ninlil), beşinci Enkinin, altıncı Enkinin arvadınındır (Ninki). Deməli, hər bir heykəl böyüklüyünə görə ansamblda neçənci yeri tutursa, onikilikdə həmin sırada dayanan tanrıya məxsusdur.
Bizcə, Şumerlər yaxşı bilirdi ki, onlar tanrının himayəsində yaşayırlar. Odur ki, öz tanrılarına inanır, güvənir, sevir və onların şəninə heykəllər yapıb saraylarda, yaxud evlərdə saxlayırdılar. Şumerlərdə inam vardı ki, pis ruhlar, şər qüvvələr tanrılardan qorxur, onların olduqları evlərə girmirlər. Ona görə də qapı və pəncərələrin üstünə, həmçinin tağlara tanrı heykəl və büstləri qoyurdular. Qapı və pəncərədən evə girmək istəyən pis ruhlar onları görüb qaçacaqdı. Bu inam Azərbaycanda da çox yayılmışdı. Bakıdakı qədim binalarda qapı və pəncərələrin başında çoxlu büstlər var.
Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın pəncərələrinin üstündəki şir və insan başları da bu üslubun davamıdır. Bakının 1920-ci ilə qədər tikilmiş binalarında pəncərələrin üstündəki müxtəlif heykəlciklər də bu inam haqqında aydın təsəvvür yaradır. Məsələn, Bakının İstiqlaliyyət
küçəsində, İçərişəhər metrosu ilə üzbəüzdə yerləşən binada bütün pəncərələrin üstündə qadın, yaxud kişi başları var. Bunlar qoruyucu ruhlardır. Qadın başı bizcə İnannadır...
Qoruyucu buğa və şir heykəlləri. Şumerlər həyatda xeyir və şər, işıqlı və qaranlıq qüvvələrin varlığına inanırdı. Şər və qara qüvvələrdən qorunmaq ehtiyacı da onların varlığına inamdan yaranıb. Görünür, şumerlər şər və qara qüvvələrin, onlardakı gözə görünməyən pis ruhların nədən çəkindiklərini yaxşı bilirdilər. Biz bu kosmoqonik düşüncələri qazıntılar zamanı tapılan heykəltəraşlıq abidələrində də görürük. Onların arasında şir, buğa, qoç, qartal heykəlləri daha çoxdur. Bu da təsadüfi deyil. Şumerdə buğa, şir, qoç göy mənşəli heyvanlar sayılırdı. Şumerlərin inamına görə, bu heyvanlar yerə göydən gətirilibdir. Göydəki on iki bürcdən birinin Buğa, digərinin Şir, üçüncünün Qoç adlanması da burdan gəlir. Bürclərə bu adları da tanrılar verib.
Buğanın göydən gətirilməyi səhnəsi “Bilqamıs və göyün buğası” dastanında təsvir olunur. Maraqlıdır ki, həmin buğaya məhz “göyün buğası”, yaxud Anın buğası deyilib. Odur ki, şumerlər tikilən ev və sarayların qapısı ağzına buğa və şir heykəlləri qoyurdular. Onlar düşünürdülər ki, heykəllər pis, qorxulu ruhların, qara və şər qüvvələrin saraylara girməsinə əngəl olacaq. Saraya, yaxud evə girmək istəyən pis ruhlar qapının ağzında qoyulmuş heykəlləri görüb qorxudan geri qayıdacaqdılar. Buğa heykəlləri Şumerin əksər şəhərlərindən tapılıb. Onların çoxu gəcdəndi. Bəzisinin hündürlüyü 3 metrdən belə artıqdır. Əksəri də qanadlıdır. Digər tərəfdən, buğa heykəllərində qəribə bir üslub da müşahidə olunur. Onların çoxu buğa bədənində insan başı ilə səciyyələnir. Buğa heykəllərindəki qanad və insan başı heç də mənasız deyil, başqa sözlə desək, heykəllərin bütün mənası da elə bundadır. Şumer heykəltəraşı burda əsl müdriklik göstərmiş, qeyriadi sənət əsərləri yaratmışdır. Bəlkə də heykəltəraş hazırladığı heykələ qanad qoymaqla buğanın göy mənşəli olduğunu, göydən gətirilmə fikrini biruzə verməyə çalışıb. Buğa bədəni ilə insan başının sintezi isə bizcə, ağılla gücün birliyini ifadə edir.
Şumer heykəltəraşı bununla demək istəyib ki, təkcə ağılla və ya fiziki güclə qələbə qazanmaq olmaz. Qələbə o yerdə qazanılır ki, ağılla güc bir-biri ilə qırılmaz şəkildə birləşir. İnsan başlı buğa və şir heykəlləri bu birliyin əyani nümunəsidir.
Məşhur ingilis arxeoloqu Leonard Vulli, Ur şəhərində apardığı qazıntılar zamanı çar ailəsinin qəbrini tapmışdı. Həmin qəbirlərdə çar Abarginin və onun arvadı Şubadın dəfn olunduğu fərz olunur. Şubada məxsus əşyalar arasında onun arfası xüsusi maraq doğurur. Arfanın baş tərəfinə gözəl işlənmiş buğa başı bərkidilib Çox nəfis sənət əsəri olan buğa başını Şumer heykəltəraşı qızıldan və lazuritdən hazırlayıb. Buğanın buynuzları, qulaqları, ağzı, burnu, dodaqları, hətta baxışları o qədər böyük ustalıqla işlənib ki, heykəl canlı təsir bağışlayır. Əlavə naxışlarla elə
süslənib ki, adam baxdıqca baxmaq istəyir.
Şubadın arfasındakı buğa başı başqalarından çox fərqlənir. Burda üslub da, sənətkarlıq da adamı, sözün həqiqi mənasında, heyrətə gətirir. Təkcə bu heykələ baxıb Şumerdə heykəltəraşlıq barədə dolğun fikir söyləmək mümkündür. Arfaya bərkidilmiş buğa başına təkcə bəzək elementi kimi baxmaq doğru deyil. Onun həm də dediyimiz kimi, qoruyucu funksiyası olmuşdur. Bu inam Azərbaycanda indi də var. Xüsusilə kənd yerlərində qapı pəncərənin üstünə buğa, ya qoç buynuzları bərkidilir ki, pis ruhlar evə girməsin. Deməli, heyvan başının, xüsusilə onun buynuzlarının qoruyucu gücünə inam şumerlərdən gəlmədir. Şubadın arfası hazırda İraqdakı Bağdad muzeyində saxlanılır (əgər qalıbsa). Onun üstündəki buğa başı arfa ilə birlikdə muzeyin ən dəyərli eksponatlarından sayılır.
Şumerdə tapılmış şir heykəlləri də sayca çoxluq təşkil edir. Onların arasında gerçək üslubda olan heykəllər azdır. Bağdad muzeyindəki bir heykəl buna yaxşı nümunədir. Şir heykəllərinin əksəri həm qanadlı, həm də insan başlıdır. Qanad buğada olduğu kimi, şirin də göy mənşəli olduğuna işarədir... Onlardan bəzilərininhündürlüyü 3 metrə çatır.
Aşşurbanipal sarayının həm girişində, həm də birinci qapısında qoyulmuş şir heykəllərinin yalnız qoruyucu funksiya daşıdığına heç bir şübhə ola bilməz. Bu heykəllər girişin və dəhlizin sağında-solunda sıra ilə düzülür. Hamısı qanadlı və insanbaşlıdır. Bəziləri beşayaqlı görünür. Onlar elə qoyulub ki, saraya və evə girən adamlar mütləq bu heykəllərlə üz-üzə gəlməlidir.
Bu zaman pis ruhlar oradan qaçır, göznəzər, nəfs öz gücünü itirir. Saraya girən adamsa, bir növ, bütün bu naqis cəhətlərdən təmizlənmiş olur. Şumerlər, həmçinin, pəncərələrin üstünə də şir başları qoyurdular ki, pis ruhlar oradan evə girməsin. Buğa və şirdən fərqli olaraq, inək və aslan dişisi qoruyucu ruh sayılmayıb.
Ümumiyyətlə, şumerlərdə belə bir inam hökm sürüb ki, qoruyucu funksiya canlıların yalnız erkəklərinə aiddir. Burda çox güclü bir məntiq də var. Dişi heyvan özündən başqa həm də qarnında bala gəzdirir. Onun özünü də, balasını da qoruyan lazımdır.
Qoruyucu ruhların seçilməsində mühüm cəhətlərdən biri də heyvanların tanrılarla ilişgili olub-olmamasıdır. Göy mənşəli olsa belə, şumerlər hər heyvanı qoruyucu hesab etmirdi. Elə heyvanlar var ki, onlar da göy mənşəli hesab olunub, ancaq bir dənə də heykəli yoxdur. Bəs bunun səbəbi nədir? Qoruyucu heykəllərin tanrılarla bağlılılğı məhz burda üzə çıxır. Şumer mətnlərində deyilir ki, Enlilin ləqəbi Buğa imiş. Xıdırın (onun bir adı da Mardukdur) ləqəbi isə Qoçdur. Buğa bürcü Enlilin, Şir bürcü Ningirsunun, Qoç bürcü Xıdırın şərəfinə adlandırılıb. Onda belə nəticə hasil olur ki, Şumer heykəltəraşları qanadlı və insan başlı buğa heykəlində Enlili, qanadlı və insan başlı şir heykəlində Ningirsunu, qanadlı və insan başlı qoç heykəlində Xıdırı nəzərdə tutmuşlar. Deməli, bu heykəllərdə Tanrı, insan və heyvan obrazları qovuşub.
Dediyimiz kimi, Bakıdakı qədim binaların qapılarında şir heykəlləri, pəncərələrin üstündə şir və insan başları var. Bunların da qoruyucu ruhlar olduğuna heç bir şübhə yoxdur. Bu cür mədəniyyət oxşarlıqları, hətta bir çox eyniliklər Şumer-türk etnogenetik bağlılığını təsdiqləyən dil, yazı, epik-lirik, sosial-fəlsəfi düşüncə, digər mənəvi və maddi mədəniyyət abidələri ilə birlikdə böyük elmi dəyərə malikdir.
Çar heykəlləri. Şumerdə tanrılardan sonra öz çarlarına heykəl qoymuşlar və heykəlləşib yaddaşlara köçmək isə hər çara qismət olmayıb. Bu gün gəlib bizə çatmış, daha doğrusu, arxeoloji qazıntılar zamanı tapılmış heykəllər o qədər azdır ki, onları saymağa da ehtiyac yoxdur. Yüzlərlə Şumer çarından yalnız bir neçəsinin heykəli qalıb. Heykəli qoyulmuş çarlardan biri Qu-
deyadır. Onun adı Qud və Eya sözlərindən yaranıb, (“Eya”-Enkinin buğası deməkdir). Qudeya haqqında zəngin yazılı materiallar və maddi mədəniyyət abidələri tapılmışdır. Bunların arasında Qudeyanın heykəlləri xüsusi yer tutur. Onlardan biri ayaq üstündədir, boyu 4,8 metrə yaxındır.
Mütəxəssislər onu eramızdan əvvəl III minilliyin axırlarına Qudeyanın yaşadığı dövrə aid edirlər. Bu heykəlin ən böyük dəyəri onun yaşıl rəngli bütöv daşdan yonulmasıdır.
Qudeyanın ikinci heykəli oturmuş vəziyyətdədir. Bu heykəl də eramızdan əvvəl III minilliyin sonlarına aiddir. Tədqiqatçılar hər iki heykəlin Qudeyanın sağlığında qoyulduğu fikrindədir. Hazırda qeyri Şumer heykəlləriylə yanaşı Parisin Luvr muzeyində saxlanır. Tapılmış heykəllərdən biri də III Ur sülaləsinin əsasını qoymuş Ur-Nammuya aiddir. Ur-Nammu eramızdan əvvəl 2110-cu ildə taxta çıxmış, Şumeri, Akkadı, Babil və Anşanı birləşdirib 15 il çarlığı əlində saxlamışdı. Heykəl tuncdan tökülüb. Ur-Nammu ayaq üstündədir. Başında böyük bir qab görünür. Onun mənası hələlik açılmayıb. Heykəl Bağdad muzeyindədir.
Mari şəhərində aparılmış arxeoloji qazıntılar zamanı çar Ebix-İlin bir heykəli tapılmışdır. Heykəl gəcdən hazırlanmışdı. Ebix-İl oturmuş vəziyyətdədir, əllərini sinəsində çarpazlamışdır. Başı təmiz qırxılmışdır və papaqsızdır. Görünür, heykəllərdə əllərin sinədə çarpazlaşdırılması Tanrı qarşısında ibadətin rəmzidir.
Maraqlı heykəllərdən biri də baş kahin Duduya aiddir. Dudu çar olmasa da, onun xalq arasında böyük hörmət qazanması heykəltəraşları bu işə sövq edibmiş. Başı qırxılıb, papağı yoxdur. O da əllərini sinəsində çarpazlayıb. Dudunun heykəli Maridən tapılmış Ebix-İlin heykəlinə çox oxşayır. Onların postamentləri də bir-biri-nin eynidir. Yalnız oturuş formalarında azacıq fərq var.
Dudunun heykəli 1949-cu ildə onu qara bazarda satmaq istəyən bir nəfərin əlindən alınıb. Hazırda Bağdad muzeyindədir. Mütəxəssislər onun ən azı 4500 il yaşı olduğu gümanındadır.
Keçi və ayı heykəlləri. Şumer heykəl təraşlarının əsərləri arasında ayrı-ayrı heyvan heykəllərinə də rast gəlinir. Bu heykəllərin hər biri xalqın həyat və məişəti ilə bağlıdır, onların mifik, kosmoqonik dünyagörüşlərini ifadə edir. Belə heykəllərin birində ağaca çıxan keçi təsvir edilib.
Şumerin Ur şəhərindən tapılmış bu heykəl qızıl, gümüş və lazuritdən hazırlanıb. Yarım metr hündürlüyündədir. Təxminən e.ə. dördüncü minilliyin axırı üçüncü minilliyin əvvəlinə aiddir. Hazırda Londondakı Britaniya Muzeyinin eksponatları sırasındadır.
Şumerdə Bahar bayramı çox böyük təntənə ilə yeni il kimi bayram edilirdi. Mart ayının 21-i təzə ilin başlanğıcı, gecəylə gündüzün bərabərləşdiyi, Dumuzinin dirildiyi gün idi. Keçi obrazı Novruz şənliklərində bu gün də yaşamaqdadır. Baxdığımız heykəl də əslində keçiyə yox, Bahara
həsr olunub. Bahar bayramının Şumerin həyatında necə böyük önəm daşıdığını başa düşmək üçün bircə fakta diqqət yetirmək lazımdır. O da bu heykəlin büsbütün qızıl-gümüşdən tökülməsidir...
Şumerin ən qədim şəhərlərindən biri olan Şirpurludan bir ayı heykəli də tapılıb. Mütəxəssislər onu “şir başlı iblis” adlandırıblar. Ancaq heykəldən onun şir yox, ayı başı olduğu aydınca görünür. Daha doğrusu, heykəldə şirə məxsus heç bir əlamət yoxdur. Heykəlin duruşu da onu ayıya daha çox oxşadır. Onun iblis olmağı da ağlabatan deyil. Ayı göy mənşəli heyvandır. Ayı bürcünün adı da bunu təsdiqləyir. Şumerdə göy mənşəli heyvanlar müqəddəs sayılırdı və onları iblis hesab etməzdilər. Və o da ola bilsin ki, şumerlər heç ayı görməyiblər. Onların qoruyucu
ruhları arasında da ayı heykəli yoxdur. Lakin şumerlərin əcdadları ayını tanıyırdı və bu heyvan haqqında təsəvvürləri vardı. Bundan başqa, şumerlərin onların digər soydaşları yaşayan Ural-Altay, Azərbaycan (Qafqaz) və Orta Asiya ilə sıx əlaqələri olduğundan ayı haqqında onlardan eşitdiklərini düşünmək olar. Bir güman da var ki, ola bilsin şumerlər qızıl-gümüşü Azərbaycandan (Qafqazdan) və Ural-Altay dağlarından gətirirmişlər. Qazıntılar zamanı üzə çıxan heykəllər sübuta yetirir ki, Şumerdə heykəltəraşlıq yüksək səviyyədəymiş. Onlar heykəl
yaratmaq üçün daş və mərmərlə yanaşı, qiymətli metallardan qızıl-gümüşdən, bürüncdən, həmçinin fil sümüyündən də istifadə etmişlər. Son olaraq belə bir nəticəyə gəlmək olar ki, bir çox elm və sənət sahələri kimi, heykəltəraşlığın da özülü elə Şumerdə qoyulmuşdur...