Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uzaq keçmişdən bəri yazı və kitabçılıq işində bərk, yumşaq yazı materiallarından istifadə olunub. Gil lövhələr, mumlu lövhələr (qrifel taxtaları), daş, ipək, papirus, perqament və s. bu qəbildəndir. İki min il bundan əvvəl kəşf və istehsal edilmiş kağız (Çin dilində: şi) sonuncu yazı materialıdır. Çinlilər uzun zaman bir çox ölkələrə kağız satsalar, ya mübadilə etsələr də, onun istehsal qaydasını gizli saxladıqlarına görə kağız dünyaya gec yayılmışdı. Eramızın VIII əsrinə qədər kağız hazırlamaq sirrini çinlilərdən heç kəs mənimsəyə bilməmişdi. Ən nəhayət, VI əsrdən başlayaraq Koreyaya, Yaponiyaya, Orta Asiyaya, İrana, Hindistana, sonralar Avropa ölkələrinə göndərilən Çin kağızı Azərbaycan əhalisinin də böyük marağına səbəb olmuşdu. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev göstərir ki, ərəb xilafətindən əvvəl, məsələn, V-VII əsrlərdə bir sıra ölkələr kimi Azərbaycan da Çinlə geniş əlaqələr qurubmuş. Oradan çoxsaylı məmulatlarla yanaşı, Azər-
baycana kağız da gətirilirdi. Tsay Lunun adı ilə bağlı olan kağızın kəşfi altı əsr yarım – eramızın II əsrinin 105-ci ilindən 751-ci ilə qədər gizli saxlansa da, VIII əsrin ortalarında baş vermiş gözlənilməz bir təsadüf nəticəsində həmin sirrin təfərrüatı üzə çıxmışdı.
Ərəblər Orta Asiyanı işğal edəndən az sonra, iki nəfər çinli kağız istehsalçısını əsir alıb onlardan kağız hazırlamağın sirrini öyrənmişlər. Səmərqənddə kağız fabriki tikib (751) “tayı-bərabəri olmayan kağız” (Məqdisi, X əsr) istehsal etmiş, Bağdada, Dəməşqə, Qərbi Avropanın bir sıra şəhərlərinə, ən çox Misirə və Şimali Afrikaya kağız göndərmişlər. VIII əsrdən etibarən Bağdadda, Misirdə, Siciliyada, İspaniyada, Suriyada, Tacikistanda və başqa yerlərdə kağız dəyirmanları (fabrikləri) işləyirdi.
VIII əsrin ortalarından başlayaraq, bir neçə Şərq şəhərinin ardınca, IX əsrin sonlarında Azərbaycanda da ən ucuz və kütləvi yazı materialı olan kağız istehsalına başlanmasına, bu yeni istehsal sahəsinin Şərq və dünya kitab mədəniyyətinin, kitabxana fondlarının, elmin, ədəbiyyatın və təhsilin, habelə iqtisadiyyatın sürətli inkişafına səmərəli təsir göstərməsinə dair heç bir kitabda, ensiklopediyada, dərslikdə və elmi tədqiqat işində dəqiq məlumat verilmədiyinə görə həmin məsələyə dair elmi açıqlama min yüz ildən çox kölgədə qalmış oldu. Kitabşünas, professor A.Xələfova görə Azərbaycanda kağız istehsalına XIII-XIV əsrlərdə, tarixçi professor S.Onullahinin fikrincə, XIV əsrdə mətnşünas alimlərdən professor C.Qəhrəmanov, A.Qasımov və başqalarının mülahizəsinə görə, XVI əsrdə başlansa da, istehsal yerini müəyyənləşdirmək mümkün deyildir. Nəticədə belə rəy yaranmışdı ki, “Azərbaycanda XV əsrə qədər kağız olmamışdır”. Belə anlaşılır ki, həmin vaxta qədər guya Azərbaycan Şərqdə, bəlkə də dünyada kağız istehsalına ən gec başlayan ölkələrdən biriymiş. Heç bir tarixi fakta və mənbəyə söykənməyən bu əsassız mülahizə belə yanlış rəy formalaşdırmışdı ki, Azərbaycan orta əsrlərdə karton, yapışqan, rəng (mürəkkəb), qələm və s. ləvazimatlarla yanaşı, kağızı da xaricdən almış və “özgə çırağı ilə” kitab mədəniyyəti yoluna işıq salmışdır. Professor B.Allahverdiyevin bu məsələyə dair qənaətinə görə “Azərbaycanda kağızdan yazı materialı kimi nəvaxtdan istifadə edildiyini dəqiq söyləmək çətindir”. Bunun əsas səbəblərindən biri keçmiş imperiyanın hegomonluğundan irəli gələn qadağalar idisə, digər əsas səbəb arxivlərin və qovluqların tədqiqatçıların üzünə bağlı olmasıydı. Halbuki, tarixi mənbələr elmi həqiqəti bizə nişan versə də, indiyə qədər onun izinə düşməyə, yalanları və olanları qarşılaşdırmağa səy göstərən olmayıb. Səhvlər və ehtimallar çoxaldıqca, problemin həllinə doğru inamlı addımlar atmaq ümidi açar salmağı xeyli çətinləşdirib.
XX əsrin sonlarında müəyyən edilmişdir ki, eramızdan əvvəlki və sonrakı əsrlərdə buğda unundan, quş yumurtasından, balıqların içalatından... yapışqan hazırlayan yerli ustalarla yanaşı, V-VI əsrlərdə Azərbaycanın Şamaxı, Bərdə, Gəncə, Ərdəbil və s. şəhərlərində rəng, qələm, fırça, ipək parça, pambıq parça və s. tələbat malları istehsal edən karxanalar da işləyirmiş. Kitabçılar laklanmış parçalardan kağız əvəzi kimi istifadə edərdilər. Kitabların karton, taxta, metal cildlərinin üzünə dəri, yaxud parça çəkilərdi ki, gözəl görünsün və davamlı olsun. Xarici müəlliflər, məsələn, Əl-Müqəddəsi (946-1000) yazıb ki, Bərdə bazarında müntəzəm olaraq ipək, rəng və s. gündəlik tələbat malları satılır. Çinsayağı ipək üzərində fırça ilə yazmaqdan başqa azərbaycanlılar perqamentdən, yunan düşüncəsinin məhsulu olan səthi mumlanmış lövhələrdən (qrifel taxtalarından) və s. materiallardan yazı və kitabçılıq işində ərəblərin Qafqaza gəlişindən (VII əsrdən) əvvəl və sonrakı əsrlərdə çox istifadə etsələr də, Türkiyə, İran, Orta Asiya, Suriya, Gürcüstan və başqa xalqlar kimi kağız istehsalına və satışına biganə qalmamışlar. İslam mədəniyyətinin ilk əsrlərindən başlayaraq, Azərbaycan ipəyi, o cümlədən Şamaxı ipəyi “Rusiya, Asiya, Suriya, İtaliya, Çin, İngiltərə və bir çox başqa ölkələrə” göndərildiyi kimi dünyanın inkişaf etmiş şəhərlərindən də Azərbaycana ipək, perqament, kağız və s. lazımlı şeylər daşınırdı. Müxtəlif ölkələrdə yaşayan türklər də bu prosesdə fəal iştirak etmişlər. Bu həqiqəti “Türklərin fəzilətləri və ümumiyyətlə xilafət ordusu haqqında kitab” risaləsində “türklərin mənəvi-əxlaqi özəllikləri, döyüş məharətilə bütün millətlərin fövqündə durması” barədə Cahizin (775-868) tarixi faktlara, müşahidələrə və şahidlərə istinadən dediyi dəyərli fikirlər də təsdiqləyir.
Burada daha bir incə mətləb bundan ibarətdir ki, Abbasilərin beşinci ən məşhur xəlifəsi (786-809) Harun ər-Rəşidin (766-809) həyat yoldaşı şairə Zübeydə Xatun Təbrizi, yazılı Azərbaycan ədəbiyyatında və hakim dairələrdə böyük nüfuz qazanmışdı. M.Ələkbərlinin 1934-cü ildə yazıçıların I Ümumittifaq qurultayındakı məruzəsindən sitat gətirən və bir çox başqa mənbələrə əsaslanan professor N.Şəmsizadə yazır ki, Zübeydə Xatun “türk, ərəb, fars dillərində, daha çox
türkcə əsərlər yazmışdır”. 20 il Bağdadda xəlifəlik etmiş (813-833) Abbasilərin yeddinci xəlifəsi, “işgüzar filosof olmaqdan daha çox nəzəriyyəçi filosof” və “bəşəriyyətə yaxşılığı dəyən böyük simalardan” biri olan “nəcib əl-Məmun” azərbaycanlı Zübeydə Xatunun ögey oğlu idi. Bir çox məsələlərdə, məsələn, poçt-gömrükxana idarələrinin tikilməsində olduğu kimi, kağız istehsalını, kitab mədəniyyətini, kitabxana quruculuğunu, kitab satışını, savadlanma işini və s. sahələri inkişaf etdirməyə Zübeydə Xatunun müsbət təsiri az olmayıb. Ağlı və düşüncəsi, təşkilatçılığı, hərbi bacarığı, yenilikçiliyi ilə seçilən türklərin sarayda və orduda təmsil olunması da bunu aydın göstərir. Onun müdrik səylərinin məntiqi nəticələrindən biri də bu idi ki, türklər sarayda vəzirlik mənsəbinə qədər yüksəlmiş, türk və müsəlman dünyasının, ümumilikdə bəşəriyyətin taleyüklü məsələləri ilə müntəzəm maraqlanmışlar. Bu həqiqəti ərəb alimi Əbu Həyyan (1256-1344) da təsdiq edib yazır ki, anası türk qızı (Zübeydə Xatun Təbrizi) olan «Xəlifə Mötəsimin (833-842) dövründə ərəb ordusunda 70 mindən çox türk xidmət edirdi. Türk hərbisərkərdələrinin dövləti idarə işində nüfuzu gündən-günə artırdı». Kağız və kitab istehsalında çalışan və əmək rəşadətləri ilə seçilən türklərin də nüfuzu orduda və sarayda mövqe qazanmış türklərin nüfuzundan az deyildi. İranda, Azərbaycanda və digər ölkələrdə “məşhur vəzirlər ailəsi” kimi tanınan Bəzməkilərdən dərin ağlı, idarəçilik və təşkilatçılıq bacarığı ilə seçilən Xalid Bərməkinin (təqr. 707–782) dövründə kağız istehsalı sahəsində göstərilən təşəbbüslər sonralar da davam etdirilmişdir.
Dünya şöhrətli alim Cavad Heyət məşhur alim Veyl Durantın “Mədəniyyəttarixi” kitabına əsaslanıb “İslam mədəniyyətinin Qərb mədəniyyətinə təsiri” məqaləsində yazır ki, Bağdadda ilk kağız fabrikini 794-cü ildə iranlı türk Əlfəz Bərməki açmışdır. Azərbaycanda da belə bir fabrikin fəaliyyət göstərməsi onun ən böyük arzularından biri olsa da, Harun ər-Rəşidlə fikir ixtilafına və digər səbəblərə görə həmin ideyaların həyata keçirilməsi bir əsrdən çox gecikmişdir.
Azərbaycanda olmuş ərəb coğrafiyaşünası, tarixçisi, səyyahı, kitabçılıq işi və kitab ticarəti bilicisi Yaqut əl-Həməvi (1179-1229) göstərmişdir ki, Xunə (Xunəc). Marağa ilə Zəncan arasında, Rey yolunun üstündə yerləşən Azərbaycan şəhəridir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını “kağızqayıran, kağız buraxan yer” mənasında Kağızkunan adlandırmışdır.
O zaman Azərbaycanın inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Adı hun türklərinin adından götürüldüyü söylənən və kağız istehsal etməklə kitab bolluğuna da yol açan “Xunə və ya Xunəc indiki Kağızkunandır ki, Xalxal vilayəti Xəmsə mahallarından biridir və 99 kənd ona daxildir”. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkunan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı. Yaxın və uzaq şəhərləri bir-biri ilə birləşdirən nəqliyyat yolları üstündəki poçt xanalar vasitəsilə təkcə məktub yox, kağız, kitab və s. tələbat malları da daşınırdı. Poçt yollarında bir-birini əvəz edən çaparlar vasitəsilə yüklərin bir poçtdan digərinə təhvil verilməsi və qəbulu imzalı, möhürlü sənədlə həyata keçirilirdi. Hər poçt məntəqəsinin öz çaparxanası vardı.
Xilafətin yolları üstündəki poçt-gömrükxanaların sayı o vaxt 930-a çatırdı. Xunəc kağızı ətraf bölgələrdə də heyrət doğurmuş və xeyli kağız ustalarının yetişməsinə təsir göstərmişdi. Azərbaycanlılar, Türkiyə türkləri və iranlılar kimi ərəblərdən «kağız» terminini eynilə qəbul edən və sonralar həmin termini öz dillərinə uyğunlaşdırıb “kağaldi” şəklinə salan və Xunəc şəhərinin adını “Xunani” kimi yazıb-oxuyan gürcülər də IX əsrdən başlayaraq bu yeni məhsulun buraxılışını zəruri saymış, kağızdan ən əlverişli yazı və kitab materialı kimi istifadə etmişlər.
Belə faktlar göstərir ki, o vaxta qədər başqa yazı materialları ilə müqayisədə “çoxlu perqament sərf” edən “müsəlmanazərbaycanlılar kağızı öz müsəlman qardaşlarından, xristian gürcülərdən daha tez” mənimsəmişlər.
Araşdırmalar göstərir ki, Cənubi Azərbaycanın Xunəc şəhəri ilə eyni vaxtda Şimali Azərbaycanda da kağızdan istifadə ilə kağız istehsalı arasında o qədər də böyük məsafə olmayıb. Məsələn, sufilərlə, zəngin dünyagörüşə malik insanlarla dolu olan Dərbənd şəhərində kağız istehsal edənlər, kağız satanlar, kitab hazırlayanlar, ipəkçilər, sabun bişirənlər, balıqçılar və başqa zehni və fiziki iş adamları vardı. Bakıda və Dərbənddə çalışan 40-dan çox sənət və peşə adamı ilə yanaşı, Dərbənddə kağız hazırlayan sənət sahibləri (“vərraq”lar) ətraf bölgələrdə də yaxşı tanınırdı. Bu kimi məlumatlar göstərir ki, perqamenti sıxışdırıb dövriyyədən çıxardığı X əsrə qədər kağızın istehsalı və ixracı Azərbaycan da daxil olmaqla ancaq Şərqə məxsus idi. Bu sahədəki birinciliyi XII-XIII əsrlərə qədər Şərq öz əlində saxlamaqla dünyanı heyrətə salmışdı. O vaxta qədər İran, Orta Asiya, Türkiyə, Azərbaycan və s. Şərq ölkələrində kağız istehsalı, kitab mədəniyyəti, tərcümə işi, kitabxana quruculuğu, kitab dükanı, kitab bazarı, elm və təhsilin tərəqqisi kimi sahələrdə misli görünməmiş inkişaf baş vermişdi. Şərqin əksər ölkələrində, məsələn, azərbaycanlıların da yaşayıb fəaliyyət göstərdiyi Orta Asiya kağız istehsalı, elm, ədəbiyyat, təhsil, kitab mədəniyyəti və s. əlaqədar sahələrdə “bütün Avropa ölkələrindən “son dərəcə” (“çrezvıçayno”) üstün idi”. On minlərlə yazı aləti (qələm), yazı material (kağız...), rəng (mürəkkəb), yapışqan hazırlayan ustaları, kitab yaradıcısı və istehsalçısı, zəngin kitabxana qurucusu, elm, ədəbiyyat, təhsil təşkilatçısı olan Azərbaycanda da vəziyyət eynən belə idi.
Çin, Səmərqənd və s. yerlərin kağızlarından istifadə edən Azərbycan özü kağız istehsal etməyə başlayandan sonra kitab mədəniyyəti tarixində böyük dönüş yaranmasaydı, VII əsrdə 100 min əhalisi olan Bərdə saray kitabxanasında 100 mindən çox, X əsrdə 150 mindən çox kitab toplana bilərdimi? 200 mindən çox kitaba malik Perqam şəhər kitabxanasının fondu, 400 mindən çox kitabı və 44 cilddən ibarət kataloqu olan Kordova kitabxanası və s. kitab xəzinələri ilə müqayisədə Bərdə kitabxanasının fonduna dair rəqəmlər kiçik görünsə də, o dövr üçün böyük göstərici idi. Təəssüf ki, həm VII, həm də X əsrlərdə erməni vandallarının Tərtər çayına axıtdığı Bərdə kitabxanasının kitab fondundan və kataloqundan bir iz qalmadığına görə, bu gün həmin xəzinənin yazılı abidələri və onların müəllifləri haqqında yalnız pərişanlıqla, “qaba xasiyyətli azğınlaşmış ermənilər” haqqında isə nifrətlə danışmaq olar (VII əsr Azərbaycan alimi Musa Kalankatlı).
VIII-X əsrlərdə kağız istehsalının və ixracının Şərqin mühüm elm, ədəbiyyat, incəsənət, mədəniyyət mərkəzlərindəki (Səmərqənd, Dəməşq, Bağdad, Xunəc, Buxara, Təbriz, Dərbənd və s.) fəaliyyəti Avropanı heyrətə salsa da, onlarda bir qısqanclıq hissi də yaratmışdı... O zaman Avropa mədəniyyətinin Şərq (o cümlədən Azərbaycan) mədəniyyətindən xeyli geri qaldığı indi gün kimi hamıya aydındır. Halbuki Azərbaycanda kağız istehsalı əsri və kitab mədəniyyətinin zirvə dövrü olan IX əsrdən XIII əsrə qədərki qızıl dövr ərzində “Avropa mədəniyyəti tarixində ən dərin tənəzzül dövrü olduğu”nu bildiklərinə baxmayaraq, Avropa müəllifləri bu həqiqəti öz kitablarında göstərməyiblər.
Eramızın birinci minilliyinin sonuna qədər mədəniyyətin bütün sahələrində yüksəliş dövrü keçirən Şərqlə (o cümlədən Azərbaycanla) müqayisəyə gəlməz dərəcədə geri qalan və “müti bir şagird” kimi “müsəlman mədəniyyətinin qüdrəti önündə titrəyən Avropa dünyası” (prof. M.Kazım bəy) yalnız 1150-ci ildə ilk kağız dəyirmanları tikməyə başlamışdı. O zamana qədər Avropanın Şərq mədəniyyətindən öyrənmək məcburiyyətində qalması tarixi mənbələrlə üst-üstə düşdüyü halda, XX əsrin sonlarına qədər bu elmi həqiqət tədqiqatdan kənarda qalmışdır.
Eramızın ikinci minilliyinin başlanmasından sonrakı əsrlərdə də bir çox Şərq ölkələri ilə əlaqələrini genişləndirən Şimali və Cənubi Azərbaycanda kağız buraxılışı kitab yaradıcılığına və istehsalına, kitab mübadiləsinə və ticarətinə, kitab anbarlarının və kitabxana fondlarının ildən-ilə təkmilləşdirilməsinə güclü təkan vermişdi. Məsələn, dünya şöhrətli alim, dövlət xadimi və mesenat Fəzlüllah Rəşidəddin (1247-1318) bir neçə Azərbaycan şəhərində, o cümlədən, Təbriz yaxınlığında şəxsi vəsaiti ilə öz adına saldırdığı və 35000 ailə üçün nəzərdə tutulmuş Rəşidiyyə (Rəbi-Rəşidi) şəhərində kitabxana, gecəgündüz pulsuz işləyən şəfaxana, əczaxana, 6 dildə pulsuz təhsil verən universitet, məscid, mədrəsə, yetimlər evi, müəllimlər evi, həkimlər evi, toxuculuq fabrikləri və s. tikililərlə yanaşı, keyfiyyətli kağız buraxan karxanalar və kağız satan dükanlar da
tikdirmişdi. Onun fəaliyyətini, atası kimi analoqu olmayan çox bacarıqlı vəzir olmuş (1327-1336) və bir çox şərəfli işlər görmüş oğlu Qiyasəddin Rəşidi (?-1336) davam və inkişaf etdirmişdir. Rəşidəddinin tikdirdiyi hər iki kağız fabriki onun da dövründə gəlirli istehsal sahələrindən birinə çevrilmişdi.
60 il (1420-1480) kitabxana müdiri işləmiş yenilikçi xəttat, şair və kitab istehsalı təşkilatçısı Mövlana Cəfər Təbrizinin (1395-1480) Herat saray kitabxanasında görülən işlər haqqında Herat hökmdarı Baysunqur Mirzəyə (1397-1433) yazdığı (1427) və altı əsrdən sonra Türkiyədə üzə çıxmış “Ərzədaşt”ın (“Hesabat”ın) “yerli kağızda” yazılma faktı da göstərir ki, Avropanı bir neçə əsr qabaqlamış Şərq, o cümlədən Azərbaycan kağızı eramızın birinci minilliyinin son əsrlərindən başlayaraq, yazı və kitab mədəniyyətinin inkişafında misilsiz rol oynamışdır.
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da XIX əsrin sonuna qədər kağızın hazırlanması, kitabların yazılması, nüsxələrin çoxaldılması və cildlənməsi əl əməyinə əsaslansa da, yayıldığı ölkələrdə yüksək qiymətləndirilmişdir.
Azərbaycanda orta əsrlərdə kağızdan yazı, dəftər, kitab və sair məqsədlərlə yanaşı, daha bir neçə sahədə də istifadə olunub. Məsələn, Paris İslam İnstitutunun professoru Risler “Ərəb mədəniyyəti” kitabında yazır ki, “müsəlmanlar, o cümlədən Azərbaycan türkləri kətanxəmirindən kağız düzəltmək sənətini Səmərqənddə öyrənmişdilər və nəsildənnəslə öyrətmişdilər. N.Tusi (1201-1271) ilə işləyən və kağız istehsalının sirlərinə dərindən bələd olan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasi 1266-cı ildə kağızı həll edib alınan xəmirdən müxtəlif alətlər, cihazlar və “Yer kürəsinin modelini hazırlamış və içi boş modelin üzərində iqlimlərin təsvirini vermişdi. Əlbəttə, bu, coğrafi qlobus idi”.
Kağız istehsalında olduğu kimi, kağız pul buraxmaq sahəsində də birincilik Çinə məxsusdur. Şərqdə kağız pul buraxmaq sahəsində də Azərbaycan çox ölkələri, məsələn, Avropa ölkələrini dörd əsr qabaqlamışdır.
Orta əsrlərdə Azərbaycanda kağız istehsalı ilə əlaqədar yuxarıda sadaladığımız faktlarla bağlı indiyə qədər bir məqalə də yazılmayıb. “Azərbaycan tarixi”, “Azərbaycan Sovet Ensiklopediyası”, 664 səhifəlik, iri formatlı “Kniqovedenie” ensiklopedik lüğətində və başqa mötəbər nəşrlərdə də Azərbaycan, həmçinin İran, Gürcüstan, Dərbənd kağızının və sonrakı əsrlərdə kağız istehsal edilən yerlərin üstündən sükutla keçilməsi təəccüb doğurur. Moskvanın “Kniqovedenie” (“Kitabşünaslıq”) ensiklopedik lüğəti bütün dünya xalqları üçün nəzərdə tutulduğu halda, orada kağızın tarixinə və növlərinə yer verilmiş oçerkdə nəinki Azərbaycanın, heç bir Şərq ölkəsinin kağız istehsalı tarixinə dair bir cümlə də yazılmayıb. Bu, adi səhv deyil, Azərbaycan və Şərq kağızının uzaq əsrlərdə dünya kitab mədəniyyəti tarixində yaratdığı möcüzələri biləbilə danmaqdır. Halbuki eramızın birinci minilliyindən bəri əsrdən-əsrə inkişaf edən və zəmanəmizdə sayı 600-ü ötən kağız növlərinin bəşəriyyətə xidmət etməsində Şərq kağızı ilə yanaşı, Azərbaycan kağızının da bütün orta əsrlərdə önəmli rolu olubdur. Tarixi həqiqəti sax-
talaşdırmağın ağrısını dərmanla yox, qələmlə sağaltmaq olar. Bu məqalə həmin istiqamətə doğru atılan ilk addımdır. Topladığımız məlumatların əhatəli bir tədqiqat işi üçün ilk başlanğıc ola biləcəyinə inanaraq deyə bilərik ki, həqiqətin öz təsdiqini tapmasına dair indiyə qədər fədakarlığımız az olsa da, xeyli mənbənin hələ bundan sonra üzə çıxacağına ümid çoxdur.