Məqalənin müəllifi Lyudmila Şapoşnikova (1926-2015) – görkəmli tarıxçi, hindoloq, filosof, N.K. Rerix adına Muzeyin baş direktoru, Rusiya təbiyyat elmləri akademiyasının və K.E. Siolkovski adına Rusiya kosmonavtika akademiyasının akademiki, Əməkdar incəsənət xadimi, Cəvahirlər Nehru adına Beynəlxalq mükafat laureatı və bir sıra ödüllərin sahibidir. Nikolay və Yelena Rerixlərin kiçik oğlu Svyatoslav Rerix valideynlərinin irsini Sovet İttifaqına gətirərək, Rerix Muzeyinin əsasını qoymağı və ona rəhbərlik etməyi məhz L. Şapoşnikovaya etibar etmişdi.
Lyudmila Vasilyevna uzun illər Rerixlərin yaradıcılığı və fəlsəfi irsinin tədqiqiylə məşğul oldu və onlar haqda bir neçə kitab və məqalələr dərc etdirdi. Onun “Rerixlər” adlı kitabından bir parçanı “Qobustan”ın oxucularına təqdim edirik.
Meşəli yamacda boz daşdan tikilmiş qədim ev Kulu vadisinin əfsanəsi idi. Keçmişi, indisi və gələçəyi bu məkanda birləşdirmiş, hadisələr və talelər onun kirəmit damı altında nə zamansa ən gözlənilməz tərzdə bir-birinə qaynayıb-qarışmışdı. Bu evin sahibi – rus rəssamı Nikolay Konstantinoviç Rerix XX-ci əsrin 20-ci illərində Hindistan dağlarını, Çin düzəngahlarını, monqol çöllərini keçərək, qarlı Himalay silsiləsini aşdı. Tibetin şaxtalı Çantanq yaylasında ekspedisiya az qala məhv olacaqdı. Bütün maneələrə baxmayaraq, Rerix, arvadı Yelena İvanovna və böyük oğlu Yuri Nikolayeviçlə, 1928-ci ildə Hindistana yetişə bildi. Elə o zamandan onların həyatında qədim Kulu vadisi, ordakı geniş qonaq otaqları, cırıldayan döşəməsi, alaqaranlıq yemək otağında ağır taxta kətilləri olan mülk peyda oldu. 1972-ci ildə də mən onu məhz beləcə gördüm.
İstisna deyildi ki, o illərdə həmin evi ziyarət edən qonaqlar Rerixin bütöv bir silsilə əsərlərindən xəbərdar idi. O rəsmlərin sirli süjetləri qərib ölkələrin əfsanələrinə bənzəyirdi. O tablolarda təsvir olunanlar Ustadlar, Müdriklər, Mahatmalar – Böyük Ruhlar adlanırdı. Müdriklərəsə Maharişi deyilir.
Rerix olduqca geniş dünyagörüşə malik şəxsiyyət idi. O böyük rəssam, görkəmlialim, müdrik filosof, tanınmış səyyah, dünya miqyaslı ictimai xadim olmaqla, İntibah dövrünün nəhənglərini xatırladırdı. Lakin tamam başqa dünyadan gəlmiş “Maharişi” sözü fərqli ölçüləriylə bu şəxsiyyəti müəyyən tarixi hadisəyə, təcəllaya çevirmişdi. Və illər ötdükcə, həm Rerixin özünün, həm də irsinin əhəmiyyəti daha da artmaqdaydı...
Uzun müddət Rerix Rusiyada yalnız rəssam kimi tanınırdı. Belə “səthi” yanaşmada sanki işıqla kölgənin dərinliyi itir, hər şey dayaz, cansız görünməyə başlayır. Və əyər Rerixin rəsmlər aləmi onun haqqında alim və səyyah təsəvvürü yaradırdısa, bu aləmin arxasında Rerixin həyat və yaradıcılığının mənəvi təkamülü sozalır, elə bil inkar edilirdi. Hansı ki, onlarsız nə şəxsiyyətin, nə də təzahürün mövcudluğu mümkün deyildi. Belədə, sadəcə ideoloji instiktlə durub-otururuq və həmin instikti rədd etdiyimiz məqamda hansı nasazlığın baş verdiyi gözümüzdən qaçır...
***
Yeri gəlmişkən, bir qədər də onun ömürlüyündən söhbət açaq. Nikolay Konstantinovic Rerix 1874-cü ildə Peterburqda, görkəmli hüquqşünas ailəsində anadan olmuşdu. Sonra gimnaziyanı, Peterburq universitetinin hüquq fakultəsini, eyni zamanda Bədaye Akademiyasını bitirmişdi. Onun diplom işi olan “Çapar” adlı rəsm əsəri müəllifin böyük istedadını, tarixi süjetlərə olan marağını biruzə verirdi.
Gənc Rerixin Novqorod, Pskov ərazilərində kifayət qədər peşəkarcasına apardığı arxeoloji qazıntılar bu maraqı daha da möhkəmlətdi. Eyni zamanda onun Şərqə də böyük rəğbəti vardı. Arvadı Yelena İvanovna ilə birlikdə qədim rus şəhərlərini səyahətə çıxarkən, rus incəsənətində həm Şərq, həm də Qərb haqda düşünməyə əsas verən sintez axtarıb tapardı. Hindistan onu xüsusilə cəlb edirdi. O, qədim xalqların qəribə, izahedilməz mütəhərrikliyi haqqında düşünür, nə vaxtsa, minillər önçə hind və slavyan mədəniyyətlərinin qaynaqlandığı o fərziyyə mənbəyinə yetişməyi ürəyindən keçirirdi.
Demək lazımdır ki, ər-arvad Rerixlərin Hindistana və onun qədim mədəniyyətinə olan marağı o vaxtın rus ziyalıları üçün qeyri-adi şey deyildi. XİX əsrin sonu – XX əsrin əvvələrində mədəni Rusiya bu uzaq və əsrarəngiz ölkəyə meyilliydi. Bunun da öz dərin və mürəkkəb səbəbləri vardı. Hindistana L.Tolstoy, F.Dostoyevski, M.Qorki kimi rus yazıçıları da rəğbətlə yanaşıb. Hind filosoflarının əsərləri, “Ramayana” və “Mahabharata” epik poemaları, qədim dini himnlər, Rabindranat Taqorun əsərlərini artıq rus dilində oxuyanlar çox idi...
***
...1897-ci ildə məşhur sənətşünas Stasov gənc Rerixi Moskvaya Lev Tolstoyun yanına gətirir. Rerix yazıçıya “Çapar” adlı öz əsərinin reproduksiyasında göstərir. Tolstoy əsərə xeyli baxır, sonra böyründə çaşqın halda dayanmış qonağa diqqətlə nəzər yetirib deyir: “Nə vaxtsa qayıqla iti axan çayı keçmək sizə nəsib olubmu? Həmişə sizə lazım olan yerdən daha yuxarıya üzməyə çalışın ki, axın sizi aşağıya yuyub aparmasın. Mənəvi ehtiyac sahəsində də belədir: həmişə yuxarı can atmaq gərəkdir – onsuz da həyat hər kəsi üzü aşağı sürüb aparacaq. Qoy sizin çaparınız sükanı yuxarı yönəltsin, onda mənzilə yetişərsiniz”.
Böyük rus yazıçısı təsəvvür edə bilərdimi ki, həmin gün onun qarşısında yalnız gələcəyin böyük rəssamı deyil, həm də Rusiyadan Hindistana səfər edəcək bir “çapar” dayanıbdır? Və bu çapar ömrü boyu sükanı elə tutacaq ki, Hindistan və Rusiyanın mənəvi ilişkilərini yeni pilləyə qalxacaqdır.
Məhz Rerix cütlüyünün ardıcıl, yorulmaz, ağır zəhməti sayəsində onların uzun illər “yad” sayılan mənəvi dünyası formalaşmış oldu. Mənəvi və mədəni dəyərlərə qarşı biz necə də tez-tez amansız oluruq, fədakarlığı necə də az dəyərləndiririk, inkarlığın cəhalət olduğunu bilə-bilə, inkar etməyə necə də tələsirik?!
Rerixlər hindin mənəvi dünyasına daxil olmağı bacarmış, adları açıqlanmayan bir dəstə filosof və Ustadlarla əməkdaşlıq etmişlər. Sevimli vətənlərini məhz bunun üçün tərk etmiş, müstəmləkə Hindistanınagəlib-çıxmaq üçün ağlasığmaz maneələrə üstün gələrək, hər kəsdə “rus casusu” gö-
rən Britaniya kəşfiyyatı ilə təkbətək “savaşa” çıxmışlar. Onlar doğma Vətəni tərk edəndə, artıq Rusiyada amansız Böyük inqilab dalğaları coşurdu. Rerixlər inqilabın lənətini qazanmaq, həm də silinməz mühacir damğası vurulmaq təhlükəsi ilə üzüzəydi. Nə yaxşı ki, zaman onların xeyrinə işlədi... 1926-cı ilin yayında Rerixlər mümkünsüz bir şeyə müvəffəq oldular – yenidən Vətənə dönə bildilər. Onlar çox gözəl anlayırdılar ki, Hindistanın ingilis höküməti bu gedişi onlara bağışlamayacaq, geri qayıtmaqları həddindən artıq çətin olacaq.
Hindistandakı işlərisə hələ yarımçıq qalmışdı. Rerixlər özlərilə Moskvaya hind Ustadlarının məktubunu, mücrüdə Himalay torpağını və qarşıdan gələn yeni əsrin abu-havasını əks etdirən “Maytreyya” adlı silsilə rəsm əsərlərini gətirmişdilər. Nikolay Rerixin A.V.Lunaçarski, Q.V.Çiçerin, N.K.Krupskaya kimi görkəmli xadimlərlə görüşməsinə baxmayaraq, onun gəlişinə layiqli dəyər verilmədi. Nə Hindistan Mahatmalarının məktubu, nə Rerix tərəfindən söylənən fikirlərin orijinallığı “komissarların” tükünü belə tərpətmədi. Heç məktub müəlliflərinə də maraq
göstərilmədi.
O illər dünya hind ruhu, onun müdriklik xəzinəsi ilə təzə-təzə tanış olurdu. Rerixlərin sıxı surətdə bağlı olduğu “Ustad-Mahatmalar” qrupunun hind mənəvi ənənələrində məxsusi yeri, qədim kökləri vardı. Bu köklərin qolları filosof-kşatrilərə, “Upanişad” yaradıcılarına, yeni ideyaların dərvişvari təbliğatçılarına gedib çıxırdı və nəhayət Budda fəlsəfəsi ilə bağlı idi. Lakin bunların hamısı nəhəng mənəvi aysberqin yalnız su üzərində görünən tərəfləri idi. Dərinliklərdəsə arabir əfsanəvi müdriklərin adları, bəsirətlər haləsində boy göstərən qədim fikirlərin sirli-sehrli ömrü davam etməkdəydi. “Canlı Etika” adlanan, kitabın, yaranışında bilavasitə Yelena İvanovna və Nikolay Konstantinovıç Rerixlərin iştirakı olan kitablar da o yerlərdən gətirilməydi. Bu kitabların məhz həmin dövrdə gəlib-yetişməsi təsadüfi deyildi, çünki onlar məğzi-mənası etibarilə yeni dövrün mənəvi düsturları, onun mühüm problemlərilə bağlıydı.
Əsas rolu isə burda təbiət hadisələrinə, insan cəmiyyətinə qarşı formalaşan ümumi yanaşma oy-
namağa başladı. İnsanın, Planetin, Kainatın bölünməzliyi, mikro və makrokosmun fundamental birliyi haqda qədim müdriklərin unudulmuş fikirləri son elmi kəşflərdə gözlənilməz təsdiqini tapdı və Qərbdəki eksperimental elmin diqqətini Şərqin mücərrəd fəlsəfəsinə yönəltməyə vadar
fikirlər sonradan ən görkəmli alimlərin əsərlərində və Şərq müdriklərinin baxışlarında öz__ əksini tapdı. O cümlədən K.E.Siolkovski Kosmik eranın başlaması haqda, V.İ.Vernadski və Teyyar de Şarden isə planetin noosferası, İdrak sferası barədə təsəvvür yaratdılar.
Mənəvi kamillik, etik normaların mütləq gözləntisi, insan cəmiyyətinin inkişafında mədəniyyətin rol oynaması – bütün bunlar ən mühüm amillərdir ki, onlarsız mədəni-tarixi təkamülün inkişafı qeyri-mümkündür. Təkamülün hər bir mərhələsi bəşər övladı qarşısında yeni problemlər açır. O, insana təzə enerji və materiyanın yeni qatları barədə izahat verir, onu daha da yaxınlaşdırır.
Müharibə zamanı mədəni sərvətlərin qorunması barədə “RerixPaktının” rəmzi kimi tanıdığımız “Dünya Bayrağı” bilavasitə həmin ideyalarla sıxı surətdə bağlıdır. Bu, təkamüldə ən mühümü
üç anlayışın vəhdətidir: keçmişin, indinin, gələcəyin; insanın, planetin, kosmosun; etikanın, elmin, incəsənətin;
***
...Nikolay Rerixə bir daha Rusiyanı görmək qismət olmadı. Son iyirmi ilini o, Himalay vadisində, dağın ətəyində yerləşən qədim evdə keçirdi. Orda rəssama dünya şöhrəti gətirən əsərlər yarandı. Həmin tablolarda,forma və rənglərin gücünə qədim Şərqin ideyaları öz əksini tapdı. Elə ordaca, Kuluda, “Himalay tədqiqatları Rerix İnstitutu” işləməyə başladı. Böyük müharibə bitdi, iki il sonra Hindistan öz müstəqilliyinin ilk gününü qeyd etdi. Rerixlərin çətin və uzunsürən missiyası artıq sona çatırdı. Hindistanın “Böyük Ruhları” ilə nadir əməkdaşlıqda əldə etdikləri nə vardısa indi doğma Vətənlərinə-Rusiyaya məxsus idi. 1947-ci ildə Rerix Sovet İttifaqına gəlmək üçün viza istədi. Vaxt üzücü keçir, cavabsa gecikirdi. Həmin ilin dekabrında Nikolay Konstantinoviç vəfat etdi. Özü də xahişinə rədd cavabını gözləmədən dünyadan köçdü...
Yelena İvanovna böyük oğlu Yuriylə birlikdə qədim mülkü tərk edib Şərqi Himalaydakı Kalimponq adlı balaca kurort şəhərciyinə köçdü. Orda oğul Rerix ingilis kənd kottecinə bənzəyən yığcam bir ev aldı. Bu evdə Yelena İvanovna geniş məktublaşma aparır, Rerixin “Canlı Etika”sının növbəti cildlərini redaktə edirdi. O cildlərin hamısını hələ ki, nəşr etmək mümkün olmayıb...
Yelena İvanovna da 1955-ci ildə dünyasını dəyişdi. Kiçik oğlu Svyatoslav Nikolayevıçin yazdığına görə o öləndə yanında heç kim yox imiş. Dəfn mərasimi zamanıonu bambuk təxti-rəvanın üstünə qoyub dağa qaldırdılar. Altı budda laması və altıhindli bir-birini əvəz edərək təxti-rəvanı çiyinlərində aparırdı. Döngələrin birindəonları hərbi hıssə qarşıladı və Yelena İvanovnaya son ehtiramını bildirdi. Bunun üçün xüsusi dövlət sərəncamı verilmişdi.
Amma ən təəccüblüsü başqa şey idi. Son səkkiz ildə Yelena İvanovna tənha və qapalı həyat tərzi sürürdü, demək olar ki, heç kiminlə təmasda deyildi. Lakin təxti-rəvanı çoxlu adam müşayıət edirdi: hindlilər,
tibetlilər, qurkhlar. Onlara dəfn mərasimi_haqda heç bir xəbər verilməmişdi, onları dəvət eləyən də yox idi. Hansısa sirli bir çağırışa tabe olaraq, demək olar ki, haqqında heç nə bilmədikləri rus qadınını son mənzilə yola salmağa gəlmişdilər. Svyatoslav Rerix 1962-ci ildə yazırdı:“Yelena İvanovna özündən sonra neçə-neçə gözəl manuskript qoyub getdi. Təkcə onlar bütöv bir dövrü doyuzdurmağa qadirdir”.
Vətənə yalnız Yuri Nikolayeviç qayıtdı. 1957-ci ildə, görkəmli alim qəfil ölümünəcən üç il SSRİ Elmlər Akademiyasının şərqşünaslıq İnstitutunda işlədi.
Kiçik oğul Svyatoslav Nikolayeviç də gözəl rəssamdır. İndiyə qədər Banqalor şəhərində yaşayır. Yayda o Kulu vadisinə gəlir. Ordasa hər şey olduğu kimi qalır.
Həmin mebel, həmin rəsmlər, ağacın altında vadinin havadarı olan həmin daş, ləklərdə nə vaxtsa Yelena İvanovnanın əkdiyi həmin fransız qızılgülləri. Qədim mülkdən Naqqarın mərkəzinə gedən yol isə indi Rerix marq – “Rerix Yolu” adlanır.
Elə burdaca nöqtə qoymaq olardı. Ancaq, Rerixə, hətta ölümündən sonar belə öz Vətənində xeyli “yaşamaq” nəsib olmuşdu. Hələ neçə illər bundan əvvəl cəmiyyətdə Şərq mədəniyyətinə maraq oyananda, rəsmi şərhçilərin bir çoxu bunda imperialist Qərbin kəşfiyyat izini arayıb-axtardılar. Burda məntiq tapmaq çətindir. Ancaq, tamamilə aydındır ki, bu təzahürü yaradan daxili səbəblər olduqca çoxdur. Ən əsası isə, uzaq 20-ci illərdə başlamış mədəni-mənəvi mühitin sistemli olaraq dağıdılması, bir qədər sonra isə mədəniyyətin ümumilikdə bərpa olunmaz bir deformasiyaya uğraması idi. Buna görə də biz o itginin haqqını ictimai idealların məhv edilməsi, onların mənəvi mühafizəsinin yox olması, nəhayət, rus cəmiyyətində geniş təbəqələrin, ilk növbədə isə gənclərin cansıxıcı mənəvi düşkünlüyə qərq olması ilə ödədik.
Bu məqamda bəziləri kortəbii, bir parası isə şüurlu surətdə, başqa model axtarmağa girişdilər. Ənənəvi Şərq mədəniyyətinin özü və onun mənəvi-fəlsəfi bünövrəsiylə sıx bağlı olan Rerix irsi təbii ki, bu axtarışların mərkəzindəydi. Yüksək kürsülərdə çıxış edən məmurlardan fərqli olaraq, “fəlsəfi axtarışların” ünsürünə dadanan sovet ziyalısı, Rerix irsini “bizimki” və “yad olan”a bölmürdü. Çox vaxt fəlsəfi “yad olan”ı qalanlarından üstün tutur, onu bütövlüklə qəbul edirdi. Bu bölümdə axtaranlar və buna cəhd edənlər əbədi suallara cavab tapır, mənəvi düşüncələri üçün istənilən qidanı ala bilirdilər.
Təbii ki, bu yolda qaçılmaz çətinliklər də üzə çıxmalıydı. Qəzet və jurnal səhifələrində Rerix irsinin, fəlsəfi Şərq ənənələrinin mənəvi məzmununu tanınmaz dərəcədə təhrif edən iyrənc yazılar da çap üzü görürdü. Durğunluq dövrü öz ideoloji stereotipləri ilə reallığı görməyə mane olurdu. Ölkədə baş verən mürəkkəb mədəni-mənəvi proseslər barədə yazanlar çox zaman bu proseslərə cəlb olunanların taleyini unudur, ideoloji ştamplarda məharət göstərən jurnalist qə-
ləmi isə bu talelərə bir çox hallarda biganəlik göstərirdi...
***
...Mən bu məqaləni yazıb qurtarmaq üzrə olanda Tallinndən zəng vurdular və orada Rerix Cəmiyyətinin yaranması barədə xəbər verdilər. Buna qədərsə biz Latviyada, Kaluqada Rerix cəmiyyətləri, Leninqradda, Kiyevdə, Krasnodarda, Çelyabinskdə, Novosibirskdə və bir çox başqa yerlərdə Rerix təşkilatları, Rerix klubları,
Rerix mühazirələri, Rerix sərgiləri və müsamirələr barədə də xəbərlər almışdıq. Onlarda müxtəlif yaşlı, müxtəlif yönlü, müxtəlif təhsilli, yüzlərlə, minlərlə insan iştirak etməkdədir. Bütün bunlar N.K.Rerixin adı ilə bağlı bütöv bir mədəni hərəkatın mövcudluğu barədə bilgi verir.
Bir daha xatırlatmaq istərdim ki, insan ruhunun məğzini, onun XX əsrdəki ən mühüm problemlərini özündə ehtiva edən, hərəkatlar yalnız bir ölkəylə məhdudlaşa bilməz. 80-ci illərdə Rusiyanın sərhədlərixarıcındə “Mədəniyyət vasitəsilə sülh” adlanan hərəkat yarandı. Bu hərəkatda ABŞ-ın, Kanadanın, AFR-in Rerix cəmiyyətləri iştirak edirdi. Rerix haqda və bütün bu baş verənlər haqda düşünəndə, yenə də qədim Kulu vadisi yadıma düşür. Qarlı zirvələr, şam və küknar ağacları ilə örtülmüş yamaclar, sarmaşıqlı qədim ev, üzərində “Maharişi Rerix” sözləri həkk olunmuş mərmər daş yenə də gözlərim önündən gəlib keçir. Həmin daşın yanında ləngidiyim zaman yaxınlaşan qoca hur (gələcəkdən xəbər verən) yadıma düşür.
Maharişi kimdir? deyə soruşdum. Hur nəzərini Hepanqın ikibaşlı zirvəsinə dikərək söylədi:
Bu o kəsdir ki, həyatdan köçəndən sonra da əməlləri və fikirləri hələ uzun müddət yaşamaqda, insanlara xidmət etməkdə davam edəcək.
Heç vaxt maharişinin belə tərifini eşitməmişdim.
Qəribədir, o tənəylə başını buladı, sən axı, qədim evdə yaşayırsan.
...Onda mən həqiqətən də qədim evdə qalırdım və Yelena İvanovnanın nəşrə kitablar hazırladığı həmin yazı masasının arxasında işləyirdim. Ancaq o vaxt hər şeyin qısa bir zamanda belə olacağını heç zənn edəməzdim. Əgər insanın əməl və düşüncələri öz dövrünü qabaqlayırsa, deməli onlar uzun müddət yaşayır və yaşayacaq.
çevirəni: Lalə Sultanova