XX əsrin əvvəllərindəki türk ictimai-siyasi və ədəbi fikrinin tanınmış nümayəndəsi, “İttihad” və “Tərəqqi” partiyasının qurucularından biri, “İctihad” məcmuəsinin naşiri, həkim, şair və tərcüməçi Abdullah Cövdətin (1869-1932) dostu və həmfikri Əli bəy Hüseynzadəyə (1865-1940)
məktublarını “Azərbaycan” jurnalının oxucularına təqdim etmək istəyirəm.
“Əli bəy sakit, mütəfəkkir halı ilə, əsrarəngiz vəzi-üzlətpərvəriylə (xəlvətə çəkilməsi, özünə qapanması ilə) üzərimizdə bir rəsul (peyğəmbər) təsiri icra edərdi. Əvət, o bir rəsuli-haqq idi!” - pərəstiş dolu bu səmimi etirafın müəllifi Abdullah Cövdətlə Əli bəy Hüseynzadənin ilk tanışlığı 1880-ci illərin sonlarında, hər ikisinin ali təhsil aldığı İstanbul Məktəbi-Hərbiyyeyi-Tibbiyyəsində olmuşdu. Sonralar bəlli bir dönəmə qədər yolları ayrılsa da, aralarındakı mənəvi əlaqə, fikir və düşüncə bağlılığı heç zaman qırılmamışdı. Özü də kifayət qədər geniş, hərtərəfli maraq dairəsinə, universal fəaliyyət sahəsinə malik fikir adamı, qələm sahibi kimi tanınan Abdullah Cövdət müasirlərinin "Şimal fəcrinə" bənzətdikləri Əli bəyə heyranlığını, vurğunluq hissini həyatının sonuna qədər sürdürmüşdü.
Azərbaycanlı mütəfəkkir onun nəzərində hər zaman nüfuz sahibi, haqq sözün, haqq əməlin daimi ünvanı kimi qalmışdı. Həyatının çətin anlarında, dost sözünə, dost məsləhətinə ehtiyac duyduğu zamanlarda Əli bəyə üz tutmuş, niyyət və planlarını, ilk növbədə, müdrikliyinə inandığı dostu ilə paylaşmışdı.
Dəyişən şərtlər, siyasi fırtınalar, üzləşdikləri çətinlik və məhrumiyyətlər aralarındakı səmimi dostluğa, inanclı münasibətlərə əsla xələl gətirə bilməmişdi. Təəssüf ki, aralarındakı yazışmanın çox az bir qismi günümüzə qədər qorunub. Əlimizdə olanlar yalnız Abdulla Cövdətin məktublarıdır. 1905-1923-cü illərdə İsveçrə, Fransa və Misirdən göndərilən həmin məktublar həmvətənimizin Osmanlı cəmiyyətinin fikir həyatında tutduğu yeri, onun türk ziyalıları arasındakı aparıcı mövqeyini açıqlayan tarixi sənədlərdir. Məktublarda diqqəti çəkən başqa bir cəhət isə XX əsrin ilk onilliklərində bir tərəfdən çar, digər tərəfdən isə sultan rejimlərinin bütün qadağalarına baxmayaraq, türkçülük mövqeyində birləşən Azərbaycan və Osmanlı ziyalılarının arasında ümumi məqsədlərə xidmət edən intensiv əlaqələrin mövcudluğudur. Əli bəy Hüseynzadə öz növbəsində Azərbaycanda həmin ideyaları nəşriyyat, mətbuat və məktəb vasitəsi ilə yayan açar şəxsiyyətlərdən biri idi.
Təqdim olunan sənədlərin əsli Türkiyənin Egey Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümündə saxlanır. Burada artıq illərdir ki, ədəbiyyatımızın böyük dostu, professor Yavuz Akpinarın səyi ilə Əli bəy Hüseynzadə Fondu fəaliyyət göstərməkdədir. Yenə də Yavuz bəyin təşviqləri ilə həmvətənimizin həyatda olan sonuncu övladı - qızı Feyzavər Alpər atasının zəngin arxiv və kitabxanasından mühafizə edilən nümunələri bu fonda bağışlayıb. Abdulla Cövdətin məktubları da həmin tarixi sənədlərin arasındadır.
Məktubları ilk dəfə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünün dosenti xanım Şərifə Çağın latın əlifbasına transliterasiyası və qısa giriş məqaləsi ilə “Yeni türk ədəbiyyatı dərgisi”ndə (mart, 2010-cu il, sayı 1, səhifə 195-131) çap etdirib. Azərbaycan dilindəki indiki nəşr üçün də həmin variant əsas götürülüb. Lakin Yavuz bəyin lütfkarlıq göstərərək göndərdiyi orijinal mətnlərin ərəb əlifbasındakı foto surətləri əsasında bir sıra dəqiqləşdirmələr aparılıb.
Eyni zamanda, məktubların mündəricəsinin müasir oxuculara daha anlaşıqlı tərzdə çatdırılması məqsədi ilə burada təsadüf olunan şəxs, əsər, ictimai-siyasi hadisə adlarına qısa şərhlər verməyi də məqsədəuyğun hesab etdim. Çünki həmin adların böyük bir qismi yalnız azərbaycanlı deyil, çağdaş türk oxucusu üçün də kifayət qədər aydın və anlaşıqlı deyil. Digər tərəfdən, müxtəlif münasibətlərlə bağlı istinad olunan şəxslər, haqqında söz gedən nəşrlər, tarixi hadisələr, proseslər və s. məktub müəllifinin və məktubların ünvanlandığı şəxsin maraq dairəsi, fəaliyyəti, cəmiyyətdəki əlaqələri haqqında daha geniş təsəvvür əldə etməyə imkan verir.
Epistolyar janr aralarında yazışma gedən şəxslərin həyatını, yaradıcılığını, müasirləri ilə əlaqələrini öyrənməyə deyil, bütövlükdə dövrün, mühitin üzərinə işıq salmağa, çoxsaylı mətləbləri aşkara çıxarmağa imkan verir. Bu baxımdan, Əli bəy Hüseynzadənin cavabları əlimizdə olmasa da, Abdullah Cövdətin ona göndərdiyi məktub və poçt açıqcaları Azərbaycan-Türkiyə ictimai-siyasi və ədəbi-mədəni əlaqələrinin XX yüzilliyin əvvəllərindəki mənzərəsini daha dolğun şəkildə göz önündə canlandırmağa yardım edir.
Məktublar xronoloji ardıcıllıqla düzülüb. Dəqiq tarixi olmayanların isə məzmununa görə hansı vaxt yazıldığı təxmini şəkildə müəyyən edilib. Ümidvaram ki, daha çox ictimai xarakter daşıyan və mühüm ədəbimədəni əhəmiyyətə malik olan bu sənədlər Əli bəy Hüseynzadəni daha yaxşı tanımağa, çağdaş türkçülük tarixində onun yerini daha aydın və dəqiq müəyyənləşdirməyə yardımçı olacaq.
– 1 –
Annemase, Cenevrə, 9 mart 1905-ci il
Ya Əli!
Məktubun gəlib çatdı. Son dərəcə də sevindim və hələ üstəlik Rusiyada, Türkiyəyə nisbətdə cənnəti-əla olan Rusiyada bulunduğuna ayrıca məmnun oldum. Mənim on sənəyə yaxın bir müddət ərzindəki həyatımın macəra və keşməkeşləri cildlər dolduracaq qədər uzundur. Hər zaman bu zəif qollarımla istibdad şərini yerlə yeksan etmək xülyası ilə məstü pərişan yaşadım və indi də yaşamaqdayam. Ah, ya Əli, sən məni mənim özümdən yaxşı tanıyırsan.
Əskidən bildiyin Abdullaham. İndi ürəyimdə daha çox atəş var. Məni hər şeydən çox pərişanxatir edən dostluqda birincilik iddiası altında pərdələnən məxluqatın əksəriyyət etibarı ilə Əbdülhəmiddən1daha alçaq çıxmalarıdır. Nə isə, “Tək qalsam da bu qeyrətkeşliyimdə, dönmərəm əzmi-diliranimdən!” Mən sözümün sahibiyəm! “Türk”2qəzetini çıxaran şəxslər ünvanımı çox yaxşı bildikləri halda nə üçün sənə verməyiblər? Zira ixlas və səmimiyyətim, bəzən abdallıq dərəcəsinə varan fikir və əməl saflığım onların gözlərini qamaşdırır.
Burada mənim nə qəbahətim var? Yaradan məni böylə xəlq eləmiş! Ah, ya Əli, bütün müqəddəslərə and içirəm ki, səni qollarım arasına almaq nəzərimdə, bəlkə də, dünya nemətlərindən ən böyüyüdür. Səni röyamda tez-tez görür və qucaqlayıram. Fəqət yuxu ilə həqiqət bir deyil. “İctihad”ı bir zərf içərisinə qoyub göndər” - deyirsən. Otuz iki səhifəlik bir məcmuəni zərfdə necə göndərə bilərəm? Dostlardan biri sənə “İctihad”ın3üç sayını poçtla yola salıb. Bir nüsxə də “Droit de`Asile”4çatdırmasını xahiş etdim. Oxusan Əbdülhəmid dəyyusun mənimlə necə qudurmuşcasına rəftar etdiyini anlayarsan. Ah, ey Mərdanın5və mənim mühibbim Əli! Hiss və həyəcanlarımı sənə necə çatdırım?
Haqq olsa iştiyaqi-hali-harab sineden,
Bir sahifa açsam, ağlarsın kitabi-sineden! Ah, sən buralara gələ bilməzmisin? Yaxud mən oralara gedə bilməzmiyim? Ah, millətimiz öləcək, türklər bitəcək, müsəlmanlar payimal və xaksar olacaqlar.
Türklər zəkidirlər! Türklər böyük, ali, münəvvər, sənətkar, sənətpərvər bir millət olmaq üçün mühüm təbii keyfiyyətlərin cümləsinə malikdirlər. Bunlara bir az hərarət, bir az günəş göstərmək lazım! Qeyrət atəşi məni yandırıb-yaxır. Rusiyada baş verən həngamələr qanımı gözlərimə dolduracaq dərəcədədir! Vyanada Əbdülhəmidin vəkilini ayaqlarım altına aldım6. Məni Avstriyadan qovdular. Cenevrəyə gəldim, bir mətbəə qurdum. Bir məcmuə və kitabxana təsis etdim. Əbdülhəmid yenə arxamca düşdü. Bütün bu işlərə tam 200 min frank sərf olundu.
Qəzetçilərə və digər işinə yarayan adamlara payladı. İsveçrə - alçaq, yaramaz, mənfəətpərəst İsveçrə məni Cenevrədən expulse etdi (ölkədən çıxardı - V.Q.). Mətbəəm Hüseyn Tosun7adlı misli-bərabəri olmayan bir dostun hümməti ilə Cenevrədə yaşamaqdadır. “İctihad” da həmçinin. Fəqət maddi imkanlarım tükənmək üzrədir. Bir tərəfdən, yeni açıldığı üçün qazancı xərclərinə qarşılıq verə bilməyən mətbəənin məsrəfləri, digər tərəfdən, “İctihad”ın məsrəfləri, üçüncü yandan da öz həyat və məişətim imkan və iqtidarımın fövqündə olan bir girdabisərfiyyat açır. Ruhum bədənimdə olduqca istibdad və zülmətlə çarpışmaq barəsində başımız üstündəki ulduzlar qarşısında əhdü peyman etdim, ya Əli!
İstibdad və zülmün əlində əsir-yesir qalan millətin Hüseyninin8və insaniyyətin qan bahasını tələb edirəm, ya Əli! Bu niyyətlə də sənə üz tutub “Xuni-Hüseynimə talibəm, ya Əli mədəd!” ("Hüseynimin qanını almaq istəyirəm, ey Əli, kömək et!") - deyə bağıra bilərəm. Mənim məqsədim sənin məqsədindən heç də qeyri deyildir.
Bu türklərdən şanlı və şərəfli bir millət düzəltmək tamamilə mümkündür. Olduqca çox layihələrimiz var. Fəqət, mütləq birlikdə olmalıyız! Mən Avropada heç boş dayanmadım. Bax, bunları türk dilinə çevirdim: Alfiyerinin9“İstibdad”ını, Şillerin “Gyomtel”ini10. Bunlar çap olundu. Sonra Şekspirdən “Hamlet”i, “Maqbet”i, “Kral Lir”i, “Yuli Sezar”ı11tərcümə edib başa çatdırdım. İndi əlimdə “Romeo və Cülyetta” var. Bundan başqa, “Ruhi-əqvam”12və “Hökmdar və ədəbiyyat”13(“Du Prince et des Letters”) adlı iki mühüm əsəri də türk dilinə çevirdim. Bundan başqa, fransızca şeir yazmaq xəstəliyinə mübtəla olub fransız dilində dörd cild əşar məcmuəsi çap etdirdim. Arzu edirsənsə, bunlardan da sənə göndərərəm. Mənim indiki halım Cenevrəyə yarım saatlıq məsafədə yerləşən bir fransız kəndində baharın – maddi və mənəvi baharın gəlişini gözləməkdən ibarətdir. Özüm mətbəənin başında dayanmadığım səbəbindən onun Avropada mühafizəsi və fəaliyyətini davam etdirməsi çətin görünür. Çünki kimsədən bir yardım yoxdur. Niyyətim ya Mərakeşə, ya da Misirə gedərək təbibliklə məşğul olmaqla həm öz məişətimi, həm də mətbəənin yaşamasını təmin etməkdir. Mətbəədən, “İctihad”dan, Avropadan
uzaqlaşmaq yalnız ürəyin istəyi ilə yapılacaq bir şey deyildir. Fəqət nə çarə?
Cezbeyi-didar ile meczub olan huşyarlar, Çareyi-visleti-hicran eyler ihtiyar! “İctihad”a bol-bol məqalə və şeir göndər və bil ki, səndən gələn hər sətir “İctihad”a xoş və səfa gəlir. Çünki bir dost və həmfikir qəlbindən gəlir. Rusiyada konstitusiya olarsa, bəlkə, “İctihad”ı Batuma köçürüm deyə düşünürəm. Sənin bu barədə fikir və rəyin nədir? Mütləq mənə bildir. Bu dünyada mənim nuri-irfana xidmətdən qeyri yüksək tutduğum bir məqsəd, məram yoxdur. Bakıdakı hazırkı vəziyyətə14 ağlamaqmı, gülməkmi rəvadır - bilmirəm! Mənə vəziyyət barəsində müfəssəl məlumat ver. “İctihad” gəlib əlinə çatıbsa, bu barədəki fikirlərini də bildir və məcmuəni Rusiya müsəlmanlarına oxuda, abunə yazdıra bilmək üçün əlindən gələn qeyrətləri sərf elə. Həzrəti-Mərdanın gözlərindən öpürəm. Mənə birər fotoqraflarınızı göndərin. “İctihad”ın on altı səhifəsi türkcə, digər on altı səhifəsi rumca, ingiliscə, italyanca və mövcud vəziyyətlə əlaqədar rusca çıxa bilər. Yəni, on altı səhifə poliqlotdur. Nə söyləyim, hansı şəfasız dərdi sayım? “Həzar gunə süxən dər dəhanü ləb xamuş” (farsca - “Ağızda min cürə söz var, amma dodaq tərpənmir”). Sənə farsca qəzəldən bir beyti oxuyaraq xətmi-kəlam edirəm: Əyyame-ma qozəşt be qorbət, vəli çe ğəm, Eşraqe-şərq şod əz eztirabe-ma. (Zamanımız qürbətdə keçdi, amma nə qəm, Şərqin alovu bizim iztirablardan şölələndi). Qədim və səmimi dostun Abdullah Cövdət.
– 2 –
23 mart 1905-ci il
Ya Əli!
10 fevral 1905-ci il tarixli məktubunu almış və müfəssəl bir cavab yazıb Bakıya göndərmişdim. Məktub gedəli on beş gün oldu, səndən hələ də bir xəbər yoxdur. “Hezar qunə soxən dər dəhano ləb xamuş” (“Ağızda min cürə söz var, amma dodaq bağlıdır” - farsca). Nə isə, demək ki, məktubum gəlib sənin əlinə çatmayıb.
Belə işlər Türkiyə və Rusiyada olan şeylərdir. Məktubundan çox məmnun qaldım. Fəqət səni buralarda görə bilsəydim, daha məmnun olardım. Mən Cenevrədə bir mətbəə, bir də bir məcmuə təsis etdim. On altı səhifəsi türkcə, on altı səhifəsi fransızcadır. Sənə onun son nüsxəsini göndərmişdik. Amma gəlib yetişdimi - bilmirəm. Bu məktubu sifarişli göndərirəm. Alar-almaz mənə cavab yaz. Əvvəlki məktubumun itməsinə çox təəssüf edirəm. Əhvalımı bütün təfsilatı ilə yazmışdım.
Fikir və niyyətlərim sənə bəllidir. Əgər düşüncə və əməllərim dəyişibsə, deməli, daha işıqlı, daha qüvvətli və əzəmətli olmaq surəti ilə dəyişibdir. Prinsiplər eyni qalır: türkləri, müsəlmanları münəvvər etmək, insanlıq və mədəniyyətin nə olduğunu onlara layiqi ilə anlatmaq! Bunun üçün tərcümələrdən və kitab çapından qeyri bir yol görmürəm. Avropada olduğum müddətdə xeyli əsər tərcümə etdim.
Şekspirin “Hamlet”, “Maqbet”, “Kral Lir”, “Yuli Sezar” teatrolarını türkcəyə çevirdim. İndi “Romeo və Jülyetta” bitmək üzrədir. Bunlardan başqa Şillerin “Qiyomtel”ini, Alfiyerinin “İstibdad”ını tərcümə və nəşr elədim. “İctihad”ın qalınlığı zərflə göndərilməsinə əsla imkan vermir. Bakıda ermənilərlə müsəlmanların eşşəkcəsinə bir-birlərini qırmaları qanımı beynimə vurdu. Tfu! Bunlara bir “Epargnez votre sang pour votre Delivrance!” (fr. "Qanlarınızı xilas gününə saxlayın!" - deyən yoxdur. Bu faciəli və acı gülüş doğuran vaqeədən mən də bu dəfə “İctihad”da bəhs etmişəm. Sən də “İctihad” üçün məqalə və şeir göndər. Hər göndərdiyin xoş gəlir, səfa gəlir. Buralara gələ bilməzmisən? Yaxud mən oralara gələ bilərmiyəm? Məqsəd bu eşşək müsəlmanları bir az eşşəklikdən qurtarmaqdır. Başqa bir şey deyil! Bu sərsəm həriflər “müsəlmanıq” deyirlər, halbuki heç də müsəlman deyillər. Mənim indiki etiqadıma görə bu xəstəlik bizə dindən gəlib. Yenə də dini alət edərək müalicəsi mümkündür. Ah, qardaş, sən yanımda olsaydın, əlimizdəki bu mətbəə vasitəsi ilə çox işlər görə bilərdik! Sənə olan sevgimin hüdudsuzluğunu bilirsən. Hörmətim əfzundur. Sənə oxumaq istədiyim türkcə, əcəmcə (farsca) şeirlərim var. Al, əcəmcə qəzəldən iki beyt:
Por cuş şod ze-qəhre-zəmane ezterabe- ma,
Bayed ze xun ... sitemgər şərabi ma.
Təbbe-cəlalpərvəre - ma kərd dər cəhan,
Biqaneye-sədayi-təzəllom həbabi-ma.
Əyyami-ma gozəşt be qorbət, vəli çe qəm
İşraki-Şark şod əsəre eqterabi-ma.
Əz mərge-ma mebad fərəhyab zaliman,
Səd tubayi-qiyam berarəd turabe-ma.
Həzrəti-Mərdanın və sənin gözlərindən öpərim. Həmən mənə cavab yaz və məni bu maraqdan qurtar. Qədim və əbədi dostun Abdullah Cövdət Bakıda Sovet Syezddə Yurusze Sein Minassian15ismində bir vətəndaş vardır, tanıyırsanmı? O, gəldi, məni Cenevrədə gördü. Halımdan məlumat sora bilərsən. İsveçrədən expulse olduğum (çıxarıldığım) gün yanıma uğramışdı. İndi mən Cenevrəyə yarım saatlıq məsafədə olan bir fransız köyündə məskunam.
– 3. –
10 aprel 1905-ci il, Annamase, Fransa
Ya Əli, ya qardaş!
Uzun məktubunu alalı həmən bir həftə oldu. Ancaq bu gün cavab yaza bilirəm. “Kaspi”16üçün dünən Mərakeş barəsində bir məqalə yazdım. Məktubla birlikdə göndərirəm. Özüm də başa düşürəm ki, bu məqalə səthidir. Amma “Kaspi” oxucularının idrak səviyyələrindən və zövqlərindən xəbərdaram. Gərək insan xitab etdiyi şəxsin zövqünü və bilik dərəcəsini bilsin ki, onunla anladığı tərzdə danışmağa qadir olsun. Digər məqalədə də mərakeşlilərin psixologiyasını açıb ortaya qoymağı düşünürəm. Yəni, bir esse olacaq. Əgər yazdıqlarımın bir dəyəri olmasa, qoy heç para verməsinlər. Bu qədər! İndi müfəssəl məktubunun cavabına başlayıram. Kədərli sərgüzəştlərimin içində necə diqqət çəkən və heyrət doğuran bir cəhət varsa, o da səndə bu dərəcədə böyük bir səbir və təhəmmülün olduğunu anlaya bilməkdir. Resignationun (ing. - özünü hər şeydən təcrid etmənin) bu dərəcəsi qorxarım ki, yaxşı qurtarmaya. Türkiyədə namuslu adam üçün Türkiyəyə xidmət etmək imkanının olmadığı biz hələ məktəbdə ikən cümləmizə çox gözəl məlum olduğu halda məktəbdən çıxar-çıxmaz, diplomu alar-almaz başını götürüb getmədiyinə nə məna verəcəyimi hələ də bilmirəm və bunu düşündükcə sənə hədsiz, ifrat məhəbbətimin içərisində, bu məhəbbətin tam ortasından sənə qarşı həm də bir hiddət qığılcımının püskürdüyünü görməyə bilmirəm! Vah, Əliciyim, vah! Ömrünün üç-dörd ilini o anasının əmcəyini kəsənlər, o, gündəlik ruzilərini fahişəxanalardan çıxaranlar içərisində necə də yellərə verdin! Sənin izini, sorağını itirdim. Bir dəfə artıq kolağası (Osmanlı ordusunda kapitanla mayor arasında olan hərbi rütbə - V.Q.) rütbəsinə yüksəldiyini eşitdim. Səni gəmidə bir nəfər görmüşdü, o, dedi. Bildiklərim yalnız bu qədərdi! Haralarda olduğunu və bunca səfalətlərə düşdüyünü öyrənsəydim, nəyin bahasına olursa olsun, ilk öncə on-on beş quruş göndərər, həm
də səni dərhal Avropaya çəkib gətirərdim. Nə isə, meza ma meza (“olan oldu” anlamına gələn latın ifadəsidir - V.Q.). Cəlalın şübhəli rol oynamağa meylli ol ması fikrini qəbul edirəm. Əhməd Cəlaləddin Paşa17haqqındakı qənaətin doğrudur. Mən də eyni fikirdəyəm. Hətta keçən günlərdə özünə bir məktub yazmışdım. Sənin məktubundan onunla bağlı bir hadisə yadıma düşdü. İstəsən, sən də ona bir kağız yolla. Misirdə, Qahirə civarında, Benha adlı yerdə oturur. “Məsud keçən günlərimin göz önündən çəkilməyən kölgəsi” misrası nə qədər incə və hissiyatlıdır! Zavallı gənc şair! Əhməd Paşanın indi Sultanla əlaqələrini kəsmiş olduğunu, yəqin ki, bilirsən. Buraya qədər məktubunun iyirmi altıncı səhifəsinə qədər cavab verdim. Amma bundan sonrası ən mühüm qismidir. Çünki keçmişə deyil, indiki vəziyyətimizə və gələcəyə aiddir. Məktubundan anlaşıldığına görə hal-hazırkı həyatın da istədiyin qədər fəal və səmərəli deyil. “Kaspi” qəzetinə yazı yazıb ayda olsa-olsa yüz rublə qazanmaq və tamamilə təbii çətinliklərlə qarşılaşacaq bir neçə əsər ortaya qoyub məhdud bir dairədə tanınmaqdan nə hasil ola bilər? Bu işləri Əli Mərdan bəy, Həsən bəy18, Əhməd bəy19 də çox əla görürlər. Alman təhlükəsi20meydandadır. Keçənlərdə, yəni bundan beş ay əvvəl İstanbuldan alman təhlükəsinə dair bir məqalə almış, bəyənib təqdir edərək qəzetəyə qoymuşduq. Rusiya istila dəliliyindən şəfa tapan kimi çox qorxunc bir şəkildə Almanların silahsız istilası gündəmə gələcək. Bu tamamilə doğru və ağlabatan bir təxmindir. “Aləmi-İslam”da və “Türkiyədə ədəbiyyati-cə didə” ünvanlı əsərin daha da mükəmməl bir şəkildə meydana çıxa biləcəyi halda o qədər də yaxşı sayıla bilməz. Bunun belə olduğuna əminəm. Çünki əzbərdən (burada məxəzlərə, ilkin qaynaqlara müraciət olunmaması nəzərdə tutulur - V.Q.) yazılan belə bir əsər qətiyyən yaxşı ola bilməz. Mən ədəbiyyat, xüsusən də əşar ilə dəhşətli dərəcədə uğraşdım. “Nos Feures Fronto İnfairis” adı ilə və fransız dilində sənin yazmış olduğun əsəri başlamağa çalışıram. Zira lazım gələn məxəz və misalların cəm edilməsi, bir araya toplanması ilə məşğulam. Əbdülhəmid isə məni bir an da olsun təqib və göz altında saxlamaqdan əl çəkmir.
Mən bir qardaş kimi sənə tövsiyə edirəm ki, bu əsərin yayılmış nüsxələrini geri al. Bütün tələb olunan sənədləri, məxəzləri ixtiyarına verməyə hazıram. O zaman kitabını da daha uyğun bir şəkildə yaza bilərsən. Məsələn, məndən də bəhs etmisən. Amma əsərin indi yazıldığı, indi nəşr edildiyi halda nə üçün sadəcə on il əvvəlki Abdullah Cövdətdən bəhs edirsən? Sən mənim “Qəhriyyat”ımı21gördünmü? “Əklili-matəm”i gördünmü? Əgər hələ “Qəhriyyat”ı görmə-
dinsə, mənim şeriyyətimin xüsusiyyətləri haqqında doğru bir hökm vermək o qədər də asan məsələ deyildir.
“Vardır hənuz bir neçə əhrari-sərbülənd, Durma bu yolda ey qoca millətiprangabənd (zəncirə vurulmuş, zəncirlənmiş), yaxud “Silkinir bir kərə bunca yaralı nahcirlər (ov heyvanları), Ruyi-istibdada bir-bir çarpılır zincirlər”. Və yaxud:
Taarrüzatü tehekküm kadim terzinde,
Şu esrin anlayamam ben nedir fütuhatı?
Görüb şu yarelerde şairi-bülend emelin,
Akar sirişk olaraq menbeyi-sünuhatı –
kimi parçaları gözdən keçirmədən sən mənim şeirimin ruhundan, ya da ruhumun şeiriyyətindən necə doğru-düzgün bilgi verə bilərsən? Sənə keçən gün fransızca üç cildlik əşarımı göndərdim. “Rafale de Parfums”dakı22mənzumələri əgər simvolistlərdə oxumadınsa, onları anlamaqda, daha doğrusu, onlardan ləzzət almaqda bəlli çətinliklərlə üzləşəcəksən. Bu kitabın altmış birinci səhifəsindki sonetin mövzusunu anladınmı? Burada Sibiryaya gedən azad fikirli rus insan larından bəhs olunur. Mən Trablisqərbdən Fizana23, yolda öldürülmək məqsədi ilə göndərildiyimi eşitdiyim zaman Trablisqərb qalasının zindanında idim. Pur-şövq, haqq yolundakı hicrü-müşaqimiz, Endişemiz liyalimize mahitab olur, - demişdim.
Və bunu söylərkən, qum dəryası olan həmin o payansız (ucsuz-bucaqsız çölün ortasında, qaranlıq bir gecədə piyada surətdə rahili-dari-fəna olduğumu (fəna qapısının yolçuluğuna çıxdığımı) gözlərim önünə gətirirdim. Sən məşəqqət çəkdin, Əli bəy. Amma mən işgəncə gördüm. Oradan Avropaya gəldim. Bəlkə, tam iki sənə ərzində yediyim sadəcə çörəklə pendir oldu. İndi bu sətirləri yazdığım zaman sən necə təsəvvür eləyirsənsə, elə, amma gözlərimdə qaynar yaşlar gilələndi. Bu qədər ehtiyac və səfalət içində əzildim. Halbuki mən məmləkətimin ən nazənin və ən şərəfli bir xanədanından idim. Amma kimin yadına düşərdi ki, mənə yüz frank göndərsin? Xanımım qəhrindən vərəmə yoluxdu, öldü. Kiçik övladım da həmçinin.
Ahbabda iane için yoktur ictisar, Bazi eyler oyle rehm ki o şafketli şehriyar. Bilmirəm, bütün bu şeylərdən nə üçün bəhs edirəm? Əfv et, ürəyimin yaralarına toxundum da qanadı. İslam aləminin mərəzlərini təşxis etmək haqqındakı əsərin24, əlbəttə ki, yaxşıdır. Gəl bu əsəri türkcə, yaxud da fransızca “İctihad” məcmuəsində nəşr edəlim. Yaxşı olmazmı, ya Əli? Çexovdan tərcümə etdiyin
əsərin25əla olmalıdır. Onun da “İctihad” kitabxanası seriyasından çapını sənə vəd edirəm. “Türklər kimdir və kimlərdən ibarətdir?”26əsərini görməyi də çox istərdim. Amma qorxuram ki, düşündüyüm qədər mükəmməl olmaya. Sən L.Cahunun27 “Asiya tarixinə medhal (giriş)” adlı əsərini oxudunmu? Əgər bunu oxumadınsa, kitabın mütləq naqis və mükəmməllikdən uzaqdır. Bu kitabdan məndə var.
Düzdür, özüm də hələ əvvəldən axıra kimi oxumamışam. Amma fikirlərinə bələdəm. “Türk” qəzetinin sahibləri də ciddi məlumat və məslək sahibi deyilmişlər. Allah özü islah etsin. Meydanda “İctihad” var ikən türkcə yazdığın əsərləri başqalarına vermək ayıb olur. İndi də “İctihad” haqqındakı məlumatlara keçirəm. Ayda iki sayının çıxması, əlbəttə, əla olardı. Lakin bunun üçün əvvəla para lazımdır. İkincisi, mətbəənin başında özüm dayanmalıyam. Bu iki şərt həyata keçmədikcə, ayda iki sayın çapı imkansızdır. Əslinə baxsan, mən indi borca girərək “İctihad”ın nəşrini davam etdirirəm. Bunun sonu hara gedib çıxacaq? Amma bunu da kəmali-həzz və fəxr ilə söyləyə bilərəm ki, abunəçilərin sayı hər gün çoxalır, təqdir çoxalır, etimad artır. Yəni, nəticə etibarı ilə “İctihad”ın parlaq gələcəyinin olmasına şübhə yeri qalmır. Fəqət, səbir və səbat lazım. Səbir! Səbir!
Guyənd səng ləl şəvəd dər məqame-səbr,
Ari şəvəd, vəli be xune-cegər şəvəd!
(Deyirlər səbirlə daş lələ çevrilir,
Təmizlənir, fəqət ciyər qanı bahasına)
Etidali-lisan üsuluna (dildə orta həddi gözləmək, anlaşıqlı olmasına çalışmaq nəzərdə tutulur –
.Q.) riayət xüsusunda nəsihətin yerindədir. Lakin mən təkbaşına qalsam, bu vəzifənin öhdəsindən gəlmək çox çətin olacaq. Yanımda sənin kimi bir senzor olmalıdır. Yoxsa Vyanada elədiyim kimi, Əbdülhəmidin böyük elçisini ayaqlarım altına alıb tapdalamaqdan özümü saxlaya bilmərəm. Qəbahət sahibləri hökmdarlardan daha çox onların ətrafını saranlardır, deyirsən. Bu əslində dərin bir məsələdir və, təəssüf ki, irəli sürdüyün iddia da doğru olmaq təhlükəsinə məruzdur.
Çox nazik bir kağız üzərinə yüz nüsxə basmaları ilə bağlı dostlar arasında bir təbliğat apardım. Dördüncü nüsxədən sənə bu dəfə bir zərf içərisində olmaqla on nüsxə göndərəcəyik. Sən orada abunəçi tapmağa çalış. Məqsəd həm məcmuənin xərclərini ödəmək, həm də müsəlmanlar arasında sağlam fikirləri yaymaqdır. Bu iki məsələ biri-birini qarşılıqlı şəkildə tamamlayır. “Kaspi” qəzetinə müxbir olmağı böyük məmnuniyyətlə qəbul etdim. Məqalələrimi fransızca yazmağı daha üstün tuturam.
Düşünürəm ki, yazılarım “Kaspi”də dərc olunandan sonra onları “Kaspi”yə istinadən “İctihad”ın türkcə, yaxud fransızca bölümünə də daxil edə bilərik. Amma bu arada hər həftə müntəzəm şəkildə bir məqalə yazıb-yazmayacağıma o qədər də əmin deyiləm. Məsələ tək vaxtla bağlı deyil, söhbət fikirləri sahmana salmaqdan gedir.
Gələcək məqalələrimin birinin mövzusunu “İslam dünyasında islahatçılıq hərəkatı” kimi təxmin edirəm. Yazacağım məqalələrin altına imza qoyub-qoymamaq və namünasib sayılan məsələləri, fikirləri mətndən çıxarmaq səlahiyyətini qardaşımız Əli Mərdan bəyə verirəm. Özümə qalsa imzasız yazmağı, yaxud təxəllüslə çap olunmağı daha üstün tuturam. Çünki belə olan təqdirdə lazım gəldiyi məqamlarda “İctihad”dan və öz yazılarımdan daha asanlıqla bəhs edə bilərəm. Amma yaxşısını yenə siz bilirsiniz. İndi başqa bir məsələyə keçirəm. Bildiyin kimi, mən İsveçrədən çıxarılmışam. Mən İsveçrədə, daha doğrusu, “İctihad”ın və “İctihad” mətbəəsinin başında dayanmasam, işlərin ürəyim istəyən şəkildə aparılması da mümkün deyil.
Bu səbəbdən Misirə gedəcəyəm. İsveçrə hökuməti son dərəcə rəzil və natəmiz bir hökumətdir. Əbdülhəmid dəyyusun önündə min oyundan çıxır. Fransa da inanılası deyil. İngiltərədən başqa əmin və salamat bir yer yoxdur. İngiltərədən sonra bizlər üçün əminliyinə inanılası yer Misirdir. Sən, yəqin ki, İsmayıl Haqqı bəyi28tanıyırsan. Əsgəri qaimməqamlardan idi. Siyasətlə məşğul olduğuna görə ölkədən didərgin salındı. İndi Misirdədir və bu günlərdə ondan bir məktub aldım. Orada müsəlman həkimlərin işsiz qalmasının qeyri-mümkün olduğunu etibarla bildirir. Mən pis-yaxşı göz xəstəlikləri sahəsində mütəxəssisəm. Sən də zöhrəvi xəstəliklər və dermatologiya üzrə mütəxəssissən. Sözlərimə yaxşı qulaq as, həm də diqqətlə dinlə. Sən indi oradan çıxıb birbaşa mən fəqirin yanına gəl. Burada on-on beş gün qalarsan. Sonra birlikdə qalxıb Parisə yola düşərik. Orada bir aya qədər klinikalara gedərik, bilik və məlumatlarımızı bir az təzələyərik. Mən bəzi alət və dərmanlar almağa da məcburam. Bilmirəm, mikroskopla işləməyi tamam yadırğamamısan ki?
Çünki işimizdə bu da lazımdır. Ondan sonra qalxar, səninlə birlikdə doğru-dürüst Misirə gedərik. Orada şərikli bir klinika açarıq. Əməliyyatlarımızla və dost-tanış vasitəsi ilə daha geniş əlaqələr yaradarıq. Kərim Səbati29də oradadır. Çox mükəmməl bir cərrahdır. Bəlkə, o da bizə qoşular. Bu surətlə bir tibbi mərkəz qurarıq. Bir az para qazanar, qazandıqlarımızı da türklərin, müsəlmanların maarifi işinə sərf edərik. Amma Rusiyadan çıxarkən, cibinə mütləq min rublə qoymalısan.
Çünki Misirə çatana qədər aydın məsələdir ki, bir xeyli xərclərimiz olacaq. Sonra özümüz orada yerləşəndə artıq mətbəəni də Qahirə və yaxud İskəndəriyyəyə nəql edərik. O zaman azad mədəniyyətin gövhəri olan o qədim Misirdən bir semafordan yayılan işıq ziyası kimi ətrafa elm və irfan nuru saçarıq. Əsl məqsəd budur ki, onu da söyləməyə xüsusi hacət yox! Əgər sən fikir və xəyalımı qəbul və təsvib etməsən, yaxud edə bilməsən mən bir aya qədər, ən çoxu qırx günə qədər Avropanı buraxıb Misirə gedəcəyəm. Çünki başqa çarə qalmamışdır. Əgər “Kaspi” qəbul edərsə, müxbirliyimə oradan da davam edə bilərəm. Etməzsə, yenə sağ olsun. Amma istənilən halda “Kaspi” idarəxanası mənə bir vizit kartı göndərsin. Bu müxbir kartı ilə bir çox işləri asanlıqla yoluna qoya bilərəm. Lazım gəldiyi təqdirdə müsahibələr ala bilərəm. Bunu unutmamalı. Sonra mən bu kartın üzərinə bir fotoqrafımı yapışdıraram. Sürgünə göndərilən Mehmet Pəşidlə30Cövdət Osman31indiyə qədər Trablisqərbdədirlər. Rəşid ilə aramızda bir inciklik var. İncikliyin səbəbi isə Tahirin və bəzi bədxahların fitvası ilə haqqımda bir para sözlər danışmasından qaynaqlanıb.
Sükutunun həyata baxışları mənim münasibətimə çox bənzər. Lakin o, hiyləgərdir, mən isə saf adam olmuşam. Amma çox dəyərli bir dostdur. Yazıq oldu. Fəqət Əbdülhəmid ilə Əzrayılın müdafiə və hücum ittifaqına bənzəyən bir əqd bağladığı barəsindəki fikir dilimin ucundadır. Buraya gəlmək və birlikdə Misirə getmək təklifimə mümkün qədər tez cavab ver ki, əgər indi gələ bilmirsənsə, yaxud gəlməyəcəksənsə, mən qalxıb gedim. Amma ikimiz bir hür məmləkətdə birləşsək və ələ-ələ verib çalışsaq, milli irfana nə qədər böyük ölçüdə xidmət edəcəyimizi bir daha düşün! Məndə türklərə və müsəlmanlara xidmət etmək üçün bir atəş, arzu və qeyrət var ki, bunun üzərinə həcvlərdən mütəşəkkil bir ümman da axıdılsa, yenə o odu söndürə bilməz.
Bu gün müakkibiyim musikiyi-bükalardan, Daha büləndü semimü saf bir emelin.
Düşer maşeli-idrakım üstüne bisud,
Hüruşi-zülmeti-cavidi leylayi-ezelin.
Miltonun32bəzi parçalarını tərcümə üçün hənuz bir qərar verə bilməmişəm. Çünki rəzalətlərimizin bu dərəcələrə qədərini avropalıların önünə çıxarmağa sıxılıram. Hələ sən gəl də, daha ətraflı danışarıq. Fransızca şeirlərimin çatıb-çatmadığını bildir. Quatrains Mauditsi33 mütləq gətirt. Onun sonunda naşir tərəfindən əlavə edilən və “Doctor Djevdet Bey devant la presse” (fr. - "Doktor Cövdət bəy mətbuat səhifələrində") başlığı altında Avropa jurnal və məcmuələrinin fransızca əşarım haqqında tənqidlərini tapa bilərsən. Nəşriyyatın idarəsi “Libraire de la plume, 54 rue des Ecoles, Paris”-dir. Dünən Vyanadan doktor Bəhram bəy34 tərəfindən göndərilən bir kart aldım. Sizlərin salamını da çatdırmışdı. “İctihad”ın çıxacaq saylarını istəyir. Mən də həmin gün cavab yazdım. Bir nüsxə “İctihad” göndərdim. Oradakı iki dostuna özümü təqdim etdim. Bu məqsədlə ünvanına iki vizit kartı da göndərdim. Bəhramın adresi belədir: “Opengrasse, 4, Wien”.
“Faust”35tərcümən nə oldu? Əgər bitirdinsə, “İctihad” kitabxanasında nəşr eləyək. Əli Mərdan, Həsən, Əhməd bəylərin gözlərindən öpürəm. Səni də əsəbi və quru qollarım arasında kəmali-hərarət və iştiyaq ilə sıxıram.
Yari-qədimin Abdullah Cövdət
İndi 25 Məhərrəm tarixli kartın gəlib çatdı. Kitablarımı almağın barədə bir şey yazmırsan. Əcəba, nə oldu? Bununla bərabər, bu günlərdə suya, sabuna toxunan bir şey yoxdur. Kaş ki, onları sifarişlə göndərəydim.
Alır-almaz mənə yaz. Bir də Bakıda Binasyan ismində bir erməni haqqında səndən məlumat soruşmuşdum. Heç cavab vermədin. İşdir, əgər yolun Kiyevə düşərsə, orada mənim dostum, professor Mandel Şetam36vardır, kəhhaldır (göz həkimi), iki qızı vardır. Bu qızlardan biri - Aleksandra son dərəcə açıq fikirli, ağıllı və gənc bir xanımdır. Məni çox sevər. Mən də onu sevirəm. Gözəl deyil.
Bu məhəbbət də sadəcə bir dostluqdur. Görüşsən, çox məmnun olarsan. Bakı Müsəlman Qız məktəbinin37binasını gördüm və çox məmnun qaldım. Ya Əli, qorxma, gəl. Ac qalsaq da, bərabər qalarıq. Mən Məktəbi-Tibbiyyədən38tanıdığın Abdullah Cövdətəm. Bu türklərə, bu müsəlmanlara bir az şüur verək. Gəl, əzizim. Gəlsən, saçlarımın ağardığını görəcəksən. Məktublarını sifarişli göndər.
– 4 –
Hüseynzadə Əli bəyə. 1 may 1905-ci il
Qardaşım!
“Kaspi” qəzetinə ikinci məqaləmi göndərirəm. Yazdığım məktubların cavabını almadım. Bir müfəssəl məktubunla kartın gəldi. Səndən cavab gözləyirəm.
Vəziyyətin necədir? Qərarın nədir? Yaz ki, mən də ona uyğun şəkildə hərəkət edə bilim. “İctihad” üçün türkcə və ya fransızca məqalələr göndər. Əli Mərdan bəyin, sənin və digər həqiqi dostlarımın gözlərindən öpürəm. Mən indi müvəqqəti olaraq Cenevrədəyəm. Fransızca şeirlər kitabımı aldınızmı? Məni cavabsız buraxma, mümkün qədər tez yaz. Səni həddindən artıq sevən və müqəddəslərə bərabər tutan dostun, qardaşın Abdullah Cövdət.
– 5 –
Tarixsiz
(Təxminən 1905-ci il iyun ayının sonu)
Qardaşım sevgili Əli!
Müfəssəl məktubunu aldım. “Humanite”dəki39panislamizm fikrini qəzet bir qədər dəyişdirmişdir. Bunu bil. Fəqət “İctihad”ımda xəta etdirdilər. Beş-on gün əvvələ gəlincəyə qədər “Həyat”ı40görə bilmirdim. “Həyat”da dərc edilmək məq 36 Əslində Mandelştam olmalıdır. Maks Emmanuel Mandelştam (1839-1912) - göz xəstəlikləri üzrə tanınmış yəhudi əsilli mütəxəssis və sionist hərəkatının fəallarından biri idi. 1869-1880-ci illərdə Kiyev universitetinin tibb fakültəsində çalışmış, göz xəstəlikləri kafedrasına rəhbərlik etmişdi. Eyni zamanda öz şəxsi klinikasında çalışmışdı. Lakin rəhbərlik onun professor elmi adını təsdiq etmədiyindən universitetdən uzaqlaşmış və əsasən yəhudilərin siyasi hüquqlarının müdafiəsi, onların mütəşəkkil şəkildə Rusiyadan köçürülməsi ilə məşğul olmuşdu.
sədi ilə sənə bir açıq məktub yazacağam. İstəsən, qəzet səhifələrinə qoya bilərsən. Mən iyulun 6-da mətbəə ilə bərabər Misirə hərəkət edirəm. Dəvətinə çox məmnun oldum. Fəqət indi qəbul edəcək halda deyiləm. Mətbəəni yerləşdirdikdən sonra məni gözlə. Bir də qorxuram ki, Rusiya məni tutub Türkiyəyə göndərər. Bundan sonra daha iki il orada qalmağına razı deyiləm. Beş-altı aya qədər Misirə, “İctihad” məcmuəsinin və “İctihad” mətbəəsinin başına gəlməyinə çalışacağam. Biz, əvvəllər də söylədiyim kimi, bərabər olmalıyıq. Sən Misirə gəlməyə hazır ol və qəti fikrini də mənə bildir. Bundan sonra məktublarını Misirə göndərərsən. Adresim ........
Dostlara salam söylə. Gözlərindən öpürəm!
Əzəli və əbədi rəfiqin Cövdət
– 6 –
7 iyul 1905-ci il
Ya Əli!
Kartını aldım. Müfəssəl məktubunu gözləyirəm. İndi Parisdəyəm. Bu ayın sonunda Misirə gedəcəyəm. Əhməd Paşaya bir məktub yaz. Özü Vişi şəhərindədir. Adresi Villa İvoniere-dir. “Həyat” nə oldu? Aman, qeyrət! Türkləri, müsəlmanları oyandıraq. “İctihad”ın yeddinci sayını aldınızmı? Mənim ünvanım ya Cenevrədir, ya da məktubların asan çatması üçün 10 Rue Berthollet, Parisdir. Baqi gözlərindən kəmali-hərarət ilə öpürəm. Əli Mərdan və Ağayev bəylərə
də salam söylə!
Qardaşın Cövdət
Rue Berthollet 10, Paris
– 7 –
16 oktyabr 1905-ci il
Gözlərimin işığı Əli!
Misirdəyəm. Bundan sonra məktub və qəzeti bura göndər. Özün də gəlməyə hazır ol. Sən burada olmağınla hər cəhətdən qazanarsan. İşlərimi yoluna qoyandan sonra müfəssəl məktub yazacağam. “İctihad” üçün yazı göndər.
Əli Mərdana, Əhməd bəyə salamlar!
Qardaşın Cövdət
Doktor Abdullah Cövdət, Qahirə
– 8 –
25 fevral 1906-cı il
İki gözüm Əli!
Aylardan bəri “Həyat” gəlmirdi. Bir neçə gün əvvəl hamısı birdən gəlib çatdı. Cümləsini gözdən keçirdim. Həddən artıq məmnun qaldım və təsəlli tapdım. Gözlərimin işığı Əli! Mənə məktub yazsana! Əcəba, göndərdiyim məktubları aldınmı? “İctihad” gəlib əlinə yetişdimi? Aldınsa, “İctihad”dan “Həyat”da bəhs et. Bizim oradakı qardaşlarımız “İctihad”a abunə olsunlar. Mənə başqa yolla yardım göstərməyin mümkün deyil. Məktubunu alsam, daha müfəssəl yazaram. “İctihad” mətbəəsini ancaq indi yerləşdirə bilmişəm.
Bundan sonra “İctihad” müntəzəm çıxar. Mərdan bəyə, Əhməd bəy Ağayevə, doktor Bəhram bəyə salam söylə. Bəhram bəy vədlərini, “İctihad”a aid vədlərini yerli-dibli unutdu. Əz mən işanra həzaran yad bad. (Mənim tərəfimdən min dəfə onlara xatırlat - farsca).
“RƏSULİ-HAQQA” MƏKTUBLAR
XX əsrin əvvəllərindəki türk ictimai-siyasi və ədəbi fikrinin tanınmış nümayəndəsi, “İttihad” və “Tərəqqi” partiyasının qurucularından biri, “İctihad” məcmuəsinin naşiri, həkim, şair və tərcüməçi Abdullah Cövdətin (1869-1932) dostu və həmfikri Əli bəy Hüseynzadəyə (1865-1940) məktublarını “Azərbaycan” jurnalının oxucularına təqdim etmək istəyirəm.
“Əli bəy sakit, mütəfəkkir halı ilə, əsrarəngiz vəzi-üzlətpərvəriylə (xəlvətə çəkilməsi, özünə qapanması ilə) üzərimizdə bir rəsul (peyğəmbər) təsiri icra edərdi. Əvət, o bir rəsuli-haqq idi!” - pərəstiş dolu bu səmimi etirafın müəllifi Abdullah Cövdətlə Əli bəy Hüseynzadənin ilk tanışlığı 1880-ci illərin sonlarında, hər ikisinin ali təhsil aldığı İstanbul Məktəbi-Hərbiyyeyi-Tibbiyyəsində olmuşdu. Sonralar bəlli bir dönəmə qədər yolları ayrılsa da, aralarındakı mənəvi əlaqə, fikir və düşüncə bağlılığı heç zaman qırılmamışdı. Özü də kifayət qədər geniş, hərtərəfli maraq dairəsinə, universal fəaliyyət sahəsinə malik fikir adamı, qələm sahibi kimi tanınan Abdullah Cövdət müasirlərinin "Şimal fəcrinə" bənzətdikləri Əli bəyə heyranlığını, vurğunluq hissini həyatının sonuna qədər sürdürmüşdü.
Azərbaycanlı mütəfəkkir onun nəzərində hər zaman nüfuz sahibi, haqq sözün, haqq əməlin daimi ünvanı kimi qalmışdı. Həyatının çətin anlarında, dost sözünə, dost məsləhətinə ehtiyac duyduğu zamanlarda Əli bəyə üz tutmuş, niyyət və planlarını, ilk növbədə, müdrikliyinə inandığı dostu ilə paylaşmışdı. Dəyişən şərtlər, siyasi fırtınalar, üzləşdikləri çətinlik və məhrumiyyətlər aralarındakı səmimi dostluğa, inanclı münasibətlərə əsla xələl gətirə bilməmişdi.
Təəssüf ki, aralarındakı yazışmanın çox az bir qismi günümüzə qədər qorunub. Əlimizdə olanlar yalnız Abdulla Cövdətin məktublarıdır. 1905-1923-cü illərdə İsveçrə, Fransa və Misirdən göndərilən həmin məktublar həmvətənimizin Osmanlı cəmiyyətinin fikir həyatında tutduğu yeri, onun türk ziyalıları arasındakı aparıcı mövqeyini açıqlayan tarixi sənədlərdir. Məktublarda diqqəti çəkən başqa bir cəhət isə XX əsrin ilk onilliklərində bir tərəfdən çar, digər tərəfdən isə sultan rejimlərinin bütün qadağalarına baxmayaraq, türkçülük mövqeyində birləşən Azərbaycan və Osmanlı ziyalılarının arasında ümumi məqsədlərə xidmət edən intensiv əlaqələrin mövcudluğudur. Əli bəy Hüseynzadə öz növbəsində Azərbaycanda həmin ideyaları nəşriyyat, mətbuat və məktəb vasitəsi ilə yayan açar şəxsiyyətlərdən biri idi.
Təqdim olunan sənədlərin əsli Türkiyənin Egey Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümündə saxlanır. Burada artıq illərdir ki, ədəbiyyatımızın böyük dostu, professor Yavuz Akpinarın səyi ilə Əli bəy Hüseynzadə Fondu fəaliyyət göstərməkdədir. Yenə də Yavuz bəyin təşviqləri ilə həmvətənimizin həyatda olan sonuncu övladı - qızı Feyzavər Alpər atasının zəngin arxiv və kitabxanasından mühafizə edilən nümunələri bu fonda bağışlayıb.
Abdulla Cövdətin məktubları da həmin tarixi sənədlərin arasındadır. Məktubları ilk dəfə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünün dosenti xanım Şərifə Çağın latın əlifbasına transliterasiyası və qısa giriş məqaləsi ilə “Yeni türk ədəbiyyatı dərgisi”ndə (mart, 2010-cu il, sayı 1, səhifə 195-131) çap etdirib. Azərbaycan dilindəki indiki nəşr üçün də həmin variant əsas götürülüb.
Lakin Yavuz bəyin lütfkarlıq göstərərək göndərdiyi orijinal mətnlərin ərəb əlifbasındakı foto surətləri əsasında bir sıra dəqiqləşdirmələr aparılıb.
Eyni zamanda, məktubların mündəricəsinin müasir oxuculara daha anlaşıqlı tərzdə çatdırılması məqsədi ilə burada təsadüf olunan şəxs, əsər, ictimai-siyasi hadisə adlarına qısa şərhlər verməyi də məqsədəuyğun hesab etdim. Çünki həmin adların böyük bir qismi yalnız azərbaycanlı deyil, çağdaş türk oxucusu üçün də kifayət qədər aydın və anlaşıqlı deyil. Digər tərəfdən, müxtəlif münasibətlərlə bağlı istinad olunan şəxslər, haqqında söz gedən nəşrlər, tarixi hadisələr, proseslər və s. məktub müəllifinin və məktubların ünvanlandığı şəxsin maraq dairəsi, fəaliyyəti, cəmiyyətdəki əlaqələri haqqında daha geniş təsəvvür əldə etməyə imkan verir.
Epistolyar janr aralarında yazışma gedən şəxslərin həyatını, yaradıcılığını, müasirləri ilə əlaqələrini öyrənməyə deyil, bütövlükdə dövrün, mühitin üzərinə işıq salmağa, çoxsaylı mətləbləri aşkara çıxarmağa imkan verir. Bu baxımdan, Əli bəy Hüseynzadənin cavabları əlimizdə olmasa da, Abdullah Cövdətin ona göndərdiyi məktub və poçt açıqcaları Azərbaycan-Türkiyə ictimai-siyasi və ədəbi-mədəni əlaqələrinin XX yüzilliyin əvvəllərindəki mənzərəsini daha dolğun şəkildə göz önündə canlandırmağa yardım edir.
Məktublar xronoloji ardıcıllıqla düzülüb. Dəqiq tarixi olmayanların isə məzmununa görə hansı vaxt yazıldığı təxmini şəkildə müəyyən edilib. Ümidvaram ki, daha çox ictimai xarakter daşıyan və mühüm ədəbi-mədəni əhəmiyyətə malik olan bu sənədlər Əli bəy Hüseynzadəni daha yaxşı tanımağa, çağdaş türkçülük tarixində onun yerini daha aydın və dəqiq müəyyənləşdirməyə yardımçı olacaq.
Vilayət QULİYEV
– 9 –
11 noyabr 1906-cı il
Gözlərimin işığı Əli!
Çoxdan bəri gözlədiyim müfəssəl məktubun, nəhayət, gəlib yetişdi. Amma sənə istədiyin şəkildə müfəssəl və mükəmməl yazmaq üçün indiki halda kifayət qədər sərbəstliyim, könül rahatlığım yoxdur. Bu könül rahatsızlığının mövcudluq səbəbi bilirsənmi nədir? Xəyala arxalanıb meydana atılmaq və meydandan bir daha çəkilməmək. Elə bir məsələ ki, izahına beş səhifə də bəs eləməz. İnsan sənin kimi necə bir parça məktub yazmaya əl uzatsın? Buna necə cəsarət etsin? Onun üçün cahana müjdə olacaq bu cür həsbü halın qiymətini verdiyin vaxt səninlə söhbətə müəyyən gecikmə ilə keçirəm. Məktubun “İctihad”ın ikinci nömrəsi mətbəədə olduğu zaman gəldiyindən və məcmuədə boş yer qalmadığından “Həyat”ın bağlanması səbəbləri ilə əlaqədar təfsilatı verə bilmədim. Bəlkə, gələcək saylarda yazaram.
Lakin “Füyuzat”dan41bəhs açdım və hər zaman “Füyuzat”ın ən sadiq xadimlərindən biri olacağıma əsla şübhə etməməlisən. Məndən istədiyin kitabları və şəkilləri tədarük etdikcə göndərəcəyəm. Sadəcə öz tərcümeyi-halımı yazmağı çox ağır, çox çətin iş sayıram. Çünki həyatı və müqəddəratı naməlum olan şairlərin şeirlərinin ruhuna nüfuz etmək mümkün deyil. Bu həqiqətən belədir. Mənim ədəbi həyatım bir sadəliyin əksindən ibarətdir. Qəlb və ruhumun əks-sədası olmaqdan ibarətdir.
Çoxlarının hiss etmədən aldığı zərbələri mən lüt-üryan bədənimin və qana qərq olmuş qəlbimin lap dərinliyində hiss eləmişəm. Məhz bu səbəbdən də “Qəhriyə”nin bir yerində belə demişəm:
Şiirim ki, beqasıdır ömrümün,
Mehsuli-felakət zamandır.
Yenə sənə məlum olan və kədərə məftunluq abidəsi sayılacaq bir mənzumədə Bir fecri-mehibü raedverdir, Ayyami-şebabetim, hayatım.
Dilde ebedi cerihələrir,
Matemlere bağlı xatiratım
yazmışam. Bu qitə həyatımın faciələrinin və ömrümün dolanbaclarının bir yekunu mənziləsindədir. Məndə bir nüsxədən artıq qalmamış olduğundan sənə göndərəbilmədiyim “Les Quatrians Maudits et les Reves Orphelins” adı ilə Parisdə, Plum nəşriyyatında fransızca çıxan “Məcmueyi-Rübaiyyat”da bu qitə də daim qərarımı, rahatlığımı pozan həyəcan və ehtirasların mahiyyətini və necə bir ucsuz-bucaqsız dəryanı içib qurutmağa məhkum quşcuğaz olduğumu göstərməkdədir:
Grand amour! Verse-moi ta brulante caresse,
Qu`importe la grandeur qu`on n`obitent sans hair,
Ouvrir sur l`univers mes ailes de tendresse
C`est cette immensite que je veux envahir.
Fransızca və türkcə yazdığım şeirlərdə olduğu qədər tərcümeyi-halımı söyləyən başqa bir insan tapılmaz. Artıq dünyanı dərk etdiyim vaxt yaşadığım həyatın böyük bir hissəsi isə səninlə birlikdə keçmişdir. Bu qitəni də oxu:
J`aspire a rebatir, moi, miserable atome
Le seleste pour pris de l`Etre du Neant,
Devant l`horreur de ma passion je suis comme
Un oiseau condamne a boire un ocean.
“Qəhriyyat”ı “İctihad” məcmuəsində hissə-hissə çap etdikdən sonra kitab şəklində basacağıq. Çıxan kimi sənə də göndərəcəyəm. Bu kitabda “Tarixçeyi-həyati-fikrim” adlı bir mənzumə vardır ki, onun da sənə söyləyəcəyi şeylər çoxdur. Tərcümeyihalıma dair digər məlumatları “Fievre d`ame”-dən, “Lyre Turque”-dən, “Rafale de Parfums”-dan42ala bilərsən. Daha başqa bir şeylər istəsən, yazarsan.
“Füyuzat” barəsində “İctihad”ın hər sayında məlumat verəcəyəm. Sən də mənə öz rəsmini və tərcümeyi-halını göndər. Bir də hələ bunu yaddan çıxarma: Hacı Zeynalabdin Tağıyevin43 tərcümeyi-halı ilə bir rəsmini də təxirə salmadan mənə göndər. Sonda Əli Mərdanın, Ağayevin şəkillərini də göndərərsən. Kiçik Cövdət Trablisqərbdədir. Təbib yüzbaşı olaraq orada çalışmaqdadır. Lakin onunla münasibətlərim kəsilib. Nəcməddin Arif44buradadır. Mənimlə arasında gərginlik var.
Görüşmürük. Səbəbi ehtiyacı olduğu zaman ona para verib özünün yüksəliş, mənim isə bir quruşsuz qaldığım vaxt bu paranı geri istəməyimdir. Şərafəddin ilə rəsmi və problemsiz görüşürük. Əbdülkərim mükəmməl bir adamdır. İndi Almaniyadadır. Bu gün, sabah geri qayıdar. Əgər Ağayev ilə bura gələ bilsəniz, çox yaxşı olar. Faydalı bir əlaqə cərəyanı hasil ola bilər. Hər halda Beyrut da çox gözəl şəhərdir. Mənim də oralara getmək niyyətim var.
Bu qayət xüsusi bir məsələdir. Əzizim, məni dinlə: mən on dörd yaşında olan zaman evlənmişdim. Daha doğrusu, evləndirilmişdim. (Mötərizə içində söyləyim: zamanından əvvəl baş tutan izdivac şeirlərimə kədərli bir melanxoliya həkk etmişdir).
Hərəmim on sənə əvvəl vəfat etdi. O, zatən mənə tam rəfiqə olmaqdan çox uzaq, savadsız bir qızcığaz idi. On sənədən bəri bir fikir və həyat rəfiqəsi olacaq zövcə axtarışı ilə məşğulam və bu zövcənin müsəlman olmasını çox vacib sayıram. Çünki onun vasitəsi və yardımı ilə müsəlman aləminin qadın dünyasında müvəffəqiyyətlə bəzi dəyişikliklər və islahatlar keçirilməsinə çalışa bilərəm. Belə bir aydın fikirli müsəlman rəfiqənin lap Qaf dağının arxasında olduğunu bilsəm, günü sabah Misiri tərk edib o cananın kuyinə üz tutaram. Mən buralarda belə bir qadına təsadüf edə bilmədiyimdən çox məyusam. Və bu təkbaşına həyatdan, tənhalıq və yalqızlıqdan tamamən usanmışam. Ey qardaş, sən bu barədə mənə nə nəsihət verə bilərsən?
Ümidvaram ki, “Keçəl dərman bilsəydi, öz başına edərdi” zərb-məsəlini yada salmadan45mənə bəzi ağıllı şeylər söylərsən. Bir vaxtlar evlənməyin şiddətlə əleyhinə idim. Amma əleyhdarlığım yalnız bu yaşa qədər davam etdi. İndi iş əvvəlki kimi deyil.
Heç yerdə çap olunmayan mənzumələrimdən bir neçəsini “Füyuzat” üçün göndərirəm. “Füyuzat”ın hər sayında bir dənəsini qoyarsan.
Bir qitə:
Yolunda bin hakikat verdiyin bir şanlı röyadan,
Qalan pişani-ömrümde bir nabud kövkebdir.
Teneffürlər, terehhümlər, tehessürlərlə dünyadan,
Güzarım zehmdari-vesl bir hicri-mükevkebdir.
10 aprel 1904-cü il, Paris
Bir qitə:
Yoluna tikensiz güllər sacmışdım,
Sen gelmedin, matem geldi o yoldan.
Qucaqladım mezarını derdinle,
Kollarımı ben seninçün açmışdım.
29 noyabr 1902-ci il, Paris
Qitə:
Bir qonçe vermedən güzer etti baharım,
Azari-can etti nazari-fecri-evveli.
Didari-intizarına üfqi-yetimimin,
Zülmetler vurdu bir meleyin nurdan eli.
12 oktyabr 1902-ci il, Paris
Farsca qəzəlim:
Dər bəzme əhli-şid çü xunəm şərab şod,
Əz atəşəş həmime zelam afitab şod,
Oftadənəm bər in küre bange-qiyamzəd,
Sehri-bəyani-mən, sehri-enkilab şod.
Efruhtem be nuri-Mühəmməd dele-ibad,
İn bəhri-porxüruş həva zən hübab şod.
Ruhem ki, girdbadi vücudi-ədəm şenaxt,
Nişaneş be arş hak u a`la encizab şod.
Ömri-şemvəş məhşeri-afət medari-mən,
Dər çeşmi-adlü dad nigahe etab şod.
Xun başü zəhmgirü bər qəmi-zəman məqo,
Ey qəlbi şiri-nər ke, qidayi-kilab şod.
An Misre mədəlet ke, tu didi, xərab şod,
An Nili-mekremet ke, tu didi, sərab şod.
Fevral, 1906-cı il, Misir
Bir qitə:
Qəlbi-şiirimdə çırpınır yaralar,
Can verir gözlərimdə fəryadım.
Pişi-iclali-yadi-canında,
Bir müsellahasiri-münkadim.
8 oktyabr 1902, Paris
O ve Ben
Bir hübbi-naümid ile bir əzmi-div tab,
Tufani-zindəgidə boğar kainatını.
Eylər təbəssüm həsənatı ilə iğtira,
Düşi-nedematında taşır şeyyatini!
12 noyabr 1902, Paris
Bir qitə:
Ya rəbb, yetər bu şiveyi-müvahhidi-ibad ki,
Məbud qıldılar şu Vatanda bir afəti.
Müzlim bir uyku saçdılar ətrafa, çekdilər
Bidar olanlara semmü həncər ziyafəti.
29 noyabr 1902, Paris
Senin için
Dodaqlarımda gül açdı içimdəki riqqət,
Ki, ağlıyor solan ezhai-yadigarın için,
Riyahi-şefqet eser, gah-gah alıb götürür,
Dodaqlarımda açan gülləri məzarın üçün.
Senin mezarın için gül yetişdiren dudağım,
Hamuşi-derdime bir gülşeni-cihanimdir.
Ölüm ukabini zevki-canan ile besler,
Bana bu xabi-mukaddas leziz bir semdir.
Beyana gelmeyen elemimi qucaklayaraq,
Nigahi-yadının altında ölmek istiyorum.
Cihani-münhezimde mükaddarat ağlar,
Cerihamı sarıyorken sükuti-meğrurum.