Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın son illərdə muğam sənətinə verdiyi qiymət, göstərdiyi qayğı hamının ürəyindəndir. Məhz bu qayğının nəticəsidir ki, muğam sənəti son illərdə daha böyük uğurlar, nailiyyətlər əldə edərək, Azərbaycan sərhədlərini aşıb musiqimizi, mədəniyyətimizi, ədəbiyyatımızı bütün dünyada tanıtmağa müvəffəq olmuşdur. Və bu gün bütün dünya bir daha başa düşür ki, belə sənətə malik olan xalq heç də xırda hisslərlə, kiçik duyğularla yaşayan xalq ola bilməz; Azərbaycan xalqının daxilində olan beynəlmiləlçilik, toleyrantlıq, multikultural kimi dəyərlər məhz onun belə yüksək sənətə sahib olmasından da irəli gəlir.
Lakin bütün bu yüksək hisslərlə yanaşı, son günlər Azərbaycanın görkəmli muğam ifaçıları, sənətkarları arasında baş verən anlaşılmazlıq, inciklik Azərbaycanın hər bir vətəndaşı, muğamsevəri, ziyalısı kimi məni də üzdü. Mən burada kimin haqlı, kimin haqsız olduğu barədə fikir yürütmək fikrindən uzağam. Amma mənə elə gəlir ki, bu incikliklərin, umküsülərin kökündə 2005-ci ildən bəri Respublikamızda müvəffəqiyyətlə həyata keçirilən muğam müsabiqələrinin münsiflər heyəti durur.Və bu da təbiidir. Cünki, bu layihə o qədər gözəl bir layihədir ki, muğam sənəti ilə az-çox məşğul olan, bu sahədə zəhmət çəkən hər bir kəs münsiflər heyətinin tərkibində iştirak etmək, bu müsabiqəyə öz töhfəsini vermək istəyir, özünü orada görür. Amma bu da təbiidir ki, münsiflər heyətinin tərkibində iştirak etmək də iştirakçıdan bəzi keyfiyyətlət tələb edir. Bu mənada, mən də münsiflər heyəti haqqında bir neçə kəlmə demək və öz arzularımı bildirmək istəyirəm.
Həqiqətən də, münsiflər heyətinin hər bir üzvünün muğam müsabiqəsinin keçirilməsində, onun təşkilində olduqca böyük, ölçüyəgəlməz zəhməti vardır. Əslində onların zəhməti bu illər ərzində göz qabağındadır. Münsiflər heyətinin bir-birinə nisbətdə muğamın sirlərinə bu və ya digər dərəcədə bələd olmalarına baxmayaraq, ümumiikdə bu sənəti gözəl şəkildə bilmələrinə heç kimin sözü ola bilməz. Amma artıq münsiflər heyətində də bəzi dəyişikliklər etmək arzu olunandır. Belə ki, son müsabiqədən də göründüyü kimi, onların çıxışlarındakı yeknəsəklik, ümumu sözçülük, dinamikanın olmaması, hər kısin öz tələbəsinin tərəfini saxlaması və s. kimi hallar inkarolunmazdır. Dəfələrlə dediyi kimi, muğam ifaçılarının sözə münasibəti və onun münsiflər heyəti tərəfindən dəyərləndirilməsi də qənaətbəxş deyildir. Son müsabiqə zamanı iki böyük, gözəl sənətkarımız- Əlibaba Məmmədov və Arif Babayev arasında olan kiçik, lakin efirə yaraşmayan fikir müxtəlifliyi isə ümumiyyətlə ürəyimizə xal saldı. Bütün bunları bu vaxta qədər, necə deyərlər, xalq götür, lakin muğam sənətinə, onun yaradıcılırı və təşkilatçılarına hörmət əlaməti olaraq susurdu... Amma təbii ki, bunlar asanlıqla düzəldilə bilən xoş arzulardır... Və Azərbaycan xalqının muğam sənətində bugün Alim Qasımov, Aqil Məlikov, Zabit Nəbizadə, Qəzənfər Abbasov, Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev və başqaları kimi gözəl muğam ifaçıları, sənətkarlar vardır ki, onlar da ara-sıra münsiflər heyətinin tərkibində iştirak edə bilərlər. Bu isə bizcə, yalnız və yalnız muğam sənətimizin inkişafına xidmət göstərər...