Bu il yanvar ayının 28-də Azərbaycan mətbuatı tarixində xüsusi yeri olan "Azərbaycan" jurnalının 95 yaşı tamam olur. 1923-cü ildə "Maarif və mədəniyyət" adı ilə nəşrə başlayan bu jurnalın yaranmasında tanınmış yazıçı, publisist və ictimai xadimTağı Şahbazi Simurğun və onun öz ətrafına topladığı bir qrup Azərbaycan ziyalısının böyük xidmətlər iolub. Ölkəmizdə yaradılmış yeni siyasi quruluşun əsl niyyətlərindən asılı olmayaraq vətənpərvər qələm sahibləri əsas məqsədlərini xalqı maarifləndirməkdə görürdülər və başa düşürdülər ki, yalnız milləti maarifləndirməklə mədəni sərvətlərimizi; zəngin söz xəzinəmizi, incəsənətimizi və ən başlıcası, ana dilimizi qoruyub saxlamaq və inkişaf etdirmək mümkündür. "Maarif və mədəniyyət" jurnalı bu məqsədlə, bu niyyətlə yaradıldı. Təbiiki, jurnalın fəal müəllif heyəti əsasən yazıçı və alimlərdən ibarətidi. O illərdən üzü bəri bizim günlərə qədər ölkəmizin keçdiyi kəşməkeşli yol tariximizdən bəllidir. Bu yolun səlnaməçilərindən biri də ədəbiyyatımızdır; ədəbi-bədii əsərlərimizdir.
Uzun illər tez-tez adı dəyişdirilən "Azərbaycan" jurnalı (gah "İnqilab və mədəniyyət", gah "Revolyusiya və kultura", gah "Vətən uğrunda", 1953-cü ildən bugünə kimi "Azərbaycan") bu ədəbiyyatın işıq üzü gördüyü yeganə dərgi olub. O, siyasi basqıların və sərt çərçivələrin imkan verdiyi qədər, bəzən hətta bu imkanlardan daha artıq, bədii sözün qüdrəti ilə, öz ilkin məqsəd və vəzifələrinə sadiq qalaraq, xalqa həqiqəti söyləməyə çalışıb. Jurnal əlbəttə, ona rəhbərlik edən redaktorun ədəbi mövqeyindən, zövqündən asılı olaraq yazıçılarımızın yaradıcılıq axtarışlarına da meydan verib. "Azərbaycan" jurnalının 95 il ərzində çıxan saylarını izləsək, Azərbaycan ədəbiyyatının 70 illik sovet dövrü və müstəqillik əldə etdikdən sonra yaranan ədəbiyyatımız bütün çalarları ilə gözlərimiz önündə canlanır: dünyanın fərqli dərki, fərqli ədəbi-bədii ifadə imkanları, fərqli üslublar, fərqli baxış – hər şey göz qabağındadır. Nəyimiz varsa - burdadır, nəyimiz varsa - budur. Küll halında götürdükdə, ədəbiyyatımızla öyünə bilərik: keçmişi ilə də, bu günü ilə də...
Uzun illər bizim dünya ədəbiyyatı nümunələrini dərc edən ayrıca jurnalımız olmayıb. Bu işidə yarandığı gündən - "Maarif və mədəniyyət" adı ilə (və başqa adlarla) çıxdığı gündən "Azərbaycan" jurnalı görüb. Dünya ədəbiyyatının bir çox gözəl nümunələrini seçib Azərbaycan oxucusuna çatdırıb. Klassik irsimizin, folklorumuzun tədqiqinə həsr olunmuş ədəbiyyatşünaslıq yazılarına, müasir ədəbi-bədii tənqidi məqalələrə jurnalda xeyli səhifə ayrılır. Təəssüf ki, bu sahədə öyünüləsi nümunələrə az-az təsadüf edirik. Amma ədəbi əlaqələrin indiki səviyyəsi ədəbiyyata gələn gənc qüvvələrin tənqid və ədəbiyyatşünaslığımızı dünyada qəbul olunmuş meyarlar səviyyəsinə qaldıracaqlarına inamımızı günü-gündən artırır. Ədəbi orqanlarımız, o cümlədən də "Azərbaycan" jurnalı bu yolda şübhəsiz ki, var qüvvələrini səfərbər edəcəklər.
Yadımdadır, 15 il öncə, 2003-cü ildə "Azərbaycan" jurnalının 80 illik yubileyini qeyd edirdik. O zaman Azərbaycan Respublikasının Prezidenti, ədəbiyyatımızın böyük dostuvə himayədarı Heydər Əliyev "Ədəbiyyat tariximiz üçün mühüm hadisə olan yubiley münasibətilə" jurnalın əməkdaşlarına təbrik məktubu göndərmişdi. Həmin məktubda o, "Azərbaycan" jurnalının fəaliyyətini çox yığcam şəkildə yüksək dəqiqliklə ümumiləşdirmiş, jurnalın məqsəd və vəzifələrini məharətlə mənalandırmışdı. O yazırdı: "Müasir və klassik Azərbaycan ədəbiyyatına əsas yer verən jurnal, eyni zamanda, Azərbaycan oxucusunu dünya ədəbiyyatının qiymətli nümayəndələri ilə müntəzəm olaraq tanış etmişdir. Onun səhifələrində ədəbi prosesi əks etdirən tənqidi yazılar, elmi araşdırmalar, publisistika və incəsənətə dair materiallarda geniş yer tutmuşdur. Bütün bunlar "Azərbaycan" jurnalını yarandığı gündən ədəbiyyatımızın güzgüsünə çevirmişdir".
Ümummilli Liderimizin “ədəbiyyatımızın güzgüsü” adlandırdığı "Azərbaycan" jurnalı, həmişə olduğu kimi bu gün də üzünü nə yaxşı ki, xəstə təxəyyülün törəməsi cəfəng yazılara sarı yox, sağlam təfəkkürün, yüksək ədəbi-bədii düşüncənin məhsulu olan ədəbi nümunələrə tərəf tutur, məhz bu cür əsərləri, belə ədəbiyyatı əks etdirməyə çalışır.
Ədəbiyyatımızın fədakar cəfakeşi İntiqam Qasımzadə başda olmaqla jurnalın bütün kollektivini ürəkdən təbrik edirəm.
95 yaşın mübarək, "Azərbaycan"!
Gün o gün olsun 100-ü, 150-ni adlayasan, xalqımıza, ədəbiyyatımıza.